"Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloturuna hazırlıq işləri tam başa çatıb. Mayın 6-10-da keçiriləcək 5 günlük yarışda iştirakçılar ümumilikdə 867 km məsafə qət edəcəklər".
Qol.Az-ın məlumatına görə, bu sözləri yarışla bağlı təşkil edilmiş mətbuat konfransında veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.
Federasiya rəsmisinin sözlərinə görə, "Tour d’Azerbaïdjan-2015"də 25 komanda mübarizə aparacaq. Azərbaycanı nüfuzlu yürüşdə təmsil edəcək "Synergy Baku Cycling Project" kontinental komandasının rəqibləri içərisində 4 pro-kontinental, 15 kontinental və 4 milli komanda var. Bunlar Avstraliyanın "Drapac Professional Cycling", İtaliyanın "Androni Giocattoli", Rusiyanın "RUSVELO", ABŞ-ın "Team Novonordisk" (hamısı Pro-Kontinental) və "Airgas Safeway Cycling Team", Sloveniyanın "Adria-Mobil", İrlandiyanın "An Post-Chain Reaction", Lüksemburqun "LEOPARD Development Team", Çin Xalq Respublikasının "Giant-Champion System", Rumıniyanın "Tusnad", Almaniyanın "MLP Team Bergstrasse", Slovakiyanın "Banska Bystrica", Türkiyənin "Torku", Laosun "CCN Cycling Team", Avstriyanın "Hrinkow Advarics", Hollandiyanın "Parkhotel Valkenburg", Çexiyanın "Dukla Praha", Belarusun "MINSK", İsrailin "Cycling Academy Team", Portuqaliyanın "Team Tavira" klubları (hamisi kontinental), həmçinin Macarıstan, Estoniya, Yunanıstan və Qazaxıstanın milli komandalarıdı.
Sahib Ələkbərov ölkəmizi "Tour d’Azerbaïdjan-2015"də təmsil edəcək "Synergy Baku" komandasının heyətini də açıqlayıb. Onun sözlərinə görə, nüfuzlu yarışda komandamız Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçlə təmsil olunacaq. Azərbaycan Turu öncəsi Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışında velosipedçilərimizin kifayət qədər uğurlu nəticə göstərdiyini deyən vitse-prezident onların yerli publikanı da sevindirmələri üçün əllərindən gələni edəcəklərinə əmin olduğunu söyləyib.
Ələkbərovun komandanın bu heyətlə çıxış etməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, heyəti məşqçilər müəyyənləşdirib: "Onlar hesab edirlər ki, məhz bu idmançılar yarış üçün tam hazırlıqlıdı. Biz komandamızda hər bir velosipedçiyə böyük ümid bəsləyirik. Müqerli çox güclü idmançıdır, yaxud Surutkoviç dağ mərhələsində yaxşı nəticə göstərir. Mərhələlərin liderinə gəlincə, hər gün üçün seçimi çalışdırıcılar edəcək".
Vitse-prezident yarış zamanı havanın da xoş olacağını deyib. Onun sözlərinə görə, bu azarkeşlərin turu izləməsi üçün hansısa çətinlik yaratmayacaq: "Ötən il hava bir az problem yaratmışdı. Bu xüsusilə Sumqayıt marşrutunda müşahidə olunmuşdu. Sinoptiklərin məlumatına görə, bu həftə çox gözəl hava olacaq və tempratur 18 dərəcə istilik təşkil edəcək".
Ötən illə müqayisədə bu il 4-cü və 5-ci mərhələrdə dəyişikliklər olacaq. Bu isə iyunun 12-28-də keçiriləcək ilk Avropa Oyunları ilə bağlıdı. Dünya idman ictimaiyyətinin diqqətini Oyunların avarçəkmə üzrə yarışının keçiriləcəyi Mingəçerivə cəlb etmək məqsədilə, 4-cü mərhələnin finişinin Mingəçevirə salınması qərara alınıb. Paytaxt küçələrində təşkil olunacaq 5-ci mərhələnin marşrutu isə Avropa Oyunları ilə eyni olacaq.
Ələkbərov bildirib ki, 4-cü mərhələnin dəyişməsi həmçinin Azərbaycanı bütün dünyaya tanıtmağa hesablanıb. Marşrutların keçəcəyi yollarda da bütün problemlər yoluna qoyulub. Federasiya rəsmisi hər mərhələdən öncə özü bunu bir daha yoxlayacağını qeyd edib: "Hər bir mərhələdən öncə marşurutboyu yollara birinci özüm baxmasam, rahat olmuram. Seçilən marşrutlarda problemli yol yoxdu. Hamısı yoxlanılıb. Yolların bağlanmasına gəlincə, çalışacağıq ki, bu, minimum olsun. Bütün ölkələrdə turlar zamanı bu hal yaşanır".
Vitse-prezident yarışda Azərbaycanı təmsil edəcək "Synergy Baku"nun uğurla çıxış edəcəyinə də əminliyini ifadə edib: "Komandamız bu il bir neçə turnirdə iştirak edib. Nəticələri bizi qane edir. Sloveniya və Asiya turlarında yaxşı nəticələr göstərdilər. Xüsusilə, Fransada keçirilən turda çox yaxşı çıxış etdilər. Ümid edirəm ki, ölkəmizdə də bu nailiyyətə imza atacaqlar".
Ələkbərov Azərbaycanda velosiped idmanının inkişafından da danışıb. Vitse-prezident bunun bariz nümunəsi kimi "Synergy Baku"da azərbaycanlı velosipedçilərin sayının artmasını göstərib: "Komandada əvvəl 16 velosipedçidən 2-si azərbaycanlı idisə, indi yerlilərin sayı 8-ə çatıb. Həmyerlilərimizin yetişməsinə üstünlük veririk. Onlar yetişib, əsas heyətdə çıxış edəndə ikinci komandanı da yarada bilərik".
Vitse-prezident növbəti illərdə turun marştutunun dəyişməsini də istisna etməyib: "Qarşımızda duran əsas məqsəd bölgələrimizi bir-bir gəzməkdi. Bizim cənub, şimal bölgələrimiz var. Amma hər şey yarış ərəfəsi dəqiqləşir".
Yarışın direktoru Albrext Röderin sözlərinə görə, iştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Şəki-Qəbələ (177 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da təşkil olunacaq sonuncu mərhələ (144 km) isə paytaxt küçələrində baş tutacaq.
Almaniyalı mütəxəssis yarışın yeni mövsümünün rekordla əlamətdar olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bu dəfə tura 3 yeni ölkə qatılacaq: "Komandalar tərkibi baxımından qarışıqdır. Bu səbəbdən də 25 komandada 36 ölkənin nümayəndəsi yarışacaq. Bu da bizim rekordumuzdu. Ötən illə müqayisədə 3 yeni ölkə əlavə olunub. İndoneziya, Meksika və Laos velosipedçiləri yarışda debüt edəcəklər. Ən çox idmançı ilə Hollandiya təmsil olunacaq. Onlar müxtəlif komandaların heyətində Azərbaycana 9 velosipedçi ilə gəliblər".
Röder "Tour d’Azerbaïdjan-2015"də favoritlərini də açıqlayıb. O, Azərbaycan klubunun da uğur qazanacağına inandığını deyib: "İtaliyanın "Androni Giocattoli", Hollandiyanın "Parkhotel Valkenburg" və bir neçə komanda liderlər sırasındadı. Əlbəttə, "Synergy Baku" da bu mübarizədən geri qalmayacaq. Ümid edirik ki, onlar yarışın və ya ən azı mərhələlərdən birinin qalibi olacaq. Marşrutun üzərində də çox yaxşı işləmişik, yeni bölgələr var. Biz yaxşı təşkil olunmuş və təhlükəsiz bir yarışın şahidi olacağıq. Hesab edirəm ki, yarışın davamında yeni bir mərhələ açılacaq. Bu dəfə təşkilati baxımdan, komandaların gücü və onun işiqlandırılması baxımından yeniliklər də var".
Yarışın direktoru da xüsusi qeyd edib ki, yollar və yol səthləri tam olaraq yoxlanılıb: "Düzdür, Qəbələdə bəzi enişlərdə problem vardı. Lakin artıq bütün çətinliklər aradan qaldırılıb. Dördüncü mərhələdə dəmiryolu ilə də kəsişmələr də olacaq. Orada asfalt döşənilib. Hər şey yüksək səviyyədə olacaq".
Qeyd edək ki, "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar. Yarışın son 3 mərhələsi planetin nüfuzlu idman kanalı "Eurosport"la canlı yayımlanacaq. İlk 2 mərhələnin yekunu isə kanal vasitəsilə 30 dəqiqəlik icmal şəklində tamaşaçılara təqdim ediləcək. "İdman Azərbaycan" kanalı isə turun bütün mərhələlərini canlı nümayiş etdirəcək.
Levandovski 150-yə çatdı
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu