"Bakı"nın qələbəsini sensasiya adlandıranları başa düşmürəm"

"Bakı"nın qələbəsini sensasiya adlandıranları başa düşmürəm"
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2014 / 16:01 3720
-  A +

"Bakı" klubunun yarımmüdafiəçisi Cəmşid Məhərrəmov Qol.Az saytına müsahibəsində sabiq komandasına qayıdışından, AZAL-a qalib gəldikləri oyundan (1:0) və növbəti turda "Neftçi" ilə keçiriləcək görüşdən danışıb.

- Məlum səbəblərdən futbolçuları "Bakı"nı tərk edən bir vaxtda sən sabiq komandana qayıtdın...

- "Bakı"ya qayıdışımın bir yox, bir neçə səbəbi var. İlk növbədə klub prezidenti Hafiz Məmmədova görə sabiq komandama döndüm. Bundan əvvəl "Bakı"da beş il çıxış etmişəm. Karyeramın ən yaxşı nəticələrini bu klubda qazanmışam. Yəni futbolda nə əldə etmişəmsə, bunda "Bakı"nın payı böyükdür. Ona görə də bunları unuda bilməzdim. Sevinirəm ki, yenidən "Bakı"dayam.

- "Bakı"da işlərin necədir?

- Ən əsası odur ki, bizdə çox gözəl kollektiv var. Hamı bir-biri ilə çox mehribandır. Komandada ən sadiq futbolçular qalıb. Həm yaxşı, həm də pis günümüzdə bir-birimizin yanında olacağıq.

- Komandanızın hansı üstün cəhətlərini qeyd edə bilərsən? Hansı ki, bunun sayəsində nəyəsə ümid etmək olar.

- "Bakı"nın futbolçuları özünə güvənir. Həm də indiki heyətdə olanlar keçmişini unutmur. Biz kollektiv oyun nümyiş etdiririk. Üstünlüyümüz əzmkarlığımızdadır. Fikir verin, komandamız heç nəyə baxmadan hər bir oyuna həvəslə çıxır və son dəqiqəyə qədər mübarizə aparır.

- Premyer Liqamızın son turunda səfərdə AZAL-a qalib gəldiniz. Bu görüş haqda fikirlərini bilmək istərdik.

- "Xəzər Lənkəra"a ağır məğlubiyyətdən sonra AZAL-la oyuna psixoloji cəhətdən hazır olmaq çox çətin idi. Buna baxmayaraq baş məşqçimiz İbrahim Uzunca bu işin öhdəsindən gəldi. O, futbolçuları oyuna yaxşı hazırlayır. AZAL-ın necə mübariz bir komanda olduğunu özünüz də bilirsiniz. Əvvəlcədən oyunun ağır olacağı bəlli idi. Deyərdim ki, AZAL-la qarşılaşma bizim üçün mövsümün ən çətin oyunudur. Matçın 76-cı dəqiqəsində bir nəfər azlıqda qaldıq. Ancaq sona qədər hesabı qoruduq və səfərdən üç xalla dönməyi bacardıq. Bunların hamısı kollektiv mübarizə aparmağın, əzmkarlığın sayəsində olur.

- "Bakı" hazırkı heyətlə hansı yer üçün mübarizə apara bilər?

- Əgər biz bu yolu gediriksə, heyətdən asılı olmayaraq nəticə qazanmağa çalışmalıyıq. İstəkdən çox şey asılıdır. Hansı komanda oyunda daha çox can yandırırsa, nəticəsi də olacaq. Şəxsən mən heyətimizə baxanda ümidlənirəm. Mənə pis təsir edən odur ki, bizim komandanın hansısa yaxşı nəticəsi kimlərəsə sensasiya kimi görünür. AZAL üzərində qələbədən sonra hansısa idan saytlarının birinidə "Şüvəlanda sensasiya" başlıqlı xəbər gördüm. mən başa düşmürəm ki, hansı futbolçumuza baxıb bunu yazırlar? "Bakı"da çıxış edənlərin digər komandaların futbolçularından nəyi əskikdir? Jaba kimi futbolçumuz var. O, Premyer Liqamızda çıxış edən heç bir futbolçudan geri qalmır. Eləcə də digər futolçularımızın hər biri istənilən komanda üzərində qələbəyə layiqdir. Bizim qələbəmizi sensasiya adlandıranları başa düşmürəm.

- "Bakı"nın düşdüyü çətin vəziyyətə görə elə yazırlar...

- Gəlin, açıq danışaq. Bu futbolçular komandanın ən yaxşı vaxtlarını da görüb və "Bakı"dan yaxşı pul qazanıblar. İndi bir qədər çətinlik yaranıb deyə oynamamalıyıq? Şükürlər olsun, pulumuzu da verirlər. İnanıram ki, getdikcə daha yaxşı olacaq.

- Növbəti turda sizi "Neftçi" ilə çətin oyun gözləyir.

- "Neftçi"nin son oyununu izləmişəm. Deyə bilərəm ki, həqiqətən də bizi çətin qarşılaşma gözləyir. Rəqibimiz qalib gəlməklə liderliyə yüksələ bilər. Biz isə sərfəli nəticə qazanıb, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmalıyıq. Hər bir oyunda olduğu kimi bu dəfə də meydana qələbə əzmi ilə çıxacağıq. Komandamızın oyununda inkişaf hiss olunur. İnanıram ki, zaman keçdikcə "Bakı" əvvəlki günlərinə qayıdacaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu