Rəşad Sadıqov: “Kapitanımız “qal” desə, “Kocaelispor”dan getməyəcəyəm”

Rəşad Sadıqov: “Kapitanımız “qal” desə, “Kocaelispor”dan getməyəcəyəm”
ÖLKƏ FUTBOLU 6 May 2009 / 19:09 2636
-  A +

Son turda “Konyaspor”a da məğlub olan “Kocaelispor”un elitada qalmaq perspektivi çox dumanlı görünür. Hətta əksəriyyət İzmit klubunun artıq birinci diviziona düşməsi ilə barışıb. Bu, baş verərsə, heyətin böyük əksəriyyəti düşərgəni tərk edə bilər. Komandanın baş məşqçisi Erhan Altın “hazırkı heyətdən heç kimin getməsini istəmirəm” desə də, maddi sıxıntı səbəbindən komandada bıçaq boğaza dirənib. Hər halda hər şeyə mövsüm bitəndən sonra aydınlıq gələcək. Futbolçular və baş məşqçi isə hələ də ümidlərini itirmirlər. Yayda komandadan ayrılacağı və Super Liqanın daha iddialı klublarından birinə keçəcəyi gözlənilən futbolçular sırasında həmyerlimiz Rəşad Sadıqovun adı birinci sırada çəkilir. Təsadüfi deyil  ki, “Özgür Kocaeli” qəzeti son sayında başlığı “Kaptan nə dersə o!” başlıqlı material dərc edib və bu material bütünlüklə Azərbaycan millisinin kapitanına həsr olunub. Qol.Az-ın adiçəkilən qəzetə istinadən verdiyi məlumata görə, mövsümün sonunda klubla müqaviləsi başa çatacaq Rəşad özü komandada qalmaq istəyir. İzmitdə xoşbəxt olduğunu deyən həmyerlimizi düşündürən yeganə problem komandanın maddi sıxıntı içində olmasıdır. Türkiyəli həmkarlarımızın sözlərinə görə, Sadıqov bu məsələ ilə bağlı komandada ən çox güvəndiyi futbolçu olan kapitan Serdardan məsləhət almaq fikrindədir. Əgər “Kocaelispor”un kapitanı “qal” deyərsə Rəşad komandadan getməyəcəyini açıqlayıb. Millimizin kapitanının “Kocaelispor”da qalması yalnız Serdarın bir kəlməsindən sonra mümkün ola bilər. “Özgür Kocaeli”nin məlumatına görə, bunun da özəl səbəbləri var. Rəşadın “Kocaelispor” gəlişində birbaşa Serdarın rolu olub. Qış hazırlıq dövründə İzmit klubunun düşərgəsində olsa da, burada lazımı qayğını və diqqəti görməyən Rəşad “Konyaspor”un düşərgəsinə yollanıb. Konya klubu ilə anlaşmağa yaxın olduğu bir anda isə Serdar ona zəng edərək “Kocaelispor”un düşərgəsinə gəlməsini israrla xahiş edib və yalnız bundan sonra təcrübəli həmkarının sözünü yerə salmayan Azərbaycan millisinin kapitanı İzmitə dönüb. Türkiyəli jurnalistlərin sözlərinə görə, sabiq klubu “Neftçi” ilə problemini həll etmək üçün tələb olunan 100 min dolları da Rəşad öz cibindən verməli olub. Bu arada “Kocaelispor” azarkeşləri də həmyerlimizin israrla komandada qalmasını istəyirlər. Həmkarlarımızın başqa bir sözünə görə, pul məsələsini ikinci planda tutduğunu deyən Rəşad onun üçün ilk növbədə Serdarın məsləhətinin önəmli olacağını deyib. Buna səbəb qısa zaman kəsiyində Rəşadın bütün İzmit əhalisinin böyük sevgisini qazanması olub.

Daha çox


Son xəbərlər