Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!
Sakit Alıyev. Bu ad Azərbaycanın futbol ictimaiyyətinə yaxşı tanışdı. Yaxınları deyir ki, onun haqqında saatlarca danışsan, azdı. Həm futbolçu, həm də insan kimi. Bir vaxtlar çox adam ona həsəd aparardı. Həsəd aparmamaq da mümkün deyildi. Sakit Azərbaycanı avrokuboklarda təmsil edən ilk futbolçularımızdan olub. “Turan” 1994-cü ildə ilk dəfə UEFA kubokunda mübarizə aparanda bu komandanın kapitanı da məhz Alıyev olub. Azərbaycanı avrokuboklara kapitan kimi birinci məhz o çıxarıb. Bundan başqa, “Turan” Azərbaycan futbolunda at oynadanda Sakit bu komandanın ən aparıcı futbolçularından olub. Milli komandaya da ilk dəfə çağrılan futbolçuların sırasında yer alıb. Eyni zamanda doğma rayonuna da bağlı insan olub. Elə buna görədir ki, qısa sürən “Kəpəz” karyerasını saymasaq, bütün futbol həyatını “Turan”a bağlayıb. Futbolçu karyerasını bitirəndən sonra da məşqçi kimi elə bu klubda işləməyə başlayıb. Arzuları böyük idi. İstəyirdi ki, məşqçi kimi də uzun illər Tovuz futboluna xidmət eləsin. Ancaq qismət olmadı. Doğma Tovuz stadionunda, “Turan”nı məşqlərinin biridə qəflətən huşunu itirərək yıxılır. Demək olar ki, elə bununla da Tovuz və Azərbaycan futbolu Sakiti itirir. Başında şiş aşkarlanan Alıyevə epilepsiya diaqnozu qoyulur. Bir neçə il müalicə alır. Çox ümid edirdi ki, yenidən sağalıb sevimli işinə dönəcək. Ancaq qismət olmadı. Keçən ilin elə bu vaxtlarında ölüm onu əlimizdən alıb apardı. İlk anlarda çoxları bu xəbəri qəbul edə bilmirdi. Hələ indi də Sakitin yoxluğu ilə barışmayanlar var. Amma təəssüf ki, onun cismən aramızda olmaması ilə barışmalıyıq. Bəli, vaxtında kömək edə, onun sağalmasına yardımçı ola bilərdik. Lakin bunu layiqincə etmədik. Etmədiyimiz üçün də Sakiti əbədi itirdik. Bu günlərdə isə mərhum futbolçumuzun vəfatının bir ili tamam oldu.
Mərhumun yaxın dostlarından olmuş Fikrət Məmmədov bizimlə söhbətində Sakit Alıyev barəsində xatirələrini bölüşdü və bir təklif də irəli sürdü.
“Turan”ı o yaratmışdı”
Fikrət müəllim söhbətə Sakitlə tanışlıqdan başladı: “Hardasa 1990-cı illərin əvvəlləri idi. Mən də o vaxt Tovuzun Bozalqanlı kəndində bədən tərbiyəsi müəllimi işləyirdim. Tez-tez görürdüm ki, bir cavan oğlan kənd məktəbinin stadionunda məşq edir. Bəzən tək məşq edirdi, bəzən də uşaqları başına yığıb kollektiv məşq edirdi. Sonradan öyrəndim ki, bu oğlan Sakit Alıyevdi. O vaxt Rusiyadan yeni gəlmişdi. Futbolla məşğul olurdu. Bir müddət Tovuzda qalandan sonra qərara almışdı ki, tovuzlu futbolçuları başına toplayıb Tovuzun öz komandasını yaratsın. İstədiyini də etdi. Sakit “Turan”ın yaradıcılarındandı. O vaxt Nizami Sadıqov və başqa bir neçə futbolçu ilə birgə bu komandanı yaratdılar və ilk milli çempionata qatıldılar. Təbii ki, burada Vidadi Əhmədovun dəstəyi də xüsusi rol oynadı. Komandaya Vidadi müəllim sponsorluq edirdi. Komandanın da gözəl nəticələri oldu. İlk illərdə yüksək yerlər tutdular. 1994-cü ildə isə Azərbaycan çempionu olub ölkəmizi ilk dəfə UEFA kubokunda təmsil etmək hüququ qazandılar. Sakit eyni zamanda milli komandaya da dəvət alırdı. Bir sözlə, onunla tanışlığımız da elə o illərdən başladı”.
Fikrət Məmmədov
“Stadionda boş yer tapmaq mümkün deyildi”
Həmsöhbətimiz yeri gəmişkən “Turan”ın o dövrünü də yada salıb həmin günləri gözləri önünə gətirdi. Yaddaşında olanları bizimlə də bölüşdü: “Tovuz futbol rayonudur. Burada hamı futbolu başa düşür və heç kimi aldatmaq mümkün deyil. Uşaqdan tutmuş, ağsaqqala kimi, hamı stadiona gedir. O dövrlər “Turan” çox güclü idi, heyətə güclü futbolçular da cəlb olunmuşdu. Həmin dövr Tovuzda keçirilən oyunlar indi də gözümün önündən getmir. Komandaya azarkeşlər tərəfindən çox böyük dəstək var idi. “Turan”ın ev oyunları zamanı stadionda boş yer tapmaq mümkün deyildi”.
“Ona “Nemes Sakit” deyirdik”
Məmmədova Sakitin insan və futbolçu kimi xarakteri ilə bağlı da sual verdik. Çünki tanıyanlar və oyununu görənlər bilir ki, mərhum meydançada çox aqressiv olub. Fikrət müəllim bunun səbəbini belə izah etdi: “Sakitin çox qəribə xasiyyəti var idi. Biz ona "Nemes Sakit” deyirdik. Çünki dəqiq adam idi. Həmişə haqq-ədalət tərəfdarı idi. Yalanı, riyakarlığı sevmirdi. Həmişə çalışırdı ki, haqla yolu ilə getsin. Məsələn, kənar söhbətlərə heç vaxt getməzdi. Onunla mümkün deyildi ki, gedib oyun alqı-satqısı söhbətini edəsən. Onsuz da bu işlərə qol qoyan deyildi. Meydançadakı çılığınlığı da bundan irəli gəlirdi. Uduzmağı sevmirdi. Həmişə mübarizə aparıb qalib gəlmək istəyirdi. Oyun ərzində müəyyən qalmaqallar, mübahisələr olurdu. Amma həyatda tamam fərqli insan idi. Yenə də prinsipial, haqq-ədalət tərəfdarı idi. Amma aqressiv deyildi. Yardımsevər idi. Çalışırdı ki, ehtiyacı olanlara əl tutsun. “Turan”ın yaxşı vaxtlarında da kənara 5 manat atmadı. Siz təsəvvür edin, bu adam uzun müddət “Turan” kimi komandanın kapitanı olub, milli komandaya dəvət alıb. Amma həyatı boyu cəmi bir maşını olub: Vidadi Əhmədovun dövründə “Turan”dan ona verilən 06”.
“Millidə möhkəmlənə bilməməsinin səbəbləri çox idi”
Məmmədov Sakitin Azərbaycan millisində aparıcı futbolçulardan birinə çevrilə bilməməsinin səbəbini belə izah edib: “Bunun səbəbləri çoxdur. O vaxt millidə rəqabət böyük idi. Ola bilsin rayon komandasında oynamasının da təsiri olub. Bundan başqa, Sakit müdafiəçi idi. Müdafiəçilərin seçimində isə adətən ucaboy olanlara üstünlük verilir. Sakitin isə boyu o qədər də hündür deyildi. Ola bilsin ki, bu amilin də təsiri olsun. Amma bununla belə, milli komandada bir neçə oyun oynamağa imkan tapmışdı”.
“Onun başında uşaqlıqdan zədə var idi”
Fikrət müəllimlə Alıyevin səhhətində yaranan problemə də toxunduq. Həmsöhbətimiz bu zaman bizə elə bir məlumat verdi ki, çətin ki, bu günə kimi bu haqda çox adamın məlumatı olsun. Böyük əksəriyyət Sakitin ölümünü 4-5 il bundan qabaq məşq zamanı huşunu itirərək yerə yıxılmaqla başlayan xəstəlikdə görür. Lakin Fikrət müəllimin sözlərinə görə, mərhum futbolçunun başında çoxdan bəri problem var imiş: “Onun səhhətindəki problemlər bir neçə il bundan qabaqdan başlamışdı. Çox adam ölümünü də bununla bağlayır. Amma mən sizə bir söz deyim ki, Sakitin başında çoxdan problem var idi. Hələ 9-cu sinifdə oxuyanda futbol oynayan zaman komanda yoldaşının butsusunun “şip”i onun başına girmişdi. O “şip”in fəsadları elə o vaxtdan qalmışdı. Sakit futbolu da elə o cür oynamışdı. Sadəcə, o vaxt orqanizm cavan olduğundan buna dözürdü. Hamıya məlumdu ki, yaş ötdükcə, orqanizm də yaşlaşır və ağrıya dözümü azalır. Mən düşünürəm ki, Sakitdə də bu cür oldu. 4-5 il bundan öncə “Turan”ın məşqi zamanı hər kəs görüb ki, Sakit çox sakit dayanıb. Halbuki məşq olsa belə, kiminsə səhvi olan zaman o, özünü saxlaya bilmir və futbolçunun üstünə qışqırırdı. Bu mənada hamı təəccüblü qalıb ki, Sakit niyə 2-3 dəqiqədir, heç kimin üstünə qışqırmır. Elə həmin an anidən də huşunu itirərək yerə yıxılır. Dərhal həkim çağırılır, müayinə olunur və məlum olur ki, epilepsiyadır”.
“10-15 min tapılsaydı, Sakit sağ qalardı”
Həmsöhbətimizin sözlərinə görə, Sakit həyatda qala bilərmiş: “Onu çox yerə müalicəyə apardıq. 3 dəfə İranda oldu. Bir neçə dəfə Tbilisiyə getdi. Eləcə də Rusiyanın Minvod şəhərində oldu. Bilirsiniz, başında şiş var idi. Bəzən şişərək daha da böyüyürdü. Bəzən müalicədən sonra bir az kiçilirdi. Həmin “kista”nı ordan kəsib götürmək mümkün idi. Son anda bildik ki, 10-15 min qarşılığında Kiyevdə əməliyyat olunması mümkündür. Həmin əməliyyatla “kista” tamam götürüləcəkdi və Sakit də yaşayacaqdı. Lakin təəssüf ki, həmin 10-15 mini tapa bilmədik. Belə deyək, Sakit 10-15 minə qurban getdi”.

“Ailəsi çox ağır vəziyyətdə yaşayır”
Fikrət müəllim söhbət zamanı ürəkağrıdıcı məqamlara da toxundu. Onun sözlərinə görə, Alıyevin ailəsinin hazırkı durumu çox ağırdı. Lakin təəssüf ki, onlarla maraqlanan, dəstək göstərən yoxdur: “Mən onun ailəsini çox yaxşı tanıyıram. Az öncə qeyd etdiyim kimi, sağlığında futbol oynayanda kənara pul filan yığmayıb. Əlində olanı ehtiyacı olanlara paylayıb. Ailəsi indi də çox ağır vəziyyətdə dolanır. Uşaqlarının da səhhətində problem var. Qızının müalicəyə ehtiyacı var. Böyük oğlu çəkisinə görə hərbi xidmətə aparılmayıb. Bir ara o tək işləyirdi. Amma onun da səhhətində problem var. Bir sözlə, ailənin heç bir kənar gəliri, dəstəyi yoxdur. Çox ağır vəziyyətdə yaşayırlar. Qeyd etmək istərdim ki, Sakit xəstə olanda keçmiş tələbələrindən Elvin Məmmədov və Vurğun Hüseynov ona mütamadi kömək edirdilər. Rəhmətə gedəndən sonra isə millət vəkili Qənirə xanım Paşayeva ailəsinə dəstək olub”.
“Tovuz stadionuna Sakit Alıyevin adı verilsin”
Həmsöhbətimiz sonda bir istəyini və təklifini də dilə gətirdi. O bildirdi ki, Sakitin adını yaşatmaq üçün Tovuz şəhər stadionuna onun adının verilməsi çox gözəl olardı: “Sakit Tovuz futbolu üçün çox iş görüb. O, bəlkə də vaxtında başqa klublardan, Bakıdan gələn təklifləri qəbul edib getsəydi, daha da çox tanınar, qabağa gedərdi. Lakin bunların heç birini etmədi. Çünki Tovuza bağlı insan idi. Bütün təklifləri geri çevirib Tovuzda oynamağa üstünlük verdi. “Turan”ı da çox sevirdi. Komandanın son zamanlar düşdüyü durum ona çox pis təsir etmişdi. Xüsusilə də komanda I diviziona düşəndə və adı dəyişdiriləndə. “Turan”ın adının dəyişdirilməsini heç cürə qəbul edə bilmirdi. Deyirdi ki, bu necə ola bilər? Biz axı ölməmişik ki, “Turan”ın adını dəyişələr. İnanın ki, komadanın adının dəyişdirilməsindən sonra onun səhhəti daha da pisləşdi. Hətta mən deyərdim ki, bunun 50 faizinin səbəbi elə bu məsələ oldu. Bəlkə də “Turan” adı, Tovuz futbolu yenidən futbol elitamıza qayıtsa, onun da ruhu şad olar. Bundan başqa, mən də, bir qrup tovuzlu da çox istəyirik ki, Tovuz stadionuna da Sakit Alıyevin adı verilsin. Onsuz da hazırda o stadion heç kimin adını daşımır. Elə qoy, Sakitin adını daşısın. Bizdə tanınmış aşıq olub Əkbər Cəfərov. Hazırda rayondakı Mədəniyyət Evi onun adını daşıyır. Hamı da bunu çox yaxşı qəbul edir. Bu mənada stadiona da Sakitin adının verilməsi çox yerinə düşərdi”.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi