“İlk oyunu analiz etsək, komandanın bugünkü durumu, futbolçuların forması onu göstərir ki, “Qarabağ” “Sürix”i keçməyə yaxındır. “Sürix”də baş məşqçi dəyişikliyi olduğuna görə yaxşı fürsət yaranıb. Onlara bir neçə oyun lazımdır ki, yeni məşqçinin sisteminə uyğunlaşsınlar. Bakıdakı oyunda da göründü ki, “Sürix”də xətlər arasında böyük problem var”.
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev deyib. O, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın “Sürix”lə İsveçrədə, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin “Aris”lə Bakıda, “Qəbələ”nin “Fehervar”la evdə və “Zirə”nin “Makkabi” ilə İsraildə keçirəcəyi cavab oyunları barədə danışıb.
Şahin Diniyev bildirib ki, “Qarabağ”ın növbəti mərhələyə adlayacağına inanır:
“Sürix”in ləng, ağır, etibarsız müdafiə xətti var. “Qarabağ”ın isə sürətli, yaxşı texnikaya malik, təkbətək mübarizədən qalib ayrıla biləcək futbolçularının sayı çoxdur. Sırf oyunçular baxımından yanaşsaq, “Qarabağ”ın “Sürix”i keçmək şansı çoxdur. Amma bu, futboldur. Əvvəllər futbolda ev və səfər oyunları amili var idi. Lakin indi bu, ikinci sıraya keçib. Azarkeşlərin böyük dəstəyi belə “Sürix”ə kömək etməyə bilər. Mənim proqnozum budur ki, “Qarabağ” “Sürix”i keçəcək. Futbol proqnozu sevmir. “Qarabağ” oyuna ciddi hazırlaşır. İlk matçdan sonra rəqibi daha yaxşı analiz etmək gücündə olacaqlar”.
Diniyev Ağdam təmsilçisinin müdafiəsinin mərkəzində problemlər olduğunu deyib:
“Böyük və ya kiçikliyindən asılı olmayaraq bütün komandalarda problemlər var. Ən ideal komandalarda - “Real” kimi klublarda belə problemlər olur. Lakin onu minimuma endirmək məsələsi də var. Bu, mümkündür. Futbol səhvlər üzərində qurulan bir oyundur. Qollar öz başına vurulmur. Boşluqlardan, səhvlərdən yaranır. Səhvlər olmasa, qələbə də, məğlubiyyət də olmaz. Elə bütün oyunlar heç-heçə ilə qurtarar. “Qarabağ”da da bunlar var. Daha çox hücum edirsənsə, müdafiədə çoxluq yarada bilmirsən. Müdafiədə, mərkəzdə boşluqlar var. Cinahları deməzdim. Qollar mərkəzdən vurulur deyə bu, artıq gözə gəlir. Buraxılan toplar da elə vacib toplar deyil idi. “Qarabağ”da standart vəziyyətlərdə problemlər olur. Amma komanda öz oyununu oynasa, bu problemlər minimum səviyyəyə enə bilər. Hücumlar zamanı top itdikdən sonra komanda əks-hücuma olanda yarımmüdafiə topun oturuşmamış müdafiəyə çatmasına gətirib çıxarır”.
“Neftçi” mərhələni keçməsə, böyük bir zərbə alacaq"
Şahin Diniyev Kiprdə “Aris”ə uduzan (0:2) Neftçi”nin rəqibi ilə “Bakcell Arena”da keçirəcəyi cavab görüşü haqqında isə bu fikirləri söyləyib:
“Həmişə cavab oyunu barədə danışanda ilk matçda gördüklərimizdən nəticə çıxarırıq. Bu da aldadıcı ola bilər. Ona görə ki, oyun oyuna bənzəmir. Futbol rəngarəng bir oyundur. “Neftçi”nin “Aris”lə ilk matçına baxanda bayaq “Qarabağ”ın “Sürix”lə oyunu barədə dediklərimizin əksini səsləndirə bilərik. Görünmədi ki, “Neftçi” nəyin hesabına udmaq istəyir. Sanki məşqçinin sistem barədə nə istəməsi bilinmir, futbolçular barədə anlayışı o qədər yüksək səviyyədə deyil. Komandaya yeni gələn futbolçuların uyğunlaşmasında da problemlər var. “Qarabağ” daha çox oturuşmuş oyuna malikdir, nəinki “Neftçi”. Səviyyə, komanda baxımından mərhələni keçə bilərlər. Kimsə deyə bilər ki, bunun üçün yaxşı hücum lazımdır. Amma mən əksini deyərdim. “Neftçi”yə yaxşı müdafiə, top buraxmamaq lazımdır. Çünki komandada irəlidə elə futbolçular var ki, oyunun taleyini hər dəqiqədə həll edə bilərlər. Bu matçda erkən qol, azarkeş dəstəyi çox vacib olacaq. “Neftçi”nin mərhələni keçmək şansı var. Amma komandada gözlər yanmırdı, o qələbə ruhu yox idi. Komanda oyunu görünmədi. Texniki baxımdan ola bilər ki, istədiklərini edə bilmirlər. Ancaq biz “Neftçi”nin oyununu, istəyini görmədik”.
Mütəxəssis “Neftçi”nin futbolçularının bir-birlərini yaxşı başa düşmədiklərini deyib: “Problem odur ki, hücum zamanı bir-birlərini başa düşmürlər. Nəinki hücumda, elə müdafiədə də. Yusuf Laval, Emin Mahmudov, Eddi İsrafilov da heç özlərinə oxşamadılar. İrəlidə 3 yeni futbolçu var. Onların məşqçinin sisteminə uyğunlaşması üçün vaxt lazımdır. Amma çox təəssüf ki, bizim vaxtımız yoxdur. “Neftçi” bu mərhələni keçməsə, böyük bir zərbə alacaq. Amma ümid edirəm ki, “Neftçi” özündə güc tapacaq. “Qarabağ” haqqında inamlı danışırdım, amma “Neftçi”nin mərhələ adlaması öz əlindədir. Biz futbol mütəxəssisləri, azarkeşlər, siz jurnalistlər ancaq onları ruhlandıra bilərik, başqa nəsə edə bilmərik. “Neftçi”nin taleyi öz əlindədir. Erkən vurulan qol və etibarlı müdafiə “Neftçi”nin mərhələ adlamasını təmin edə bilər. Dediyim kimi, futbol proqnozu sevməyən bir oyundur. “Neftçi”nin şanslarını faizlə dəyərləndirsək, durum 60 faizlə rəqibin xeyrinədir. Amma bu 60 faizin “Neftçi”nin tərəfinə çevrilməsi komandanın öz əlindədir. O istək, futbolçuların gözlərindəki qığılcım oyunun əvvəlindən hiss olunmalıdır”.
"Həm oyun, həm fiziki, həm də topa sahib olmaq baxımından “Fehervar” “Qəbələ”ni qabaqlayırdı"
Şahin Diniyev “Qəbələ”nin Macarıstanda 1:4 hesabı ilə uduzduğu “Fehervar”ı qəbul edəcəyi matç barədə də fikirlərini bölüşüb:
“Qəbələ”nin çox gözəl heyəti var. Futbolçu baxımından problem yoxdur. Onların hər biri öz futboluna uyğun, səviyyəli oyunçulardır. Yəni, bu futbolçular məsələni həll etmək gücündədirlər. “Qəbələ”də Avropada sözünü demək bacarığına malik oyunçular çoxdur. Bu, öz yerində. Amma ilk oyunda “Fehervar” “Qəbələ”ni hər bir kompanentdə üstələdi. “Qəbələ” oyununu əks-hücumlar üzərində qurmuşdu. Çünki sürətli futbolçuları var. Amma ikinci hissədə təzyiqə tab gətirə bilmədilər. Bu, ən böyük problemlərdəndir. Təzyiq olanda komanda səhv etməyə başlayır. Səhvin də axırı qoldur. Həm oyun, həm fiziki, həm də topa sahib olmaq baxımından “Fehervar” “Qəbələ”ni qabaqlayırdı. Qalib gəlmək təsadüf deyil. “Qəbələ”nin qol vurması da təsadüf olmadı. Komanda artıq oyunu qurmuşdu. Sadəcə olaraq Macarıstan klubu 2-ci hissədə daha çox təzyiq etdi. Rəqibə bir az yanaşma məsələsi var. İlk hissə motivasiya baxımından “Fehervar”a problem yaratdı. Ancaq ikinci hissədə anladılar ki, qarşılarındakı elə-belə, yüngül komanda deyil. Az güc sərf edib asan qələbə qazanmaq istəyirdilər, amma alınmadı. İkinci hissədə tam başqa bir futbol oynayıb qələbə qazandılar. Amma real yanaşsaq, deyə bilərik ki, “Qəbələ”nin mərhələ adlamaq şansı azdır”.
Diniyev “Qəbələ”nin kapitanı Asif Məmmədovun “Fehervar”la ilk matç zamanı dili qatlanan komanda yoldaşı İlkin Qırtımova ilk tibbi yardım göstərməsini təqdirəlayiq addım kimi qiymətləndirib:
“Mən əvvəlcə İlkin Qırtımova sağlamlıq arzulayıram. Asif Məmmədova isə təşəkkür edirəm. İlkin artıq 21 iyulu yenidən doğulduğu gün kimi qeyd etməlidir. Həmin an çaşqınlıq, özünü itirmək hissi ola bilərdi, amma biz bunu Asifdə görmədik. Deməli, o, həm meydanda, həm də meydandan kənarda əsl kapitan kimi davranan insandır”.
"Gəlin, özümüzü aldatmayaq. “Zirə”..."
Şahin Diniyev “Zirə”nin ilk oyunda böyük hesabla məğlub olduğu (0:3) “Makkabi”ni adlamasının çətin olduğunu deyib:
“Makkabi” çox güclü rəqibdir. “Zirə”nin Avropada təcrübəsiz olmasını da qeyd etmək lazımdır. Oyuna baxsaq deyə bilərik ki, “Zirə” uduzmaya bilərdi. Qolların 3-ü də individual səhvlərdən buraxıldı. “Makkabi” İsraildə TOP klub sayılır. Gəlin, özümüzü aldatmayaq. “Zirə”nin “Makkabi”ni keçmək şansı çox azdır. Bu, möcüzə olar. “Zirə”nin itirəcək heç nəyi yoxdur”.
Nur Zeynalova
“Fənərbaxça” xal itirdi
"Məcbur deyilik ki, hər il çempion olaq" - Qurban Qurbanov
Klubun heç bir futbolçusu 3 qol vurmayıb
"Qarabağ"ın təcrübəsi öz sözünü dedi" - Valdas Dambrauskas
Salahın qolsuzluq seriyası davam edir
“Ona dedim ki, üzr istəmək lazımdır” - Qurban Qurbanov
“Qarabağ”dan əla geridönüş - Video
Baş məşqçi qırmızı vərəqə aldı, apelyasiyaya şikayət etdi
“Tofiq Bəhramov”dakı gərginliyin səbəbi müəyyənləşdi
"Qarabağ" - "Sabah" oyununda qalmaqal - Video
“Qarabağ” - “Sabah”: Möhtəşəm oyun, 6 qol
Finalissima matçı da baş tutmayacaq?
“Turan Tovuz” - “İmişli” matçından - Video
Millimizin üzvü oynadı, komandası qalib gəldi
"Rəqib qapımıza zərbə vura bilmədi” - Kurban Berdiyev
Levandovski sıradan çıxdı
Oruc tutan Yamal 3 qol vurdu - “Barselona” tarixinə düşdü
"Quba"nın futbolçusu mükafatlandırıldı
Osimhen kapitanlıq sarğısını niyə qəbul etməyib?
"Qarabağ" - "Sabah" - Heyətlər
Bu ölkə futbol yarışlarını dayandırdı
2-ci liqada 16-cı tura start verildi
Bəhluldan yeni xəbər
ETOPAZ 14 yaşında
"Turan Tovuz" - "İmişli": Heyətlər açıqlandı
Asiya Çempionlar Liqasının oyunları təxirə salındı
Yamaldan tarixi rekord
İran DÇ-2026-dan çəkilir?
Ronaldo meydanı axsayaraq tərk etdi - Şəkil
Marko Roysla müqavilə uzadıldı
“PFL-in mənə cavabına təəssüflənirəm” - Video
Azərbaycanlı futbolçular Albaniyada üz-üzə gəldilər
Qvardiola: “Dinlərə hörmət edin!”
Renat oynadı, komandası qalib gəldi
Yamalın het-triki, "Barselona"nın qələbəsi - Video
"Qalatasaray" və "Beşiktaş"dan qələbə
Mahir oynadı, komandası uduzdu
"O, döyüşçü xarakterli oyunçudur"
Flikdən "Barselona"da 100-cü oyun
Haaland start heyətdə yer almadı
Yamal ilk her-trikini etdi, rekorda imza atdı
"Liverpul" 7 qollu matçda qalib gəldi