Artıq 2022-ci il başa çatmaq üzrədir. Bu il Azərbaycan futbolunda bir çox hadisələrlə yadda qaldı. Uzun müddətdən sonra yerli çempionatımızda 10 komanda mübarizə aparmağa başladı. Azərbaycan yığması Millətlər Liqasında qrupdan çıxmağı bacarmadı. Son çempion "Qarabağ" isə Avropa arenalarında uğurlu çıxışını davam etdirərək Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazandı. 2022-ci ildə Azərbaycan futbolunda baş verən bir sıra məqamları sadalamaq olar.
Bəs, ümumilikdə 2022-ci ili futbolumuz üçün uğurlu hesab etmək olar, yoxsa uğursuz? Bu il Azərbaycan futbolunda hansı izləri buraxdı?
Mövzumuzla əlaqədar Qol.az saytının müxbiri AFFA Məşqçilər Komitəsinin üzvü, Əməkdar məşqçi Ağasəlim Mircavadovla söhbətləşib.
- 2022-ci ili Azərbaycan futbolu adına necə dəyərlədirmək olar?
- Bu il klublarımızdan "Qarabağ" Avropada çox gözəl çıxış etdi. Onlar Konfrans Liqasında pley-offa vəsiqə qazandılar. Həm də çempionatımızda 2 komandanın sayı artdı - "Turan Tovuz" və "Kəpəz" də Premyer Liqada oynadılar. Bu, müsbət məqamdır. Komandalarımızın sayı nə qədər çox olsa, futbolçuların sayı da bir o qədər artar. Azərbaycan yığması qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədi. Çünki Millətlər Liqasında 2-ci yeri tutdular. Amma hazırda millini oyunu təkmilləşib. Bu, yaxşı haldır. Yığma həm yoxlama matçlarında, həm də Millətlər Liqasının son oyunlarında qələbə qazandı. Lakin öz vəzifələrini yerinə yetirə bilmədi. Bu, vacib amildir.
"BİRINCİ DİVİZİONDA ƏVƏZEDİCİLƏR YOX, BÖLGƏ KOMANDALARI OYNASA, ÇOX YAXŞI OLAR"
- Bu il futbol baxımından qazandıqlarımızı vurğuladınız. Bəs, nə itirdik?
- İtirmək deyəndə ki, biz adətən həmişə yaxşı şeyləri özümüzdən uzaqlaşdırırıq. Gəlin, müsbət məqamlardan danışaq. Əsas odur ki, klublarımızın sayı artdı. "Qarabağ" öz oyunu ilə azarkeşləri stadiona cəlb etdi. Problemlər çoxdur. Bunlardan danışsaq... Gələcəyə ümidlə baxaq. 2023-cü ildə Premyer Liqadakı klublarımızın sayının daha da artmasını istəyərəm. 2 komandanın da gəlməsi, ümumilikdə 12 komandanın oynaması çox yaxşı olardı. Məncə, əvəzedici heyətlər Birinci divizionda yox, öz liqalarında oynamalıdırlar. Birinci liqada bölgə komandaları oynasa, çox yaxşı olar. Arzulayaq ki, "Qarabağ" Konfrans Liqasının pley-offunda "Gent"ə qalib gəlsin. Bu, bizim futbolumuz üçün çox gözəl olar. Millimizə də uğurlar arzulayıram.
- "Qarabağ"ı uğurlarından da söz açdıq. Bəs, klub səviyyəsində başqa hansı komandalarımızda inkişaf sezilir?
- Mən "Qəbələ", "Zirə"ni qeyd edərdim. "Qəbələ" ildən-ilə inkişaf edir. "Zirə" çalışır ki, öz oyunu ilə azarkeşləri stadiona toplasın. "Keşlə"nin "Şamaxı" adlandırılması da yaxşı oldu. "Şamaxı" çox gözəl oyun nümayiş etdirir. Yaddan çıxarmayaq ki, bu komandadakı məşqçilər və futbolçuların hamısı yerlidir. Mən deyərdim ki, onlar çox istəkli futbol oynayırlar. Adam "Şamaxı"ın oyununa baxmaqla nəsə əldə edə bilir. Bu, gözəl amildir. Mən istəyərdim ki, bölgələrimizdəki klublarımız inkişaf etsin. Bunu sözlə demək asandır, etmək isə çətin. Burada büdcə, şərait amilləri var.
"YAYDA DEMİŞDİM Kİ, "NEFTÇİ"DƏ BÖYÜK PROBLEMLƏR OLACAQ"
- Yəqin ki, 2022-ci ildə özünü doğrultmayan klubumuz da oldu.
- "Neftçi" məni məyus etdi. İyul ayında "Neftçi" avrokuboklarda oynayanda həmkarınız mənə sual verdi. Mən o vaxt dedim ki, "Neftçi"nin yerli çempionatda da böyük problemləri olacaq. İndi o problemlər üzə çıxdı. "Neftçi" tarixi klubdur, öz imicini saxlamalıdır. "Qarabağ" öz imicini çox gözəl qoruyur. Onlar adlarına görə oynayırlar. "Neftçi"də də belə olmalıdır. Mən istəyirəm ki, 4-5 klubumuz çempionluq uğrunda mübarizə aparsın, rəqabət artsın. Belə olan halda "Qarabağ" da, başqa klublar da inkişaf edəcək. Aşağı klublar da istəyəcək ki, yuxarıdakılara çatsın. İnkişaf budur. Biz "Neftçi"də bunu görmürük. Hətta məncə, "Neftçi" daha da geriləyir. Orada olan futbolçular, heyət "Neftçi"yə layiq deyil axı. Gəlin, bunu açıq deyək. Bayaq "Şamaxı"nı misal çəkdim. Mən onlara uğurlar arzu edirəm. İstək hər şeyi həll edə bilər. Bu cür oynamaq lazımdır. Məncə, "Şamaxı" öz oyununa görə azarkeşləri ətrafına yığa biləcək. İstənilən klub büdcəsi az olsa da, çox olsa da, meydançaya çıxanda fikirləşməlidir ki, stadiona azarkeşlər gəlib. Onlar öz vaxtlarını sərf edib gəlirlər ki, istirahət etsinlər.
- Bu il müsbət mənada sizin diqqətinizi çəkən futbolçular oldu?
- Yaxşı gənclər var. Amma mən istədiyim oyunu göstərmirlər. Birdən-birə parlayan gənclərimiz olmadı. Mən istəyirəm ki, onlar xaricdə oynasınlar, legioner həyatı yaşasınlar. Belə olan halda futbolumuz inkişaf edər, millimiz yaxşı oynayar. Məni başa düşürsünüz? Futbol elə oyundur ki... Dünya çempionatı qurtardı. Məndə siyahı var. Baxıram ki, futbolçular millilərə hansı klublardan gəliblər. Vallah, onların hamısı legionerdir. Çempion olan Argentina millisinin futbolçularının 90-95 faizi xarici klublarda - İspaniyada, İtaliyada, Fransada oynayır. Bəs, bu inkişaf deməkdir də. Mən baxıram. Yaxşı oynayan cavan uşaqlar var. Amma onların inkişafı çox ağır gedir.
- Bizidə isə legioner həyatı yaşayan futbolçularımız çox azdır. Problem nədədir?
- Yaxşı oynamaq lazımdır də. Öz klublarında, milli komandada yaxşı oynamalıdırlar ki, xarici klubların nümayəndələri onları görsünlər.
- Deməli, hazırda gənclərimizin oyunu qəaətbəxş deyil...
- Yox, qəaətbəxş deyil deməzdim. Səviyyədən asılıdır də. Bir cavan futbolçu xaricə getmək istəmirsə, ancaq Azərbaycan çempionatında qalmağı düşünürsə, o, inkişaf etməyəcək. Mən cavanlarla çox işləmişəm. Onlara deyirdim ki, xaricə gedin. Hansısa xarici klub səni istəsə, buraxacağam. Bunlar vacibdir. İndi görüb-götürmək vaxtıdır. Argentinanı misal çəkdim. Görürsünüz ki, onların futbolçuları haralardan gəlirlər.
- 2022-ci ildə futbolumuzda sizi nə sevindirdi?
- Məni bu il sevindirən elə "Qarabağ" oldu. Komanda əgər başqa ölkələrin təmsilçiləri ilə bərabər səviyyədə oynayırsa, deməli bu, sevindirici haldır. "Qarabağ" qarşılaşdığı komandaların hamısından üstün idi. "Qarabağ" həm oyun baxımından, həm də taktiki gedişlərə görə onları qabaqlayır. Axı özünüz yazırsınız ki, filan klub "Qarabağ"ın bu futbolçusunu almaq istəyir. Bəs, belə şeylər komandanın oyununa görə olur də. Söhbət bundan gedir. "Qarabağ"da yaxşı oynayan cavan futbolçular var. Musa Qurbanlı, Toral Bayramov, İsmayıl İbrahimli, Elvin Cəfərquliyevin adlarını çəkmək olar. İstəyirəm ki, onlar "Qarabağ"da lider kimi oynasınlar. Elvin çox inkişaf edib. Elə öz oyununa görə də milliyə dəvət olundu və yaxşı çıxış etdi. Azərbaycanlı futbolçuların komandalarımızda çoxluq təşkil etməyini istəyirəm. Bu, ürəyimcə olardı. Əvvəllər belə şeylər var idi.
"STADİON HANSISA ŞƏHƏRİNDİRSƏ, İIYƏ ICRA BAŞÇISI MARAQLANMIR?"
- Yeri gəlmişkən, bu il gözəçarpan, sizi məyus edən məqam nədir?
- Stadionlarımız həddindən artıq azdır. Mən istərdim ki, süni ot örtüklü meydaçalar ləğv olunsun. Süni ot örtüyü futbolumuza zərər vurur. Təbii ot örtükləri olsa, zədələr, travmalar də az olar. Çox danışmaq olar. Amma konkret danışmaq lazımdır. Biz çox şeyi istəyirik, amma bu, o demək deyil ki, onların hamısı olacaq. Belə şeylər bizim hamımızdan asılıdır. Tək əldən səs çıxmaz.
- Meydançalarla bağlı AFFA nümayəndəsi Qol.az-a açıqlamalarında bildirmişdilər ki, süni ot örtüklü meydançalar ən yüksək standartlara cavab verir...
- Mən bilirəm ki, siz nəyi demək istəyirsiniz. Bir şeyə məəttəl qalıram ki, stadion hansısa şəhərindirsə, niyə icra başçısı maraqlanmır? Bu stadionlar federasiyanın deyil ki, oraya maliyyə ayırsın. "Qarabağ" niyə özü üçün stadion tikdi? Niyə? Çünki özü istifadə edəcək. Biz bilirik ki, Tofiq Bəhramov adına Respublika Stadionu 1951-ci ildə "Neftçi" üçün tikilmişdi. O vaxt klub "Neftyanik" adlanırdı. Sonra elə oldu ki, ad dəyişdi, "Neftçi" qoyuldu. "Neftçi" özünə stadion tikdirdi. "Bakcell Arena" indi "Neftçi"yə aiddir. Hər şeyi federasiya etməli deyil ki. Düzdür, kömək edə bilər. Amma "Sən bunu etməlisən" - deyə danışmaq başqa bir şeydir. Mən yenə deyirəm ki, yerli hakimiyyət qurumları bu sahədə kömək etməlidir. 10-12 il əvvəl klubların sponsorları var idi. "Bakı" özü üçün stadion, baza, akademiya tikdi. Əfsuslar olsun ki, indi onları dağıdırlar, yerində bina tikirlər. Mən "Xəzər Lənkəran"da işləyəndə klub üçün köməkçi stadion da tikildi. Heç kimdən 1 manat da almadılar. İndi isə çox qəribə haldır ki, hamı bu ot örtüyü məsələlərini federasiyanın düzəltməli olduğunu düşünür. Qəribə sualdır e...
"O, BİZƏ ÇOX ZİYAN VURDU"
- 2022-ci ildə futbolumuzda baş verən ilklər arasında VAR sisteminin tətbiq olunması da var. Bu il hakimlik cəhətdən çox müzakirələr aparıldı. Xüsusilə də VAR-ın uğurlu olmadığını düşünənlər çox oldu. Siz bu mənada necə fikirləşirsiniz?
- VAR sistemi çox yaxşıdır. Amma onu təkmilləşdirmək lazımdır. Bunun üçün də vaxt, zaman vacibdir. Baxın də. Dünya çempionatında VAR istifadə edildi. İngiltərədə isə VAR-a baxılması üçün cəmi 1 dəqiqə lazım olur. Bizdə isə 10-11 dəqiqə vaxt gedir. Bu sistemi təkmilləşdirsələr, təmiz oyun olur də. İngiltərədə VAR haqqında çox gözəl şeylər yazıblar. VAR-a baxılması üçün 2-3 maddə var. Digər hallarda qalan şeylər hakimin üzərinə düşür. Mən sizinlə razıyam, hazırda hakim səhvləri çoxdur. Cavan hakimlər varsa, səhvlər də olacaq. Onlar da öz üzərlərində işləməlidirlər. 10-15 il əvvəl hakimlər özləri hazırlaşırdılar. Mənim yadıma gəlir, fiziki, taktiki cəhətdən işləyirdilər. İndi isə AFA hakimlərə maaş verir. O vaxt maaş yox idi. Məndə olan məlumata görə, 7-10 nəfərə maaş verilir. Hakimlərə məşqlər keçirlər. Onlarla işləyən məşqçilər var və maaş alırlar. Federasiya bu sahədə işlər görür. Amma hakimliyin durumu yaxşı vəziyyətdə deyil. Əvvəl Hakimlər Komitəsinin Avstriyadan gələn bir rəhbəri var idi (Fritz Ştuxlik - red.). O, bizə çox ziyan vurdu. Həmin adam işləyən, təcrübəli hakimləri uzaqlaşdırdı, cavanlaşma getdi. Bəs, bu cavanlar kimdən öyrənsinlər? Mən bir misal çəkim. Əliyar Ağayev 1-ci kateqoriyalı hakimdir. Azərbaycanda hələ heç kim 1-ci kateqoriyanı almayıb. O, öz işi ilə bunu bacarıb. Lakin o avstriyalı rəhbər Əliyara icazə vermirdi. Adətən ağır oyunlara təcrübəli hakimlər təyin olunmalıdır ki, matç sakit keçsin. Amma o adam cavanlara icazə verirdi. Gənclərin işləməsi yaxşı haldır. Mən bundan razıyam.Amm mən keyfiyyətli cavanların işləməsini istəyirəm. O adam Əliyar Ağayevi sıxışdırmışdı. Hətta Əliyara oyunlar vermirdilər. 1-ci kateqoriyalı hakimlər Avropada vacib matçlara təyin olunurlar. Axır vaxtlarda Əliyar yaxşı oyunlar idarə etdi. Bizdə hakimlik məktəbi var. Rəhmətlik Tofiq Bəhramovdan sonra Rüstəm Rəhimov, Asim Xudiyev, Xaqani Məmmədov, Tahir Süleymanov gəldi. Yaxşı hakimlərimiz olub. Özü də onlar markanı qoruyub-saxlayırdılar. İndi cavanlar var, onlara təcrübə lazımdır. Onlar öz üzərlərində çox işləməlidirlər ki, yaxşı səviyyəyə gəlib çatsınlar. İnkişaf üçün xarici çempionatların oyunlarını da idarə etmək lazımdır. Biri var Azərbaycan liqası, biri də var xarici çempionat. Bu fərq böyükdür. Mən ümidliyəm. Çünki bizdə hakimlik məktəbi var. İnanıram ki, yaxşı hakimlərimi inkişaf edəcək. VAR-dan çox istifadə olunmayacaq. VAR sistemi 4-5 halda öz hökmünü verə blər. Amma VAR sistemi çox vacib bir şeydir. Sadəcə olaraq VAR-a baxılması üçün çox az vaxt istifadə olunmalıdır.
- Son olaraq ümumilikdə 2022-ci il 2023-cü il üçün nəyə ümid verir?
- Biz həmişə ümidliyik də. İstəyirəm ki, klublarımız Avropada yaxşı oynasınlar, heç olmasa 2-3 klub avrokuboklarda mübarizə aparsın. Daha sonra yığmamızın daha da inkişaf etməsini arzulayıram. Qarşıdan Avro-2024-ün seçmə mərhələsi gəlir. Rəqiblər çox güclü komandalardır. Amma onlara qarşı yaxşı mübarizə aparmaqla, qalib gəlməklə öz imicini qaldıra bilərsən. Yəni, ümidliyik.
Nur Zeynalova
Qol.az
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video
"Milan"da 5 illik müqavilə
San-Marino üçün daha bir tarixi imkan