21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Samir Əliyevin Qol.az saytına müsahibəsi
- U-21 millimizin bir neçə gün əvvəl Avropa çempionatının seçmə mərhələsi öncəsi son toplanışı oldu. Komandada ümumi durum necədir?
- Bəli, bizim son yoxlama matçlarımız idi. Sentyabrda seçmə mərhələnin oyunları başlayacaq. Yeni bir sistem üzərində işlədik. Bir çox futbolçuya şans verdik, yoxladıq. Futbolçuların əzmkarlığı, işə yanaşması, meydanda mübarizliyi baxımından heç bir problem yoxdur. Nəticə isə ürəkaçan olmadı. Türkiyəyə uduzduq, Qırğızıstanla heç-heçə etdik. Düzdür, Türkiyə millisi bizdən xeyli güclüdür. Amma Qırğızıstanın U-23 komandasına qalib gəlməli idik. Məncə, yaxşı oynadıq, amma qol imkanlarından istifadə edə bilmədik.
- Qırğızıstana qalib gəlməli olduğunuzu dediniz. Biz rəqibdən güclü idik?
- Biz birinci özümüzə baxmalıyıq ki, gücümüz nədir, nəyi bacara bilərik? Mən milliyə baş məşqçi təyin olunanda federasiyadan tələbim güclü rəqiblər tapmaq idi. Bundan əvvəl İsveç, Macarıstan, Albaniya və Sloveniya kimi güclü rəqiblərlə yoxlama oyunu keçirmişik. Bizdən zəif rəqiblər olanda demişəm ki, yox, güclü komanda ilə oynamalıyıq. Çünki bizi seçmə mərhələdə güclü komandalar gözləyir. Püşkatmadan sonra mən deyəndə ki, güclü rəqiblərlə düşmüşük, bir az başqa cür qarşılandı. Bu gün Ukraynanın U-21 komandasının Avropa çempionatında hansı səviyyədə oynadığını görürsünüz. Qrupumuzda həmçinin İngiltərə, Serbiya, Şimali İrlandiya da var. Baxırsan ki, hamısı inkişaf edib. Ona görə də biz birinci özümüzə baxmalıyıq, sonra Qırğızıstan, yaxud da başqalarını müzakirə etməliyik.
"Bu gün U-21-də Premyer Liqada oynayan futbolçuların sayına baxanda hər şey məlum olur"
- Özümüzə baxanda nə görürük?
- Vəziyyət ürəkaçan deyil. Şikayət kimi çıxmasın, seçim imkanımız çox aşağıdır. Bu gün U-21-də Premyer Liqada oynayan futbolçuların sayına baxanda hər şey məlum olur. Bu baxımdan çətinliklərimiz var. Amma biz ruhdan düşmürük. Bu gün Gürcüstan millisinin Avropa çempionatındakı çıxışını görürük. Mətbuatda müzakirələr iki ölkənin milliləri arasında müqayisələr gedir. Adam içində yanır ki, niyə biz də belə oynaya bilmirik? Amma bir çox problemlər var ki, hamısını burada danışmaq olmur. Çox geniş mövzudur. Saatlarla müzakirə etmək lazımdır.
- Son toplanışda U-21 millimizdə ümid verən yeni adlar oldu?
- Sevindirici haldır ki, bu ildən divizionla əvəzedici komandalar ayrı olacaq. Bu çempionatlar keçirildiyi zaman yeni adlar üzə çıxa bilər.
- Hazırda gələcəyə ümid verən futbolçular yoxdur?
- Olacaq. Son toplanışda 3 futbolçu ilk dəfə U-21-ə dəvət alırdı. Mən bu komandaya baş məşqçi təyin olunanda limit məsələsi yox idi. Razılıq verəndə də bildirdim ki, burada ömürlük deyiləm. Heç kəs yaxasını qırağa çəkməməlidir. Bu, hamının millisidir. Sabah Samir olmayacaq, başqa biri olacaq. O vaxt 21 yaşadək futbolçunun Premyer Liqada oynaması ilə bağlı limitin aradan qaldırılması söhbəti yox idi. Düşünürdük ki, limit olacaq, 10 komandalı çempionatımız keçiriləcək. Yəni ən azı 10 gənc futbolçu Premyer Liqada oynayacaq. Təəssüf ki, limitin ləğv olunması bizə də təsir edir.
Amma növbəti mövsümdən həm Premyer Liqada, həm də birinci divizionda maraq olacaq. Çünki bu il idman prinsipləri qorundu. Komandalar yaxşı yerlər üçün can atacaq. Birinci diviziona qayıdan komandalar var. “İmişli”, “Karvan”, “İrəvan”, “Şamaxı” kimi komandalar birinci divizionda yarışacaq. Baxırsan ki, hamısı Premyer Liqa uğrunda mübarizə aparacaq. Belə olan halda isə ən azından mübarizə olacaq. Biz də ümid edirik ki, belə bir mübarizənin içərisindən futbolçular üzə çıxacaq. Amma ən çox onu istərdim ki, Premyer Liqada 21 yaşadək ən azı bir futbolçu daim əsas heyətdə oynasın. Yəni 5-10 dəqiqə yox, bütün matçı oynasın. Bizim də seçim imkanımız artsın. Yəni əlimizdə bir material olsun.
- Seçim imkanının azlığından danışdınız. Bu problem U-21 millimizdə həmişə olub.
- Hər şeyi açıb-ağartmaq istəmirəm. Problemlər çoxdur. Gəlin, rəqiblərimizdən biri olan Ukraynaya baxaq. Biz indidən onları incələyirik. Qıraqda oynayan futbolçularını qoyuram bir qırağa, baxırsan ki, “Şaxtyor”un, “Dinamo”nun əsas heyətində oynayan nə qədər futbolçu var. Çoxu Premyer Liqada çıxış edən futbolçulardır. Gürcüstan millisinə də baxırıq. Hamısı Rusiya Premyer Liqası, Avropanın yaxşı klublarında oynayanlardır. Təbii ki, bunları görəndə bir baş məşqçi kimi ruh düşkünlüyü olur. Amma biz əlimizi-qolumuzu aşağı salmırıq. Bizim bu gün harada olmağımız bəllidir. Bunu mən deməsəm də aydın məsələdir. Bizim əsas məqsəd odur ki, rəqibin kimliyindən asılı olmayaraq meydana çıxan hər bir oyunçumuz meydanda ürəyini qoymalıdır. Sən məğlub ola bilərsən, amma ən azından bunu döyüşərək etməlisən.
- U-21 millimizin üzvlərinin Premyer Liqada oynamamasının səbəbi nədir, günahı kimdədir?
- Bunun bir səsəbi yoxdur. Problemlərin sayı həddindən artıqdır. Hər kəs də bunu bilir. Bu gün əgər Premyer Liqada U-21 millisinin üzvü oynamırsa, problem harada ola bilər?
Gileylənirik ki, futbolçu yoxdur. Niyə yoxdur? Çox yaxşı futbolçularımız var. Sadəcə hazırlıqsızdırlar. Biz ən çox birinci diviziona boylanırıq. Seçimi oradan edirik. Milliyə dəvət alandan 5-10 gün sonra futbolçu rəsmi oyuna çıxmalıdır. Samir Əliyev olmasın, başqa biri hazırlasın, meydana çıxarsın. Oyun təcrübəsi olmayan futbolçu millidə nə edə bilər?
- Problem klubların gənc oyunçulara güvənməməsindədir?
