“Futbolçulara irad üçün ciddi səbəb görmürdüm” - Qurban Qurbanov

“Futbolçulara irad üçün ciddi səbəb görmürdüm” - Qurban Qurbanov
PREMYER LİQA 29 Noyabr 2026 / 20:40 468
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”a qalib gəldikləri matçdan (4:2) danışıb. 

QOL.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını belə dəyərləndirib:

"Futbolçularımı qələbə və göstərdikləri oyuna görə təbrik edir, onlara təşəkkürümü bildirirəm. Qarşımızda yaxşı komanda var idi. Azarkeşlər üçün maraqlı qarşılaşma alındı. Hər iki komandaya uğurlar arzulayıram".

- Komanda iki uğursuz seriyaya son qoydu. Beş oyundan sonra qələbə qazandınız, dörd matçdan sonra qol vurdunuz. Bu seriyaların başa çatması qarşıdakı oyunlar üçün komandaya əlavə motivasiya verəcək?

- Çempionatın gedişində belə hallar olur. Buna baxmayaraq, biz öz işimizə və inamımıza sadiq qaldıq, həvəslə çalışdıq. Futbolçulara irad bildirmək üçün ciddi səbəb görmürdüm. Onlar çox çalışqandırlar, məşqlərə intizamla yanaşırlar.

Uğursuz seriyalar futbolda olur. Bu qələbə o demək deyil ki, həmin dövrü tam geridə qoyduq və bir daha belə vəziyyətlə üzləşməyəcəyik. Çünki bütün komandalar rəqiblərinə qarşı ciddi hazırlaşırlar. Qarşıdakı oyunlarda bizi hansı çətinliklərin gözlədiyini, rəqibin hansı planla meydana çıxacağını əvvəlcədən bilmirik. Komandalar bizə qarşı oyun sistemlərini dəyişir, fərqli üslubda çıxış edirlər. Bu da matçın gedişində müəyyən dəyişikliklər etməyi zəruri edir.

Ümumilikdə, uğursuz seriyanın başa çatması və dörd qol vurmağımız sevindiricidir. Ancaq iki qol buraxmaq bir qədər ağır gəlir. Belə bol qollu oyunlar futbola marağı və sevgini artırır.

- Musa Qurbanlı meydana daxil olduqdan qısa müddət sonra qol vurdu. Onun növbəti oyunlarda start heyətində yer almaq ehtimalı varmı?

- Təkcə Musanın deyil, istənilən futbolçunun start heyətində oynamaq şansı var. Qarşıda bizi sıx qrafik gözləyir. Həm kubok, həm də çempionatın təxirə salınmış oyunu var. Buna görə rotasiyalara ehtiyac olacaq.

Musanın qol duyumunun olması yaxşıdır. Ancaq futbolçunun qol vurması onun mütləq start heyətində yer alacağı demək deyil. Heyəti rəqibin oyun üslubuna və matçın gedişinə uyğun qurmağa çalışacağıq. Həm Musanın, həm də digər futbolçuların əsas heyətdə oynamaq şansı yüksəkdir.

- Elvin Cəfərquliyev nə vaxt yaşıl meydanlara qayıda biləcək?

- Böyük ehtimalla, tam olaraq yanvar ayında. Bərpa prosesi yaxşı gedir. Ola bilsin, dekabrın sonlarında hansısa oyunda ona şans verək. Zədəsi kifayət qədər ciddi idi və əməliyyat olunmuşdu. Buna görə ehtiyatlı davranırıq. Ümumilikdə, vəziyyəti yaxşıdır. Özünü tam hazır hiss etsə, dekabrın sonlarında meydana çıxa bilər.

- “Sumqayıt”la Azərbaycan kubokunda da qarşılaşacaqsınız.

- Hər iki komanda üçün şərtlər eynidir. Bəzən qısa müddətdə eyni rəqiblə iki dəfə qarşılaşmaq müəyyən çətinlik yarada bilər. Kubokun özünəməxsus nüfuzu var. Bəlkə də ən gözlənilməz nəticələr məhz bu turnirdə qeydə alınır. Ona görə də ciddi yanaşmalı və yaxşı hazırlaşmalıyıq.

- “Neftçi”, “Sabah” və “Turan Tovuz”un turnir cədvəlində sizi qabaqlaması narahatlıq yaradır?

- Əlbəttə, öz mövqeyimizdən narahatıq. Daha yaxşı pillələrdə qərarlaşa bilərik. Komandalar avrokuboklara vəsiqə uğrunda ciddi mübarizə aparırlar. Biz də hər oyuna məsuliyyətlə hazırlaşacağıq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner