“İndiki heyətlə “Xəzər Lənkəran”ın Avroliqada uğur qazanmaq şansı azdır”

“İndiki heyətlə “Xəzər Lənkəran”ın Avroliqada uğur qazanmaq şansı azdır”
ÖLKƏ FUTBOLU 16 May 2013 / 12:28 3680
-  A +

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi

- Artıq çempionat başa çatmaq üzrədir. “Neftçi” çempion adını qazandı, digər medalçılar da bəllidir. Həm bunlar, həm də komandalarımızın bu mövsümdəki çıxışı haqda bir mütəxəssis kimi fikrinizi bilmək istərdik.

- Deyə bilərəm ki, komandaların turnir cədvəlindəki yerləri göstərdikləri oyuna görədir, ədalətlidir. “Neftçi” çempionat ərzində uzun müddət lider oldu və sabit oyunu ilə bu yerini əldən vermədi. “Qarabağ” və “İnter” isə lazımsız yerdə xallar itirdilər. Demək olar ki, hər iki komanda “Neftçi”yə məğlub olduqdan sonra çempionluq şanslarını itirdi. Digər yerlərə gəldikdə isə, “Qəbələ”, “Bakı” və “Xəzər Lənkəran” yaxşı mövsüm keçirə bilmədi. Malik olduqları imkanlara görə, öz yerlərində olmadılar. Çoxlu problemlər üzündən bu komandalarda boşluqlar oldu. “Simurq” isə sadaladığım üç komandayla müqayisədə stabil çıxış etdi. Başından yuxarı tullanmasa da, ona yaxın bir şey etdi. Ən ürəkağrıdıcı məqam odur ki, “Kəpəz” və “Turan” Premyer Liqanı tərk edir. Çünki Gəncə və Tovuz futbol ənənəsinə malik şəhərlərdir. Belə şəhərləri futbolsuz qoymaq gələcəkdə böyük itkilərin başlanğıcı olacaq. Təəssüf ki, ən böyük azarkeşi olan bu komandalar çempionatı tərk edir. Tovuz və Gəncə həmişə Azərbaycan futbolunun Məkkəsi adlandırılıb. Bundan başqa AZAL ilk “altılığ”a layiq idi. Göstərdiyi oyuna baxanda əminliklə demək olar ki, AZAL ilk “altılıq”dakı komandalarla güclü mübarizə apara bilərdi.

- “Xəzər Lənkəran”, “Bakı” və “Qəbələ”nin qeyri-stabil çıxışını qeyd etdiniz. Bu komandaların hər üçündə bir neçə dəfə baş məşqçi dəyişikliyi oldu. Onların stabil çıxış etməməsinin səbəbi kimi sırf məşqçi dəyişikliyini göstərmək olar?

- Bəli. Hər üç komandanın taleyi oxşardır. Baş məşqçi dəyişikliyi  nların çıxışına çox təsir etdi. Bundan başqa komandaların heyətləri də stabil olmadı. Hər üç komanda xeyli yeni futbolçu cəlb etdi. Oturuşmuş heyət olmayanda heç bir uğurdan danışmaq olmaz. Belə olanda komandada eniş-yoxuş çox olur. Ona görə də hər üç komanda gözləniləndən aşağı səviyyədə çıxış etdi.

- Bu mövsüm çempionatımızn səviyyəsində əvvəlki illərlə müqayisədə inkişaf gördünüz?

- Olan yaxşı cəhətləri deməliyik. Əvvəlcə ilk “altılıq” uğrunda gərgin mübarizə getdi. Demək olar ki, ilk “altılıq” axırıncı turlarda həll olundu. Həmçinin çempionluq uğrunda üç komanda sona qədər mübarizə apardı. Belə rəqabətin olması, komandaların oyun səviyyəsinin artması deməkdir. O baxımdan deyə bilərəm ki, bu mövsüm çempionat daha gərgin keçdi. Komandaların çoxunun maddi- texniki bazası yüksəlib. Bu da bilavasitə oyunçulara təsir edir. Yeni uğurlu transferlər həyata keçirmək rahat olur. Ona görə də artıq bir yox, bir neçə derbi oyunu yaranıb. Bu da futbolumuzun inkişafına kömək edə bilər.

- Cari mövsüm bir neçə komanda heyətində müntəzəm gənc futbolçulara şans verdi. Milli komandamız üçün tapıntı hesab olunan bir futbolçu kəşf etdiniz?

- Bu suala cavab vermək çox çətindir. Çünki ən yaxşının adını qeyd etməlisən. Ancaq digər futbolçuları qat-qat üstələyən elə bir parlayan futbolçu olmadı. Hərəsi bir müddət yaxşı oynadı. Müntəzəm baxımlı oyunu ilə yadda qalan futbolçu olmadı. Hər komandanın lideri var. Ancaq həm yerli gənc, həm də legioner futbolçulardan hansınısa digərlərindən tam fərqləndirmək olmaz.

- Sizcə, ölkəmizi Avroliqada təmsil edəcək dörd komandadan hansından daha çox uğur gözləmək olar?

- Real danışsaq, indiki heyətlə “Xəzər Lənkəran”ın şansları azdır.  Yəni heç olmasa, iki mərhələ keçmək onlar üçün çətin olacaq. Ancaq digər komandalarımız təsnifat mərhələsini uğurla keçə bilər. Burada püşkdən də çox şey asılıdır. Ola bilər ki, “Xəzər Lənkəran” və “İnter”ə elə bir rəqib düşər ki, bir neçə mərhələni keçərlər. Yaxud da, “Qarabağ” və “Neftçi”yə çətin rəqiblər düşə bilər və onlar bir mərhələ belə keçə bilməzlər. Komandaların həmin vaxt necə hazır olması da vacib şərtdir. Etiraf etmək lazımdır ki, bu gün komandalarımız o gücdə deyillər ki, bir ayaqla Avroliqanın qrup mərhələsinə düşsünlər. O baxımdan çətin olacaq.

Ramiq AĞAMƏMMƏDOV


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi