Birinci divizionda mübarizə aparan “Zaqatala” klubunun prezidenti Musa Qurbanov Qol.az-ın suallarını cavablandırıb. Klub rəhbəri komandanın və ümumilikdə birinci divizionun durumundan danışıb və maraqlı fikirlər səsləndirib.
- Komandanız kubokun 1/8 finalıda "Səbail"ə son dəqiqələrdə buraxdığı qolla uduzaraq (2:3) mübarizəni dayandırdı. Hazırda "Zaqatala" birindi divizionda 4-cü yerdədir. Ümumən, komandanızın indiki vəziyyətini necə qiymətləndirirsiniz?
- Məşqçilərim öz işlərini canla-başla görürlər. Öz işlərinə çox peşəkarcasına yanaşırlar. Oyunçular da həmçinin. Çox istəklidilər. Yəni birinci divizion klublarına yaradılan şəraitdən maksimum yararlanırıq ki, ortaya gücümüz çatan ən yaxşısını qoyaq.
- Hazırda Zaqatalada futbol hansı vəziyyətdədir? Yerli insanların kluba maraq səviyyəsi necədir?
- Yerli insanların marağı həmişə yaxşı olub. Çox yaxşı azarkeşlərimiz var. Amma futbolumuz özü bərbad vəziyyətdədir. Uşaqların yaxşı futbolçu kimi yetişdirilməsi, gələcəkdə Zaqataladan futbolçuların çıxması üçün heç bir vəsait və şərait yoxdur.
- Bəs klubun xərclərini necə qarşılayırsınız?
- AFFA bizə müəyyən büdcə ayırıb. Onu da çalışırıq sıxa-sıxa hər şeyə çatdıraq. Çatışmazlıqlar çoxdur. Özümüz də nəsə edirik. Birtəhər çatdırırıq. Əlimizdən gələni edirik ki, bölgədə futbol olsun. Klubda çalışan insanları nəzərə alırıq. Ən azından uşaqlar gəlib futbol oynamalıdır. Bunlar üçün çalışırıq, amma deməzdim ki, işlər yüksək səviyyədə gedir.
- Hazırda komandanızın heyətindəki oyunçular tam olaraq Zaqatala futbolunun yetirməsidir, yoxsa digər bolgələrdən gələnlər də var?
- Demək olar ki, yarısı Zaqataladan olanlardır. Digər bölgələrdən gələnlər də var. Sadəcə, limit məsələsinə görə məcburuq ki, başqa yerlərdən də futbolçu cəlb edək. Yəni bizə yaşı az olan limitə uyğun 10-12 futbolçu lazımdırsa, Zaqatalada belə oyunçular 3-4 nəfərdir. Ona görə də məcbur oluruq ki, başqa klubdan futbolçu götürək.
- Həm Premyer Liqanı, həm də birinci divizionu izləyən bir mütəxəssis olaraq, necə düşünürsüz, bu gün birinci diviziondan Premyer Liqada oynamaq səviyyəsində olan futbolçular varmı? Varsa, kimlərdir?
- Çox azdır. Barmaqla göstərmək olar. Birinci divizionun səviyyəsi o qədər yüksək deyil ki, orada seçilən futbolçuları adı ilə tanıyaq. Əsasən öz komandamızın oyununa fikir veririk. Bizdə “Səbail”lə oyunda dubl edən Roini İsmayılov var. Mərkəz müdafiəçisi Elçin Əlicanovun adını çəkə bilərəm. Bu futbolçular hansısa yüksək liqa komandası ilə məşqlərə qoşulsa, bəlkə də oynayarlar. Ancaq özünüz də gördünüz ki, “Səbail” təzyiqi artıranda bizim komanda dözə bilmədi. Ola bilsin ki, bir az təcrübə çatmadı. Başqa amillər də rol oynadı. Ustalıq səviyyəsində “Səbail” bizi üstələdi.
- Hər halda birinci divizionun səviyyəsi də özünü göstərir.
- Əlbəttə, birinci divizionda nə istənilən kimi təlim-məşq toplanışı, nə yoxlama oyunu keçirə bilirsən. İstədiyin futbolçuları gətirə bilmirsən. Biz 2 min manatlıq oyunçunu 500 manata gətirə bilmərik. Bilirsiniz ki, futbolçular bölgəyə çətin gedir. Üstəlik, indiki az maaşla fikirləşirlər ki, neynirəm bölgəyə gedim, vaxt itkisidir. Bəziləri hardasa ümid edir ki, bəlkə yaxşı oyununu görələr, başqa klublara keçər. Ancaq neçə illərdir divizionda perspektiv yoxdur, yüksək liqaya komanda çıxmır. Bu da bir dərddir.
“Simurq” dağılandan sonra “Zaqatala”da bir neçə il futbol olmadı. Elə “Simurq”un vaxtında da cəmi bir neçə futbolçu yetişdi. Onlar da birinci divizion səviyyəsində oldu. “Simurq”un vaxtında əvəzedici heyətdə yerli futbolçulardan çox Bakıdan və başqa bölgələrdən futbolçular var idi. Hətta 19 yaşlılarımızın da çoxu gəlmə futbolçular idi.
- Birinci divizionda perspektivin olmamağı, oyunçuların yolunun bağlanması bölgədə futbolçuların yetişməsinə nə dərəcədə təsir edir?
- Yadınızdadırsa, bir vaxtlar futbolda yaxşı pul var idi. Çox pul alan futbolçuların adları hallanırdı. O vaxt futbola axın olurdu. Hamı uşağını futbola yazdırırdı. İndi isə valideyn fikirləşir ki, futbolda nə var ki, aparım, vaxtı getsin. Bundan başqa, şəraitsizliyin də təsiri böyükdür. Futbolçu hər məşqdən sonra yuyunmalıdır, forma problemi olmamalıdır. Yəni indi problemlər çoxdur. “Qəbələ”nin akademiyası əvvəlki gücü ilə işləmir. O vaxt hamı can atırdı ki, uşağı akademiyalarda futbolu öyrənsin. Demək olar ki, bütün klublarda uşaq futbolu inkişaf etdirilirdi. İndi isə vəziyyət ürəkaçan deyil.
- Yeni mövsümdə “Zaqatala”nın Premyer Liqada iştirakı ehtimalı varmı? Daha çox “Kəpəz” və “Turan Tovuz”un adı çəkilir.
- Görünən odur ki, bu iki komandaya daha çox diqqət ayrılır. Bizim futbolçular da deyir ki, sona qədər oynayacağıq. Ümid edirlər ki, 1-ci ya da 2-ci yeri tutmaqla Premyer Liqaya çıxacaqlar. Məşqçilərimiz də buna ümid edirlər. Hətta azarkeşlərimiz də buna inanır. Ancaq mən bir az pessimistəm. Reallığı qəbul edirəm. Hətta mənim gələn il Premyer Liqada 10 komandanın olacağına heç 10 faiz də ümidim yoxdur.
- Yəni “Kəpəz”lə, “Turan Tovuz”un da yüksək liqada olmayacağını düşünürsünüz?
- Bəli, nəinki bizim, heç “Kəpəz”lə, “Turan Tovuz”un da Premyer Liqada olacağına çox da ümid etmirəm.
- Komandanız isə Premyer Liqa həvəsi ilə oynayır...
- Əlbəttə, onlarda bu istək çoxdur. Mən Tovuzdakı indiki şəraitin necə olduğunu bilmirəm. Yeni stadionu görməmişəm. Ancaq bu günə qədər ən yaxşı şərait, istər baza olsun, istər meydança Zaqatalada olub. Yəni ikinci belə şəraiti olan birinci divizion klubu olmayıb. Düzdür, Gəncədə stadion var, amma yaxşı vəziyyətdə deyil. Bizdə paltardəyişmə otaqlarından tutmuş meydançalarımıza qədər hər şey yaxşıdır. İki meydançamız var. Olimpiya bazasının yanında kateclər var. Yəni baza kimi istifadə etmək olar. Məntiqlə düşünsək, Premyer Liqada komanda sayı artırılacaqsa, birinci növbədə gərək “Zaqatala”nı düşünələr. Amma mən kimdəsə o istəyi görməmişəm. Düzdür, heç kimə etiraz etmək də olmur. Çünki əgər Zaqatalanın komandası varsa, onun sponsoru da Zaqataladan olmalıdır. Oranın iş adamları futbola pul qoymalıdır. Ancaq Zaqatalada komandanı yüksək liqada saxlaya biləcək gücdə bir adam görmürəm.
- Sponsorluq etmək istəyən yoxdur? Əvvəlki müsahibənizdə kluba ancaq mənəvi dəstək verildiyini bildirmişdiniz.
- Yox, bir işdəki perspektiv yoxdur, adam kiməsə ağız açmaq da istəmir. Bilirsən ki, birinci yeri tutsan da, yüksək liqaya çıxa bilməyəcəksən. Əvvəl dostlarımız gəlirdilər komandaya az-çox mükafat filan verirdilər, dəstək olurdular. Məsələn, Bakıda təlim-məşq toplanışı keçirirdik. Hansısa oteldə qalmaq üçün dəstək verirdilər. Ancaq sonra adamın özünə də pis təsir edirdi ki, nə qədər olar bu cür davam etmək. O insanlar oliqarx deyillər ki, deyim bunun üçün o pulu xərcləmək heç nədir. Ona görə də onlardan çox pul istəmək olmur. Yəni hansısa perspektivi olmayan iş üçün kimə nə deyəsən?
- Sizcə, bu cür vəziyyətdə klublara kim dəstək olmalıdır. Mexanizm necə qurulmalıdır ki, bölgə klubları da Premyer Liqada oynasın və orada qalmaq üçün büdcələri olsun?
- Bizim kimi ölkələrdə, məsələn Türkiyə, Rusiyada klublar yerli bələdiyyələr, icra orqanlarının hesabına yaşayır. Bizdə də o mexanizm olmasa, mən inanmıram ki, bölgələrdə futbol inkişaf etsin. Bakıda az-çox imkanlı adamlar, şirkətlər var. Bölgələrdə isə yoxdur. Əgər bölgə klubları yerli icra orqanlarının nəzdində olmasa, onların himayəsinə verilməsə, çox çətin olacaq.
- Düşünürsünüz ki, məsələn, “Zaqatala”nı yerli İcra Hakimiyyəti maliyyələşdirə bilər?
- İndi onu bilmirəm. Əgər dövlət səviyyəsində olsa, təbii ki, mümkündür. Yəni bunun üçün dövlətdən pul ayrılsa, hər şey etmək olar. Mütləqdir ki, dövlət dəstəyi ilə olsun.
- Qardaşınız oğlu Musa Qurbanlı “Zirə”də uğurlu oyunu ilə seçilir. Onun barəsində fikriniz necədir?
- Hələ bir söz demək tezdir. Qoy, bir az oynasın. İndi fikir söyləməyə tələsməyək.
- Musanın perspektivini necə görürsünüz?
- Ümidimiz böyükdür. İnanıram ki, atasını da, əmisini də keçəcək. Ümidimiz onadır. Biz onun qabağına şərt qoymuşuq ki, bizim kimi oynayacaqsansa, heç oynama (gülür). Bizdən yaxşı oynamalıdır.
- Sizcə, Musanın "Zirə"yə keçidi və Rəşad Sadıqovla işləməsi onun inkişafına nə dərəcədə təsir göstərəcək?
- Onun “Zirə”yə keçməsinə çox müsbət yanaşıram. Düşünürəm ki, düzgün qərardır. “Zirə”də daha sərbəstdir. Bəlkə də, “Qarabağ”da olanda Qurban fikirləşirdi ki, meydana buraxaram, birdən yaxşı oynamaz. Ona görə də yəqin az şans verirdi. Rəşad Sadıqov isə ona daha çox güvənir. Yəni belə amillər var.
- Premyer Liqamızın gedişi ilə bağlı da fikirlərinizi bilmək istərdim. “Neftçi” uzun fasilədən sonra liderliyə yüksəlib. Çempionatdakı rəqabəti necə qiymətləndirirsiniz?
- “Neftçi”nin potensialı həmişə olub. Heyəti də hazırda “Qarabağ”ın heyətindən zəif deyil. “Zirə”ni də görürsünüz. Rəşad Sadıqov yaxşı komanda qurub. Rəqabət var, amma deməzdim ki, səviyyə o qədər yaxşıdır. Sadəcə, komandalar arasında rəqabət gedir. Çempionatda inkişaf isə görünmür.
Ramiq AĞAMƏMMƏDOV
Kompani narazıdır
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama