“Qarabağ”da mənə az güvənirdilər” – Elvin Məmmədov

“Qarabağ”da mənə az güvənirdilər” – Elvin Məmmədov
ÖLKƏ FUTBOLU 29 Yanvar 2016 / 11:01 6247
-  A +

 “Qarabağ”dan ayrılaraq “Zirə”yə transfer olunan millimizin yarımmüdafiəçisi  Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi 

- Qış transfer pəncərəsinin bağlanmasına az qalmış “Zirə” ilə müqavilə imzaladın. Çempionatın liderini tərk etməyinin əsas səbəb nə oldu?

- Antalyadakı təlim-məşq toplanışından sonra hiss etdim ki, “Qarabağ”da oynamaq şansım az olacaq. Qurban Qurbanova daha çox oynamaq istədiyimi bildirdim. O da mənimlə səmimi söhbət etdi.

- “Qarabağ”ın heyətində az şans tapacağını ilk olaraq Qurban Qurbanov bildirdi, yoxsa özün onunla söhbət etdin?

- Əvvəlcə mən Qurban Qurbanova oynamaq istədiyimi bildirdim. O isə az oynayacağımı dedi. Mən də xahiş etdim ki, köməklik göstərsin, komandadan uzaqlaşım. Çünki mənim 35-40 yaşım yoxdur ki, ehtiyatda qalım. Həm də milli karyeram var. Ona görə daha çox meydanda olmaq istəyirəm. Qurban Qurbanova da təşəkkürümü bildirirəm. Əlindən gələn köməkliyi göstərdi və qarşılıqlı razılaşma ilə “Qarabağ”dan ayrıldım.

- Yəni milli komandadakı yerini itirmək qorxusu da “Zirə”ni seçməyində rol oynadı?

- Bəli, deyə bilərəm sırf bu səbəbdən “Qarabağ”dan ayrıldım.

- “Zirə” ilə bağladığın müqavilənin müddəti 6 aydır. Niyə  belə qısamüddətli?

- Klubla aramdakı razılaşmaya əsasən, yaya kimi müqavilə bağladıq. Bu, hər iki tərəf üçün yaxşı variant idi. Çünki hələ gələcəyimlə bağlı qərarı tam verməmişəm. Yayda müqaviləmi uzada bilərəm.

- Bildiyimizə görə, “Zirə” daha əvvəl də  sənə təklif göndərib.

- “Zirə”dən hələ bir ay bundan öncə təklif almışdım. Amma “Qarabağ”la müqaviləm olduğunu və bu klubda özümü xoşbəxt hiss etdiyimi bildirmişdim.

- Hazırda Azərbaycan futbolunda böhran olduğunu nəzərə alsaq, deyə bilərikmi əvvəlcədən aldığın bu təklif səni az da olsa cəsarətləndirdi?

- Düzdür, bu təklif belə bir addım atmağıma kömək etdi. Çünki futbolçunun təklifi olanda daha ürəkli addım atır. Amma əvvəlcədən də Azərbaycan klublarından təkliflər var idi.  “Zirə”ni seçməkdə məqsədim isə onların məni daha səmimi qarşılaması oldu. Müqavilə şərtləri də məni razı salırdı. Həm də özümü yaxşı tərəfdən göstərmək üçün “Zirə”nin ən yaxşı seçim olduğunu düşündüm.

- “Qarabağ”da səni qane etməyən nə idi?

- Birinci dövrədən heç bir narazılığım yoxdur. Cari mövsüm başlayandan “Qarabağ”ın heyətində 20 oyunda meydana çıxmışam. Amma qış toplanışında hiss etdim ki, “Qarabağ”da mənə az güvənilir. Gələcəkdə isə ümumiyyətlə, heyətdə yer tapa bilməyəcəm. Buna görə də ayrılmaq qərarına gəldim. Həm də öz mövqeyimdə oynamırdım. Qurban Qurbanov məni sırf hücumçu kimi meydana buraxırdı.

- Demək istəyirsən ki, oynadığın klub  “Qarabağ” olsa belə, özünü ehtiyatda qalacaq futbolçu hesab etmirsən?

- Bəli. Mən bunu qəbul etmirəm. “Qarabağ”, “Qəbələ”, yaxud da “İnter”də oynamağın fərqi yoxdur. Əsas odur ki, yaxşı futbolçu kimi ad qazanasan. Meydanda olmadınsa, bunun heç bir əhəmiyyəti yoxdur. Biz tez inciyən millətik. Mənim də belə bir xasiyyətim var ki, 3-4 oyun oynamadımsa, psixoloji cəhətdən mənə pis təsir edir.

Yəni “Qarabağ”dan  inciyib ayrıldın?

- Yox, heç bir problem yoxdur. Sadəcə, Azərbaycan çempionatı elədir ki, gərək formada qalmaq üçün fasiləsiz oynayasan. Mənim də oynamaq istəyim olduğu üçün “Zirə”ni seçdim.

- Ümumiyyətlə, 6 aylıq “Qarabağ” karyeranı necə dəyərləndirirsən?

- Böyük uğur qazandım deyə bilmərəm. Çempionat oyunlarında əsas heyətdə meydana çıxdım. Avroliqa oyunlarında da əvəzlənmədən meydana çıxmaq şansı qazandım. “Qarabağ”dakı budəfəki karyeram nə pis, nə də yaxşı alındı.

- Qeyd etdin ki, Qurban Qurbanov səni öz mövqeyində oynatmırdı. “Qarabağ”da  özünü sübut edə bilməməyinin səbəbləri arasında bu da var?

- Düzdür, müxtəlif mövqelərdə oynadım. Amma Qurban Qurbanov da görürdü ki, “Qarabağ” üçün əlimdən gələni etmək istəyirəm. Ona görə də birinci dövrədə mənə güvənirdi. Amma toplanışda hiss etdim ki, artıq çox şey dəyişib. Son yoxlama oyunlarında heç oynamadım. Yenə də axırıncı günə kimi gözlədim ki, bəlkə nəsə dəyişər. Çıxış yolunun olmadığını görüb ayrıldım.

Ergün SEYİD

Daha çox


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki