“Qarabağ”ın “Ayntraxt”la oyununda möcüzə olmadı. Stadiona bir çox pessimist azarkeşlər kimi mən də ayağımı sürüyərək və tərəddüdlə getdim. Bir gün əvvəl dostlara “ürəyimə damıb ki, uduzacaqlar, bəlkə getmədim” desəm də, sonradan televiziyada baxmaq, nə gizlədim, arıma gəldi. Bir də harda, hansı meydanda o qədər adamın “Qarabağ!” deməsini eşidəcəkdik ki...
***
Almaniya bundesliqasının ortabab komandası ilə “Qarabağ” burada güclü azarkeş dəstəyi ilə minimal qalibiyyət əldə edə bilərdi, ikinci hissədə heç-heçə mümkün görünürdü və haqqımız idi. Fəqət bir həftə sonra Frankfurtda bu klubun qarşısında duruş gətirmək, iki oyunun nəticəsinə görə Avroliqanın qrup mərhələsinə düşmək çətin olacaqdı. Bəlkə də ikiqat mümkünsüz olacaqdı indiki kimi...
Qəribə millətik, bir neçə il əvvələ kimi Almaniya milli çempionatının hansısa klubu ilə bir meydanda mübarizə aparacağımız bizə yuxu kimi gələrdi. İndi ən adlı-sanlı klublarla qarşılaşırıq, insaf üçün heç pis də oynamırıq, amma uduzuruq və üzülürük. Nahaq. Bizim o arzuladığımız uğurlar olacaq, mütləq olacaq. Sevindiyimizdən o stadionda kövrələcəyik də, amma indi üzülüb ağlamağımız üçün səbəb yox.
***
“Ayntraxt” “Qarabağ”dan bir dəfə güclü idi. Bu oyunçuların fiziki hazırlıqlarından, topla oynamaqdan, kombinasiyalar qurmaqdan açıq görünürdü. Biz “Qarabağ”ı çox sevirik, uğurlarını istəyirik, amma reallıq bu mübarizədə zəif olduğumuzu göstərdi. Almanlardan zəif! Stadiondan çıxanda tanımadığım bir nəfərlə yol yoldaşı oldum. Məyus idi və o da mənim kimi 2 qoldan dərhal sonra stadionu tərk etməyə üstünlük vermişdi. Amma özü üçün cəmi bir cümləlik təskinlik tapmışdı və yaxşı o sözü mənə də dedi: “Bunları “Bavariya” zorla uddu”. ”Bavariya” və zorla qələbə. Zorla heç nə olmur. Həmin gün stadiona gələn azarkeşlər “Qarabağ”dan həm də zorla qol istəyirdilər. Oyunun 20 dəqiqəsindən sonra bu qolun çox çətin olacağını bir stajlı azarkeş kimi özümə inandırdım. Çünki birinci hissədə qapıya tərəf heç əməlli bir zərbə belə vurulmadı.
***
Birinci hissənin fasiləsində “media sektoru”nda xeyli tanış sifətlərlə qarşılaşdıq və ayaqüstü rəylərimizi də bölüşdük. Tanınmış idman jurnalisti Anar Cəfərsoya “qaqa, Qurbana de, o gürcünü (Nikolos Gelaşvili) “polya”dan çıxarsın. Oynaya bilmir” dedim. Onun da bu replika deyəsən, xoşuna gəldi. O da qaradərili 16 nömrəni - Leroy Corcu “qaralamışımış” sən demə. “Onu da çıxarmaq lazımdır” deyib son və amansız qərarını verdi: “Səviyyə məsələsidir. Gördün, qolu necə vurdular” deyib, ehmalca ayağı ilə “qolu” “təkrar vurdu da”. İkinci hissəyə belə ümidsiz notlarla başladıq.
***
Qurban Qurbanov yaxşı məşqçidir və “Qarabağ”ın uğuru da, uğursuzluğu da onun adına bağlıdır. Hərdən adama gəlir ki, həmişə ayaq üstə gördüyümüz məşqçi əslində meydanda 12-ci oyunçudur.
Dostumuz, tribunada yanaşı olduğum ”525-ci qəzet”in redaktor müavini Yüsif Rzayev də oyun boyu çox ayaq üstə qaldı. Qurban kimi... Onun Qurban haqqında oyundan dərhal sonra yazdığı yazı çox təsirli və obyektiv idi. O səbəbdən də onun yazısında sitat vermək mütləq lazım: “Bu gün “Qarabağ” uduzdu. Çox yox, 5-10 gün qabaq qalib gəlmişdi. Amma o gün qələbəyə şərik çıxan bir çox azarkeş bu gün məğlubiyyəti birbaşa komandanın, onun baş məşqçisi Qurban Qurbanovun ayağına yazmağa çalışdı - “Biz qalib gəldik” nidasını “Komanda uduzdu” anti-nidası əvəz elədi. Mən “Media” sektoru deyilən yerdən izləyirdim oyunu - əksəriyyəti idman jurnalistləri idi. “0-1”dən sonra komandanı təftiş eləyənlər 0:2-dən sonra 5-10 gün əvvəl qəhrəman kimi gördükləri Qurban Qurbanova da dil atmağa başladılar – “Filankəsi niyə çıxartmir oyundan?” ittihamı ilə.
Oyun bitti. Uduzduq. Hamımız məyus olduq. Qurban Qurbanov yenə təmkinini pozmadı və jurnalistlər qarşısında real mənzərəni anlatdı öz düşüncəsiylə. Və bugünkü Qurban Qurbanovla 5-10 gün əvvəlki qalib Qurban Qurbanovu müqayisə eləsək, mən bugünkü Qurban Qurbanovu daha çox bəyəndim – ona görə ki, onun təsadüfi adam olmadığını gördüm, ona görə ki, onun hardan hara getdiyini çox yaxşı bildiyini və bu yolda ardıcıl olduğunu gördüm...
Qurban Qurbanov dedi ki, azarkeşləri sevindirmək üçün maksimum gücümüzü sərf etdik, ancaq təəssüf ki, bu gün uduzduq. Qurban Qurbanov dedi ki, heç vaxt belə məyus olmamışdı... Mənim üçün önəmlisi də budu.”
***
Qurbanın məşqçi kimi uğurlarının davamı mütləq olacaq. Foqts nəhayət ki, burda pul boxçasını bağlayıb gedir. İmkan versələr, milli komandada Qurban daha effektli işləyəcək və onun əməyini hamımız tezliklə görəcəyik. Amma indilikdə özü dediyi kimi “fikri Qarabağ”ın yanındadır...
***
İkinci hissə başlayanda məlum oldu ki, Qurban nə Anar Cəfərsoyun qaraladığı Leroy Corcu, nə mənim lap çoxdan oyununu bəyənmədiyim gürcünü əvəzləyib. Məşqçinin bizim bilmədiyimiz əvvəlcədən qurulmuş planları olub. Amma illərin təcrübəsinə görə deyirəm, komanda uduzursa, azarkeş birinci növbədə ““zamendə” kimi var?” fikirləşir. “Ayntraxt” la oyunda ikinci hissənin əvvəlindən gürcünün yerinə Uilrix Kapolonqo meydana çıxsaydı, oyun daha canlı olacaqdı. Onun iştirakı ilə “Ayntraxt”ın qapısına təxminən 2 dəqiqə davam edən pressinq möhtəşəm idi. Bir də zəif bir ümid vardı içimizdə. Alman maşının qırılması. “Ayntraxt” Almaniya millisi olmasa da, xarakter etibarilə alman klubudur. Qol olsaydı o dəqiqələrdə...Oturduğumuz sektorda “Ayntraxt”ın ehtiyat oyunçular və məşqçi heyəti ovcumuzun içi kimi görünürdü. Çox narahat idilər.
***
Həmin dəqiqələrdə qol gəlmədi. Gəldi əslində. Meydanda hamıdan ucaboy olan 14 nömrəli Aleksandr Meyer 2-ci topu qapımıza vurdu. Alman məşqçilər necə sevinirdilər...Oyun orada da bitdi məncə. Avroliqanin qrup mərhələsinə olan ümidimiz də. Bura qədər...Burdan o tərəfə milli çempionat, sonra yenə Avropa liqaları turnirləri...Beləcə Azərbaycan futbolu irəliləyəcək, əlbəttə məğlubiyyət ala-ala, alın təri ilə.
***
“Qarabağ”ın “Aynrtaxt”la oyununda daha bir yenilik qabarıq göründü. “Media sektoru”nda xeyli jurnalist xanım toplaşmışdı. Azərbaycan qadınlarının futbola baxmaq üçün meydana getməsi yenilik deyil, amma bu artıq bir xobbiyə çevrilirsə, kişilər, ayıq olun! Onlar şəkil çəkdirir, stadiona xüsusi ab-hava verirlər və azarkeşlikdə bizdən geri qalmırlar. Şəxsən mən 2 dəfə ən həyəcanlı dəqiqələrdə əlimi ağzıma tutdum ki, birdən nəsə lazımsız söz deyərəm. Xoşum gəldi o atmosferdən. Media yenə nümunə idi. Siqaret çəkənlər olsa da, tum çırtlayan görmədim. Heç nəsə bir pis söz deyən də eşitmədik.
***
Alman azarkeşlərə isə heyrət etmək olardı. 30 mindən çox azarkeşin əhatəsində susmadılar. Böyük ölçüdə bayraqları ilə onlar da klubları kimi peşəkar idilər. Xor oxuyurdular. Bu da oyuna bir yaraşıq verirdi. Oyundan sonra yəqin ki, babat yeyib-içiblər də.
***
Avqustun 29-da Almaniyada baş tutacaq təkrar oyuna isə artıq biletlər bitmək üzrədir. Qarşılaşma üçün 44 min bilet satılıb.
Qeyd edək ki, matçın baş tutacağı “Kommersbank” stadionu 51.500 insan tutumuna malik olsa da, beynəlxalq matçlar üçün 48.500 yer nəzərdə tutulur.
“Ayntraxt” tərəfi azərbaycanlı azarkeşlər üçün stadionun şərq tribunasında 3 min yer ayırıb. 3 min!
“Qarabağ”ın baş məşqçisi deyib ki, yaxşı oyun göstərməyə çalışacaqlar. Bu oyun perestij üçün olacaq yəqin. “Qarabağ” ona yaraşanı edəcək. Oynayacaq!
Uğurlar “Qarabağ”...
Nazim SABİROĞLU
“Yeni Müsavat” qəzeti
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi