İtaliya italiyalıya qarşı

İtaliya italiyalıya qarşı
AVRO-2012 18 İyun 2012 / 13:33 2489
-  A +

C qrupunda da bu gün növbəti mərhələyə çıxacaq iki komanda müəyyənləşəcək. Son Avropa və dünya çempionu İspaniya qrupda onu təqib edən Xorvatiya ilə (hər iki komandanın 4 xalı var) görüşür. Keçirdiyi iki oyunda 2 xal qazanan (İspaniya və Xorvatiya ilə oyunlarda 1:1 bərabərlik) İtaliya isə italyalı Covanni Trapattoninin komandası - İrlandiya ilə qarşılaşacaq.


İki italyanın Avro-2012-dəki dueli də deyə bilərik, bu oyuna... İrlandiyanın duelin sonunda “sağ qalmaq” şansı yoxdur zatən (keçirdikləri iki oyunda 7 top buraxıblar və xal qazanmayıblar). Amma İtaliya millisini bədbəxt edə bilərlər. Bu oyunda İtaliyaya mütləq qələbə lazımdır. İrlandiya isə udsa belə, yenə Dublinə qayıtmalıdır.

İtaliya qələbə qazanacağı təqdirdə də bir qulağı İspaniya - Xorvatiya oyununda qalacaq. Orada ispanlar (və ya Xorvatiya) qalib gəlsə, İtaliya 5 xalla ikinci yerdə pley-off-a keçəcək. Məşədi İbad demişkən, yox, əgər bu komandalar 2:2 hesabı ilə razılaşsalar, İtaliya 1/4 finala yüksəlmək üçün İrlandiyanı ən azı 3 top fərqi ilə məğlub etməlidir. Bacarmasa, “əlvida, Avro-2012" deyə bilər.

İtaliya yığmasının qapıçısı Canluici Buffon İspaniya ilə xorvatların məhz 2:2 bərabərliyə qalacaqlarına inanmır. Qapıçı deyib ki, əgər oyun həqiqətən də 2:2 başa çatsa, dünya bu hesaba güləcək. Buffon açıq deməsə də “ox”u İspaniyaya atdığı məlumdur. Yəni dünya və Avropa çempionu danışılmış oyuna gedərsə, dünyanı özünə güldürəcək. “İlan vuran ala çatıdan qorxar” deyiblər. İtaliyanın başına çox da uzaq olmayan keçmişdə belə bir corab hörülüb. Portuqaliyada keçirilən Avro-2004-də elə yenə C qrupunda birgə mübarizə apardıqları Danimarka ilə İsveç (bu qrupda Bolqarıstan da vardı) son turda öz aralarında 2:2 bərabərliyə qaldılar və İtaliya 5 xalla qrup mərhələsindən evə qayıtmalı oldu. Bu barədə bir qədər sonra...

İndi isə diqqətlər həm də İrlandiya millisinin məşqçisinə dikilib və onun italiyalı olduğu yeri gəldi-gəlmədi qabardılır. Trapattoninin italiyalı olduğunu kim bilmir ki?! Trapattoninin 4 ilədək İtaliya millisinin əsas siması olduğunu kim bilmir ki?!

Məşqçi özü isə bu ikibaşlı suallar barədə danışanda tövrünü pozmur: “İtaliya ilə oyun? Mənim ürəyim indi bizimlə bu dərdi çəkən İrlandiya xalqının yanındadır. Bu turnirə böyük ümidlərlə gəlmişdik. Turniri də başımız dik tərk etmək istəyirik. Mənim vəzifəm komandanı oyuna hazırlamaqdır. Əgər İtaliya növbəti mərhələyə çıxsa, bunu ancaq bizdən daha yaxşı oynayaraq edə bilər”.
Trapattoni deyib ki, son oyunda komandanın heyətində cüzi dəyişiklik etmək istəyir.

Bu şəxsə biz də diqqət çəkək. Trapattoni komandasının çox zəif nəticə göstərməsinə baxmayaraq, təkcə bu çempionatın yox, dünyanın ən şöhrətli məşqçilərindən biridir. Yalnız bir faktı qeyd etsək, mənzərə aydınlaşar. Trapattoni dünyada yeganə məşqçidir ki, klub miqyaslı bütün nüfuzlu kuboklara - Çempionlar Kuboku, UEFA Kuboku, Kuboklar Kuboku, Avropa Superkuboku və Qitələrarası Kuboka sahib olub.

İndi bu çempionatda oynayan futbolçuların bir çoxu hələ anadan olmamış - 1974-cü ildən məşqçilik fəaliyyətinə başlayıb. Çalışdırdığı komandaların siyahısına baxın: “Milan”, “Yuventus”, “İnter”, “Fiorentina”, Portuqaliya “Benfika”sı, Almaniya “Ştutqart”ı...

2000-ci ildən İtaliya millisinə gətirilən Trapattoni komandaya həm 2002-ci il dünya, həm də 2004-cü il Avropa çempionatına vəsiqə qazandırdı. Komanda yuxarıda xatırlatdığım heç-heçə ilə qrupda qalandan sonra Trapattoni də getdi. 2008-ci ildən isə o, İrlandiya millisinə rəhbərlik edir.
Trapattonini başa düşmək olar. İllərlə çalışdırdığın, əmək sərf etdiyin komandaya qarşı oynamaq da olar, oyunu qazanmaq da. Amma bunu etmək üçün gərək qarşında İtaliya olmasın. İtalyan olub, İtaliyanın şansını bitirib Roma küçələrində başı dik gəzmək olarmı? Çətin sualdı, cavab vermək üçün gərək italyan olasan.

İtaliya millisinin baş məşqçisi Çezare Prandelli kimi. O, İrlandiya ilə görüş barədə danışarkən deyib ki, komandanın oyunu yenə 3-5-2 sxemi üzrə qurulacaq: “İrlandiya ilə oyunda bizə yeni güc lazım olacaq. Bu səbəbdən də komandanın heyətində 3-4 oyunçu dəyişiklik etmək fikrindəyəm”.
Ç.Prandelli əlavə edib ki, İrlandiya ilə oyunu ən azı 1:0 qalibiyyətlə başa vurmaq lazımdır: “Trapattoni bizə qarşı ürəyiyumşaqlıq etməyəcək. İrlandiyanın son nəfəslə oynayacağına da inanmıram. Onlar da qalib gəlməyə çalışacaqlar. İspaniyanın heç-heçə edəcəyini isə düşünməməliyik. Amma İtaliyanın növbəti mərhələyə çıxması həm də İspaniya-Xorvatiya oyununun nəticəsindən asılı olacaq”.
Bu arada məlum olub ki, Mario Balotelli qrupdakı son oyuna zədə səbəbindən çıxmaya bilər.

İrlandiyanın hücumunun çox zəif, müdafiəsinin isə bərbad olması İtaliyanın bugünkü oyunda şansını artırır. İtaliyaya qələbə lazımdır. Trapattoni bu qələbənin təkcə milliyə deyil, bütün ölkəyə lazım olduğunun fərqindədir. Yaşının bu çağında (yeri gəlmişkən, o, həm də Avro-2012-nin ən yaşlı məşqçisidir - 73 yaş) İtaliyaya pislik etməz. Əslində kişi sözünü deyib: “Əgər İtaliya növbəti mərhələyə çıxsa, bunu ancaq bizdən daha yaxşı oynayaraq edə bilərlər”.

Amma bayaq da qeyd etdiyimiz kimi, iş təkcə İtaliyanın qələbəsi ilə bitmir.
“İspaniya xorvatlarla qəsdən, yəni danışılmış oyunda 2:2 edərmi” soruşsanız, cavabım “inanmıram” olardı. Hər halda özünə hörmət edən komanda xüsusilə bu cür ciddi turnirlərdə danışılmış oyuna gedərmi? Gedərsə, gedər. Amma bu ləkəni komanda üzərinə götürməklə Buffonun dediyi kimi, təkcə dünyanı özünə güldürməz, tarixdə də pis adla qalar. İspanlar bunu istəməz yəqin. Xorvatlar isə... Söyləmək çətindi vallah...
İspaniya millisinin baş məşqçisi Visente del Boske Xorvatiya ilə oyunda yalnız qələbəyə oynayacaqlarını bildirib: “Mən bütün futbolçularıma güvənirəm. Xorvatiyaya qarşı da yalnız qələbə üçün oynayacağıq. Burada hansısa danışılmış oyundan, yəni heç-heçədən (2:2) söhbət gedə bilməz”.
Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç bu cür ehtimalı özünə və oyunçularına təhqir hesab etdiyini deyib: “Biz əsl idmançılarıq. Bu cür bazarlığa gedəcəyimizi düşünənlər məni, komandamı və ölkəmi təhqir etmiş olur”.

Xorvatiya millisinin keçmiş hücumçusu Davor Şuker də bu ehtimaldan danışıb. Keçmiş xorvatiyalı ulduz deyib ki, komandaların 2:2 oynayacağını gözləmir: “Hər iki komanda qalib gəlmək üçün mübarizə aparacaq”.
Razılaşaq ki, Xorvatiya yaxşı komandadır və çempionatda iddialı görünür. İspaniyanın məşqçilərindən biri - Pako Ximenes qrupdakı son rəqibləri haqda danışıb. O, deyib ki, Xorvatiyada yaxşı oynamağı bacaran futbolçular çoxdur, amma ən təhlükəliləri Modriç və Mandzukiçdir.
Bu mühüm oyunların hakimlərinə gəlincə isə İtaliya-İrlandiya matçını türkiyəli Cüneyit Çakır, İspaniya-Xorvatiya oyununu isə alman hakim Volfanq Ştrak idarə edəcəklər.

Nazim SABİROĞLU,
“Yeni Müsavat” qəzeti


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq