"Fərqi nədir qolu haramla vurmuşam, əsas odur, vurmuşam"

"Fərqi nədir qolu haramla vurmuşam, əsas odur, vurmuşam"
MÜSAHİBƏ 10 İyun 2019 / 20:53 7310
-  A +

Milli komandamız Avro-2020-nin seçmə mərhələsində sabah Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq. Vacib oyunöncəsi yığmamızın sabiq üzvü Vadim Vasilyevlə əlaqə saxladıq. Əslində veteran hücumçuya müraciət etməyimiz səbəbsiz deyildi. Çünki yığmamızın 18 il öncə DÇ-2002-nin seçmə mərhələsində Slovakiya üzərində tarixi qələbə qazandığı oyunda (2:0) qollardan birini məhz V. Vasilyev vurmuşdu. Həmin matçı və vurduğu qolu xatırlayan keçmiş futbolçu maraqlı fikirlər səsləndirib.

- İlk öncə onu öyrənək ki, hazırda nə işlə məşğul olursunuz? Futboldasınız, yoxsa başqa sahədə çalışırsınız?

- Kazbek Tuayev məktəbi var, orada məşqçi işləyirəm.

- Məşqçi kurslarına qatılmısınız. Hansı kateqoriyanız var? Pro almısınız?

- Yox. Haradan olsun?

- Almaq fikriniz necə, var?

- Fikrimiz var, amma pulumuz yoxdur. O vaxt almanlar mənə yalvarırdılar ki, gəl, məşqçi kurslarında iştirak et, pul bizlikdir. Onlara deyirdim ki, mən öz pulumla Pro almaq istəyirəm. Bu gün məşqçilər var ki, klubların hesabına gedib oxuyurlar. Mən isə bunu istəmirəm.

- Veteran futbolçusunuz, uzun illər Azərbaycan futboluna xidmət etmisiniz. Pro kateqoriyası almaq üçün AFFA sizə köməklik etmir?

- Yox, nə kömək təklif edəcəklər ki? Pro mənim nəyimə lazımdır? Kimlər işləyirsə, qoy, onlar alsınlar. Məni işə götürməyəndən sonra o kateqoriyanı nə edim? Gərək, əvvəlcə kluba dəvət etsinlər, sonra desinlər ki, get, oxu. Oxumaq mənim üçün problem deyil. İki institut bitirmişəm.

- Bu gün sizinlə əlaqə saxlamağımın əsas səbəbi millimizin Avro-2020-nin seçmə mərhələsində sabah Slovakiya ilə keçirəcəyi oyundur. Bu iki yığma arasında 18 il öncə Bakıda oyun olub və siz də həmin matçda meydana çıxmısınız. Hətta qol da vurmusunuz. Tarixi qələbə qazandığınız görüşü necə xatırlayırsınız?

- O vaxtkı Slovakiya daha güclü idi. Çünki oyunçuları təcrübəli idi. İndi onlarda ən çox tanınan yalnız Marek Hamşikdir. Digərləri orta səviyyəlidir. Bizim vaxtımızda isə heyətin əksəriyyəti Avropanın iddialı komandalarında oynayan futbolçular idi.

- Bu gün saytımızda 2001-ci ildəki oyunla bağlı yazı gedib. Həmin vaxt millimiz İstanbulda Türkiyə Futbol Federasiyasının (TFF) maliyyəsi hesabına yaxşı təlim-məşq toplanışı keçibmiş...

- Bəli, həmin vaxt Türkiyə bizə çox kömək etdi. Slovakiyadan əvvəl onlarla oynamışdıq. Türkiyə Futbol Federasiyası bizim üçün İstanbulda 7-8 günlük toplanış təşkil etmişdi. Qrupdan ikinci kimi ya Slovakiya çıxacaqdı, ya da Türkiyə. Türklər nə etdiklərini yaxşı bilirdilər. Bizə ümid edirdilər. Biz də çıxdıq, 2:0 udduq.

- Slovakiyanın qapısına vurduğunuz qolla bağlı maraqlı əhvalatlar var...

- (Gülür). Hə, çoxları deyir ki, topu yanınla vurmusan. Deyirəm ki, olsun də, fərqi nədir. Əsas qoldur. Əslində topu qapıdan sürüşmə fəndi ilə keçirmişəm. Sadəcə, topa ayağım yox, dabanım dəydi. Hətta mənim topdan daha tez tora daxil olduğumu deyirlər (gülür). O qədər sürətlə qaçırdım ki, özümü saxlaya bilmədim. İnanırsınız, həmin vaxt Zaur Tağızadənin heç ötürmə vermək fikri yox idi. Qapıya doğru zərbə vurdu, gördüm ki, top çərçivəyə getmir, ona görə hoppandım. Qapıya getsəydi, nə işim var idi. Amma əsas odur ki, 3 ötürmə ilə qol vurduq. İqor Getman mənə diaqonal ötürmə etdi, mən topu Zaura verdim. O isə qapı qarşısına ötürmə verdi, mən də fərqləndim. Onu deyim ki, daha 2 qol vura bilərdik. Səhv etmirəmsə, bir dəfə Qurban Qurbanovda, bir dəfə isə Rüfət Quliyevdə yaxşı imkan oldu, amma vura bilmədilər. Yəni, Slovakiyanı daha böyük hesabla da udmaq olardı. Bizim gənclər isə gedib Lixtenşteynə uduzurlar. Biz o vaxtı həmin rəqibə dörd dənə vurmuşduq. Bu günə qədər Lixtenşteynin 2 qələbəsi var, hər ikisi də bizim üzərimizdə qazanılıb (gülür). Biz qonaqpərvərik də, deyirik, xoş gəlmisiniz, buyurun, vurun! Baş məqşçi deyir ki, uşaqlar bütün tapşırıqları yerinə yetiriblər. Əgər elədirsə, niyə uduzuruq? Deməli, səhv səndədir. Sən düzgün etməmisən.

- Aşağı yaş qruplarından söz düşmüşkən həmin yığmalarda əcnəbi mütəxəssislərin işləməyinə necə baxırsınız?

- Bizim uşaqlarla işləmək çox çətindir. Əvvəl nə televizor, nə radio, nə telefon, nə komputer var idi. Bütün günü həyətdə futbol, basketbol, voleybol oynayırdıq. Bunlara futbol maraqlı deyil. Yaxşısı budur, valideynləri şillə-təpiklə qovsun ki, get, başqa idmanla məşğul ol.

- Məlum məsələdir ki, indiki ilə müqayisədə sizin oynadığınız dövr istər maliyyə, istərsə də şərait baxımından daha çətin idi. Bu gün isə bu qədər şəraitin qarşılığında futbolumuz irəli yox, geri gedir. Bunun səbəbini nədə görürsünüz?

- Həmin vaxt klublar çox idi. Digər tərəfdən, biz sovet futbol məktəbi keçmişdik. Çətinliyə düşsək də, futbolu sevirdik. “Peraşki dövrü” idi, amma hamı meydanda can qoyurdu. Açığı, bu barədə çox fikirləşmişəm. 8 klub çox azdır. Uşaqlar böyüyür, U-19, U-21-də oynayır, sonra isə özləri də nə istədiklərini, onları nəyin gözlədiyini bilmirlər. Bunları 17-18 yaşında ölkə xaricinə göndərmək lazımdır. Necə ki, o vaxt gürcülər edirdilər. Burada yer yoxdursa, göndərin, gedib xaricdə oynasınlar, təcrübə qazansınlar.

- Yəqin razılaşarsınız ki, bölgələrdə futbolun olmaması da buna təsir edən ən ciddi amillərdən biridir...

- Bilirsiniz ki, bunlar hamısı maliyyədən asılı olan məsələlərdir. “Xəzər Lənkəran”, “Karvan”, “Kəpəz” kimi klubları qaçırdıblar. Bu gün deyirik ki, bəzi Bakı klublarının əvəzinə bölgə komandaları yaradılsın, həmin maliyyə onlara ayrılsın. Amma inanın ki, o da çox getməyəcək. Digər klubların gününə salacaqlar. Bu qədər pul buraxırlar, ortada heç nə yoxdur. Futbol məktəbləri də düz-əməlli işləmir. Şəxsən mənim ürəyimcə deyil.

- Slovakiya ilə sabahkı oyundan nə gözləyə bilərik?

- Şanslar bərabərdir. Kimin istəyi çox olacaqsa, o da udacaq. Ancaq istək rol oynayacaq. Sabahı gözləyək, görək, necə olur.

- Bəs Macarıstana məğlubiyyət barədə nə deyə bilərsiniz?

- Heç nə. Macarlar həmişə bizim üçün mərdiməzar olublar. Onlarla oynamaq çox çətindir.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər