Yunanıstan - Almaniya: müdafiə hücuma qarşı

Yunanıstan - Almaniya: müdafiə hücuma qarşı
AVRO-2012 22 İyun 2012 / 16:08 2453
-  A +

“Çox güman ki, 2012-ci ilin Avropa çempionatı Yunanıstan komandasının kapitanı Karaqunisin soyadı, rusların qapısına vurduğu qələbə topu, bir də şərqlilərə məxsus ədası ilə yadımda qalacaq. Həm də görünür, qan çəkir, Karaqunis də qədim türk tayfasındandı axı, bilmirdiniz? Qaraqoyunludu!”
 
Yunanıstan millisini bu gün Almaniya ilə qarşılaşacağı bir oyunu barədə yazıya dostumuz Vahid Qazinin qol.az saytındakı köşəsindəki bu cümlələrlə başlamağı daha uyğun saydım. Zalım oğlu türklər, dünyanın yarısını altlarında cəmlədikləri vaxtdan hər yerə bir toxum atıblar və müxtəlif komandaların (məsələn, Hollandiyada oynayan Xalid Bulakruz, İbrahim Afellay və sair) heyətində qarşımıza çıxanda adamda indi qürbətdə - Avro-2012-nin şəriki olan Polşada yaşayan Vahid Qazi kimi qarışıq duyğular yaranır. Karaqunis yəni, Qara Yunis...?

Heyf ki, Karaqunisi bu gün saat 23:45-də Almaniya ilə oyunda görməyəcəyik. Görməsək də, bu futbolçu haqqında hələ danışacağıq...   

24 il sonra Avropa çempionu

Yunanıstan millisi Avropa çempionatlarında cəmi dördüncü dəfədir ki, iştirak edir və hesablarında artıq... bir qızıl kubok var. Yunanlar ilk dəfə 1980-cı il çempionatına qatılıblar və qrupda heç nə ilə yadda qalmayıblar. Bu tarixdən sonra yunanlar  Avropa çempionatında  iştirak üçün düz 24 il gözləyiblər.  
Portuqaliyada keçirilən Avro-2004-də yunanlar autsayder sayılsalar da, alman məşqçi Otto Hagelin müdafiə sistemi sayəsində çempionatı meydan sahibləri Portuqaliyaya 1:0 qalib gələrək başa vurublar. Həmin Avro-2004 mənim xatırladığım ən sönük çempionat, ən mənasız final idi. Təsadüfi deyil ki, 4 il sonra Avstriya və İsveçrədə keçirilən Avropa-2008-də Yunanıstan turniri qrup mərhələsində xal toplamadan tərk etdi.  Nəhayət, Avro-2012-nin seçmə mərhələsində yunan millisi 24 xal qazanaraq çempionata vəsiqə əldə edib.
Yunanların hazırkı məşqçisi 57 yaşlı Fernandu Santuş portuqaliyalıdır və məşhur “Porto” klubunu da çalışdırıb. 2001-ci ildən isə Yunanıstanın “Olimpiakos” və “Panatinaikos” kimi nüfuzlu  klublarında işləməyə başlayıb və oradan da Yunanıstan millisinə gəlib. 
Santuş çempionatın püşkü atılanda A qrupunda pley-off-a hansı komandanın çıxacağı barədə suala “hamının 25 faiz şansı var” demişdi. Dəqiq müşahidə imiş.
Avro-2012-də keçirdikləri üç oyunun təhlili göstərir ki, Santuş komandanı Otto Hagelin çoxlarının antifutbol hesab etdiyi “ən yaxşı hücum müdafiədir” prinsipindən kənara çıxarmayıb. Sürətli Avropa futbolu ilə ziddiyyət təşkil edən və rəqib məşqçilər hövsələdən çıxaran bu sistem sayəsində Yunanıstan beynəlxalq görüşlərdə 17 oyun uduzmayıb. Santuşun onun sistemini tənqid edənlərə tez-tez təkrar etdiyi cavab var: “Futbol riyaziyyat deyil ki, hesablama və analizlə məşğul olasan”.

Bütün bu cansıxıcılıqlarına rəğmən, Yunanıstan millisinin  böyük üstünlüyü ciddi nizam-intizam və heç nədən qol vurmaq bacarığıdır. Yunanlar qrup mərhələsində keçirdikləri hər üç oyunda qol vurublar.

Komanda oyunu və müdafiə

Komandanın əsas hücumçularından və millinin heyətində qolçu futbolçulardan biri Teofanis Gekasdır. Türkiyənin  “Samsunspor”unda oynayan hücumçu iki il əvvəl daxili çəkişmələr səbəbindən millini tərk etmişdi. Amma sonra o, komandaya qayıtdı. Çempionatdan əvvəl  iqtisadi krizisdən can qurtara bilməyən ölkəsini nəzərdə tutaraq deyibmiş: “Yunanıstandan qalan yeganə idmandır”. Dimitrios Salpingidis (PAOK), Georqios Samaras (“Seltik”), Nikos Liberopulos (AEK) və Konstantinos Mitroqlu (“Atromitos”)... Əksəriyyəti Yunanıstan klublarında oynayanlar “müdafiə komandasının” əsas hücumçularıdır. 
Yunanıstan futbolu müdafiə sistemi ilə oynadığından təbii ki, əsas ağırlıq da müdafiəçilərin üzərinə düşür. Xüsusilə, müdafiənin orta xətti istənilən komandanın hücumçularının qarşısında  bənd qurmağa qadirdi. Vasilis Torosidis (“Olimpiakos”), Kiriakos Papadopulos (“Şalke”), Sokratis Papastatopulos (“Verder”), Avraam Papadopulos (“Olimpiakos”), Xose Xolebas (“Olimpiakos”), Georqios Tsavelas (“Monako”,) və Stelios Malezas (PAOK) komandanın qapısını qala kimi qoruduqlarından Rusiya millisi turniri tərk etdi.  Sol kənar müdafiəçisi Torasidis isə bəzən rəqib meydanın doğru irəliləyərək hücumçulara sıxışdıra biləcək oyunçudur. Hücum xəttindəki Kostas Mitroqlu da təhlükəlilər sırasındadır. Deyilənə görə, onun yüksək surəti və peşəkarlığına xələl gətirən yeganə cəhəti eqiost  olmasıdır. 
Komandanın əsas simaları isə şübhəsiz ki, yuxarıda adını xatırlatdığımız Konstantinos Katsuranis, Karaqunisdir. “Panatinaikos” dan yaxşı tanıdığımız Karaqunis milli komandanın heyətində keçirdiyi oyunları sayına gərə  yunanların əfsanəvi kapitanı Teodoros Zakorakisə çatmağa yaxındır.

Rusiya ilə oyunda aldığı sarı vərəq səbəbindən o bu gün meydana çıxa bilməyəcək. Qeyd edək ki, Polşa ilə açılış matçında da Karaqunis sarı vərəqə ilə cəzalandırılmışdı. Yunanlar növbəti mərhələyə çıxsa...Karaqunis də meydana çıxacaq. Tələsməyək.  Bu  gün Yunanıstan  meydana qollarında qara lentlə çıxacaqlar. Çünki komandaya 1972-1981 və 1992-1994 illərdə rəhbərlik etmiş Alketas Panagoulias vəfat edib. Yunanlar tarixə hörmət edən xalqdır...  

Almaniya 16 ildir çempionluğa həsrətdir  

Yunanıstanla bağlı faktları sadalayıb Almaniya haqda danışanda “Mehman” filmində rəhmətlik Ədil İsgəndərovun sözlərini necə xatırlamayasan. Sanballı keçmişi olan sovet sədri gənc prokurora qollarını tərəzi kimi edib orden-medallarını saymağa başlayır və sonda deyir: “Bəs sənin nəyin var?” Almaniya ilə Yunanıstanı tərəziyə qoysan kimin “orden-medallarının” ağır gəldiyini bilməyə nə var ki?           
Tərəzidən söz düşmüşkən, bu oyun ərəfəsi Almaniya ilə Yunanıstanın dövlət münasibətlərinin pis olmasına xüsusi diqqət çəkilir. Bu münasibətlərin tarixi kökləri və müasir çalarları ilə işimiz yox. Almaniyanın baş məşqçisi Yoahim Löv də deyib ki, kansler Markellə siyasi razılıqları var: “O, bizim, biz isə onun işinə qarışmırıq”. Yeri gəlmişkən, Qdanskda keçiriləcək bugünkü oyunu Almaniya kansleri Markel tribunadan izləyəcək...

Almaniya millisinin baş məşqçisi Yoahim Löv  yaxşı başa düşür ki, ölkəsi ondan təkcə Yunanıstana qalib gəlməyi yox, Avro-2012-nin çempion kubokunu gətirməyi gözləyir. Üç dəfə dünya, üç dəfə Avropa çempionu olan Almaniya 16 ildir ki, çempionluq tituluna həsrətdir. Almanların sonuncu dəfə 2006-cı il dünya çempionatında üçüncü yeri tutması əlbəttə, uğur sayılırsa...İndi isə yeni qanla yeniləşmiş, Avro-2012-nin ən cavan komandası olan Almaniya mütləq bu çempionatda qalib gəlməlidir. Qrup turnirində göstərdikləri oyun sayəsində 9 xal toplamaqları bu iddianın anonsu idi. Amma... Yunanıstan müdafiədə möhkəm, hücumda isə zəif təsir bağışlayırlarsa, həmişə hücum futboluna üstünlük verən Almaniyanın  müdafiəsi ürəkaçan deyil. Komanda seçmə mərhələdik oyunlarda 100 faizlik nəticə -10 oyundan 30 xal toplasa da , demək olar ki, hər oyunda qapısından top da buraxırdı. Hətta Berti Foqtsun komandası da araya salıb almanlara top  vurub. Komanda qrupda da həm Danimarka, həm də hollandlara oyunda qapısını qoruya bilməyib. Löv də müdafiədə ciddi problem olduğunun fərqindədir. Yunanıstanla qarşılaşmada bu cür boşluqların Almaniyaya baha başa gələcəyini deyən Löv bu gün riskli oynamayacaqlarını deyib: “Hücum futbolu əladır. Biz də belə oynamağa çalışırıq. Amma bunu ağıllı etmək lazımdır. Braziliya ilə yoldaşlıq görüşündə futbol karnavalı təşkil etmək olar. Amma Avropa çempionatında belə riskə getmək olmaz”. Löv deyib ki, yunanlarla oyuna 4 müdafiəçi ilə çıxacaqlar: “Söhbət saydan deyil, keyfiyyətdən gedir. Taktika dəyişməyəcək. Həm də 4 müdafiəçinin ikisi daima irəli də gedir”. Löv deyib ki, Karaqunisin bu gün meydanda olmaması yunanların oyununa təsi edəcək: “Karaqunus yunan millisinin beynidir. Onun meydanda olmaması rəqib komandaya təsir edəcək. Amma biz arxayınlaşmırıq. Yunanıstan təhlükəli rəqibdir”.     

Löv millidə karyerasına 2004-cü ildə baş məşqçi Yurqen Klinsmannın köməkçisui kimi başlayıb. 2006-cı il dünya çempionatında komanda üçüncü yeri tutduqdan sonra Klinsmann məşqçi postunu Lövə təhvil verdi. Avro-2008-ci ilin seçmə mərhələsini uğurla başa vuran Almaniya finaladək irəlilədi və burada İspaniyaya uduzdu.         
Məşqçi 4-4-2 sxeminə üstünlük verir və oyunu əsasən yarımmüdafiəçilərin və kənar hücumçular üzərində qurur.  Mats Hummels (“Borussia”)  Filipp Lam (“Bayern”), Per Mertezaker (“Arsenal”), Marsel Şmelser (“Borussia”).Tomas Müller (“Bayern”), Mesut Özil (“Real”), Lukas Podolski (“Köln”), Marko Reus (“Borussia” ), Bastian Şvaynştayger (“Bayern”),Mario Qomez (“Bayern”) və Miroslav Kloze (“Lazio”) kimi oyunçularla Löv bu çempionatda çox şey edə bilər.
Löv türk əsilli futbolçu Məsut Özilin fərdi ustalığını  bəyəndiyini deyib: “Özil əla ötürmələr verən futbolçudur. Buna baxmayaraq, o, ”Avro-2012"də nəyə qadir olduğunu hələ göstərməyib".
Almaniya ilə Yunanıstan cəmi iki dəfə-Avropa və dünya çempionatlarında qarşılaşıblar. Hər ikisində də almanlar qalib gəlib... Türkiyə futbol şərhçilərinin  diqqətimi cəlb edən ehtimalı ilə yazını bitirək. Türklər ehtimal edirlər ki, Yunanıstanın bugünkü  taktikası oyunu uzatma, bəlkə də penaltilər seriyasına aparmaqdır.
O zaman Almaniya ilk hissədə qazanmalıdır. Almaniyanın bunun üçün bütün imkanları var.
Bu oyunun qalibi İngiltərə-İtaliya oyunun qalibi ilə görüşəcək.
Görüşənədək...

Nazim SABİROĞLU,
“Yeni Müsavat” qəzeti


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq