Mahir Emrelidən son 4 oyunda 3 qola töhfə

Mahir Emrelidən son 4 oyunda 3 qola töhfə
XƏBƏR 29 Noyabr 2026 / 14:24 117
-  A +

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında “Rakuv”un son dörd oyununda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

QOL.az xəbər verir ki, Polşa Ekstraklasasının rəsmi saytının məlumatına görə, 29 yaşlı hücumçu bu görüşlərin üçündə komandasının qollarında birbaşa iştirak edib. 

Emreli noyabrın 2-də “Poqon”la ev oyununda 47-ci dəqiqədə hesabı bərabərləşdirən Patrik Maxuxa məhsuldar ötürmə verib. “Rakuv” həmin görüşdə 3:1 hesabı ilə qalib gəlib. 

Noyabrın 8-də “Legiya” ilə səfər matçında isə Mahirin 58-ci dəqiqədəki ötürməsindən sonra Erik Otieno “Rakuv”u 2:1 hesabı ilə önə keçirib. Çenstoxova təmsilçisi görüşü 4:2 hesablı qələbə ilə başa vurub. 

Emreli noyabrın 22-də “Vidzev”lə matçda (3:1) qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Noyabrın 27-də isə “Piast”la ev oyununda 59-cu dəqiqədə fərqlənərək hesab arasındakı fərqi azaldıb. “Rakuv” həmin görüşdə 1:2 hesabı ilə uduzub. 

Qeyd edək ki, Mahir Emreli bu mövsüm Polşa çempionatında 16 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner