Bu gün “Standard”ı məğlub etməklə “ilk altılığ”a vəsiqə qazanan “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Qol.Az saytına müsahibə verib.
- Əvvəlcə komandanızın “ilk altılığ”a vəsiqə qazanması münasibəti ilə sizi təbrik edirik. “Standard”la qarşılaşmanın bu qədər gərgin alınacağını gözləyirdinizmi?
- Təbrikə görə təşəkkür edirəm. Qarşılaşmanın gərgin alınacağını gözləyirdim. Düzdür, “Standard” üçün matçın heç bir əhəmiyyəti olmasa da, onlar sona kimi meydanda vuruşdular. Hətta hesabda geri düşdük. Buna baxmayaraq, komandamız sona qədər mübarizə apadı. Oyunda üstünlük də tamamilə bizim tərəfimizdə idi. Hətta mən deyərdim ki, hesab arasındakı fərq daha böyük ola bilərdi. Çünki qol vurmaq üçün komandamızın daha çox şansı var idi.
- “Standard” hesabı açdıqdan sonra bir anlıq məğlub olacağınızı düşündünüzmü?
- Sözün açığı, komandaya güvənirdim. İnanırdım ki, qarşıya qoyulan vəzifəyə çatacağıq. Amma rəqib hesabı açdıqdan sonra bir anlıq narahat oldum. Fikirləşdim ki, birdən komanda buraxılan qoldan sonra özünə gələ bilməz. Amma uşaqlar tezliklə hesabı bərabərləşdirməyə müvəffəq oldular.
- “Qəbələ” həlledici mərhələyə vəsiqə qazanmaqla minimum vəzifənin öhdəsindən gəldi. Bundan sonra komandanın qarşısına hansı vəzifə qoyulacaq?
- Çalışacağıq ki, “ilk altılıq”da da uğurlu çıxış edərək, azarkeşlərimizi sevindirək. Komandamız bacardığı qədər yüksək yerlər uğrunda mübarizə aparacaq. Gücümüz daxilində irəliləməyə çalışacağıq. Amma mən deyə bilmərəm ki, “Qəbələ” boyundan yuxarı tullanacaq. Hansı yerə layiqiksə, həmin pilləni də tutmağımızı istərdim. Hətta altıncı pilləyə də layiq olsaq, qoy altıncı yeri tutaq.
- Amma yəqin ki, komandanızın avrokuboklara vəsiqə qazanmasının istəyirsiniz?
- Əlbəttə, bunu istəyirik. Amma yenə deyirəm ki. gücümüz nəyə çatsa, onu da edəcəyik. “Qəbələ”ni ani uğurlar maraqlandırmır. Biz planlı şəkildə fəaliyyət göstəririk. Yaxın 2-3 il ərzində bazamız tam hazır olandan sonra komanda daha böyük məqsədlər uğrunda yarışacaq. İndiki halda da bacardığımız qədər yüksək pilləni tutmağa çalışacağıq.
- Çempionluq mübarizəsində əsas rəqib qismində hansı komandanı görürsünüz?
- Bunu indidən demək çox çətindir. Çünki hazırda “qızıl xallar”a görə komandaları bir-birindən yalnız 1-2 xal ayırır. İnanıram ki, “altılıq”da gərgin mübarizə keçəcək.
- Milli komandamızın toplanışı ilə əlaqədar olaraq çempionatda fasilə yaranır. Komandanız bu fasilədən necə yararlanamq fikrindədir?
- Yəqin ki, baş məşqçimiz futbolçulara 2-3 günlük istirahət verəcək. Bundan sonra isə komanda Qəbələdə toplaşaraq, hazırlıqları doğma meydanda davam etdirəcək. Ölkə xaricində hazırlıq keçmək fikrimiz yoxdur.
- Ümumiyyətlə, necə düşünürsünüz həlledici mərhələ öncəsi milli komandaya görə çempionatda uzun müddətli fasilə yaranması nə dərəcədə düzgündür?
- Ümumi götürdükdə, hamımız millimizin uğurlu çıxışı üçün çalışırıq. Amma hesab edirəm ki, mövsümün əvvəlində təqvim tərtib olunarkən bu cür uzun müddətli toplanışların vaxtını bir qədər azaltsalar, yaxşı olardı. Çünki bir çox ölkələrin çempionatlarında belə fasilələr olmur. Həm də çox istərdik ki, təqvimdə dəyişikliklər də mümkün qədər az olsun. Düzdür, dəyişiklik ola bilər. Məsəlçün hava şəraiti və ya başqa bir səbəbə görə.
- Son dəfə hava şəraitinə görə edilən dəyişiklikdən sonra komandalar ardıcıl olaraq üç gündən bir oyuna çıxırdı. Bu amil komandanızın oyuna necə təsir edirdi?
- Bu cür sıx təqvimdə təkcə biz yox, bütün klublar mübarizə apardı. Ona görə kimsə narazılıq edə bilməz. Amma oyunlar arasında fasilə bir qədər uzun olsaydı, daha yaxşı olardı. Çünki üç gündən bir meydana çıxmaq elə də asan deyil. Bu zaman zədəli futbolçuların sayı artır. Digər tərəfdən futbolçular vərəqələrə görə cəzalı duruma düşürlər. Bu da baş məşqçilərə optimal heyəti meydana buraxmaqda əngəl törədir.
- Cari mövsüm başa çatmasa da, artıq indidən növbəti çempionatın formatı müzakirə olunur. Bu məsələ ilə bağlı sizin fikirlərinizi də bilmək maraqlı olardı. Növbəti mövsümdən formatda dəyişiklik edilməlidir, yoxsa elə hazırkı “altılıq” sistemi qalmalıdır?
- Mənim fikrimcə, əvvəlki sistemə qayıtsaq, daha yaxşı olar. Düzdür, Peşəkar Futbol Liqası çempionatın daha maraqlı alınması üçün belə bir sistem seçdi. Komandaların sayının az olması onları belə addım atmağa vadar etdi. Amma hesab edirəm ki, növbəti mövsümdən komandaların sayı artacaq və ikidövrəli sistem olacaq. Bu halda mübarizə daha maraqlı alınar.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı