"Saşanın günahı yox, səhvi var idi" - Elşad Əhmədov

"Saşanın günahı yox, səhvi var idi" - Elşad Əhmədov
MÜSAHİBƏ 25 Aprel 2019 / 12:10 3087
-  A +

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib. Komandasının çıxışını dəyərləndirən mütəxəssis transfer söz-söhbətlərinə də aydınlıq gətirib.

- Srağagün klubun Müşahidə Şurasının iclası keçirilib. Rəhbərlik komandanın Premyer Liqada debüt mövsümündəki çıxışından razıdır. Bəs siz necə, baş məşqçi olaraq, turnir cədvəlindəki mövqeyinizi, nəticələrinizi qanətbəxş sayırsınız?

- Premyer Liqada debüt etdiyimizi, yeni komanda olduğumuzu nəzərə alsaq, çıxışımızdan razıyam. Amma bəzi oyunlarda boşluqlarımız oldu. Ümumi götürsək, tam razı deyiləm. Sadəcə, debütant komanda üçün hələ ki, qənaətbəxşdir.

- Qış fasiləsindən sonra "Sabah"ın futbolçuları çox qırmızı vərəqə alır. Bu, nə ilə bağlıdır?

- 11 oyuna 6 qırmızı vərəqə almışıq. Amma fikrimcə, onların çoxu düzgün verilməyib. Marko Deviçin aldığı 2 "qırmızı"dan biri ilə razılaşıram, digəri ilə yox. Hər biri simulyasiyaya görə verilib. "Qəbələ" ilə matçda gördüyü "qırmızı" haqlı idi. Amma "Sumqayıt"la oyundakı vərəqə ilə razılaşmıram. Məqsədin "Zirə" ilə görüşdə gördüyü sarı vərəqə doğru deyildi. Mən bunu deməklə hakimliyə irad bildirmirəm. Biri var ki, futbolçu qırmızını bilərəkdən alır, hə, bu halda onu cəzalandırmaq lazımdır. Amma elə şeylər var ki... Məsələn, 90+3 dəqiqədə Kərim Diniyevin kənara vurduğu top özünə qayıdır və o, yenidən topu rəqibə verir, ikinci "sarı"dan qırmızı vərəqə alaraq, meydandan qovulur. Burada nizam-intizamı pozmaq söhbəti yoxdur axı. "Neftçi" ilə oyunda Novruza göstərilən 2 sarı vərəqədən ən azı biri düzgün deyildi. Yazıq yıxılır, hakim penalti, cərimə zərbəsi təyin etmək əvəzinə, sarı vərəqə göstərir. Daha sonra ikinci "sarı"nı verib, meydandan çıxarır. Qırmızı vərəqə qərarlarının çoxundan narazıyam. Yenə deyirəm, bu, hakimliyə irad deyil. Amma intizamsızlıq da deyil.

- Son turda "Neftçi" ilə oyunda Saşa Stamenkoviçin buraxdığı qollar çox müzakirə olundu. Sizcə, qol epizodlarında qapıçınızın günahı var idimi?

- Günah yox, səhvi var idi. "Keşlə" ilə oyunda da səhv etmişdi. Amma ona qədər 10-15 top çıxarmışdı. Elə oyunlar olub ki, məsələn, Qəbələdə komandaya xal qazandırıb. "Qarabağ"la 1:1 oynadığımız matçda bizi bir neçə dəfə qoldan xilas edib. Razıyam, "Neftçi" ilə oyunda ilk qolda səhv etdi. Amma ikinci qolda Namiq zərbəni çox gözəl yerinə yetirdi. Camaat deyir ki, Saşa topa çata bilərdi. Amma çata bilsəydi, elə çıxarardı.

- Növbəti 3 turda "Sabah" özündən aşağıda qərarlaşan komandalar - "Keşlə", "Sumqayıt" və "Zirə" ilə qarşılaşacaq. Rəqiblərinizin hər birinə xal lazımdır. Həmin matçların nəticəsindən asılı olaraq, komandanız aşağı pillələrə də yuvarlana bilər. Qarşıdakı 3 oyundan nə gözləyirsiniz?

- Uşaqlarla söhbətim oldu. Hər üç oyuna ciddi hazırlaşacağıq. Çempionatın sonuna yaxınlaşırıq. Ciddi, məsuliyyətli olmalıyıq. Nəticəni əvvəlcədən deyə bilmərəm. Amma meydana çıxıb, əlimizdən gələni etməliyik. Hamısı çətin oyunlardır. Bu dəqiqə 8 komandanın hər birinə - liderə də, autsayderə də xal lazımdır. Maraqlı çempionat keçir. Fikrimcə, son 3 tur daha gərgin olacaq.

- İntizamsızlığa görə "Sabah"dan kənarlaşdırılan Təmkin Xəlilzadənin aqibəti necə olacaq? Onun cəzası mövsümün sonuna kimidir, yoxsa?..

- Hələ ki, mövsümün sonuna kimi deyilib. Sonrasına rəhbərlik qərar verəcək.

- Belə çıxır ki, yayda "Sabah"dan göndərilə də bilər?

- Yenə deyirəm, bu, rəhbərliyin işidir. Onlar qərar verəcəklər.

- Aydın məsələdir ki, növbəti mövsümdə "Sabah"ın hədəfləri böyüyəcək. Rəhbərliklə bu barədə söhbətiniz, müzakirələriniz olubmu?

- Növbəti mövsüm üçün klubun öz strategiyası var. Bu istiqamətdə iş görülür. Klub rəhbərliyi perspektivli futbolçular axtarır ki, gələcəkdə komandaya xeyir versinlər. Daha çox gənc futbolçularla işləmək istəyirlər. Kimin gələcəyi, kimin qalacağı haqda oturub konkret söhbət etməmişik. Əsas fikrimiz son 3 turda keçirəcəyimiz oyunlara yönəlib. Ondan sonra gələcək planlar haqda tam dəqiq məlumat verə bilərik.

- Son vaxtlar bəzi futbolçuların adı "Sabah"la hallanır. Məsələn, "Neftçi"dən Məhəmməd Mirzəbəyov, "Qəbələ"dən Cavid Hüseynov kimi oyunçuların yayda sizin komandaya keçəcəyi söylənilir. Doğrudan da belə bir şey varmı?

- Dünən başqa adlar da oxumuşam. Mənim üçün də maraqlıdır ki, bu xəbərlər haradan çıxıb. Cavid "Qəbələ"nin futbolçusudur. Qarşıda vacib oyunları var. Heç onunla danışmaq düz olmaz. Elə şeylər yazırlar... Dünən Kirill Petrovun da adını oxudum. Ola bilər, kimlərləsə danışılsın. Amma hazırda konkret bir şey yoxdur.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər