Asif Məmmədov: “Həmin səhvləri etməyəcəyik”

Asif Məmmədov: “Həmin səhvləri etməyəcəyik”
ÖLKƏ FUTBOLU 9 İyul 2014 / 17:02 2079
-  A +

“İnter” klubunun kapitanı Asif Məmmədovun Qol.Az saytına müsahibəsi

- Sabah Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Tiraspol”la qarşılaşacaqsınız.  Oyunöncəsi komandanın ümumi durumu necədir?

- Səfərdə 3:2 hesabı ilə qələbə qazandığımız üçün komandamızda yaxşı ab-hava var. İlk oyunda cütün taleyini həll edə bilərdik. Ancaq özümüzü çətinə saldıq. Çalışacağıq ki, sabahkı oyunda həmin səhvimizi düzəldək.  Özümüz yaratdığımız çətinlikdən özümüz çıxmalıyıq.

- Komandanız ilk oyunun son dəqiqlərində qapısından iki qol buraxmaqla böyük üstünlüyünü əldən verdi. Bunu rəqibin əzmkar oyunu adlandırmaq olar, yoxsa sizin arxayınlaşmağınız?

- Məncə, öz səhvlərimizdən qapımızda iki qol gördük. Hesabı 3:0 edəndəndən sonra düşündük ki, hər şey qurtardı. Ancaq bir daha əmin olduq ki, futbolu 90 dəqiqə oynamaq lazımdır.

- “İnter” həmişə sona qədər etibarlı oyunu ilə seçilib...

- Düzdür, bəlkə də tez bir zamanda üç qol vuracağımızı gözləmirdik. Ona görə də arxayınlaşdıq. Artıq özümüz üçün nəticə çıxarmışıq. Sabah həmin səvlərə yol verməyəcəyik. 

- Üçüncü qoldan sonra “İnter” hücumlara ara verdi. Rəqib də bundan istifadə etdi.

- Bəli, hesab 3:0 olanda top saxlamağa çalışdıq, irəli getmədik. Ancaq hücumlarımızı davam etdirsəydik, daha yaxşı olardı. Rəqib də nəticə ilə artıq barışmışdı. Biz onlara irəli gəlməyə imkan verdik və standart vəziyyətdən qapımızda iki qol gördük.

- Rəqib haqda hansı qənaətə gəlmisiniz? 

- Hamı gördü ki, “Tiraspol” sona qədər mübarizə aparan komandadır. Hesab 3:0 bizim xeyrimizə olanda da onlar ruhdan düşmürdü. Həmin əzmkarlığın sayəsində də növbəti mərhələyə yüksəlmək şanslarını artırdılar. Məncə, biz qolları tez vurmasaydıq, hesab tam fərqli olardı. “Tiraspol”un da xeyli qol imknaları oldu. Buna görə də sabah bizi ağır oyun gözləyir.

-  Vaqif Cavadovun gedişindən sonra kapitanlıq sarğısı sənə keçdi. Avroliqa oyunlarına komandanı kapitan kimi çıxarmaq üzərində əlavə təzyiq yaradır?

- Təbii ki, kapitanlıq hər bir futbolçuya əlavə stimul verir. Baş məşqçinin mənə etimad göstərməsi sevindiricidir. Ancaq bu, çox məsuliyyətli bir işdir. İstər-istəməz kapitanın üzərində əlavə təzyiq olur. Uzun illərdir “İnter”in şərəfini qoruyuram. Çalışacam ki, üzərimə düşən işin öhdəsindən layiqincə gəlim.  

- Komandanız növbəti mövsümə nə dərəcədə hazırdır?

- Avstriyada yaxşı hazırlıq keçdik. “Tiraspol”la cavab oyunundan sonra yəqin ki, baş məşqçimiz çatışmazlıq olan mövqelərə oyunçu dəvət edəcək. Ancaq bu heyətlə də çempionatda mübarizə aparmaq olar.

- Avroliqda necə?

- Təbii ki, Avropa oyunları üçün mümkün qədər ehtiyat qüvvəmizi artırmalıyıq. Hazırda stabil çıxış edən bir kollektivimiz var. Qeyd etdiyim kimi bu oyunlardan sonra gücümüzü daha yaxşı biləcəyik. Məncə, heyəti 90 faiz formalaşdırmışıq.

- “Tiraspol”la sabahkı oyunda “İnter”i neçə faiz şanslı hesab etmək olar?

- “Tiraspol”un ilk oyunun son dəqiqlərində bizə iki qol vurmağı onu göstərir ki, sabahkı görüşdə şanslar bərabərdir.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu