“Qarabağ” “Valletta” ilə oyunda səviyyəsini göstərdi”

“Qarabağ” “Valletta” ilə oyunda səviyyəsini göstərdi”
ÖLKƏ FUTBOLU 20 İyul 2014 / 14:30 5496
-  A +

“Həm “Qarabağ”, həm də “İnter” səfərdə eyni nəticəyə malik olublar. Hər ikisi 1:0 hesablı qələbə qazandığından növbəti  mərhələyə keçmək şansları yüksək qiymətləndirilə bilər. Ancaq komandalarımız ilk oyundakı hesaba aldanmamalıdırlar”.

Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev klublarımızın avrokuboklardakı çıxışını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis “Qarabağ” və “İnter”in növbəti mərhələyə keçmək şanslarından danışıb. O, Bakıda keçiriləcək oyunun komandalarımız üçün daha çətin olacağını bildirib: “Çünki qapımızdan buraxılan bir qol ssenarini dəyişə bilər. Artıq rəqiblərimizin itirəcək bir şeyi yoxdur. Üzərlərində təzyiq olmayacaq, daha açıq futbol oynayacaqlar. Belə məqamlarda komandalar təhlükəli olur. Ona görə də hər iki təmsilçimizin rəqibi qorxuludur”.

Ş.Diniyev eyni zamanda komandalarımızın əvvəlki illərdən daha yaxşı formada olduğunu və bu mövsüm avrokuboklarda özlərini doğruldacağına ümid etdiyini vurğulayıb:  “İnter” Bakıda  “Tiraspol”la çox bərbad oynadı. Ancaq sonradan komandada artım hiss olundu. “Elfsborq” kimi rəqibi  səfərdə məğlub etməklə sözünü dedi. “Qarabağ” da “Valletta” ilə ilk oyunda öz səviyyəsini göstərdi. Bu komandamızın oyunçuları yüksək ustalıq səviyyəsinə malikdir. Hər bir futbolçu oyunun taleyini dəyişmək gücündədir. Ümid edirəm ki, komandalarımız özlərini yaxşı tərəfdən göstərəcək”.

Ş.Diniyev ilk oyunda Bakıda "Koper"ə uduzan (1:2) "Neftçi"nin növbəti mərhələyə adlayacağına ümid etdiyini deyib. Lakin o, bunun çox çətin olacağını da söyləyib.

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu