"Altı dəfə meydana çıxmaq üçün Azərbaycanda oynamaq düzgün deyil" - Ramil Şeydayev

"Altı dəfə meydana çıxmaq üçün Azərbaycanda oynamaq düzgün deyil" - Ramil Şeydayev
MÜSAHİBƏ 17 Yanvar 2019 / 16:30 6778
-  A +

Milli komandamız və "Krılya Sovetov" klubunun hücumçusu Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, 22 yaşlı futbolçu maraqlı fikirlər səsləndirib.

- Noyabr ayı, “Krılya Sovetov” Moskvada “Spartak”la oyunda hesabda öndədir. Ötürmə edirsən, rəqib öz cərimə meydançasında əllə oynayır, amma hakim penalti təyin etmir. Həmin an nə hiss etdin?
 
- Əvvəl çox hirsləndim. Sonra isə özümü günahlandırdım. Çünki artıq epizod olub-qurtarmışdı. O barədə çox düşünməməyə çalışmaq lazım idi. Hakimlər də oyunçular kimi səhvlər edə bilər.

- Sonra isə şaxtaya görə komandanız “Orenburq”la oynamadı...

- Bu, həm komandalar, həm də azarkeşlər üçün doğru qərar idi. Kimsə deyə bilər ki, insanlar şaxtada oynayırlar, eybi yox, amma bu, Premyer Liqa səviyyəsində oyun olmayacaqdı. 16-17 yaşım olanda bütün qışı Sankt-Peterburq çempionatında oynayırdım. Mənfi 15-20 dərəcədə sabit olaraq meydana çıxırdıq. Ayağımızda da paket.

- Nə paketi?

- Çox sadə. Ayağımıza corablardan uzun paketlər keçirirdik və bu, isti saxlayırdı. Məşqçi bunu necə etməli olduğumuzu öyrətmişdi və bunun həqiqətən köməyi olurdu. Bunsuz mümkün deyildi.

- Sən idmançı ailəsindənsən?

- Atam gənc yaşlarında Azərbaycanda futbol oynayıb, sonra hərbi xidmətə yollanıb. Ordudan qayıtdıqdan sonra isə oynamayıb. Əlbəttə, onun futbolçu olduğunu söyləmək olmaz. Mən isə bütün oğlanlar kimi həyətdə oynayırdım. Yəqin, hamı belə başlayıb. Sonra isə atam məni məşqə yazdırdı. Əvvəlcə elə də güclü olmayan bir komandada oynadım. 9 yaşımda “Zenit”in akademiyasına seçildim və əvəzedici komandaya yüksələnə kimi orada oynadım.

- 20 yaşında ölkə xaricinə yollanmağa qərar verdiniz. Hələlik bu, rusiyalı gənc futbolçular üçün nadir hadisədir. Hər şey necə baş verdi?

- Türkiyənin “Trabzonspor” klubundan təklif aldım. İndi bu barədə düşünəndə, elə də yaxşı qərar olmadığını deyə bilərəm. Halbuki həmin vaxt əminliklə bu addımı atmışdım. Qərarıma görə peşman deyiləm. Yaşadıqlarım mənim üçün yaxşı təcrübə oldu. Asan deyildi. Orada çox az oynayırdım. Sonra ayrılmalı oldu.

- Türkiyədə futbol nə deməkdir?

- Həyatın böyük bir hissəsi. İlk növbədə bu, azarkeşlərə belə görünür. Rusiya və Türkiyənin top-klublarını müqayisə etsək, hər birinin təxminən eyni sayda tamaşaçı auditoriyasına sahib olduğunu demək olar. Ancaq orta səviyyəli komandaları götürsək, bizdə stadiona 5 min adam gəlirsə, onlarda 20 min azarkeş olur. Türkiyədə futbolu çox sevirlər. Fanatlar mahnı oxuyur, qışqırır, fişəng yandırırlar. Hətta məğlubiyyətdən sonra kiməsə xəsarət də yetirə bilərlər. Xoşbətlikdən mən belə halla üzləşmədim. Amma sən həmin ajiotajı hiss edirsən. Stadiona o qədər insan gələndə oynamaq sənin üçün də xoş olur.

- Türkiyədən sonra isə Slovakiyaya getdin...

- “Trabzonspor”da az oynayırdım, ona görə icarəyə getdim. Slovakiyada çempionatın səviyyəsi Türkiyə ilə müqayisədə çox aşağıdır. Buna baxmayaraq, bu cür ölkələrdən İtaliya, İspaniya və İngiltərəyə xeyli futbolçu gedir. Mənim də əsas hədəfim bu idi. “Jilina”da mənə maraqlı idi, orada oynayır, qollar vururdum. Çempion olub, Çempionlar Liqasında oynamaq hüququ qazandıq. Amma 3-cü təsnifat mərhələsində “Kopenhagen”ə uduzduq. Bu uğursuzluqdan sonra komandada dəyişikliklər baş verdi və mən də getməli oldum. Ehtiyatda oturmaq yox, oynamaq istəyirdim. Ona görə yenidən icarəyə getdim. Bu dəfə Azərbaycana, “Qarabağ” komandasına. Həmin vaxt onlar da Çempionlar Liqasında mübarizə aparırdılar. Yaxşı vaxtlar idi.

- Çempionlar Liqasının himninin sədaları altında meydana çıxanda nə hiss edirsən?

- Bu, hər bir futbolçunun arzusudur. Özünü çox əla hiss edirsən. Azərbaycanın komandası ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oynayırdı. Ajiotaj var idi. “Qarabağ” vəsiqəni özü üçün təmin edəndə insanlar bunu qeyd etmək üçün küçələrə axışdılar. Oyunlarımızı Bakı Olimpiya Stadionunda keçirirdik. 65 minlik arena hər oyunda dolurdu. Çox yaxşı rəqiblərlə eyni qrupa düşmüşdük: “Çelsi”, “Roma” və Avropa Liqasının gələcək qalibi “Atletiko”. Onlara qarşı oynamaq əla idi. Özümü göstərmək istəyirdim. Deyə bilərəm ki, komandamızın debütü pis alınmadı. Bu cür təcrübə qazandığım üçün çox xoşbəxtəm.

- Futbolçu üçün hansı daha yaxşıdır: Azərbaycan çempionatı və Çempionlar Liqasında oynamaq, yoxsa Rusiya Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan komandada çıxış etmək?

- Rusiyada. Azərbaycanda futbol hələ o səviyyəyə çatmayıb. Mövsüm ərzində 6 matça görə oynamaq doğru deyil. Artım yoxdur.

- “Qarabağ”dan “Krılya”ya keçidiniz necə alındı?

- Mən bütün ömrümü Rusiyada keçirmişəm, “Krılya Sovetov”u tanıyırdım. Ona görə də təklif gələndə heç fikirləşmədim. Rusiyaya qayıtmaq istəyirdim, qayıtdım. Başa düşürdüm ki, komanda Premyer Liqaya yenicə yüksəlib, ancaq açığı, turnir cədvəlinin aşağı pillələrinə düşəcəyini gözləmirdim. Biz bu yerdə olmalı deyilik. Son turlarda hamı gördü ki, hətta yaxşı oyun belə hər zaman komandaya kömək etmir. Daha da artırmaq lazımdır. Mövsümün ikinci hissəsində mütləq yuxarı sıralara qalxacağıq. Belə oynayıb uduzmaq olmaz. Komandamızın çıxışı xoşuma gəlir. Düşünürəm ki, tezliklə qələbələr qazanmağa başlayacağıq.

- İlk vaxtlar nadir hallarda heyətə düşürdün. Niyə?

- Yeni gəldiyin komandada heç kim sənə dərhal əsas heyətə düşəcəyinlə bağlı zəmanət vermir. Məşq etdim, çox işlədim, hər oyuna hazır oldum. Uzun müddət meydana çıxmasam da, ümidsizliyə qapılmadım, öz üzərimdə işlədim. Əlimə şans düşəndə isə özümü bir az göstərdim və deyəsən, məndə alındı.

- Azərbaycan millisinə də dəvət alırsan. Sənə görə, bu komandanın perspektivi necədir?

- Əlbəttə, Azərbaycanda futbol hələ inkişafdadır. İrəliləyiş var, amma doğru istiqamətə yönləndirilməlidir. Hamı bilir ki, hər şeyə uşaq futbolundan başlamaq lazımdır. Bunsuz mümkün deyil. Bütün strukturu inkişaf etmirmək lazımdır. Düşünürəm ki, tezliklə Azərbaycanda güclü futbolçular yetişəcək. Hə, bizim indiki yığma da daha yaxşı çıxış edə bilər. Əsas özünəinamdır. Axı digər yığmalarda da bizim kimi insanlar oynayırlar. Hamı üçün ən yaxşı nümunə İslandiya millisidir. Onlar bütün dünyaya göstərdilər ki, elə də güclü olmayan futbolçularda yaxşı komanda düzəldib, ən yaxşı yığmalarla mübarizə aparmaq və dünya, Avropa çempionatlarına çıxmaq olar.

- Azərbaycan AÇ-2020-nin seçmə mərhələsində hansı rəqiblərlə qarşılaşacaq?

- Qrupumuzda Xorvatiya, Uels, Macarıstan və Slovakiya kimi komandalar var. Uels və Xorvatiya yığmaları ilə üz-üzə gəlməyi çox istəyirəm. Dünya səviyyəli komandalardır. Bu cür yığmalarla oyunlarda nəyə qadir olduğumuzu görmək maraqlıdır.

- Ancaq bu gün Azərbaycan millisinin hücum xəttində ciddi rəqabət var. Son oyunlarda ehtiyatda oturmusan...

- Hər bir komandada rəqabət olur, bu, normaldır. Ruhdan düşmək lazım deyil. Çalışmağa davam etməliyəm. Çünki istənilən an hər şey dəyişə bilər. Hər şey klubumda necə oynamağımdan asılıdır. Axı, millinin məşqçilərinə hazır futbolçular lazımdır.

- Nəyə görə vətəndaşlığını dəyişməyə qərar verdin? Məhz bu səbəbdən indi Rusiya Premyer Liqasında legioner hesab olunursan.

- Bunu başa düşürdüm. Amma istənilən halda Premyer Liqa komandasında əsas heyət uğrunda mübarizə aparmaq lazımdır. Bunun üçün legioner olub-olmamağının heç bir fərqi yoxdur. Bu, təbii seçimdir: kim güclüdürsə, o da oynayır.

- Bəs daxilən necə, özünü rus, yoxsa azərbaycanlı kimi hiss edirsən?

- Atam və babam kimi azərbaycanlı. Ümumiyyətlə, mən Rusiya azərbaycanlısıyam. Həmişə özümü bu cür hiss etmişəm. Hətta Azərbaycan millisində oynamamışdan öncə də. Dili bilirəm, amma elə də mükəmməl deyil.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır