Belə olmaz, ser Toni!

Belə olmaz, ser Toni!
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2011 / 15:40 6583
-  A +

Dünən Premyer Liqada VIII turun oyunları keçirildi. Bildiyiniz kimi, millimizin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya və Türkiyə millilərinə qarşı oyunları səbəbindən Peşəkar Futbol Liqası (PFL) bu turun bütün oyunlarını cümə gününə təyin etmişdi. Tur isə bir çox maraqlı məqamları ilə yadda qaldı. “Xəzər Lənkəran” cari mövsümdə ilk məğlubiyyətini aldı. “Qəbələ” isə ardıcıl olaraq üçüncü dəfə meydançanı məğlubiyyətlə tərk etdi. Əvəzində “Rəvan” ard-arda ikinci matçını da qələbə ilə başa vurdu. AZAL və “Kəpəz”in uğursuzluğu da davam etməkdədir. Turun ümumi mənzərəsi isə bu cürdür:


“Qəbələ”- “Rəvan”

Bu oyunun nəticəsi çoxları üçün gözlənilməz oldu. Çünki heç kim “Qəbələ”nin evdə “Rəvan”a uduzacağını gözləmirdi. Baxmayaraq ki, qəbələlilər daha öncəki iki turu məğlubiyyətlə başa vurmuşdular. Ancaq nəzərə alaq ki, Toni Adamsın komandası həmin oyunları səfərdə “Neftçi” və “Xəzər Lənkəran”a qarşı keçirmişdi. Lakin gümanlar özünü doğrultmadı və Qəbələ təmsilçisi ard-arda üçüncü dəfə meydançanı məğlubiyyətlə tərk etdi. Özü də cari mövsümdə ilk dəfə bir oyunda qapısından 3 top buraxdı. Rəqibin 10 nəfərlə qalması da məğlubiyyətdən qurtulmağa kömək etmədi. Bu məğlubiyyətlə turnir cədvəlindəki mövqeyini daha da pisləşdirən “Qəbələ”nin işi çox çətin olacaq. Necə deyərlər, belə olmaz ser Toni. “Qəbələ” rəhbərliyi 2 il sizə şans verdi. Artıq bəhanəyə yer yoxdur, nəticə vermək lazımdır. “Rəvan”a gəlincə, paytaxt klubu Vladislav Qədirovun rəhbərliyi altında ikinci qələbəsini qazanaraq, turnir cədvəlində də xeyli irəlilədi. Maraqlıdır ki, “Rəvan” hər iki qələbəsini səfərdə qazanıb.

“Kəpəz”- “Sumqayıt Şəhər”

Bu oyunun da nəticəsi çoxları üçün gözlənilməz oldu. Çünki çempionatın aşkar autsayderinin Gəncə səfərindən xalla dönəcəyinə çox az adam inanardı. Ancaq sumqayıtlılar süpriz etməyi bacardılar. Özü də onlar hesabda öndə idilər və “Kəpəz” yalnız Ceyhun Sultanovun sayəsində məğlubiyyətdən qaça bildi. Yəqin ki, gəncəlilər itirilən 2 xal üçün çox təəssüflənəcəklər. Bu arada, deyəsən keçən mövsümkü ssenari təkrarlanmaq üzrədir. Xatırlayırsınızsa, 2010-11 mövsümünün startında Fuad İsmayılovun rəhbərlik etdiyi və o vaxt “Gəncə” adlanan klub da yaxşı nəticələr qazandı. Lakin sonradan uğurlu çıxışını davam etdirə bilmədi. Bu mövsüm də ilk turları yaxşı keçirərək hətta 3-cü pilləyə yüksələn Gəncə təmsilçisi ardıcıl 3 oyundur qələbə qazana bilməyincə, mövqeyini də itirmiş oldu.

“Bakı”- AZAL

Bir kəlmə ilə, baxımsız, mənasız və darıxdırıcı oyun. Əgər kimdəsə futbola nifrət oyatmaq istəsəniz, çəkinmədən bu oyunun kasetini ona verə bilərsiniz. Boş tribunalar önündə oynanılan qarşılaşma elə özünə yaraşan hesabla da başa çatdı-0:0. Bu nəticə isə heç bir komandaya sərf etmədi. Xüsusilə də Aleksandr Starkovun rəhbərlik etdiyi “Bakı” çempionluq yolunda çox vacib 2 xal itirdi. Onsuz bu gedişlə “zolaqlılar”ın çempionluq bir yana, heç ilk “üçlüy”ə də düşəcəyi də güman olunmur.

“Qarabağ”- “Turan”

“Qarabağ”ın bəxtinin gətirdiyini demək olar. Ona görə yox ki, bu amilin ağdamlıların “Turan” üzərindəki qələbəsində hansısa rolu var. Xeyr, Ağdam klubu rəqibindən üstün oynadı və ədalətli qələbə qazandı. Sadəcə, bəxt amili onda oldu ki, hazırkı vəziyyətdə Qurban Qurbanovun komandasının rəqibi ağır günlərini yaşayan, maliyyə məngənəsində sıxılan, hətta oyun öncəsi normal məşq keçməyən “Turan” idi. Əgər rəqib çempionluğa iddialı hansısa komanda olsaydı, o zaman Rauf Əliyev, Əfran İsmaylov, Georgi Adamiya kimi aparıcı futbolçuların yoxluğunda “Qarabağ”ın işi çox çətin olacaqdı. Lakin Qurbanov sübut etdi ki, hətta ən çətin durumda belə onun komandası “Turan” kimi komandanı məğlub etməyə qadirdi. Bu oyunda diqqət çəkən məqam isə Qurbanovun öz bacısı oğlu Tural İsgəndərovu start heyətində meydana buraxması oldu.

“Simurq”- “Neftçi”

Bu oyunda son turlar uğurlu qrafik cızan və ard-arda qələbələri sıralayan iki klub üz-üzə gəlirdi. “Simurq” az qala “Neftçi”ni də büdrədəcəkdi. Belə ki, zaqatalalılar erkən qol buraxmalarına baxmayaraq, sona 4 dəqiqə qalmış bərabərlik qolunu vura bildilər. Lakin hakimin əsas vaxtda əlavə etdiyi dəqiqədə buraxdıqları qol hər şeyin üstündən xətt çəkdi. Qolu vuran futbolçu isə bir vaxtlar Arif Əsədovun komandadan uzaqlaşdırdığı, Böyükağa Hacıyevin isə yenidən geri qaytardığı Fərid Quliyev oldu. Ancaq onu da deyək ki, Zaqatala klubu bu qola ciddi narazılıq bildirdi və onların fikrincə qol vurulmamışdan əvvəlki epizodda autu “Neftçi” yox, “Simurq” atmalı idi. Hər halda, yəqin ki, məsələyə AFFA-da baxılacaq ancaq hakimin səhvü sübuta yetrilsə belə, bu “Simurq”un gedən xalını geri qaytarmayacaq. Beləliklə, aktivinə növbəti 3 xalı yazan “Neftçi” itirilmiş xalları da hesablasaq, lider “Xəzər Lənkəran”la arasındakı fərqi minimuma endirdi. Qeyd edək ki, Flavinyo zədəli olduğu üçün Zaqatalada komandasına kömək edə bilməyib.

“İnter”- “Xəzər Lənkəran”

Bəli, məhz bu oyundan sonra cari mövsüm çempionatda məğlubiyyətsiz komanda qalmadı. Georgi Lomaya “Xəzər Lənkəran”a ilk “dur” deyən komanda biz olacağıq” dedi və sözünün üstündə durdu. Prinsipcə, oyun öncəsi lənkəranlılara üstünlük verənlər dah çox idi. Çünki “İnter” ötən mövsüm ilə müqayisədə bir qədər zəifləyib. Üstəlik, son iki turu da qələbəsiz başa vurmuşdu. Ancaq görünür, Kaxaber Sxadadze komandanı liderə qarşı kökləyə bilib. Oyunda vurulan yeganə qolun müəllifi Nizami Hacıyev isə bir vaxtlar “Xəzər Lənkəran”ın da formasını geyinib. Bu qələbə ilə “İnter” həm turnir cədvəlindəki mövqeyini yaxşılaşdırdı, həm də liderin daha da uzaqlaşmasına imkan verməyərək, çempionatdakı intriqanı daha da qızışdırdı.

Anar Xanlarov,
Qol.Az saytı üçün

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər