Sxadadze, yoxsa Qurbanov və ya yubilyarın yubileyinə sözardı

Sxadadze, yoxsa Qurbanov və ya yubilyarın yubileyinə sözardı
XƏBƏR 17 May 2012 / 15:40 4565
-  A +

Bir həftə olar ki, Azərbaycanın 20-ci, yəni, yubiley futbol çempionatı başa çatıb. Məlum olduğu kimi, “Neftçi” ard-arda ikinci dəfə çempion adını qazandı. Bəs görəsən, yubiley çempionat necə keçdi, nə ilə yadda qaldı? Bu haqda istər mətbuatda, istərsə də futbol ictimaiyyəti arasında müxtəlif fikirlərə rast gəldim. Hər kəsin fikrinə hörmətlə yanaşaraq, özümün bəzi fikrlərimi də sizinlə bölüşmək istədim.

"Altılıq" sistemi

İlk gündən “altılıq” sisteminin əleyhinə olmuşam. Səbəb də çox sadədir: bu sistem mənə görə çox yararsızdı. Fikrimi də əsaslandırmışam ki, yaxşı  sistem olsaydı, inkişaf etmiş futbol ölkələri bundan istifadə edərdi. Həmişə 16 ya da 18 komandalı, ikidövrəli sistemin tərəfdarı olmuşam.  Ancaq təəssüflə qeyd etməliyəm ki, bu gün Peşəkar Futbol Liqası (PFL) məcburiyyətdən bu formata müraciət edir.  Çünki bu qurumun prezidenti Ramin Musayev də şəxsən mənimlə söhbətində 16 komandalı, ikidövrəli çempionatın tərəfdarı olduğunu bildirib. Lakin çempionatda oynamaq istəyən yoxdur.  Hazırkı  12 komandanı da güclə saxlayırlar. “Altılıq” sisteminin gərgin mübarizəyə zəmin yaratması fikrini də kökündən yalnış hesab edirəm. Birincisi, “altılıq” mərhələsi start götürən andan çempionat avtomatik 6 komandanın mübarizə meydanına çevrilir. Çünki ikinci “altılığ”a maraq olmur. İkincisi, iki mövsümdür ki, çempion sona 3 tur qalmış  məlum olur. 2004-05 mövsümündən bu yana hələ bu cür hal yaşanmayıb. Əgər sona 3 tur qalmış çempionun adı məlum olursa, hansı mübarizədən söhbət gedə bilər? Hazırda növbəti mövsümün hansı formatda keçiriləcəyi də dəqiqləşməyib. Çünki I Divizion komandalarından heç kimin lisenziya ala bilməməsi PFL-i də çətin vəziyyətdə qoyub. PFL-dən söz düşmüşkən, bu qurumun fəaliyyətindəki müsbət dəyişiklikləri də qeyd etməmək ədalətsizlik olardı.  Çempionat oyunlarına kameraların göndərilməsi, hakimlərin mühafizəçilərlə təmin olunması, qurumun saytının yenilənməsi və daha operativ işləməsi xüsusi vurğulana bilər. Təbii ki, nöqsanlar da var və bunları da zaman zaman qeyd edirik. Amma şəxsən mənim fikrimcə, nə qədər tənqid obyekti olsa da, Ramin Musayevi elə ən çox çalışan kadr kimi qeyd etmək lazımdır.

Bu qədər tənqid olmaz

Yazının girişində qeyd etdiyim kimi, çempion adını yenə “Neftçi” qazandı. Bu komanda ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. İkinci pillənin sahibi “Xəzər Lənkəran”la üçüncü pillənin sahibi “İnter”, eləcə də, ölkə kubokunun finalçısı “Bakı” Avropa Liqasında çıxış edəcəklər. Ardıcıl olaraq, 3 il ölkəmizi Avropada uğurla təmsil edən “Qarabağ” mövsümü dördüncü pillədə başa vuraraq, avrokuboklardan kənar qaldı. Açığı, Ağdam klubunun avrokuboklardan kənar qalmasının bu qədər tənqid olunmasını başa düşmürəm. Təbii ki, ən azından ad baxımından “Qarabağ”ın Avropada oynamasını hamımız istərdik. Ancaq bu il alınmayıbsa, buna görə komandanı və onun baş məşqçisi Qurban Qurbanovu bu qədər tənqid atəşinə tutmaq nəyə lazımdı? Məgər “Qarabağ”ın hər il avrokuboklara yollanması hardasa qanun şəklində yazılıb? Harda görünüb ki, bir komanda hər il avrokuboklara getsin? Bu, təbii bir şeydir. Bu il bir komanda gedər, gələn il başqa komanda onu əvəz edə bilər. Düzdür, səhvlər oldu və mən də bunu etiraf edirəm. Heyət yetərincə kasad idi. Mən demirəm ki, “Xəzər Lənkəran” kimi 6 aya iki heyət dəyişmək lazımdır. Ancaq heç olmasa, əlavə 2-3 futbolçu alınmalıydı. Bundan başqa, “Xəzər Lənkəran”ın hesabından 6 xal silinəndən sonra Ağdam futbolçularının arxayınlaşması, oyunlara məsuliyyətsiz çıxıb xal itirmələrini də unutmaq olmaz. Ən əsası, əgər çempionatı sonuncu pillədə başa vurub I Diviziona yollanan “Sumqayıt” “Qarabağ”dan 4 xal alıbsa, bunun da günahı  futbolçulardadır. O ki qaldı Qurban Qurbanova, çox qəribədir,  bu insan “Qarabağ”ı Avropada tanıdanda yaxşı idi, bir mövsüm uğursuzluğa düçar olan kimi pis məşqçi oldu? Bəzi dostlarım müzakirələr zamanı “İnter”in Avropa Liqasına daha layiq olduğunu söyləyəndə bununla razılaşmadım. Əgər “İnter” mövsüm ərzində “Qarabağ”ı məğlub etmək bir yana, heç onun qapısından top keçirə bilməyibsə, hansı layiqlikdən danışmaq olar? “Pley-off”u demirəm, Sxadadze Avropa Liqasında heç olmasa bir mərhələ keçsin, sonra Qurbanovla müqayisə şansı qazansın. Şəxsən mənim üçün Azərbaycan çempionu adını qazanmaq böyük uğur deyil. Keçən il “Neftçi” bu adı qazandı, “Qarabağ” isə 3-cü pilləni tutdu. Amma bu günə kimi hamı kimin haqqında danışır? Məncə, hər şey aydındır. Bu il “Qarabağ”Avropada yoxdur. Görək digər klublarımız hansı nəticəni göstərəcək.


“Qəbələ”: hər şey əla, amma...

 “Qəbələ”nin yenə imkanlarından aşağı çıxış etdiyi və ümidləri doğrultmadığını demək olar. Bu klubun rəhbərliyi futbolçular üçün ən super şəraiti yaradıblar. Elə akademiyanın inşaası, aşağı yaş qruplarındakı komandaların çıxışları bunu deməyə əsas verir. “Neftçi” ilə son matçda Amil Yunanovun  fərqlənməsi də bünövrənin düzgün qoyulduğunun göstəricisidir. Məncə, bu komandada yeganə problem baş məşqçi seçiminin düzgün aparılmamasıdır. Toni Adams mənə görə düzgün seçim deyildi. Heç Fatih Kavlakı da “Qəbələ”nin iddialarını qarşılayacaq səviyyədə məşqçi saymıram. Bu mənim şəxsi fikrimdir, kimsə razılaşmaya bilər. Mən “Qəbələ”nin Kavlakla uğur qazanacağına inanmıram. Hər halda, zaman səhv, yaxud, düz dediyimi göstərəcək.

Kimdir AFFA-nın "övladı"?

Yarandığı gündən “Sumqayıt”ı AFFA-nın "övladı" adlandırırlar. Ancaq şəxsən mən federasiyadan Sumqayıt təmsilçisinə qarşı atalıq qayğısı görmədim. Lazım olsa, statistik göstəriciləri də ortaya qoya bilərəm. “İnter”lə oyunda sayılmayan təmiz qol, “Qəbələ” və “Rəvan”la oyunlarda qayda pozuntusundan sonra vurulan qollar, “Turan”la Sumqayıtdakı oyunda haqlı olaraq verilməyən, Tovuzda isə haqsız olaraq təyin olunan penaltilər...  Ancaq maraqlıdır ki, “Turan”a daha çox qayğı hiss olundu, bu komandanın nazı ilə daha çox oynandı. Nədənsə, çoxları bu haqda düşünmür ki, necə oldu qış fasiləsinə qədər ac-yalavac qalaraq, 11 xal toplayan Tovuz təmsilçisi qış fasiləsindən sonra 14 xal topladı, hesabda hətta 0:2 geri düşdüyü oyunların son dəqiqələrində qollar vurub məğlubiyyətdən qaçdı, ikinci “altılığ”ın son turuna qədər məğlubiyyət üzü görmədi?  İndi də deyirlər ki, AFFA “Sumqayıt”ı elitada saxlamaq üçün “Qaradağ Lökbatan”ı qurban verir. Məntiqlə düşünək, əgər AFFA “Sumqayıt”ı bu qədər çox istəsəydi, heç onun elitadan düşməsinə imkan verməzdi. Uşaq deyilik, hər şeyi gözəl bilirik. Son turda yuxarıdan “Rəvan”a bir kəlmə tapşırıq gəlsəydi ki, oyunu vermək lazımdır, verməzdilər?

Oğul mənimdir əgər...

“Qaradağ Lökbatan”a gəlincə, başa düşmürəm,  komanda lisenziyanın tələblərinə cavab vermədiyi üçün elitaya buraxılmırsa, hansı haqqın yeyilməsindən söhbət gedə bilər? Deyirlər, futbolçuların zəhməti yerə vurulur. Hansı zəhmət yerə vurulur? Futbolçu ilboyu oynayıb, buna görə də məvacib alıb. Bəlkə Qaradağ futbolçuları havayı oynayıb? Bir də başa düşmək lazımdır ki, elitaya çıxmaq hələ orda oynamaq demək deyil. Premyer Liqada oynamaq üçün bazan, stadionun, 12 yaş qrupundan ibarət komandaların, normal büdcən olmalıdır. Həm də lap açıq danışaq, “Qaradağ Lökbatan”ın sponsoru kimdir? Bəs AFFA-nın, PFL-in? Elə isə federasiyanı kimin haqqını tapdamaqda ittiham etmək olar? Məncə, sözü tutan tutdu. Rəhmətlik Sabir demişkən,

oğul mənimdir əgər,
oxutmuram, əl çəkin

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər
13.11.19  20:50

Vengerin yeni iş yeri