Bu gün o, meydanda olacaq

Bu gün o, meydanda olacaq
AVRO-2012 19 İyun 2012 / 13:26 2841
-  A +

Bu gün o, meydanda olacaq! Ukrayna ilə oyun öncəsi incələdiyim xəbərlərdə qırmızı xətlə keçən məqam onun adı, onun meydana qayıdışıdır. Nə gizlədim, oyunu və meydandakı dəliliyini bəyəndiyim bu futbolçunu bu gün “Donbas Arena” da görmək çox xoş olacaq...

Ueyn Runi nə xəstə idi, nə də zədəli. İngiltərənin Avro-2012-nin seçmə mərhələsində Çernoqoriya (Monteneqro) ilə son qrup oyununda (7 oktyabr, 2011-ci il) Runi rəqib oyunçu Miodraq Cudoviçə ağır zərbə yetirdiyi üçün oyundan qovulmuşdu. Bundan sonra UEFA-nın Nizam-İntizam Komitəsi Runini Avro-2012-nin qrup oyunlarında iştirakdan məhrum etdi. İngiltərə Futbol Assosiasiyasının şikayətindən sonra UEFA qərarını yumşaltdı və cəzanı iki oyuna saldı.

İrland kökənli Ueyn Mark Runi 1985-ci ildə Liverpulda doğulub. Atası fəhlə, anası isə evdar qadın olub. Katolik tərbiyəsi alan Runinin valideynləri “Everton”un qızğın azarkeşləri olub. Ailədə olan bu sevgi onu da “Everton”a bağlayıb. 10 yaşında bu klubun azyaşlılardan ibarət komandasında oynamağa başlayan Runi 17 yaşında - 2002-ci ildə klubun əsas heyətində yer alıb. Əsas heyətdə iki il oynayandan sonra o, “Qırmızı şeytanlar” adlanan “Mançester Yunayted”ə transfer olunub. 2004-cü ildən də bu klubdan ayrılmır.

2003-cü ildə ilk dəfə İngiltərə yığmasının heyətində meydana çıxıb. İngiltərə millisinin tarixinə adını yığmada qol vuran ən gənc futbolçu kimi yazdırıb. Millinin heyətində Avropa (2004) və dünya (2008 və 2010) çempionatlarında əsas hücumçu kimi iştirak edib. 70-dən çox oyunda millinin formasını geyinən hücumçu 28 qola imza atıb.

Runinin meydana qayıdışı Ukrayna ilə oyun ərəfəsi Avro-2012-nin az qala 1 nömrəli mövzusuna çevrilib və ingilislərə psixoloji üstünlük verib. İngilis mətbuatı yazır ki, Runi təkcə yaxşı hücumçu deyil, həm də komandanı arxasınca apara biləcək güclü liderdir.
Runi özü də bu gün meydana qayıdacağına çox sevindiyini deyib: “Oyuna kənardan baxmaq daha çətindir. Çünki komanda üçün heç nə edə bilmirsən. Növbəti mərhələyə çıxmaq üçün yaxşı şansımız var. Komandanın növbəti mərhələyə çıxması üçün bütün gücümü sərf edəcəyəm. İngiltərə son 30-40 illik tarixində qazana bilmədiyi uğura imza ata bilər”.

 

İngiltərə millisinin baş məşqçisi Roy Hocson da Runinin bu gün oynayacağından çox məmnundur: “Runi məşqlərdə göstərdi ki, əla fiziki formadadır. O, komandanın taktiki sistemində əvvəl oynadığı mövqedə olacaq, hərdən müdafiə xəttinə də kömək edəcək. Onun mövqeyində oynayan Eşli Yanq isə kənar hücumçusu olacaq. Ukrayna ilə vacib qarşılaşmada komandaya matçın nəticəsini dəyişdirməyə qadir olan Runi kimi oyunçu lazımdır”.

İsveçlə oyunda İngiltərə millisinin (3:2) qollarından birini vuran hücumçu Endryu Kerrol Ukrayna ilə oyunda bol qol vuracaqlarını vəd edib: “Biz yalnız qələbəyə oynayacağıq. Xoşbəxtik ki, son turda Runi də komandanın heyətində olacaq”.
İngilislərin müdafiəçisi Qlen Conson Ukrayna millisinin hücumçusu Andrey Şevçenko haqqında xoş sözlər deyib: “Ukrayna onun simasında öz qəhrəmanını görür. Şeva dünyanın ən yaxşı hücumçuları sırasında qalmaqdadır”.

Fransa ilə oyunda (fransızlar 2:0 hesabı ilə qalib gəlib) hücumda və müdafiə xəttində çox zəif görünən meydan sahibləri - Ukrayna millisi isə oyun ərəfəsi ürəkli görünmür. Əgər Oleq Bloxinin yetirmələri meydanda bu dəfə də ötən oyundakı kimi hərəkət etsələr, tribunadakı gözəl qadın azarkeşlərə yazıq olacaq. Onların göz yaşlarına qıymasınlar barı...

Ukraynanın hücumçusu Andrey Şevçenko İngiltərə ilə oyun ərəfəsi komandasının şanslarının dəyərləndirib. Şeva oyunun çətin olacağını söyləyib və rəqib komandanın hücum xəttinin Runinin qayıdışı ilə lap güclənəcəyini etiraf edib: “İngilislər standart vəziyyətlərdən - cərimə və künc zərbələrindən yaxşı yararlana bilirlər. Runi də oyunun nəticəsini dəyişə biləcək oyunçudur. Görək necə oynayır... Futbol bir nəfərin deyil, komanda oyunudur”.

Ukrayna millisinin baş məşqçisi Oleq Bloxin etiraf edib ki, İsveçə qalib gələndən sonra (2:1) komandada bir arxayınlaşma yaranıbmış və bu, Fransaya məğlubiyyətə səbəb olub. Bloxin zəif oynayan oyunçularla ciddi danışacaqlarını deyib. Doğrusu, bu oyunda intuisiyam (ki, məni Portuqaliya-Danimarka oyununda bir dəfə yandırıb) Ukrayna millisinin tərəfində deyil, amma ürəyim şübhəsiz ki, stadionda ukraynalı gözəllərlə bir vuracaq...
Tanınmış futbol eksperti Aleksandr Bubnov da pessimistdir. O da hesab edir ki, ingilislərin pley-offa çıxmaq şansları daha çoxdur: “Ukraynanın müdafiə xətti çox zəifdir. Tez-tez səhvlərə yol verir. İngiltərənin hücumçuları isə belə səhvləri bağışlamır. İngilisləri bərabərlik də qane edir. Bu səbəbdən Ukrayna hücuma tez-tez atılmalıdır ki, bu da komandanı riskə soxur”.
Sonda qeyd edək ki, oyunu macar hakim Viktor Koşşoy idarə edəcək.

Fransanın bu gün asan qələbə qazanacağını gözləmək sadəlövhlük olardı. İsveç keçirdiyi iki oyunda uduzsa da (Ukraynaya 1:2, İngiltərəyə 2:3), İrlandiya ilə müqayisə edilə bilməz. İsveç necə deyərlər, hər iki oyunu kişi kimi uduzub. O səbəbdən də fransızlarla oyunda da komanda yenə də xarakterini göstərməlidir. Komandanın əsas hücumçusu Zlatan İbrahimoviç deyib ki, turniri xal toplamadan tərk etmək istəmirlər: “Biz peşəkarıq və son oyunda qalib gəlməyə çalışacağıq”.
İbrahimoviç kimin çempion olacağı ilə bağlı suala qəzəbli cavab verib: “Mənim heç vecimə də deyil çempion hansı komanda olacaq...”

İsveç seçmə mərhələsindəki oyunu ilə müqayisədə Avro-2012-nin seçmə oyunlarında daha yaxşı təsir bağışlayırdı. E qrupunda Hollandiyadan sonra ikinci yeri tutan İsveç keçirdiyi 10 oyunun 8-də qalib gəlmişdi. İsveç millisinin baş məşqçisi Erik Hamrenin ingilislərə məğlubiyyətdən sonra dedikləri burada yerinə düşür: “Düşünürəm ki, qələbə qazanmaq üçün bir qədər bəxtin də olmalıdır. Ancaq bu oyunda bəxt bizim tərəfimizdə deyildi. İndi İsveçdə də belə deyirlər: əməliyyat uğurlu keçdi, ancaq xəstə öldü”.

Mənim dediyim də budur: İsveç yaxşı komandadır, amma heyf ki, növbəti mərhələyə çıxa bilmədi.

Növbəti mərhələyə çıxmağa yaxın olan fransızların hesabında artıq 4 xal var. Haradan qazandılar, necə əldə etdilər - bunu gördük. Fransa uduzmayıb hələ ki... Amma heç-heçə və qalib gəldiyi oyunlarda belə baxımlı futbol sərgiləyə bilmir. Fransızların heyətində Kərim Benzema və Jerami Meneza kimi oyunçular var. Görünür, Loran Blanın oyun taktikası tənqid edilsə də, nə deyəsən, komandaya uğur gətirir. Fransa 2006-ci ildən bəri bu cür mötəbər turnirlərdə qələbəyə həsrət idi. 2006-cı ildə Avropa çempionatında Portuqaliyaya 1:0 hesablı qalibiyyətdən sonra Fransa millisi ilk dəfə Ukrayna ilə oyunda sevindi. Biri ölməsə, biri dirilməz məsəli...

Bu gün bu qrupda da son “ölüləri dəfn edəcəklər”. Bu qrupun qalibləri isə gecə yarı C qrupunda ilk iki yeri tutan komandalarla oynayacaqlar. Oyunu isə portuqaliyalı hakim Pedru Proensa idarə edəcək.

Nazim SABİROĞLU,
“Yeni Müsavat” qəzeti


 


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq