"Qarabağ"a iki yaxşı hücumçu lazımdır"

"Qarabağ"a iki yaxşı hücumçu lazımdır"
ÖLKƏ FUTBOLU 25 May 2013 / 18:04 3458
-  A +

"Qarabağ"ın müdafiəçisi Qara Qarayevin Qol.Az saytına müsahibəsi

- Başa çatan mövsümdə “Qarabağ”ın çıxışını necə qiymətləndirirsən?

- Bu mövsüm bizim üçün çox uğurlu oldu. Komandamız əvvəlki illərə illərə nisbətən daha yaxşı çıxış etdi. Hətta çempion da ola bilərdik. Ancaq son oyunlarda bu şansı əldən verdik. Yenə də “Qarabağ”ın gümüş medal qazanmağı yaxşı qiymətləndirilməlidir.

- Qarşıda sizi çətin Avroliqa oyunları gözləyir. Əlinizə düşən imkandan istifadə edib dincələ bildiniz?

- Demək olar ki, evdə istirahət etdim. Bəzi futbolçular da başqa ölkələrə getmişdi. Bu gündən artıq istirahət başa çatdı. Milli komandanın düşərgəsinə qoşulacağıq. Sabahdan Qətərlə yoldaşlıq oyununun toplanışına gedəcəyik.

- Geridə qalan mövsümdə öz çıxışın səni qane etdi? Baş məşqçiniz Qurban Qurbanov səndən razı qaldığını bildirmişdi.

- Ümumi götürəndə çıxışlarım məni qane etmir. Hazırda normal formadayam. Ancaq buna tam yaxşı demək olmaz. Bundan yaxşı çıxış edə bilərdim. Məncə, hələ çox artırmalıyam.

- Bu mövsüm “Qarabağ”dan Avroliqada nə gözləmək olar?

- “Qarabağ” Avroliqa təcrübəsi olan bir komandadır. Hansı sistemlə, nə formada oynamağı bilirik. İnanıram ki, bu il daha yaxşı nəticə qazanacağıq. Nə qədər çətin görünsə də, qrup mərhələsinə düşməyə çalışacağıq.

- “Qarabağ” ən güclü vaxtlarında dörd mərhələ keçə bilməmişdi. İndi sizin üçün qrupa düşmək çətin olmayacaq?

- Artıq reytinqimiz qalxıb. Məncə, indi daha asan rəqiblərlə düşəcəyik. Çünki bizim ehtiyatda xalımız var. Ancaq sonuncu təsnifat mərhələsində həmişə çətin rəqiblər düşür. Öz səviyyəmizdə bir komanda ilə qarşılaşsaq, qrupa düşərik. 

- Sən də Avroliqa həyəcanı yaşamısan...

- Bəli, əvvəlki illərdə “Portedaun”a qarşı oynamışdım. Daha sonra “Metallurq”a və “Brügge”yə qarşı oynadım.

- Həmişə “Qarabağ” yerli futbolçuların çoxluğu ilə seçilib. Ancaq indi adətən oyunun taleyini legionerlər həll edir. Bu sizi narahat etmir ki?

- Legionerlər də bizim kimi komandanın uğuru üçün çalışır. Bizimlə onlar arasında fərq yoxdur. “Qarabağ”da elə bir atmosfer var ki, qıraqdan gələn futbolçular heç vaxt bizi narahat etmir. Əksinə komandada rəqabəti artırır. Çalışırıq ki, əsas heyətdə yerimizi möhkəmləndirək. Dediyiniz legionerlər Avropa təcrübəsinə malk futbolçulardır. Düşünürəm ki, Avroliqada onların bizə böyük köməyi dəyəcək.

- Avroliqada yaxşı nəticə əldə etmək üçün “Qarabağ” neçə transfer etməlidir?

- Məncə, bu gün “Qarabağ”ın ən zəif yeri hücum xəttidir. Ona görə də iki yaxşı, vuran ayağı olan hücumçu almalıyıq.

- Bu gün Çempionlar Liqasının finalında “Borussiya” ilə “Bavariya” qarşılaşacaq. Fovoritin hansı komandadır?

- Oyun vaxtı biz yolda olacağıq, baxa bilməyəcəyik. Həmişə “Borussiya”nı güclü saymışam. Ancaq məncə, bu dəfə “Bavariya” qalib gələcək.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi