Hafiz Məmmədov: "Bu işdə günahkar şəxslər ərizələrini yazsınlar"

Hafiz Məmmədov: "Bu işdə günahkar şəxslər ərizələrini yazsınlar"
MÜSAHİBƏ 23 İyul 2010 / 10:28 3928
-  A +

Azərbaycanı Avroliqada təmsil edən “Bakı” klubunun prezidenti Hafiz Məmmədov Çernoqoriyanın “Buduçnost” komandası ilə oyundan sonra jurnalistlərlə görüşüb. Məmmədov bu ölkəyə gələn azərbaycanlı mətbuat nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

- Son günlərdə komandanızla bağlı məlum olaylara və UEFA-nın çıxardığı qərara münasibətiniz bilmək istərdik...
- Mən bu qərarı gözləyirdim və texniki məğlubiyyətə hazır idim. Sizə açıq deyirəm ki, bu işdə günahkar şəxslər öz ərizələrini yazsınlar. Hər şey ünvanı ilə olmalıdır. Biz heç kimi incitməyəcəyik.
- Sirr deyilsə, bu qərarı nə vaxt bildiniz?
- İkinci günü səhər, komanda səfərə çıxanda. Birinci gün klub bu haqda məlumatlandırılıb, mənə isə heç kim heç nə deməmişdi. Həmin vaxt xaricdə idim və tam kənarda adamdan bu problem haqda xəbər tutdum. Mənə də təəccüblü gəldi ki, klub prezidentinin məsələdən xəbəri yoxdur. Bundan sonra araşdırmalara başladım. Bir sıra adamlarla danışandan sonra çətin vəziyyətə düşdüyümüzü gördüm. Oxşar hadisələr çox olduğundan, belə nəticəni gözləyirdim. Bundan sonra qərara özümü hazırlamağa başladım. Ən azı səfər oyununda uduzmamaq istəyirdik. Ölkənin reytinqini da nəzərə almaq lazımdır. Sevinirəm ki, heç olmasa qələbəmizlə ilə klub reytinqinə xal qazandıra bildik.
- Yəni Bakıda itirdiyimiz 2:1 hesablı qələbəni burada qaytara bildik...
- Bəli, bununla balans yaratdıq. Bu məsələdə ölkə mətbuatı bizi anladı və buna görə sizlərə təşəkkür edirəm. Açığı, klub rəhbəri kimi bu məsələlər məni çox narahat etdi. Axı klubumuzda bu qədər adam çalışır, onlara hər cür şərait yaradılıb. Kimlərdirsə, öz pis günahını qəbul etsinlər. Məgər bu işlərlə mən məşğul olmalıyam? Razıyam ki, UEFA-dan məktub iyunun 24-də gəlib və biz kamerunlu futbolçumuz Joel Epalle ilə iyulda müqavilə bağlamışıq. Açığı, dəqiq günahkarı hələ müəyyənləşdirməmişəm və bunu araşdıracağam. Günahkarlar cəzalanmalıdır və onları cəzalarını verəcəyik. Oyun günü xəbər çıxandan sonra Azərbaycanda hər kəs şok olmuşdu. Telefonum susmaq bilmirdi, zəng zəngin dalınca gəlirdi. Düzünə qalsa, özüm də təəccüblənməyə başlamışdım. Olub da, neyləməliyik... Dostlar çox zəng vurdu. Hətta eyni məsələ ilə zəngə cavab verməkdən yorulmuşdum. Məgər cinayət etmişik? Bir səhvdir də olub. Hətta dostlarımdan biri dedi ki, sizə niyə 0:1 yox, 0:3 hesablı məğlubiyyət veriblər (gülür). UEFA-dan da güzəşt gözləyirdim. Hər halda, futbolu, klubları yeni inkişaf edən ölkəyik. Bu məsələdə istisna ola bilərdi, hüquqşünaslardan da çox şey asılı idi. Demək olardı ki, bu, iki oyundan ibarətdir, futbolçu birində cəzalı imişsə, o birinə buraxılmamalı idi. .Düzdür, bu da ziddiyyət təşkil edir. UEFA günorta saatlarında qərarını açıqlayanda şoka düşmədim. Çünki insan bir şeyi gözləyəndə özünü buna hazırlayır. Ancaq bir çoxları üçün bu, şok idi. Oyunun ilk hissədən sonra hesabda 2:0 irəlidə olanda azarkeşlərimizi, elə özümü da ümidləndirmişdim. Psixoloji gərginliyi dağıda, qələbə qazana bildik və buna görə qəlbən rahatam.
- Bu məsələdə Epallenin özündə günah görürsünüz?
- Görürəm, ancaq yüzdə yüz yox. Hamısında günah var.
- Hər halda, bu transferə çox sevinirdik. Almaniya bundesliqasından səviyyəli, ölkəmizə ilk olimpiya çempionu gəlmişdi...
- Açığı, mən bu məsələdə siz jurnalistlərdən kömək gözləyirdim. Yəni sizlər araşdırma aparıb, Epallenin cəzalı olmasının aşkara çıxara bilərdiniz Necə ki yanlış transferlərimiz olanda yazırsınız, bunu da qeyd edə bilərdiniz. Bəzi ölkələrdə mətbuatın yazısı ilə talelər həll olunur. Onsuz da hamının gizlətdiyi şeyləri mətbuat üzə çıxarır. Mediadan dəstək gözləyirik. Cəzalı futbolçuların adları UEFA-nın rəsmi saytında yerləşdirilib və bunu üzə çıxarmaq olardı. Futbolçunun transfer işləri ilə məşğul olanların da günahı var. Artıq təcrübə bizə öyrədib ki, transfer etmək istədiyimiz futbolçuların ilk növbədə tibbi müayinədən keçirməliyik. Daha sonra onunla bağlı digər informasiyalar da araşdırılmalıdır. İnanın ki, “İnter” Polşada qələbəsinə sevindim. Bu, Azərbaycan çempionunun uğuru idi. Yaxud “Qarabağ” ötən il “Rusenborq”u keçəcəyini kim gözləyirdi? Onları da indi Avroliqada uğurlu çıxış münasibətilə öz adımdan təbrik edirəm.
- “Bakı”da çoxlu legioner oynadığına görə münasibət birmənalı deyil. Bununla bağlı nə deyə bilərdiniz?
- “Qarabağ”ın simpatiyam ona görə böyükdür ki, bu komandada daha çox yerli futbolçular oynayır. Hətta bu klubun vitse-prezidenti Tahir Gözəl məni təbrik edəndə ondan “Qarabağ”ı mənim adımdan təbrik etməyi xahiş etdim. Heyətdə legionerlərin çox olması mənim üçün də ürəkaçan deyil. Ancaq siyasətimiz belədir ki, heyətimizi gücləndirib, uğur qazanmaqla insanları futbola cəlb edək. Bu dəqiqə 5 yaşlı uşaq futbola Jabaya görə baxdığını deyir. “Qəbələ” klubunda prezident Tale Heydərov böyük işlər görür. “Xəzər-Lənkəran” niyə avrokuboklarda Moldovanın “Olimpiya” klubuna uduzsun? Ağasəlim Mircavadov ağsaqqalımızdır, ancaq ona ehtiyacım yoxdur. Bura gələn İsgəndər Cavadovla Vaqif Sadıqovla söhbətimdə dedim ki, futbol məktəbi açın, uşaqlar yetişdirin, qoy sizə qibtə etsinlər, mən də buna dəstək göstərim. Futbolu inkişaf etdirmək üçün gözəl oyun göstərmək lazımdır. Uduzanda da kişi kimi uduzaq. Dünya çempionatında İspaniya yığmasına ilk növbədə gözəl oyununa görə azarkeşlik edirsən. Ona görə də məcburam ki, 10-11 legioner oynadım. İnanın mənə ki, 4-5 ildən Azərbaycanda əla futbolçular yetişəcək. Sadəcə, səbr etmək lazımdır. Mən söz vermişəm ki, hər il 3-4 yerli futbolçunun əsas komandaya yüksəlməsinə nail olacağam. Bu, qarşımda duran məqsəddir. Gətirdiyim məşqçilərin çox istəmişəm. Ancaq indiki çalışdırıcımız Vinfred Şafer mənə lazım olan mütəxəssisdir. O, legionerlərin, afrikalıların dilini bilir. Mən xoşlamıram ki, komandamdan kimsə getsin.
- “Böyük “Bakı” – 2012” layihəsinin başa çatmasına az qalıb. Yəni iki ilə avrokuboklarda qrup mərhələsinə düşməyimiz realdırmı?
- Bu, hamımızın arzusudur. Elə bu mövsüm buna nail olmaq istəyirdim. Yaxşı baş məşqçi tapmışam. Azərbaycandan küsüb getməsə, gələn il buna nail ola bilərik. Əslində keçən il qrup mərhələsinə çox yaxın idik. Son təsnifat mərhələsində mübarizəni dayandırdıq. Bu il isə “Buduçnost”a kağız üzərində uduzduq. Hər iki oyunda qalib gəlsək də, texniki məğlubiyyətə görə keçə bilmədik. Proqramımızın həyata keçirilməsinə doğru gedirik. Şaferlə bunu bacarmaq mümkündür. İnanın ki, klubumuza elə peşəkar məşqçi gəlməyib. Əslində mən ondan gələn mövsüm nəticə gözləyirəm. Şafer bir aydır gəlib, bu müddətdə nə edə bilər? Yeni komanda qurur, futbolçuların uyğunlaşmasına vaxt lazımdır.
- Bu qədər transferlərə sərmayə qoyandan sonra avrokuboklarda mərhələ keçə bilməyib, diqqətinizi ölkə çempionatımıza yönəldəcəksiniz. Baş verənlərdən sonra əliniz işdən soyumayacaq ki?
- Yox. Azərbaycan futbolunun inkişafına, çempionatımızın marağın artmasına, insanların futbola cəlb olunmasına çalışırıq. Baş verənlər bizi üzsə də, gərək işdən soyumayaq, Bu hadisələr heç bir planlarımıza təsir etməyib.
- Yeni səs-küylü transferlər gözlənilir?
- İnşallah, bir-ikisi gələcək. Biz heç transferlərdə maddi cəhətdən uduzmamışıq. Öz iqtisadi təhlilimə əsasən deyə bilərəm ki, gedənlərlə gələnlər arasında qiymət fərqi cüzidir.
- Saşa Yunisoğlunun komandanıza qayıdışı gözlənilirmi?
- Onu deyə bilərəm ki, komandamdan gedənlər qayıtmır. Stevan Bates gedib, qayıtdı. Buna görə hamını danladım. Komanda oyuncaq deyil. Necə ola bilər ki, gedəsən, sonra qayıdasan. Saşa millinin üzvüdür, yaxşı futbolçudur, hörməyim var. Ancaq komandamıza qayıtmayacaq. Bəli, transfer siyahımızda bir-iki tanınmış futbolçu yer alıb. Vaxtilə Madrid “Real”ının heyətində Çempionlar Liqasının qalibi olmuş braziliyalı müdafiəçi Julio Sezar dəvətimizi gözləyir. Qıraqdan kimsə futbolçumu, baş məşqçimi tanıyanda mənə ləzzət edir. Şaferdən çox razıyam. Həm gözəl insandır, həm də gözəl məşqçi. Bülənt Korkmaz bu gün də mənə mesaj yazır. O, komandamızı unutmayıb, hər qələbədən sonra SMS göndərir. Deyir ki, “Bakı” qələbəyə layiqdir. Görünür, UEFA-nın qərarından xəbəri yox imiş. Təbrik edib, qrup mərhələsinə kimi irəliləyəcəyimizi inandığını bildirib. Korkmazın bu günə kimi ürəyi bizimlədir. Ancaq prinsiplərini hər şeydən üstündən tutdu və ona görə getdi. Ondan yalnız bir şeydən incidim ki, martın 21-də Novruz Bayramında getdi. Mənə dedi ki, bir həftə əvvəl getmək istəyirdim. Sadəcə, qalib “Neftçi”ni udub, getmək istədim. Bu da alınmadı, uduzaraq, ayrıldı. Korkmazın əqidəsi düz idi, sadəcə, prinsipləri fərqli idi. Onun qurduğu komanda mövsümün sonunda uğur qazandı.
- Əvvəl rəqabət çempionluq, kubok uğrunda gedirdi. İndi əsas meyar avrokuboklar götürülür. Hazırda lider “Qarabağ”dır. Gələn il lider “Bakı” olacaqmı?
- Lider heç vaxt tək olmayacaq. Həmişə ən azı böyük dördlük olacaq. Bu, bizdə var. Əvvəl mən də arzu edirdim ki, çempion olaq, kuboku qazanaq. Ancaq buna nail ol, get avrokuboklarda uğursuzluğa düçar ol, bununla futbol olmaz. Klub rəhbərləri həmişə iddialı olub. Lider minimum iki olmalıdır. Maşallah, “Qəbələ” də beşliyə qoşulub. “Neftçi” isə həmişə əfsanəvi klubumuz olub. Bu klubun prezidenti Sadıq Sadıqov yaxşı işlər görür. “Neftçi”nin transferlərini görüb, deyirəm. Ləzzətli çempionat, ajiotaj, təmiz idman iddiası görəcəksiniz. Bizim də istəyimiz budur. 6 ildə çempion da olmuşam, kuboku da qazandım, bu, başlanğıcda olub. İndi məqsəd səviyyəli komanda qurub, avrokuboklarda yaxşı çıxış etməkdir.

Mənbə: apasport.az

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır