“Bizim məşqçilərin hazırladığı futbolçular heç bir işə yaramır” – Yaşar Seyidov

“Bizim məşqçilərin hazırladığı futbolçular heç bir işə yaramır” – Yaşar Seyidov
MÜSAHİBƏ 4 Aprel 2022 / 15:00 3479
-  A +

Artıq bir neçə ildir fəaliyyətini dayandıran “Bakı” klubunun vitse-prezidenti olmuş Yaşar Seyidov Qol.az saytına geniş müsahibə verib. Müsahibənin birinci hissəsini təqdim edirik.

- Yaşar müəllim, uzun müddətdir ki, mətbuatda görünmürsünüz. Nə işlə məşğulsunuz, futboldan kənardasınız? 

- “Bakı” klubu dağılandan sonra biz fikirləşdik ki, çətinliklə də olsa, akademiyanın aşağı yaş qruplarından ibarət komandalarına dəstək olaq. Ona görə də sosial layihə kimi yeni akademiya yaratdıq. Bakı ətrafında, Xırdalanda heç bir idman infrastrukturu, stadion yoxdur. Biz burada əhalinin imkansız təbəqəsindən və çətin tərbiyə olunan uşaqları cəlb etdik. Hazırda Abşeron Olimpiya Kompleksində 100-120 uşaq futbolun sirlərini öyrənir. Qarşıya məqsəd qoymamışdıq ki, bu uşaqların hamısı futbolçu olacaq. Amma artıq onların arasından 40-a yaxın yetirməmizi Premyer Liqada və birinci divizionda oynayan klublara verə bilmişik. Dediyim kimi, bu, bir sosial layihədir. Biz oxumaqda çətinlik çəkən uşaqları buraya cəlb etmişik ki, onları pis vərdişlərdən, narkomaniyadan uzaqlaşdıra bilək. Dövlətin yükünü bir az azaldırıq.  Akademiyamızın həm U-17, həm də U-16 komandası AFFA-nın bayrağı altında təşkil olunan çempionatda mübarizə aparır. Həm də bizim uşaqlarımız Region Liqasındakı klublarda oynayırlar. Bu il U-19 komandamızı həmin çempionatın şimal zonasında oynatdıq. 

-    AFFA ilə əlaqələriniz varmı? 

- AFFA-nın təşkil etdiyi çempionatlarda oynadığımıza görə turnirlə bağlı əlaqələrimiz olur. 

-    Keçmiş “Bakı” klubunun rəhbəri Hafiz Məmmədov ilə münasibətiniz necədir? Ümumiyyətlə, keçmiş rəhbərlik nə işlə məşğuldur? 

-    “Bakı” klubu fəaliyyətini dayandırandan sonra biz bazanı təhvil verdik, oradan kənarlaşdıq. Ondan sonra artıq Abşeron Olimpiya Kompleksinə köçdük. Burada icarə əsasında fəaliyyət göstəririk. “Bakı” klubunun təlim-məşq bazası yoxdur, akademiya kimi də fəaliyyətini dayandırıb. 

-    Bir mütəxəssis kimi, sizin də Azərbaycan futbolunun hazırkı durumu haqqında fikirlərinizi öyrənmək istəyərdik.

- Mənə müraciət etdiyinizə görə təşəkkür edirəm. Bu gün milli komandamızın uğursuz çıxışı hamımızı məyus edir. Tək mən yox, bütün futbolsevərlər istəyirlər ki, yığmamız daha yaxşı oynasın, Avropa və dünya çempionatının seçmə mərhələlərində uğurlu çıxış etsin. Amma bu gün durum ürəkaçan deyil. 2005-ci ildə Futbolun İnkişafına dair Dövlət Proqramı qəbul edilmişdi. Bununla əlaqədar böyük işlər görüldü, klublar akademiyalar inşa etməyə başladı. O cümlədən də “Bakı” və “Qəbələ”. Premyer Liqada komandaların mübarizəsi, rəqabəti də güclənmişdi. Həm də milli komandalarımız əzmli idi. Amma o proqramdan sonra sanki işlər dayandı. Mən belə fikirləşirəm ki, yeni bir dövlət proqramının qəbul olunmasına ehtiyac var. Bu gün sponsorları futbola cəlb etmək çox çətindir. Açıq danışaq, SOCAR-ın dəstəyi ilə Premyer Liqada oynayan komandalar var. Amma tək dövlət dəstəyinə görə yox, ayrı-ayrı şirkətlərin sponsorluğa cəlb olunması üçün onlara müəyyən stimullaşdırıcı şərait yaradılmalıdır. Yəni qonşu ölkələrin təcrübəsindən istifadə olunmalıdır. Bizə ən yaxın ölkə Türkiyədir. Orada qəbul olunan dövlət proqramına baxıb, buna uyğun şəkildə işlər görməliyik. Biz hamımız problemləri görürük və qabardırıq. Amma bunların həll olunması üçün dövlətin dəstəyinə çox ehtiyacımız var. Dövlət proqramında regionlarda internat tipli akademiyaların qurulması əsas tutulmalıdır. Bu gün əsas problemimiz odur ki, artıq futbolçu nəsli yetişmir, yoxdur. Hazırkı ən yaxşı, üzdə olan bütün oyunçular milli komandalara cəlb olunub. Lakin nəticə yenə də pisdir. 

- Milli komandaların heyətinə baxanda da görürük ki, futbolçuların çoxu milliləşdirilmiş legionerlərdir. 

- Düzdür. Millidə legioner həyatı yaşayan yerli futbolçularımız da çox deyil. Bir Namik Ələskərov var, bir də Mahir Emreli. Yəni,xarici klublarda oynayan elə çox futbolçularımız da yoxdur ki, deyək, filankəs kənarda qaldı. Ən çox 1-2 oyunçu ola bilər. Amma ümumilikdə götürəndə hamı yığmaya dəvət alır. Fakt odur ki, futbolçu yoxdur, qıtlıqdır. Ona görə də yeni bir dövlət proqramı, sistemi qəbul olunmalıdır. Bu uşaqları yetişdirmək üçün yerli mütəxəssislərimiz hazırlanmalıdır. Uşaq futbolu ilə məşğul olan, müasir dövrə uyğunlaşan mütəxəssislərimiz də yoxdur. Mən heç kimin haqqına girmək istəmirəm. Amma bunu deməliyəm ki, biz mütəxəssislər hazırlaya bilməmişik. Uşaq futbolu ilə çox ciddi məşğul olmaq lazımdır. Azərbaycanlı məşqçilər uzunmüddətli təcrübə keçməsi üçün xarici klublara göndərilməlidir. Açıq şəkildə etiraf edək, indiki durumda bizim məşqçilərimizin hazırladığı futbolçular heç bir işə yaramır. Pis-yaxşı stadionlarımız düzəlib. Maddi-texniki baza yaradılıb. Əvvəlki vaxta nisbətən infrastruktur cəhətdən xeyli müsbət dəyişikliklər görürük. Bəs, bu bazalarda futbolçu hazırlaya biləcək məşqçilər varmı? Yerli futbolçularımız zəif çıxış edirsə, deməli, onların hazırlanmasında problem var. 

-    Yeni dövlət proqramına ehtiyac olduğunu dediniz. Məgər dövlət proqramı başa çatan kimi futbolumuz çökməlidir? Demək ki, əvvəlki proqrama düzgün əməl olunmayıb. Olunsaydı, həmin proqramın bəhrəsini illər ərzində görərdik.

-    O vaxt dövlət proqramı qəbul olunanda mən də iştirak etmişdim, təkliflər irəli sürmüşdüm. Proqramın icrası zamanı qarşıya qoyulan əsas məqsədlər bunlar idi ki, futbol infrastrukturu və maddi-texniki baza gücləndirilsin, futbol mütəxəssisləri hazırlansın, sistem təkmilləşdirilsin. Yəni uşaq futbolu məktəbləri şəbəkəsini inkişaf etdirib, xüsusi istedadı olan uşaqlar üçün internat məktəbləri yaradılmalı, maarifçilik, təbliğat işləri aparılmalı idi. Avropanın və dünyanın qabaqcıl texnologiyalarını tətbiq etməklə futbolu Azərbaycanda inkişaf etdirmək lazım idi. Sizin sözünüzdə həqiqət var ki, bu məqsədlərdən biz kifayət qədər istifadə edə bilmədik. Ona görə də yeni dövlət proqramı hazırlanmalı, mövcud olan bazalar müasir standartlara uyğun təkmilləşdirilməlidir. Əvvəl proqramın planında məktəblərdə də futbolun inkişaf etdirilməsi var idi. Amma məsələ ondadır ki, bis əsas nəticəni insanların futbola marağının artmasında görməli idik. Buna na nail olduq. Məktəblərdə, təhsil müəssisələrində futbolla məşğul olan uşaqların sayının artması da kifayət qədərdir. Amma regionlarda futbolla ixtisaslaşdırılmış internat məktəbləri yaradılmadı. Bölgələrdə futbolla bağlı iş yerləri açılmalı, mütəxəssislər cəlb olunmalıdır. Baxın, görün nə qədər işsiz futbol veteranlarımız var. Onlar öz bilik və bacarıqları ilə fayda verə bilərlər. Ən əsas isə benyəlxalq arenada ölkəmizi təmsil etməyə layiq olan peşəkar futbolçular hazırlamaq lazımdır. Bu cəhətdən biz irəliləyişə nail ola bilməmişik. AFFA A, B, C kateqoriyalı mütəxəssislər hazırlayır. Amma məncə, onlar xarici ölkələrdəki böyük klubların akademiyalarında təcrübə keçməlidirlər. Biz “Bakı”da“Atetiko” ilə əməkdaşlıq proqramı hazırlanmışdıq. O klubun məşqçiləri bura gələndən sonra nə qədər uşaqlar üzə çıxdı. Biz onları kənardan dəvət etmişik, düzdür? Mahir Emreli kimi bir neçə oyunçu həmin proqram çərçivəsində “Atetiko”da, “Lans”da təcrübə keçdi. Bu gün özümüz özümüzü aldatmamalıyıq. Xarici klubların mütəxəssisləri gəlib bizim məşqləri görəndə deyirdilər ki, bu düzgün deyil, uşaqları belə hazırlaşdırmaq olmaz. Biz isə əlimizdə olan imkanlarla məşq keçirdik. Bizim məşq proqramlarımız heç bir işə yaramır. Türkiyədən, Fransadan, İspaniyadan məşqçilər gələndən, proqram yaradılandan sonra yavaş-yavaş futbolçular üzə çıxmağa başladı. Ona görə də bu gün yeni dövlət proqramında xüsusi bir bənd olmalıdır ki, Premyer Liqadakı klublarımızın uşaq futbolu ilə məşğul olan bir neçə məşqçisi xarici klublarda təcrübə keçsin. İkinci tərəfdən də axı, bunun üçün maliyyə vəsaiti olmalıdır. 

Regionlarımızda heç kim futbola baxmaq istəmir. Sponsorların cəlb olunması üçün kredit şərtləri ilə stimullaşdırıcı addımlar atılmalıdır. Bunlar hamısı rəsmi şəkildə olmalıdır. Bu boyda Azərbaycanda bir iş adamı belə futbola vəsait ayırmaq istəmir. Gəncə, Tovuz, Lənkəran, Qusardakı stadionlar pis gündədir. Əvvəllər Quba, Qusar, Xaçmaz bölgələrindən çoxlu futbolçu çıxırdı. Amma indi orada bir dənə də olsun normal stadion yoxdur. 

Ardı var... 

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər