"Bakı-2015" Hindistanda da yayımlanacaq
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək I Avropa Oyunlarının Hindistanda yayımlanması üçün NEO Sports şəbəkəsi ilə sazişə imza atıb.
Qol.Az-ın məlumatına görə, razılaşmaya əsasən yarış NEO Sports və NEO Prime kanalları vasitəsilə bütün ölkə üzrə yayımlanacaq.
Avropa Oyunları ilə bağlı gündəlik xəbərlər və yarışlardan ən maraqlı anların lentə alındığı video-materiallar maksimum sayda tamaşaçının televiziyanı seyr etdiyi vaxtda nümayiş etdiriləcək. Oyunlar kanallar və şəbəkənin veb-saytı vasitəsilə təbliğ olunacaq. Möhtəşəm açılış və bağlanış mərasimləri də canlı olaraq yayımlanacaq.
NEO Sports şəbəkəsi beynəlxalq idman yarışlarını, o cümlədən, Qadın Tennisçilər Assosiasiyası tərəfindən təşkil olunan yarışları, Fransa, “Davis Cup” və “Fed Cup” tennis turnirlərini, Almaniya Bundesliqasını, “PGA Tour” qolf turnirlərini və digərlərini yayımlamaq hüququna malikdi.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Hindistandakı idman azarkeşləri üçün I Avropa Oyunlarının yayımlamasını səbirsizliklə gözləyir: “Bu ölkə əhalisinin sayına görə dünyada ikinci yerdə durur və əsas idman ölkələrindəndi. Bağladığımız saziş sayəsində Avropa Oyunlarının brendi və Oyunlarla bağlı mesajımız daha uzaqlara gedib çatacaq”.
Bu müqavilənin bağlanması ilə Avropa Oyunları ABŞ, Çin və Ərəb dünyası da daxil olmaqla, dünyanın 55 ölkəsində yayımlanacaq.
NEO Sports kanalının icraçı vitse-prezidenti Mautik Tolianın sözlərinə görə, izləyiciləri dünyada keçirilən yüksək səviyyəli idman yarışlarına çox həvəslidilər: “Şübhə etmirəm ki, onlar bu yay Bakıda keçiriləcək yarışları izləməkdən zövq alacaqlar. Avropa Oyunları beynəlxalq idman təqvimində yeni hadisə olacaq və NEO Sports kanalı Oyunları Hindistanlı azarkeşlər üçün təqdim etməkdən qürur hissi duyur”.