Bülənt Qorxmaz: “Bakı”ya gələndə qarşıma qoyduğum hər üç hədəfə artıq çatmışam”

Bülənt Qorxmaz: “Bakı”ya gələndə qarşıma qoyduğum hər üç hədəfə artıq çatmışam”
MÜSAHİBƏ 19 Fevral 2010 / 17:15 3439
-  A +

“Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz Qol.Az saytına verdiyi geniş müsahibədə komandasının hazırkı psixolji durumu, çempionluq mübarizəsi, “Bakı”dakı hədəfləri və gələcək karyerası ilə bağlı maraqlı açıqlamalar verib.

- “Karvan”la oyundan öncə komandanızda böyük bir itki baş verdi. Klubun baş həkimi Murad Mərdanlının ölümünün şokunu komanda artıq üzərindən ata bilib?
- İlk növbədə onu deyim ki, Murad Mərdanlının ölümü hamımıza çox pis təsir etdi. Bu, təkcə “Bakı” klubu üçün deyil, Azərbaycan idmanı və ümumiyyətlə, Azərbaycan xalqı üçün böyük bir itkidir. Murad həkim kimi peşəkarlara yalnız nadir halda rast gəlmək olar. Tam səmimi deyirəm ki, onun kimi sahəsini mükəmməl səviyyədə bilən, peşəkar olan şəxsə Türkiyədə də çətinliklə rast gəlmək olar. Onun yerini doldurmaq qeyri-mümkündür. Düzdür, hazırda klubumuzda çalışan tibbi personal futbolçuların sağlamlığı üçün əllərindənn gələni edirlər. Komanda ilə birgə onun yas mərasimində iştirak etdik. Ailəsinə bağşsağlığı verdik. Amma bu, həyatdır, əlimizdən bundan başqa heç nə gəlmir. Hazırda komandada əhval-ruhiyyə bir qədər düzəlib. İnanıram ki, sabah oyun günü futbolçuların durumları bir qədər də yaxşılaşacaq.
- Son oyunda əsasən ehtiyatda qalan, eləcə də gənc futbolçulara şans verdiniz. “Muğan”la oyunda da eyni addımı atacaqsınız?
- Bu dəfə də gənclərə şans verəcəyəm. Bildiyiniz kimi, son matçda iki 16 yaşlı futbolçuya şans verdim. Biz məhz gənclərin daha çox oynamaları, səviyyələrini artırmaları üçün çalışırıq. Sabahkı matçda da onların xidmətindən yararlanmaq fikrindəyik.
- Rəhman Musayev və Hacı Əhmədovdan başqa hansı gənc oyunçulara əsas komandada şans vermək fikrindəsiniz?
- Bizim Namiq adlı gənc oyunçumuz var. Onun oyununu çox bəyənirəm. Şans verməyi də çox istəyirəm. Amma bu, qeyri-mümkündür. Çünki Namiqin adı mövsümün əvvəlində heç əvəzedici heyətin də iştirak ərizəsinə salınmayıb. Bu səbəbdən də onu meydana buraxa bilmirəm. Bu qərarın özü də mənim üçün anlaşılmazdır. Çünki Türkiyədə hər bir komanda öz yetirməsi olan, aşağı yaş qrupunda çıxış edən futbolçunu asanlıqla meydana buraxa bilər. Həmin oyunçunun adının əsas və ya əvəzedici heyətin iştirak ərizəsində olub-olmamasının elə də önəmi yoxdur. Amma burada qaydalar bir qədər fərqlidir.
- Komandanızın yeni transferi Allan Vanqa hələ də debüt şansı qazanmayıb. Keniyalı forvardın xidmətindən nə vaxt istifadə etmək fikrindəsiniz?
- Vanqa hazırda meydana çıxmaq üçün tam hazır deyil. O ən azından daha 40-50 məşq prosesində də iştirak etməlidir ki, formasını bərpa etsin. Yalnız tam formaya düşdükdən sonra meydana çıxa bilər.
- Son matçda Vyaçeslav Sofroniyə ilk dəfə olaraq şans verdiniz. Moldovalı futbolçu haqda hansı fikirdəsiniz?
- Bizim üçün hər bir oyunçumuz dəyərlidir. O cümlədən də Safroni. Zamanla o da formasını tam bərpa edəcək. Mənim üçün futbolçunun təkcə oyunda deyil, eyni zamanda məşq prosesindəki performansı da önəmlidir. Forma şansı qazanmaq da hər bir oyunçunun öz əlindədir. Mən ilk gündən demişəm ki, kim daha yaxşı formada olsa, məşqlərdə özünü yaxşı tərəfdən göstərsə, o da oynamaq şansı qazanacaq.
- “Bakı” artıq “ilk atılıq”dakı yerini təmin edib. Həlledici mərhələdə komandanın qarşısına hansı hədəf qoyulub?
- İlk növbədə onu deyim ki, mən “Bakı”ya gəldiyim ilk gündə qarşıma üç hədəf qoymuşdum - komandanın infrastrukturunu, yəni bazasını formalaşdırmağı, aşağı yaş qrupu üzrə komandalardan əsas heyətə futbolçu cəlb etmək və “ilk altılığ”a vəsiqə qazanmaq. Qarşıma qoyduğum hər üç hədəfə də çatmışam. Bundan sonra artıq bizim üçün yeni mərhələ başlayır. İndi qarşımıza avrokuboklara vəsiqə qazanmağı məqsəd qoymuşuq. Əlimizdən gələni edəcəyik ki, qarşımıza qoyduğumuz növbəti hədəfə də çataq.
- “İlk altılıq”da yarışacaq komandaların beşi məlumdur. Sizin fikrinizcə, sonuncu vəsiqə kimə qismət olacaq?
- Bu haqda konkret nəsə demək çətindir. Çünki hər şey komandaların sonuncu turdakı çıxışlarından asılıdır. Kim şansından yararlansa, o da pley-off-a qalacaq. Amma hər iki komandanın “ilk altılığ”a layiq olduğunu da deməliyəm. Çünki həm “Simurq”a, həm də “Qəbələ”yə qarşı oynamışıq. Hər ikisi də güclü, iddialı kollektivlərdir.

- Çempionluğa ən real namizəd hansı komandanı sayırsınız?
- “İlk altılığ”a vəsiqə qazanan komandaların hər biri şanslıdır. Düzdür, arada müəyyən qədər fərq var. Amma 10 turluq mübarizədə çox şey dəyişə bilər. “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Neftçi” və əlbəttə ki, biz də qızıl medallar uğrunda sonadək yarışacağıq. Bu komandalardan “Xəzər Lənkəran”ı bir məqama görə fərqləndirmək istərdim. Bugünkü gündə digər komandalarla müqayisədə “Xəzər Lənkəran”ın azarkeş baxmından ev oyunlarında heç bir problemi olmur. Azarkeşlər rəqib komandaya böyük təzyiq göstərə bilirlər. Orada oynamaq heç də asan olmur. Bu amili unutmamaq lazımdır. Çünki digər komandalar haqda eyni sözləri demək olmur. Məsəlçün bizim oyuna 300-500 fanat gəlir ki, onlar da rəqib komandaya psixoloji baxımdan böyük təsir göstərə bilmirlər.
- Bir halda ki, azarkeşlərdən danışdıq, o zaman sizin də fikrinizi öyrənmək istərdim. Stadionlara bu qədər az sayda futbolsevərin gəlməsinin səbəbini nədə görürsünüz?
- Bu mənim üçün qaranlıq məqamdır. Bayaq da dediyim ki, “Xəzər Lənkəran” istisna olmaqla digər kolletivlərdən heç biri yüksək səviyyədə dəstək görmür. Məsəlçün son turda Yevlax səfərindəydik. Komandanın gözəl stadionu var. Amma arenada heç min azarkeş yoxdur. Azarkeşlərin stadionlara gəlməməsinin səbəbini anlaya bilmirəm. Amma yayda avrokuboklar zamanı və millinin oyunlarında stadion demək olar ki, tam dolur. Belə çıxır ki, həmin oyunlara azarkeşlər rəqib futbolçuları izləmək üçün gəlirlər?
- Bülənt bəy, amma sizinlə təxminən iki ay bundan əvvəl eyni məsələ haqda söhbət edərkən mən bu versiyanı irəli sürsəm də, siz mənimlə razılaşmadınız. Dediniz ki, Lixtenşteyn millisi ilə də oyuna xeyli azarkeş gəlmişdi. Bu o deməkdir ki, azərbaycanlı fanatlar Lixtenşteynin hansısa futbolçusunu izləməyə gəliblər?..
- Mənə də elə bu qaranlıq qalır. Necə olur ki, klublar avrokuboklarda oynayanda, millinin matçları zamanı xalq futbolu sevir, amma klublar oynayanda yox? Mən bildiyim qədər Bakıda 3,5 milyon insan yaşayır. Bu isə o deməkdir ki, insanların yüzdə biri stadiona gəlsə (35 min), o zaman arenada boş yer qalmaz. Hətta min də biri gəlsə, bu edər 3500 insan. Amma heç mində biri də gəlmir axı.
- O zaman problemin həllini nədə görürsünüz?
- Hər şey infrastrukturdan başlayır. Klubların texniki bazası yaxşılaşdırılmalıdır. Buraya gələn əcnəbi futbolçunu ilk olaraq baza, klubun şəraiti maraqlandırır. Düzdür, maddi məsələlər də az önəm kəsb etmir. Amma elə futbolçular var ki, onun üçün məşq edəcəyi və oynayacağı stadion puldan daha önəmlidir. Klubların infrastrukturu yaxşılaşdırılmalıdır, daha səviyyəli legionerlər gətirilməlidir, eyni zamanda gənc yerli oyunçular da yetişdirilməlidir. O zaman azarkeş də stadiona gələcək. 20 il əvvəl Türkiyədə də belə idi. Biz oynamağa nə normal meydança tapırdıq, nə də baxıb, nəsə öyrənmək üçün səviyyəli əcnəbi futbolçu. Amma zamanla hər şey düzəldi. Azərbaycanda da istedadlı gənc uşaqların sayı kifayət qədərdir. Sadəcə olaraq, onların üzərində işləməklə daha səviyyəli futbolçu kimi yetişmələrini təşkil etmək lazımdır.
- Bir neçə gün əvvəl Türkiyə milli komandasının yeni baş məşqçisinin adı məlum oldu. Amma Qus Hiddinkin təyinatı heç də birmənalı qarşılanmadı. Əfsanəvi güləşçi, hazırda millət vəkili olan Həmzə Yerlikaya hətta buna kəskin etirazını bildirirək “bizim Ərtuğrul Sağlam, Bülənt Uyqun və Bülənt Qorxmaz kimi gənc və bacarıqlı məşqçilərimiz qala-qala millinin əcnəbiyə tapşırılmasını düzgün saymıram” deyib.
- Mən bu açıqlamaya münasibət bildirmək istəməzdim. Futbolda əcnəbi anlayışını ümumiyyətlə, qəbul etmirəm. Əgər kimlərsə sənin gətridiyin futbolçu və ya məşqçidən baxıb, nəsə öyrənəcəksə, o zaman niyə bunun əleyhinə olasan?
- Konkret olaraq, sizə Türkiyə milli komandasının baş məşqçi postu təklif olunsaydı, nə cavab verərdiniz?
- Qış fasiləsində Superliqa, eləcə də Bank Asiya Liqində yarışan bəzi klublardan təklif aldım. Amma bu haqda heç düşünmədim də. Çünki mənim “Bakı” klubu ilə mövsümün sonuna qədər sözləşməm var. Mən hər zaman istəmişəm ki, çalışdığım klubda qarşıma qoyduğum hədəfləri yerinə yetirim. Mövsümün sonuna qədər də heç yana getmək fikrim yoxdur.
- Özünüz də dediniz ki, mövsümün sonunda “Bakı” klubunun rəhbərliyi ilə oturub, danışacaqsınız. Klubdakı fəaliyyətinizi davam etdirmək üçün sizə nə lazımdır?
- İndi bu suala dəqiq cavab vermək düzgün deyil. Çünki gördüyümüz işləri oturub müzakirə etməli və yekunda qərar çıxarmalıyıq.
- Məşqçinin işi onun nəticəsiylə ölçülür.
- Mən bu fikirlə razı deyiləm. Düzdür, futbolda nəticə çox önəmlidir. Amma yalnız nəticəni düşünərək, qərar qəbul etmək səhv addımdır. Mən bugünkü gündə “Bakı” klubunun aşağı yaş qruplarını yaxından izləyirəm. Azərbaycan futboluna uzun illər yüksək səviyyədə xidmət edəcək futbolçular yetişdirmək istəyirəm. Mən demirəm ki, nəticə önəmli deyil. Amma əsas odur ki, uzun müddətli plan qurub, buna əsasən qarşına qoyduğun nəticəni qazanasan. Mən işimi planlı şəkildə qurmuşam. Buna uyğun da çalışırıq. Məqsədim də bir neçə il ərzində “Bakı”nın avroliqanın qrup mərhələsinə yüksəltməkdir.
- Artıq neçənci dəfədir ki, avroliqanın qrup mərhələsi deyirsiniz. Nəyə görə Çempionlar Liqasının qrup mərhələsi olmasın?
- Çox düzgün sualdır. Amma hər şeyə real yanaşmaq lazımdır. Çempionlar Liqasının qrupuna yüksəlmək üçün komandanın maddi texniki bazası, şəraiti daha yüsək səviyyədə olmalıdır.
- Amma maddi baxımdan heç də “Bakı”dan güclü olmayan “BATE” Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi.
- Düzdür, “Bakı” da bunu bacara bilər. Amma bir qədər bəxt də olmalıdır. Mən keçən dəfə demişdim, bu dəfə də təkrar edirəm. Ötən yaydakı püşkü “Bakı” üçün kim çəkibsə, onun əllərindən öpürəm. “Levski”ni keçdikdən sonra heç də güclü olmayan Macarıstan çempionu “Debretsen”i də mübarizədən kənarlaşdırdıqdan sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək olardı. Əgər bu cür püşk yenidən bizə qismət olsa, o zaman “Bakı” da Çempionlar liqasının qrup mərhələsində oynaya bilər. 

Daha çox


Son xəbərlər