Müşviq Hüseynov: “Qarabağ”la bağlı qəbul etdiyim heç bir qərara peşman olmamışam»

Müşviq Hüseynov: “Qarabağ”la bağlı qəbul etdiyim heç bir qərara peşman olmamışam»
MÜSAHİBƏ 11 Fevral 2009 / 16:40 8101
-  A +

Azərbaycan çempionatlarının ən sərrast futbolçularından biri olan, hazırda Ağdamın «Qarabağ» klubunda məşqçi işləyən Müşviq Hüseynov Qol.Az saytına müsahibə verib.

- Gəlin, əvvəlcə premyer-liqanın ilk dövrəsini dəyərləndirək...
- Əgər hazırda yeddi komanda çempionluq uğrunda mübarizə aparırsa, deməli, əvvəlki illərlə müqayisədə Azərbaycan futbolunda inkişaf var. Maraqlı oyunlar çox oldu. Əvvəllər əsas mübarizə daha çox 2-3 komanda arasında gedirdi.
- Bəs, ümumiləkdə, son illər Azərbaycan futbolu ciddi inkişafa nail olub?
- Məncə, inkişaf var. Çünki müasir futbol çox inkişaf edib. Sürət artıb. Komandalar həm fiziki, həm də texniki hazırlığa xüsusi önəm verirlər. Bizim klublarımızı da bu sıraya aid edərdim. Təbii ki, hamısını yox. Hazırda 4-5 klubumuz var ki, dediyim kriteriyalara uyğun gəlir.
- İndiki dövrlə sizin dövrdə oynanılan futbol arasında hansı fərqlər var?
- Dediyim kimi, indi futbolda sürət xeyli artıb. Texnikalı oyunçular çoxdur. Təbii ki, ən böyük fərq klubların maddi imkanlarındadır. Əvvəllər elə klublar olurdu ki, heç çempionatı başa çatdıra bilmirdilər. Amma indi belə problem yoxdur.
- Azərbaycan futbolunun ən yaralı yeri nədir?
- Ən yaralı yerimiz hücum xətti ilə bağlıdır. Qol vuran futbolçumuz yoxdur. Heç kim son anda son nöqtəni qoya bilmir.
- Bunun səbəbi nədir? Ustalıqları çatmır, yoxsa məsuliyyətləri?
- Ustalıqları. Çünki hücumçu məşqdən əlavə öz üzərində də işləməlidir.
- Yəni, indiki hücumçular bunu etmirlər?
- Belə çıxır. Amma “Qarabağ”da belə deyil.
- Bəs nəyə görə, «Qarabağ»ın milli komandada oynayan hücumçusu Vaqif Cavadov çoxlu qol imkanını sağa-sola xərcləyib. Təsadüfi deyil ki, o hələ milli komandada qol hesabını açmayıb.
- Ola bilsin, təcrübəsi çatmır. Düzələr. Vaqif hələ gəncdir və mən inanıram ki, zaman keçdikcə öz üzərində daha artıq işləməklə bu problemi həll edəcək. 
- Azərbaycan futbolçuları nəyə görə Avropada oynaya bilmirlər?
- Çünki heç kim bunu istəmir. Ona görə cəhd edən də yoxdur. Gördünüz, Rəşad və Ramal buna cəhd etdi, indi Türkiyədə oynayırlar. Sadəcə, futbolçunun özündə bu istək olmalıdır. Bizim istedadlı futbolçularımız var. Konkret “Qarabağ”da çıxış edən Rauf Əliyevi xaricdən istəyən olub. Elə Vaqifin özü də, istəsə Avropaya çıxa bilər.
- Azərbaycanda oynayan legionerlərin səviyyəsi sizi qane edir?
- Əvvəlki illərlə müqayisədə indi gələnlərin səviyyəsi daha yuxarıdır. Məsələn, “Xəzər-Lənkəran”da oynayan İvan Svetkovun adını çəkə bilərəm. Elə həmin klubun şərəfini qoruyan braziliyalı futbolçuları da qeyd edə bilərəm. Onlardan başqa “Bakı”nın orta sahə oyunçusu Ernar Skuliçlə “İnter”də oynayan Valter Quqlemonu səviyyəlu legionerlər adlandırardım. “Qarabağ”da oynayan legionerləri - Sedat Sahini, Nidal Fərhadoviç və Artim Şakiri də qeyd edə bilərəm.
- İndiki “Qarabağ”a peşəkar klub demək olar?
- Əlbəttə. Burada çıxış edən futbolçuların tərbiyyəsi, davranışı və işlərinə məsulliyəti bunu deməyə əsas verir.
- Amma peşəkar klubun şəxsi bazası və stadionu olur ki, “Qarabağ”da bu yoxdur.
- Bu, təkcə “Qarabağ”ın problemi deyil. Birdə ki, klub “Ruslan-93”ü icarəyə götürüb və bura elə bizim bazamız sayılır. Stadionda isə tikinti davam etməkdədir.
- Milli komanda haqqında fikirləriniz də maraqlı olardı.
- Hazırda yeni baş məşqçi millidə cavanlaşdırma siyasəti aparır. Bu isə indiyə yox, gələcəyə hesablanmış plandır. Buna görə də Foqtsun Azərbaycan futboluna fayda verib- vermədiyini gələcək göstərəcək.
- Azərbaycan Premyer Liqasında oynayan hansı klubun oyunu sizə daha xoş təsir bağışlayır?
- “Bakı”nın adını çəkərdim. Baxımlı hücum futboluna üstünlük verirlər.
- Bayaq futbolçularımızın legioner həyatı yaşamaq üçün ölkə xaricinə çıxmaq istəməmələrini qeyd etdin. Amma unutmayaq ki, 1999-cu ildə “Makkabi” ilə İntertoto matçından sonra sənə də analoji təklif gəlmişdi və qəbul etməmişdin.
- Elədir. Elə bir şey olmuşdu. İndi olur da. Həmin vaxt elə məsləhət idi.
- İndi o qərarına görə peşman deyilsız ki?
- Yox. Mən “Qarabağ”la bağlı qəbul etdiyim heç bir qərara görə peşman olmamışam.
- Yaxşı, “Qarabağ”da qalmaqla nə qazandınız? Çoxları hesab edir ki, İsrailə getsəydiz, bəlkə də futbolçu kimi daha çox uğur qazana bilərdin.
- Bəli, bir futbolçu kimi itirdim.  Amma qazancım elə indi burda olmağımdır.
- Azərbaycanın futbol tarixinə düşə bildiniz?
- Bunu statistikaya baxsanız özünüz də görə bilərsiniz. Azərbaycan kuboku yarışlarında ən çox qol vuran futbolçuyam. Ölkə çempionatlarında isə ikinci göstəriciyə malikəm. Bu isə onu göstərir ki, Azərbaycanın futbol tarixinə düşə bilmişəm.
- Səninlə Nazim Əliyev Azərbaycan çempionatlarının ən sərrast bombardirləri olsanız da, milli komandada aparıcı fiqura çevrilə bilmədiniz. Bu nə ilə bağlı idi?
 - Milliyə çağırırdılar, sadəcə, şans vermirdilər. Bu da baş məşqçinin seçimi idi. Bir də bilirsiniz, o vaxt səviyyəli futbolçular da çox idi.
- Karyerasını Azərbaycanda başlayıb Azərbaycanda da qurataran futbolçuya yüksək səviyyəli futbolçu demək olar?
- Azərbaycan miqyasında hə. Amma dünya miqyasında yox.
- Futbolçu karyeran ərzində sizin üçün ən keçilməz müdafiəçi kim olub?
- İqor Getmanı həmişə çətin müdafiəçi saymışam. Azər Məmmədov da mənim üçün çətin keçilən müdafiəçilərdən olub.
- Bəs, sizin üçün hansı qapıçı arzuolunmaz idi?
- Arzuladığım bütün qapıçılara qol vurmuşam.
- Ən yaddaqalan oyununuz hansı olub?
- “Qarabağ”la ilk Azərbaycan kubokunu qazandığımız oyun. Finalda Sabirabadın “İnşaatçı” komandası ilə oynayırdıq. Matç indiki Tofiq Bəhramov adına respublika stadionunda oynanılırdı. Görüşün əsas vaxtı heç-heçə qurtardı və əlavə vaxt oynamalı olduq. 97-ci dəqiqədə isə mənim vurduğum qol “Qarabağ”a ilk kuboku qazandırdı. Həmin oyundakı anlar indi də gözümün önündən getmir.
- Bəs, ən yadda qalan qolunuzu xatırlayırsız?
- Təkcə çempionatda 120-ə yaxın qol vurmuşam. Yaxşı qollarım çox olub, amma konkret olaraq hansınısa qeyd etməkdə çətinlik çəkirəm.

 

Daha çox


Son xəbərlər