"Tiraspol"la oyunun taleyini ilk dəqiqələrdən həll etməliyik"

"Tiraspol"la oyunun taleyini ilk dəqiqələrdən həll etməliyik"
ÖLKƏ FUTBOLU 8 İyul 2014 / 18:20 2358
-  A +

"İnter" klubunun qapıçısı Səlahət Ağayevin Qol.Az saytına müsahibəsi

- Zədə səbəbindən Avropa Liqasının birinci təsnifat mərhələsində "Tiraspol"la ilk oyunu buraxdın. Hazırda durumun necədir, cavab matçına çıxa bilərsən?

- Hələ ki, zədəm tam sağalmayıb. Çox istərdim ki, vacib oyunda komandama kömək edim. Ancaq oyuna qədər hazır olacağım inandırıcı deyil. Digər qapıçılarımız məni layiqincə əvəz edə bilərlər.

-  "Tiraspol"la ilk oyunda 3:2 hesabı ilə qalib gəldiniz. Cavab görüşü haqda nə düşünürsən, "İnter" meydana rahat çıxa bilər?

- Komandamıza inanıram. İlk oyunda sərfəli nəticə qazansaq da, cavab görüşündə yalnız qələbəyə oynayacağıq. İlk dəqiqələrdən oyunun taleyini həll etməliyik.  Əks halda rəqib bir qol vurub, bizi çətin duruma sala bilər.

- Deməli, "Tiraspol"  "Bakı"da möcüzə edə biləcək gücdədir?

- Rəqib yaxşı komandadır. İlk oyunda bunun şahidi olduq. Son dəqiqələrdə qapımıza iki qol vurdular. Həmin oyun onu göstərdi ki, Bakıdakı qarşılaşmada daha diqqətli olmalıyıq. Futbolda hər cür nəticələr qeydə alınır. Biz hər şeyə hazır olmalıyıq.

- "İnter" göstərdiyi bu oyunla Avroliqada nəyə qadirdir?

- İlk oyundan sonra nəsə demək çətindir. Çünki komandada yeni oyunçu var idi. Ona görə də bir qədər taktikamıza uyğun oynaya bilmədik. Uzun müddətdir ki, komandamız bir yerdə oynamırdı. Demək istəyirəm ki, "Tiraspol"la görüşdə "İnter" tam gücünü göstərə bilmədi. Bakıdakı görüşdə sərfəli nəticə qazanmaqla yanaşı  daha yaxşı oyun sərgiləməyə çalışacağıq. Hər il Avroliqada bir-iki mərhələ adlayırıq. Bu dəfə daha irəli getməyi qarşımıza məqsəd qoymuşuq.

- Ancaq komandanızda hər il olduğu kimi hücumçu problemi var. Vaqif Cavadovun gedişi də "İnter"in oyununa təsir edə bilər.

- Vaqif yaxşı futbolçudur. Komandamıza köməyi çox dəyirdi. Lakin əvəzolunmaz oyunçu yoxdur. Vaqif getdi, Elvin Məmmədov gəldi. Asif Məmmədov da hücum xəttində önəmli oyunçularımızdandır. Məncə, hücumda boşluqlarımız olmayacaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır