Ağasəlim Mircavadov: “Foqtsun taktikası Uelsə qarşı tələ də ola bilər”

Ağasəlim Mircavadov: “Foqtsun taktikası Uelsə qarşı tələ də ola bilər”
ÖLKƏ FUTBOLU 3 İyun 2009 / 15:40 2647
-  A +

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mİrcavadov Qol.Az-saytına verdiyi müsahibəsində Türkiyə-Azərbaycan oyunu haqqında fikirlərini bildirdi.


- Ağasəlim müəllim, Türkiyə - Azərbaycan matçı ilə bağlı sizin də fikirlərinizi bilmək istərdik.
- Bu, bir hazırlıq oyunu idi. Əsas diqqət Uelslə qarşılaşmaya yönəlmişdi. Bütün taktiki sxemlər, oyun sistemi, heyət həmin matça hesablanmışdı. İndi bu, nə dərəcədə alındı, bunu Foqts özü deyə bilər. Oyuna gəlincə, o qədər də sərt futbol getmədi. Bəlkə bu da ondan irəli gəlirdi ki, yoldaşlıq qarşılaşması idi. Amma bir şeyi deyim ki, dünən komandamızda yerdəyişmələr çox idi. Bəzi futbolçular öz yerlərində oynamırdılar.
- Millimiz çox bərbad oynadı. Topla rəftar, sürətli hücum qurmaq baxımından vəziyyət demək olar sıfır dərəcəsində idi.
- Razıyam. Futbol ümumiyyətdə nəyi sevir? Baxımlılığı. Baxımlı futbol üçün isə ilk növbədə topla daha çox oynamaq lazımdır. Bu gün “Barselona” və İspaniya millisinə diqqət yetirin də. Görürsünüz topla necə çox oynayırlar, gözəl təşkil olunan hücumlar, sürətli cinah keçidləri təşkil edirlər. Bu cəhətdən bizdə ciddi problemlər var. Bəli, topla çox ləng davranırdıq, hücuma çıxa bilmirdik, çox pərakəndə oynayırdıq. Müdafiə yenə nə isə edirdi, çalışırdı ki, rəqib hücumlarının qarşısını alsın. Amma eyni sözləri ön xətt oyunçuları haqqında demək olmaz. Ümumiyyətlə, mənim iş prinsipim daim belə olub ki, həmişə orta xəttə xüsusi fikir vermişəm. Çünki komandanın uğur qazanması birbaşa bundan asılıdır. Bizdə çatışmayan əsas problem də ön xəttin zəif olmasıdır. Amma mən sizə deyim ki, heç Türkiyə millisi də, ilk hissənı yaxşı oynamadı. Yalnız Ardanın meydana çıxmasından sonra rəqibin oyun planında dəyişiklik oldu.
- Rəşad Sadıqovun meydandan qovulması oyunun nəticəsinə təsir elədi?
- Əlbəttə elədi. Bizim milli elə səviyyədədir ki, hər xırda şey belə dərhal oyunumuza təsir edir. Amma hakim gərək həmin epizodda qırmızı vərəqə göstərməyəydi. Onsuz da penalti vermişdi. Bu tip hallarda hər şeyi hakimin insafına buraxırlar. Ağzında yoldaşlıq görüşü deyirsən. Bunu gərək hakim də başa düşə ki, bu cür oyunlarda hər iki komanda meydanda 11 nəfərlə qalmalıdır.
- Heyətdə, kifayət qədər legioner futbolçu oynadı ki, bu da tənqid olundu.
- Bilirsiniz, legioner məsələsi elədir ki, bu, tamam başqa bir mövzudur. Prinsipcə belə bir şey var ki, yerli çempionatda oynayan istənilən futbolçu əgər, həmin ölkənin pasportunu daşıyırsa, milli komandaya çağrıla bilər. Qeyri-millətin nümayəndəsi olsa belə. Bunu mən özümdən demirəm, sovet vaxtından qalan sistemdir.
- Amma bir məsələ də var ki, həmin futbolçu gərək yerlilərdən iki baş üstün olmalıdır.
- Ay sağ ol. Bax məsələ də budur da. Bəs nəyə görə legioner futbolçuların qiyməti həmişə kəllə-çarxa qalxır. Çünki legionerdir. Amma bizim millidə tətbiq olunan praktika göstərdi ki, yerli futbolçulara daha çox güvənmək lazımdır. Bütün bunlara baxmayaraq mən nikbinəm və inanıram ki, hər şey yaxşı olacaq. Futbolda belə bir termin var: komanda oyunu. Bu termin Boris Arkadiyev, Mixail Yakuşin, Valeriy Lobanovskinin vaxtından üzü bu yana səslənir. Həmin terminin də mahiyyəti odur ki, oyun olan yerdə nəticə mütləq gələcək.
- Amma nəticə üçün gərək icraçılar, futbolçular da olsun. Bu isə bizdə yoxdur.
- İcraçıların olması üçün gərək iş görəsən, onları yetişdirəsən. Lippertin açıqlamasını oxyuram, deyir ki, U-17 taktiki cəhətdən çox zəifdir. Əgər U-17 bu gün taktiki cəhətdən zəifdirsə, demək o uşaqlar gələcəkdə futbol oynaya bilməyəcəklər. Çünki əsas olan taktikadır. Fiziki hazırlığı yoluna qoymaq olar. Amma taktika bir az çətin məsələdir.
-
 Sizə elə gəlmir ki, Türkiyəyə qarşı oynayan Pereyra, Axtyamov, Çertoqanov, Qomeş kimi milliyə xeyir verməyən futbolçuların ölkənin bir nömrəli komandasına çağırılması bizi gülünc vəziyyətdə qoydu? Məsələn, türkiyəli şərhçinin dilindən “Azərbaycanın heyətində dəyişiklik edilidi. Braziliya əsilli futbolçu çıxdı, onun əvəzinə Ukrayna və yaxud serb əsilli daxil oldu” ifadəsini eşidəndə adam utanırdı.
- Gəlin, bu haqda fikir yürütməyə tələsməyək və iyunun 6-dakı oyunu gözləyək. Foqtsun Türkiyəyə qarşı seçdiyi taktika Uelsə qarşı tələ də ola bilərdi. Yəni, almaniyalının uelslilərin türklərlə oyunumuzu izlədiyini bilib, qəsdən baş-ayaq taktika seçərək aləmi bilərəkdən bir-birinə vurması  da istisna olunmamalıdır. Hər halda, Foqts dünya səviyyəli məşqçidir və öz işini yaxşı bilir.
- Belə başa düşdük ki, Uelslə oyundan qələbə gözləyirsiniz?
- Mən inanıram. Düzdür, mətbuatdan, saytlardan izləyirik ki, Uels Azərbaycana daha çox 20-21 yaşlı futbolçularla gələcək. Bunun bir tərəfi pisdir ki, rəqibin gənc futbolçuları özlərini sübut etmək üçün meydana çıxıb, vuruşacaqlar. Bu isə bizə əlavə çətinlik yarada bilər. Yaxşı tərəfi isə odur ki, onların təcrübəsizliyindən istifadə edib, rahat qələbə qazana bilərik.

 

Daha çox


Son xəbərlər