- Əlbəttə ki, futbolçu klublarında oynamalıdır. Mən bayaq Gürcüstanın U-21 millisinin üzvlərinin oynadığı klubları sadaladım. Niyə onlar xarici klublarda oynayır, bizimkilər isə heç öz Premyer Liqamızda şans qazana bilmir? Sonra da deyirik ki, Azərbaycan millisi belə getdi, elə oldu.
- U-21-də əsas millimizə namizədin az olması da qeyd etdiyiniz problemlərlə bağlıdır?
- Mən artıq 4-cü ildir ki, federasiyadayam. Bundan qabaq U-19-da çalışanda deyirdik ki, aşağıdan perspektivli oyunçular gəlir. U-21 haqda danışanda da fikirləşirdik ki, U-19-da yaxşı oyunçular var. Amma bəlli bir yaşa çatanda problemlər başlayır. Baxırsan ki, U-17, 18, 19-da adam Avropada yaxşı mübarizə aparır, sonra görürsən ki, futbolçu yoxdur. Hardadır? Klubunda 1 ildir ehtiyatda oturub. Bizim əsas gileyləndiyimiz məsələ futbolçunun oyun təcrübəsinin olmamasıdır.
"Kobud səslənsə də, deyim ki, federasiyada bizim bu təklifləri dinləyən yoxdur"
- Klubların gənc oyunçulara şans verməməsindən danışdıq. Bəlkə problem daha əvvələ gedib çıxır?
- Biz də bu barədə öz təklifimizi federasiyaya vermişik. Amma kobud səslənsə də, deyim ki, bu təklifləri dinləyən yoxdur. Dinləyən olsa da, icra edən yoxdur. Özbəkistan millisi bu gün inkişafdadır. U-20 milliləri dünya çempionatında oynayan komandadır. U-23 millisi Asiya kubokunun finalına qədər irəliləyib. Biz onları araşdırdıq. Kiməsə baxıb öyrənməliyik. Özbəkistanda “Olimpik” adlı bir klub var. Baş məşqçisi U-21-in çalışdırıcısıdır. Millinin futbolçularının çoxunu o komandaya yığıblar. Komanda isə Premyer Liqada çıxış edir. Biz keçən il həmin özbəkləri Bakıda udmuşduq. İndi onlar dünya çempionatında oynayır, adamlar futbolçu satır. Düzdür, bizdə limitə görə arxayın olan, “batan” futbolçular da olub. Amma əsasən limitin olması gənc futbolçuların xeyrinədir. Mən demirəm ki, limit mütləq olmalıdır. Amma yaxşı olardı ki, bizdə də 1-2 klub gənc və yerli futbolçuları oynatmaq strategiyası seçsin. “Şamaxı” ötən mövsüm bunu etdi. Görün “Şamaxı”da nə qədər millimizin oyunçusu var idi. Əgər klublarımız gənc futbolçulara şans vermirsə, rəhbərlik onların qarşısına avrokuboklara çıxmaq şərti qoyubsa, dediyim kimi bir komanda yaratmaq olar. AFFA-nın maliyyələşdirdiyi klublardan birində bunu tətbiq etmək mümkündür. Mən demirəm ki, mütləq yaranmalıdır və yaranan kimi hər şey düzələcək. Amma bunu təcrübədən keçirmək lazımdır. Ukraynada müharibəyə görə “Şaxtyor”, “Dinamo” kimi klublar gənc futbolçularla çıxış edirlər.
- Gürcüstan və Azərbaycan futbolu arasındakı böyük fərqlə bağlı nə düşünürsünüz?
- Gürcüstan klub səviyyəsində bizdən geridir. Bizdə “Qarabağ”, “Neftçi”, “Qəbələ” avrokuboklarda çıxış edir. Amma kimin hesabına orada oynayırıq? Düzdür, “Qarabağ”da bəlli bir sistem var. Qatar neçə ildir qurulan o relsin üzəri ilə gedir. İllərin əziyyətidir. Gürcülərdə isə futbol klub və milli səviyyəsində çox fərqlidir. Bu gün Azərbaycan çempionatı keçirməkdə məqsəd nədir? Yerli kadr yetişdirmək, yoxsa avrokubklar uğrunda mübarizə aparmaq? Biz onu bilməliyik. Avrokuboklarda 8-9 legionerlə oynayırsansa, sabah yerli futbolçunu necə satacaqsan?
"Erməni futbolçunun müsahibəsini oxuyanda havalandım"
- Bizim U-21 millimiz də yaxın gələcəkdə Gürcüstan kimi Avropa çempionatında çıxış edə bilər?
- Niyə də olmasın? Hər şey mümkündür. Ən əsası bizim futbolçularda ruh, vətənpərvərlik olmalıdır. Futbolçu Rusiyada doğulub amma gedib Gürcüstanda oynayır. Amma bizdə nə qədər azərbaycanlı futbolçu millilərimizdə oynamaqdan imtina edib. Adlarnı çəkmək istəmirəm. 2-3 gün əvvəl “Bavariya”da oynayan bir erməninin müsahibəsini oxudum. İnanın ki, yarım saat özümə gələ bilmədim, havalanmışdım. Deyir ki, mən Almaniya millisinə də düşə bilərdim, amma mənim damarımda erməni qanı axdığı üçün Ermənistan millisini seçdim. Sual yaranır ki, bizdə kiminsə Almaniya millisində oynamaq şansı olsaydı, Azərbaycanı seçərdimi? İndiyə qədər Ukrayna və Rusiyada nə qədər istedadlı azərbaycanlı uşaqlar olub. Hamısına yalvarırsan ki, bu, sənin vətənindir, gəl, oyna. Heç biri gəlmək istəmir. Gürcüstan millisi Portuqaliyanı təsadüfən udmadı. Təsadüfi heç nə yoxdur.
- Ümumiyyətlə, Gürcüstan və Azərbaycan futbolunda milli səviyyədə fərq həmişə böyük olub.
- Olsun də fərq. Gərək biz də baxaq öyrənək. Görək bunlar nəyin hesabına qabağa gedib. Öyrənmək ayıb deyil ki. Bayaqdan danışırıq, nə qədər problemlər var.
"Mən özüm U-19-da çalışanda Obradoviçlə nə qədər söz-söhbətim yaranıb"
- Əsas millimizin baş məşqçisi Canni De Byazi ilə söhbətiniz olur?
- Sırf əsas milliyə çağırılan futbolçumuzla bağlı söhbətimiz olur. Son dəfə Estoniya ilə oyundan əvvəl bizdən Emil Səfərovu apardı. Mən futbolçulara da deyirəm ki, A millisinə nə qədər tez getsələr, o qədər yaxşıdır. Emil Səfərovu apardılar, amma oynamadı. Hansı ki, biz Türkiyə ilə oyunda ondan istifadə edə bilərdik.
- U-21 millimizin sabiq baş məşqçisi Milan Obradoviç bu mövzuda De Byazidən çox gileylənirdi.
- Yenə deyirəm, aparsın, qoy getsin. Uşaqlara da bildirmişəm ki, milliyə can atmaq lazımdır. Sabah A millimizdə De Byazi olmayacaq, azərbaycanlı biri olacaq. Amma aparırsansa, gərək futbolçu oynasın. Bundan əvvəl də həmişə belə mövzu olub. Mən özüm U-19-da olanda Obradoviçlə nə qədər söz-söhbətim yaranıb. Bizdən U-21-ə futbolçu aparırdı, amma oynatmırdı. Əlbəttə ki, aparırsansa, oynatmalısan. Bəhanə də olur ki, ab-havanı hiss etməlidir. Futbolçu gedib bir dəqiqə oynamayacaqsa, ab-havanı necə hiss edəcək? Amma yenə də əsas millimizə futbolçu getməyi bizi narahat etmir.
Ramiq Ağaməmmədov
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi