Bu gün Azərbaycanın böyük futbolçusu Anatoli Banişevskinin ölümündən 18 il ötür. Əməkdaşımız Aydın Bağırovun ötən ilin bu günü, Banişevskinin vəfatının 17-ci ildönümü ilə bağlı yazısını yenidən yayımlayırıq.
***
Ölümünə bir neçə ay qalmış o, üzərində gəzdirdiyi kağız parçasında belə bir qeydlər edibmiş: “Mən Anatoli Banişevskiyəm. Ünvanım...”
Banişevski sağalmaz xəstəliyə düçar olmuşdu, bu öz yerində. Deyilənə görə, xəstəliyi səbəbindən tanınmaz hala da düşmüş, tədricən yaddaşını itirirmiş. Üzərindəki o kağız parçasını da buna görə gəzdirərmiş. Qorxurmuş, küçədə ölüb qalaram, məni tanıyan olmaz deyə.
Banişevski zamanında bütün Azərbaycanın futbol azarkeşlərinin sevimlisi olub desəm, yəqin yanılmaram. Şəxsən mən onun oyununu heç vaxt görməmişəm, amma ona təkcə futbolçu deyil, həm də sadiq bir insan olduğu üçün dəyər vermişəm. Səbəb?
Elə bu dəqiqə google axtarış sisteminə girin, Anatoli Banişevski yazın, onun vikipediyadakı səhifəsinə daxil olun və sizi təəccübləndirəcək (təbii ki, bu faktı bilməyənləri) bir məlumata rast gələcəksiniz: bu boyda böyük futbolçunun bütün karyerası ərzində - düz 14 ildə (1964-78) cəmi bir klubu olub: “Neftçi”!
Bəlkə də Banişevski üçün “Neftçi”dən getmək peşəkar futbolçuya xas adi addım yox, xəyanət kimi olardı. “Neftçi” Banişevskinin məbədi, sevgisi olub. O, karyerasının zirvəsində, SSRİ-nin nəhəng komandalarının təkliflərinin hamısını rədd edib. Banişevski futbol tariximizə təkcə böyük oyunçu olduğu üçün deyil, həm də başqa bir fövqəladə fakta görə düşüb: Bakını, Bakıya görə əbədi qaldığı “Neftçi”ini həmişə puldan üstün tutub.
Görəsən, oxuyurmu bu cümlələri Banişevski kimi futbol əjdahasının qəbrinə belə ziyarət etməyə layiq olmayan bir çox Azərbaycan futbolçusu? Sabah İtaliya “İnter” ilə tarixi matça çıxacaq “Qarabağ”ın futbolçularına aid deyil bu sözlərim.
Yox, elə başa düşülməsin ki, hansısa futbolçunun bir komandanı o birinə dəyişməsində qəbahətli nəsə var. Əksinə bu, normal haldır... Lakin anormal olan pulu təkcə futboldan deyil, özündən də, öz mənəviyyatından da üstün tutmaqdır. Çox danışmış, çox yazmışıq, amma düzəlmirlər. Bu yaxınlarda eşitdim, biri maaşını gec alır, klub rəhbərindən bunun hesabını soruşmağa cürəti çatmır, gəlib hirsini azarkeşə tökür.
Banişevski bu gün həyatda olsaydı, yəqin tüpürərdi belələrinin sifətinə.
Banişevski futbolu özündən daha çox azarkeş üçün oynayıb. Sonra karyerasını başa vurub. Sonra onu mənəviyyatı pak olanlar da, olmayanlar da xatırlayıblar: hərəsi öz vicdanına uyğun.
Hələ sağlığında şərəfinə həsr olunmuş turnir də keçiriblər. Allah ömürlərini uzun eləsin, turnirin təşkilatçıları o qədər ac imişlər ki, yarışa hökumət tərəfindən mükafatçılar üçün ayrılan pulun bir hissəsini mənimsəyiblər. Turnir bitib və həmin təşkilatçılar guya rəhmə gəlib Banişevskiyə 50 dollar veriblər. Banişevski bu pulla evinə bazarlıq edib hesabı ödəyəndə məlum olub ki, 50 dollarlıq əskinas... saxtadır.
Bu gün Banişevskini anırıq. Bu böyük futbol adamının ölümündən 17 il ötür. Bir gün gələcək, 17-ni 50, 50-ni də 100 rəqəmi əvəz edəcək. Amma Banişevski hər zaman minnətdarlıqla xatırlanacaq və hər zaman onun ruhu qarşısında baş əyiləcək.
Ruhun şad olsun, ən böyük “Neftçi”li!
Aydın BAĞIROV
10 dekabr, 2014
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri