“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Qol.az-a müsahibə verib. O, komandasının qış fasiləsindən sonrakı çıxışından, millimizə baş məşqçi seçimindən və “Keşlə”nin paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kollinin milliləşdirilməsindən danışıb.
- Qış fasiləsi Premyer Liqamızda hər komandaya bir cür təsir edib. “Sumqayıt”da bu sarıdan vəziyyət necədir?
- Fasilədən sona bütün klublara çətin olur. Çünki komandalar formada olurlar. Yenidən çempionatın ab-havasına girmək də çətindir. Biz də bunu hiss etdik. İlk üç turda qalib gəlmək istəsək də, xallar da itirdik. Bunu da gözləyirdik. Qeyri-adi bir şey olmadı.
- Demək olar bütün komandalar yeni futbolçu aldı, ancaq “Sumqayıt” transfer etmədi. Bu, sizə nə dərəcədə çətinlik yaradır?
- Transfer məsələsinin bizə təsiri olmayıb. Çünki buna hazır idik. Yayda transferlər etmişdik. Qışda böyük dəyişiklik etmək fikrimiz yox idi. Qış toplanışını yaxşı keçirmişik. Təəssüf ki, Şəhriyar və Vüqar toplanışda zədələndi. Bu, bizə pis təsir etdi. Çünki ehtiyat qüvvəmiz yoxdur. 17-18 futbolçumuz olur. Çalışırıq ki, bu futbolçuları qoruyaq. Ümumən götürsək, fasilədən sonrakı üç görüşdə ortaya oyun qoya bilmişik. Görürük ki, rəqiblər bizə qarşı indi daha çox qapanır. “Sabah” bizə çətinlik yaratdı. Deməli, daha çox işləməliyik. Ancaq “Sabah”a uduzmağımız transfer məsələsi ilə bağlı deyildi. Elə komandalar var ki, xeyli futbolçu alıb, ancaq yenə də uduzur.
- Əslində transferin olmaması “Sumqayıt”da gənc və yerli futbolçuların üzə çıxmasında rol oynayır. Ən çox yerli futbolçulara şans verən komandasınız. Qarşıdakı oyunlarda “Sumqayıt”da yeni adlar görə bilərik?
- Əlbəttə, bizdə gənc futbolçuların hər an meydana çıxma şansı var. Bunu bir neçə dəfə göstərmişik. Əvəzedici komandadan gənc futbolçu Nəbi Məmmədovu qış toplanışına aparmışdıq. 16-cı turda ona Premyer Liqada şans verdik. Ümumən belə futbolçular var. Hansı ki, onları əsas komandaya cəlb etmişik. Bu fubolçuların üzərinə böyük məsuliyyət düşür. Çalışacağıq ki, gələn turlarda da bir neçə gənc futbolçuya şans verək.
- Premyer Liqanı növbəti turunda “Qarabağ”la qarşılaşacaqsınız. Ağdam klubu mövsümdə ilk məğlubiyyətini məhz “Sumqayıt”dan alıb…
- “Qarabağ”ı hər kəs tanıyır. Son oyun da göstərdi ki, “Qarabağ”a qarşı maksimum gücünü ortaya qoymasan, xırda səhv etsən, heç kimi bağışlamır. Oradakı futbolçuların ustalığını hamı bilir. İnanıram ki, futbolçularımız yaxşı mübarizə aparacaq. Oyuna hazırlaşırıq. Görüşün mahiyyətini dərk edirik. İtkimiz yoxdur. Keçən oyunda cəzalı Peyman Babayi və zədəli Vüqar Mustafayev iştirak etməmişdi. Artıq onlar da sıraya dönüb.
- “Qarabağ”ın son turda “Zirə”yə 6 cavabsız qolla qalib gəlməsi futbolçularınızın gözünü qorxutmayıb ki? Psixoloji hazırlıq çətin olmayacaq?
- Bunu digər komanda etməyib, 6 qolu “Qarabağ” vurub. Başqa komanda belə hesabla qalib gəlsəydi, nəsə düşünə bilərdik. Ancaq “Qarabağ”dan bu hesab gözlənilir. Ona görə də narahatlıq yoxdur.
- Son günlərin əsas mövzusu olan milli komandamızdan danışaq. Yığmamıza məşqçi seçimi aparılan ilk vaxtlarda yerli mütəxəssislərin də adları çəkilirdi. Sizi də bu vəzifəyə layiq hesab edənlər var idi. Ancaq sonradan məlum oldu ki, namizədlərin hamısı əcnəbilərdir. Sizcə, yerli məşqçilərə niyə inam yoxdur? Bəlkə elə hazırda yığmamıza əcnəbi məşqçi lazımdır?
- Futbol həqiqətən çox maraqlı bir oyundur. Burada ən birinci inam lazımdır. Klublarımızdan bir çox misallar çəkmək olar. Hansı klubumuz baş məşqçisinə inanıbsa, gələcəkdə nəticə verib. Bu gün əgər yerli məşqçilərə inam yoxdursa, xarici mütəxəssislərə üstünlük verirlərsə, bizim nəsə deməyimizə ehtiyac qalmır. Yəni deyə bilmərik ki, yerli olsa, filan olacaq, xarici olsa belə olacaq.
Həqiqətən son iki ayda ən böyük mövzü millimizin baş məqşçisi məsələsidir. Hər kəs öz fikrini bildirir. Mən də demişəm ki, bu gün milli komandaya son zamanlar formada olan bir məşqçi lazımdır. Necə ki, yığmaya formada olan futbolçular götürülür, bu, baş məşqçiyə də aiddir. Milli komandada olan atmosferi, rəqiblərimizi nəzərə almaq lazımdır. O məşqçi gəlib, nələri yoluna qoya bilər, nələr ortaya qoya bilər, bunlara fikir vermək lazımdır. Düşünsək ki, sırf 20 il bundan qabaq hansısa uğuru olub deyə gedək onu gətirək, yanlış addım olar. Düzgün seçim etmək lazımdır. Bu gün Azərbaycan çempionatına baxsaq, nəticə verən elə yerli məşqçilərdir. Avrokuboklarda qrup mərhələsinə düşən də yerli məşqçilərdir. Amma o demək deyil ki, bizdə sərf yerli məşqçi işləməlidir. Bu gün milliyə əcnəbi baş məşqçi gəlirsə, bu, yerli məşqçilərin zəifliyini göstərmir. Sadəcə, seçim belədir. Bu da normaldır. Tək bizdə belə deyil.
- “Keşlə”nin paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kollinin milliləşdirilməsinə münasibətiniz necədir?
- Meza Kollini çox yaxşı tanıyıram, mənim rəhbərliyim altında “Zirə”də oynayıb. Yaxşı futbolçudur. Amma mənə görə milliyə yeni baş məşqçisi təyin olunmamış kimisə milliləşdirmək tələsik addımdır. Bu gun bir çoxları deyir ki, Azərbaycan millisində pas verən, 10 nömrə futbolçu yoxdur. Amma mən bununla razı deyiləm. “Neftçi”də Emin Mahmudov, Rəhman Hacıyev, “Sumqayıt”da Rəhim Sadıxov, Aleksey İsayev kimi oyunçularımız var. Bəlkə milliyə elə bir məşqçi gələcək ki, onun sistemində heç “10” nömrəyə ehtiyac olmayacaq. Məncə, bizdə o mövqe üçün futbolçu milliləşdirməyə ehtiyac yoxdur. Öz oyunçularımıza güvənməliyik. Dediyim kimi həmin mövqedə oynayacaq yaxşı yerli oyunçularımız var. Mətbuatda “Sumqayıt”ı qınaq obyektinə çevirmişdilər ki, Rusiyadan, İsraildən futboçular gətirib milliləşdirir, azərbaycanlıların qarşısını kəsir. Amma Əmir Ağayev, Rəhim Sadıqov, Aleksey İsayev - bunların hər birinin azərbaycanlı kökü var. Bu gün sual verə bilərik ki, Meza Kollini milliləşdirməklə azərbaycanlının qarşısını kəsmirikmi? Maraqlı mövzudur. Yəqin fikirlər fərqi olacaq. Şəxsi fikrim budur ki, tələsməyə ehtiyac yoxdur. Əgər bu, hansısa klubun legionerinin milliləşdiriməsi üçün rol oynayırsa, onda belə qayda qoymaq olar ki, Azərbaycan çempionatında 5 il oynayan legioner yerli sayılsın. Meza Kolli yaxşı futbolçudur. Buna sözüm yoxdur. Həqiqətən ustalığı ilə seçilir. Amma qeyd etdiyim kimi, tələsik addımdır. Bəlkə püşkatmada elə bir rəqiblərlə düşdük ki, onlarla müdafiədən oynamağa məcburuq. Mənim fikrimcə, bu gün millidə gənclərə üstünlük verməliyik. Bəlkə də indi nəticə baxımdan itirərik, amma gələcək üçün futbolçu qazanarıq.
Ramiq AĞAMƏMMƏDOV
Kompani narazıdır
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı