Tarix, örnək, diktə və böyük ağa

Tarix, örnək, diktə və böyük ağa
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2012 / 13:21 9194
-  A +

Bu dəfə yenidən “Neftçi”dən yazacağam. Avroliqadakı tarixin qələbənin sevinci yaşayırıq. Amma artıq ayılmaq və daha da irəli baxmaq lazımdır. “Neftçi” Azərbaycan futbolunda bir tarix yazdı. Hansı ki, “Qarabağ” iki dəfə həmin tarixi yazmağa çalışmış, amma son nöqtəni qoya bilməmişdi. “Neftçi” qoydu, amma nöqtə yox, vergül. Çünki klubun prezidenti Sadıq Sadıqov mətbuata açıqlamasında bildirib ki, qrup mərhələsinə düşməklə işlərini bitmiş saymırlar və daha böyük uğurlar üçün çalışacaqlar. Elə biz də komandadan bunu gözləyirik.

Düzdür, düşdüyümüz qrup çox güclüdür. Ancaq mən düşünürəm ki, artıq içimizdəki o Avropa xofu götürülüb. Biz buna ilk dəfə 2009-da “Qarabağ” “Rusenborq”u məğlub edəndə şahid olduq. Ağdam klubu sübut etmişdi ki, hətta adlı-sanlı klubları da məğlub edə bilərik. “Neftçi” bunu bir daha sübut etdi. Gəlin, bir anlıq düşünək. Çempionlar Liqasının 1/4 finalına çıxmış bir komandanı məğlub edən “Neftçi” həmin mərhələnin dadını yaşamamış “Partizan” və “Rubin”ə layiqli müqavimət göstərə bilməz? Bəli, “İnter” qrupun şəksiz favoritidir. Ancaq “Neftçi”nin bu komandanı Bakıya gətirməsinin özü artıq bizim üçün qələbədir. Bəs, bu qələbə bizə daha nələr verəcək və verə bilər?

Qələbənin tarixi olduğunu qeyd etdim. Çünki Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Ancaq bununla kifayətlənmək olmaz. Nəzərə alaq ki, bizdən öncə moldovanlar, belaruslar bu sevinci yaşayıblar. Deməli, Azərbaycan futbolunun Moldova və Belarusdan daha da güclü olduğunu sübut etmək üçün uğurlarımızın diametrini genişləndirməliyik.

“Neftçi” sadəcə, tarix yazmadı, örnək tarix yazdı. Məsələnin örnək tərəfi nədir? “Rəvan”ın sabiq baş məşqçisi Cavad Gülərlə “Neftçi”nin APOEL-lə Bakıdakı matçından bir gün öncə görüşərkən Azərbaycan çempionunun şansları haqqında da soruşmuşdum. Gülər həmin vaxt gözəl bir söz demişdi: “Neftçi”nin qrupa düşməsi Azərbaycan futbolundakı rəqabəti artıracaq. Rəqabət isə inkişafa aparan əsas yoldu”. Bəs, rəqabət nə ola bilər? Məsələn, artıq “Xəzər Lənkəran”, “Bakı”, “İnter”, “Qarabağ”, “Qəbələ” kimi iddialı klublar çempionatdakı əsas rəqiblərinin bu uğurundan sonra öz fəaliyyətlərini daha da gücləndirəcəklər, büdcələrini daha da artıracaqlar. Düzdür, bu gün “Neftçi”nin daxili arenadakı rəqibləri bu uğur münasibətilə paytaxt klubunu təbrik etdilər. Ancaq mən əminəm ki, həmin klubların prezidentlərinin, rəhbərliyinin, futbolçularının, azarkeşlərinin içindəki rəqabət hissi birə-beş alovlanıb. Necə deyərlər, “xeyir ola, “Neftçi” qrupa düşə bilir, biz yox?”. Bax bu cür rəqabətin yaranması birbaşa Azərbaycan futbolunun, milli komandanın inkişafına təkan verəcək. Artıq “Neftçi”nin futbolçuları Avropa qrafiki ilə oynayacaq, əsl Avropa futbolunun ab-havasını yaşayacaq. Artıq azərbaycanlı futbolçu da üç gündən bir oyuna çıxmağın məsuliyyətini, gücünü anlayacaq. Berti Foqts da milli komandaya futbolçu çağıranda hardasa arxayın olacaq ki, əlinin altında 4-5 futbolçu var ki, mütəmadi olaraq Avropa səviyyəsində oyun praktikasına malikdilər.

Keçirəm məsələnin diktə tərəfinə. Dəqiq yadımda deyil, ya 2008, ya da 2009-cu il idi. Hələ onda “Çempion” qəzetində işləyirdim. Bir gün xəbər yayıldı ki, bizim “İnter” İtaliyanın məşhur “Milan” klubunu Bakıya gətirmək istəyir. Bu, həm də reklam xarakteri daşıyırdı. Ancaq sonradan məlum oldu ki, italiyanların ölkəmizə gəlişi baş tutmayacaq. Çünki onlar bunun üçün “İnter”dən 2 milyon dollar pul tələb etmişdilər. Bakı “İnter”i bu məbləğin maksimum yarısını ödəyə biləcəyini demişdi. Bununla da “Milan” söhbəti” bağlandı. Həmin söhbətdən sonra “Milan”ı Bakıya gətirməyin havayı yolu” başlıqlı yazı yazmışdım və orada bildirmişdim ki, nəinki “Milan”ı, Avropanın istənilən klubunu Azərbaycana pulsuz gətirməyin tək yolu var: qrup mərhələsinə düşmək. Yəni, sən sözün əsl mənasında peşəkar klub ol, düzgün, məqsədyönlü iş qur, seçmə mərhələlərdə layiqli çıxış elə, qrup mərhələsində həmin “Milan”a rəqib ol, sonra baxın, o pulsuz Bakıya gəlir ya, yox. Sən artıq ona xahiş yox, diktə edəcəksən. Necə ki, bu gün “Neftçi” həmin diqtəni dünya şöhrətli “İnter”ə edir. Bu klubun idman direktoru Luiş Fiqu artıq indidən uzaq yoldan şikayətlənir. Amma məcbursunuz cənab Fiqu, siz, bu oyunu oynamaq üçün Azərbaycana gəlməyə məcbursunuz. “Neftçi”nin diqtəsi sizi, buna məcbur edir. Bəlkə də “İnter”in çıxış edən ulduz futbolçular heç Azərbaycanın harada yerləşdiyini də bilmir. Ancaq onlar da bu uzaq yolu qət edib bura gəlməlidir və gələcək. Artıq diqtə etmək növbəsi “Neftçi”nindir. Təkcə “İnter”ə, “Partizan”a, “Rubin”ə yox, elə yerli telekanallara da. Hansı ki, bu cür tarixi oyunu yayınlamamaqla Azərbaycan azarkeşinə, futboluna çox böyük hörmətsizlik etdilər. İndi artıq heç kim sizin ayağınıza gəlməyəcək, siz, özünüz kimlərinsə ayağına gedib xahiş edəcəksiniz. Çünki bu, artıq Avropa Liqasının qrupudur, bu, “İnter”di, “Rubin”di, “Partizan”dı. Çünki ortada böyük pullar var və onu qazanmaq üçün az qala bir-birinin ətini didəcəklər. Çünki Bakıya dünya şöhrətli “İnter” gəlir və bu oyuna reklam yerləşdirmək istəyən şirkətlər indidən sıraya düzülməyə başlayıb.

Sonda bir neçə kəlmə də “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev haqqında da demək istəyirəm. Bəzilərinin “Zəif” ləqəbi verdiyi Hacıyev özünü sübut etdi. Səmimi etiraf edək ki, onu “Neftçi”nin başına gətirəndə heç kim inanmazdı ki, Hacıyev bu uğurları qazanacaq. Ancaq o, qazandı. Hər sözü, hər kəlməsi ilə gündəm yaradan, bəzi məşqçilərimiz kimi şablon danışmayan, verdiyi sözün məsuliyyətini anlayan, onun arxasında duran Böyükağa Hacıyev. Məncə, artıq ona Böyükağa yox, böyük ağa demək olar. Bəziləri deyirdi ki, orada Böyükağalıq heç nə yoxdur, bütün məşqi Tərlan Əhmədov keçir, komandanı o hazırlayır... Əhmədova böyük hörmətim var, gələcəyin güclü məşqçisi olacağına da inanıram. Amma Hacıyev ağır dönəm keçirdi, ağır əməliyyata məruz qaldı. Bu zaman komandanı məhz Əhmədov idarə etdi və “Neftçi” “Hapoel”dən ağır məğlubiyyət aldı. Ancaq Hacıyev xəstəliklə mübarizə apara-apara qayıtdı və sübut etdi ki, o, quru nəfəsi ilə də istənilən rəqibi məğlub etməyə qadirdi. Verdiyi bütün sözü də tutdu. Demişdi ki, Nikosiyada hücum futbolu oynayacağıq, oynadı. Kiprli jurnalistə dedi ki, sabah 20 min yunan oyunun sonunda “Neftçi”yə əl çalacaq, sözünə əməl elədi. Bütün məsuliyyəti üzərinə götürüb Mitreskini geri qaytardı və bu qərarında da haqlı olduğu ortaya çıxdı.

Anar XANLAROV

P.S. Sadıq Sadıqovun əməyini unutmaq fikrim yoxdur. Əgər bugünkü uğurların rejissoru Hacıyevdisə, onun istifadə etdiyi ssenarinin müəllifi də Sadıqovdu.

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər