"Azərbaycan Olimpiya Oyunlarını keçirməyə qadir olduğunu sübut etdi"

"Azərbaycan Olimpiya Oyunlarını keçirməyə qadir olduğunu sübut etdi"
BAKI-2015 1 İyul 2015 / 16:24 3388
-  A +

Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı. Yekunda Azərbaycan 56 medalla ikinci yerin sahibi oldu. Bu, böyük uğurdur. Biz də həmvətənlərimiz arasında sorğu keçirib, Bakının ev sahibliyi etdiyi bu möhtəşəm idman tədbirinin onlarda yaratdığı təəssürat, təmsilçilərimizin çıxışları, Avropa oyunlarının bizim beynəlxalq aləmdəki statusumuza təsiri haqda fikirlərini öyrəndik.

Nazim Hüseynov, Olimpiya çempionu: “İlk Avropa Oyunları möhtəşəm başladığı kimi, elə də başa çatdı. 21 qızıl medal qazanmaq çox böyük nailiyyətdir. Düzü, cüdoçularımızın çıxışları məni qane etmədi. Amma ümumilikdə həm olimpiyaçılarımız, həm də paralimpiyaçılarımız yarışlarda uğurla çıxış etdilər. Xüsusilə, İlham Zəkiyevin çıxışı mənim üçün çox yaddaqalan oldu. Azərbaycan bu möhtəşəm idman bayramına uğurla ev sahibliyi etməklə hətta Olimpiya Oyunlarını keçirməyə qadir olduğunu sübut etdi’’.

“Xalq qəzeti”nin əməkdaşı Əfsanə Bayramqızı :’’İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi bir vətəndaş olaraq məndə böyük sevinc və qürur hissi oyatdı. İnanın ki, bu günlərin qurtarmasını heç istəməzdim. Bu cür möhtəşəm bir idman tədbirini işıqlandırmaq mənə də qismət olduğuna görə özümü çox xoşbəxt sayıram. İdmançılarımızın çıxışları da  məni çox sevindirdi. Yarışları həm canlı olaraq, həm də efir vasitəsilə izləyirdim. “Kristal zal”da taekvando yarışlarını canlı izləmişəm. Çempionumuz Ayxan Tağızadənin qələbəsi məni çox sevindirdi. Onun çıxışlarını böyük həyəcanla izləyirdim və idmançımıza qızıl medal təqdim olunan sevincdən göz yaşlarıma hakim ola bilmədim. İlk Avropa Oyunları nəinki, Azərbaycana, bütün Avropa idmanına töhfə verdi. Deyərdim ki, bununla Avropa idmanında yeni bir mərhələ başlandı”.

Vaqif Məmmədov, “Azərbaijan Engineering Services”in direktoru: “Mən deyərdim ki, ilk Avropa Oyunları bir bayramdır və 17 gün əsl bayram əhval-ruhiyyəsi ilə davam etdi. Heç kim təsəvvür edə bilməzdi ki, Azərbaycan Avropa Oyunlarına bu cür möhtəşəm ev sahibliyi edəcək. İdmançılarımızın çıxışlarını mütamədi olaraq izləyirdim. Güləşçilərimizə arenadan dəstək olurdum. Xüsusilə, Toğrul Əsgərovun parlaq qələbəsi mənə böyük sevinc hissi bəxş etdi. Digər idmançılarımızın da çıxışları qaneedici idi. Əlbəttə ki, bu da cənab prezidentin idmana göstərdiyi diqqətin nəticəsidir. Əminəm ki, bu cür diqqət və qayğı ilə biz həmişə idmanda öz sözümüzü deyəcəyik.”

Mətin Bayramov, aptek müdiri: “ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi heç də təsadüfi qərar olmayıb.Ölkəmiz uğurlu ev sahibliyi ilə bunu sübut etdi.Həm təşkilatçılıq, həm də idmançılarımızın çıxışları yüksək səviyyədə baş tutdu. Ümumkomanda hesabında yalnız Rusiya kimi çox qüdrətli bir idman ölkəsindən geri qaldıq. Bu, çox böyük nailiyyətdir. İdmançılarımızın çıxışlarını da izləyirdim. Uğurlu çıxışlarına görə onlara öz təşəkkürümü bildirirəm. Amma paralimpiyaçı cüdoçumuz İlham Zəkiyevin qələbəsini xüsusi qeyd etmək istəyirəm. O, çempion olması ilə bir daha paralimpiyaçı tatami ustaları arasında öz çəki dərəcəsində dünyada və Avropada ən güclü olduğunu sübut etdi’’.

Süleyman Məmmədov, Türkiyə vətəndaşı:  “Bugünlərdə böyük sevinc hissi içindəyəm. Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə ona göstərilən etimadı doğrultdu. Çox istərdim ki, Bakıya gəlib idmançılarımızın çıxışlarını arenalardan izləyim, onlara mənəvi dəstək olum. Əfsuslar olsun ki, alınmadı. Buna baxmayaraq təmsilçilərimizin çıxışlarından xəbərdar olurdum.Sağolsunlar, idmançılarımız da bizi məyus etmədilər. Xarici ölkə nümayəndələri, qonaq idmançılar, ilk Avropa Oyunlarına izləməyə gələn turistlər bizim nəinki, idmanımızın inkişafı ilə eyni zamanda qədim tariximizlə, tarixi abidələrimizlə, maraqlı adət-ənənələrimizlə tanış oldular. Zənnimcə, Avropa Oyunlarına ev sahibliyi etməyin bizim üçün ən mühüm faydalarından biri elə bu oldu.Növbəti illərdə keçiriləcək məsuliyyətli yarışlarda Azərbaycana yeni-yeni uğurlar arzulayıram’’.

Eldar Əliyev, Dövlət İqtisad Universitetin tələbəsi :’’Bakı-2015” I Avropa Oyunları ilə Azərbaycanın idman ölkəsi olması fikri bir daha təsdiqləndi. Əlbəttə ki, bir vətəndaş kimi idmançılarımıza dəstək olmaq üçün yarışları canlı izləyirdim. Rafael Ağayev, Mariya Stadnik, Teymur Məmmədov kimi idmançılarımızın uğurlu çıxışları məni çox sevindirirdi. İdmançılarımız hər dəfə bayrağımızı dalğalandıranda qürur hissi ilə onları alqışlayırdım. Onu da deyim ki, bütün dünya Avropa Oyunlarına böyük maraq göstərirdi. Bunun bariz nümunəsidir ki, Çin, Yaponiya, İndoneziya kimi Asiya ölkələrindən də turistlər ölkəmizə təşrif buyurmuşdular. İnanıram ki, Azərbaycan 2017-ci ildə keçiriləcek İslam Həmrəyliyi Oyunlarına da bu cür yüksək səviyyədə ev sahibliyi edəcək”.

Kənan NOVRUZOV

Daha çox


Son xəbərlər