Foqts Vaqif Cavadovu tənqid etdi və Qurban Qurbanovdan izahat istədi

Foqts Vaqif Cavadovu tənqid etdi və Qurban Qurbanovdan izahat istədi
MÜSAHİBƏ 25 Avqust 2010 / 20:32 4684
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün jurnalistlərlə görüşüb. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis media təmsilçilərini maraqlandıran suallara cavab verib.

- Komandada hazırlıq prosesi necə gedir?
- İlk dəfədir ki, mən futbolçuların fiziki vəziyyətindən narazıyam. Bizim əsas heyətin dörd futbolçusu formada deyil. Birincisi, Levindən başlayaq. Bu toplanışda o bizimlə məşq edə bilməyib. Cünki bildiyiniz kimi, dizindən zədə alıb. Ruslan Abışov da hələ tam hazır deyil. Digər oyunçu isə Vaqif Cavadovdur. Mən onun Küveytlə matçdakı oyunundan razı qalmadım. Bunun da səbəbi Vaqifin uzun müddət futbol oynamamasıdır. Nəhayət, sonuncu - dördüncü problemimiz Aleksandr Çertaqanovdur. O da son üç gündə bizimlə məşq etmir. Onu demək istəyirəm ki, bu üç oyunçu həftə sonu öz klublarında oynasalar, ola bilsin ki, Almaniyayla matçda bizə kömək edə bilməsin. Bu, heç də normal hal deyil. Çünki çempionat təzə başlayıb. Əgər çempionatın ortası, ya da sonu olsaydı, bunu normal qarşılamaq olardı. Amma çempionat yeni başlayıb. Futbolçuların formada olmaması və yaxud zədəli olması normal hal deyil. Bunun bir çox səbəbi var. Məsələn, ola bilər ki, onlar çox yüklənib, ya da komandalarında bu futbolçulara istənilən səviyyədə diqqət göstərilməyib. Klubların həkimləri oyunçuların zədəsini vaxtında düzgün müalicə eləməlidilər. Biz bir müddət öncə klubların həkimləriylə görüşmüşük. Onlara demişdik ki, futbolçularda ən çox nədə daha çox fikir vermək lazımdır. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq, onlar öz işlərini yüksək səviyyədə görə bilmirlər. Bu da düzgün deyil ki, bəzi klublar avrokuboklardakı oyunlarına görə milli çempionatın matçlarında futbolçulara istirahət verir. Bu, səhvdir. Futbolçuların sənəti oynamaqdır. Lazım gəlsə, gündə iki dəfə məşq eləməlidirlər.
Bundan başqa hər oyundan sonra peşəkar futbolçu bərpa prosesi keçməlidir. Amma gedib «Koka-kola» içməklə bərpa prosesi keçmirlər. Başa düşürəm, futbolçular da insandır. Oyundan bir gün sonra massajçının yanına getməlidirlər ki, bir az dincəlsinlər. Təssüflər ki, bizdə güclü oyunçular çox deyil. Yuxarıda adını çəkdiyim dörd futbolçu Almaniyala qarşıdakı oyunda oynamasalar, bizim üçün çətin olacaq. Əgər Almaniya milli komandasında altı-yeddi əsas oyunçu oynamasa, bu, onlar üçün problem yaratmayacaq. Çünki onların çox güclü və geniş heyətləri var. Amma təssüflər olsun ki, bizdə belə deyil. Ən böyük problemlərdən biri Vaqiflə bağlıdır. O, artıq oturub fikirləşməlidir: ya “Tvente”də qalmalı, ya da az pul müqabilində ölkəyə qayıtmalıdır. Mən ona məsləhət görərdim ki, Azərbaycana qayıtsın və oyun praktikasını itirməsin. Siz hər biriniz Vaqifin Küveytlə matçdakı oyununu gördünüz. Onu tanımaq olmurdu. Çünki bizim tanıdığımız Vaqif belə futbol oynamır. Onu da unutmaq lazım deyil ki, o, bu cür oyunu Küveytə qarşı oynayıb. Almaniyaya qarşı matçda isə belə oyunu ilə mənə kömək edə bilməz. Bir həftə qabaq mən Moskvada idim. SSKA - “Anji” oyununa baxmışdım. Fürsətdən istifadə edib, oyundan əvvəl “Anji”nin baş məşqçisiylə söhbət etdim. Onların hazırlıq prosesi barədə danışarkən bu komandanın nə qədər peşəkar olmasına şahid oldum. Bunun nəticəsidir, son yarımildə Mahirin oyununda nə qədər irəlliləyiş var.
Bu təlim-məşq toplanışında futboçuların hər biri həvəslə çalışır. İstəyirlər ki, Almaniyaya gedəcək iyirmi oyunçunun siyahısına düşə bilsin.
Fürsətdən istifadə edib sabahkı “Borussiya”la oyunda “Qarabağ”a uğurlar arzulayıram. Ümidim var ki, gözlənilməyən hadisə sabah baş verəcək və «Qarabağ” oyunu udacaq, hələ bəlkə qrup mərhələsinə keçməyi də bacardı. İnanıram ki, sabah “Qarabağ” bütün Avropaya futbol oynamağı bacardığını göstərəcək. Mən avqustun 23-ü “Qarabağ”ın milli komandada çıxış edən futbolçularıyla görüşdüm. Fikrimi çatdırdım ki, niyə onlar bazar günü MOİK-ə qarşı oynamayıblar? Onlar da özləri oynamaq istədiklərini bildirdilər. Sadəcə olaraq baş məşqçiləri elə fikirləşib. Yenə də bu, məşqçinin öz işidir. Mənə daha bir məsələ qaranlıq qalır. Başa düşə bilmirəm ki, bütün Avropa klubları dördüncü gün avrokubok oyunlarını, həftə sonu isə ölkə çempionatlarında oynayırlar. Amma Azərbaycanda bu mümkün deyil. Bu, məni çox düşündürür. Amma bilmirəm, bu sualıma kim cavab verə bilər.
- Ölkə çempionatın dördüncü turun oyunlarından sonra milli komandaya yeni oyunçu dəvət edə bilərsinizmi?
- Yox, mən belə bir futbolçu görmürəm.
- MOİK-in heyətində gənc futbolçular var ki, onlar əzmkarlığı ilə seçilirlər...
- Bu futbolçular Premyer Liqa oyunlarında nəticə qazana bilərlər. Amma onların beynəlxalq oyunlarda keyfiyyətli futbol nümayiş etdirməsi, nəticə qazanması mümkün deyil. Amma MOİK, “Simurq” kimi klubların gənc və yeniyetmə futbolçulara şans vermələrini dəstəkləyirəm. Uşaqların əvəzedici komandalarda çıxış etməsindənsə, Premyer Liqada oynamaları daha yaxşıdır.
- Milliləşdirilmiş futbolçularla vidalaşmağın vaxtı deyil?
- Cəmi 3 belə oyunçumuz var. Bu proses tədricən olacaq. Gənc nəslin yetişməsi vacibdir. Bu sahədə AFFA müəyyən işlər görür. Futbolçularımız ötən il “Bavariya”, “Hoffenheim” klublarının düşərgəsində hazırlıq keçdilər. Səlahət Ağayev “Hannover”də məşq etdi. Nəticələrlə maraqlandım. Məşqçilər bizim uşaqların onlarla eyni səviyyədə məşq etdiyini dedi.
- Fərid Quliyev “Neftçi”də əsas heyətə düşə bilmir. Onun problemləri ilə tanış olmusunuz?
- Fərid may-iyun aylarında keçirdiyimiz Moldova, Makedoniya və Hondurasa qarşı forma geyindi. Onun oyunundan çox razı qaldım. Yayda “Neftçi”yə keçən hücumçu Küveytlə matçda özünü zəif tərəfdən göstərdi. Məşqlərdə də axsadığını görürəm. Əvvəlki Fərid deyil. Hücumçu qapıya zərbə endirməlidir. Mən bunu Fəriddə görmədim.
- Uzun fasilədən sonra Aqil Nəbiyev, Tərlan Quliyev, eləcə də Tolqa Erginer milliyə dəvət edildi. Onların fiziki hazırlığından razısınızmı?
- Tərlan və Tolqa gəncdir. Onları indi fiziki hazırlığa görə deyil, taktiki cəhətdən nəyə qadir olduqlarını yoxlamaq üçün dəvət etmişəm. Tərlanı köməkçim Yansen Almaniyadakı turnirdə görüb. Məşqdə özünü yaxşı tərəfdən göstərdi. Təbii ki, yığmaya düşmək üçün uzun yol qət etmək lazımdır. Tərlan əvvəlcə “Neftçi”nin əsas heyətinə düşməlidir. Tolqa isə özü yığmada oynamaq üçün müraciət edib. Onun hələlik U-17-nin heyətində çıxış etməsini qərara almışıq. Sentyabrın 4-də Almaniya ilə keçiriləcək oyunda meydana çıxacaq. Biz Tolqanın nəyə qadir olduğunu öz yaşıdları arasında da yoxlayacağıq. Aqilə gəldikdə, əvvəlki formasını bərpa edib. Bu da AZAL-ın daha iddialı olması ilə bağlı ola bilər. Amma yaxşı bir müdafiəçi də tapmışıq. Söhbət Vurğun Hüseynovdan gedir. Saşa da artıq yığmaya dönüb. Onun hazırlıq durumundan razıyam. Artıq mövqe səhvi etmir. Görünür, futbolçu kimi müdafiəçi olan Toni Adams ona düzgün məşqlər keçib. Nodar Məmmədovun da adını qeyd edə bilərəm. Artıq aqressiv futbola üstünlük verir, topu asan itirmir.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır