Ukrayna Fransanın “xoruz”unu qoltuğuna verəcəkmi?

Ukrayna Fransanın “xoruz”unu qoltuğuna verəcəkmi?
AVRO-2012 15 İyun 2012 / 12:09 2597
-  A +

Avro 2012-nin D qrupunda yer alan 4 komanda - İngiltərə, İsveç, Fransa və Ukrayna bu gün çempionatın ikinci turuna yekun vurur. İlk turda çox cansıxıcı oyunda Fransa ilə bərabərliyə (1:1) qalan ingilislər bu gün İsveçlə görüşür. Loran Blanın komandası isə Ukrayna ilə güclərini sınayacaq.

İsveçi Andrey Şevçenkonun iki qolu ilə yenən meydan sahibləri qrup lideridir və növbəti mərhələyə çıxmaq üçün yaxşı şansları var. Fransızlarla oyunda da güclü azarkeş dəstəyinə malik olacaq Ukrayna qələbəyə ümid edə bilər. Təəccüblənməyin. Bəli, Avropa çempionatında indiyədək yalnız bir dəfə - 1996-cı ildə iştirak edən ukraynalılar iki dəfə Avropa, bir dəfə dünya çempionu olmuş Fransanı məğlub etmək iqtidarındadır.

Dəyişən və müasirləşən dünya futbolunda fransızlar “xoruzu” çoxdan əldən buraxıblar. Fransız futbolu bir zamanlar öz gözəlliyi ilə diqqət çəkərdi, amma daha o Fransa yoxdur. Varsa da o, bu çempionatdakı Fransa deyil. O Fransa deyilsə, deməli, ona qalib gəlmək də olar, xoruzunu qoltuğuna vermək də...

Ukrayna güclü İsveçə qalib gəldiyi oyunla göstərdi ki, futbolu təkcə ayaqla və məşqçi taktikası ilə deyil, həm də ruhla oynayırlar. Ukrayna həmin oyunu ruhun hesabına uddu və bu ruh həmin gün Andrey Şevçenkonun bədənində zühur etmişdi... Doğrudur, bu yükün acısını çəkdi və oyundan bir neçə saat sonra avtomobil qəzasına düşdü. Amma şükür ki, zədəsiz qurtuldu.

Şeva özü Ukraynanın qələbəsindən sonra eyforiyaya qapılmamağı məsləhət görüb: “Sevindiyimiz yetər. Qarşıda çətin rəqiblə çətin oyun var. İlk oyunda bizə qələbə vacib idi, bizim əsas məqsədimiz isə qrupdan çıxmaqdır. Bunun üçün xal toplamalıyıq”.

Fransa əslində Avro-2012-nin seçmə mərhələsində pis sayılmayacaq nəticə göstərib və 21 xalla qrup lideri olub. Məşqçi Loran Blan da çempionata iddialı gəlib. İngilislərlə ilk oyundakı bərabərlik də ürəyincə olub. Amma komandanın ünvanına tənqidlər də yetərincədir. Komandanın əsas hücumçuları Kərim Benzema və Jerami Meneza ötən oyunda özlərini göstərə bilmədilər. Fransa hücumda oynamaq istəmədi sanki. Qolu da yarımmüdafiəçi Samir Nəsri vurdu. Belə görünür ki, məşqçinin bu taktikasını Ukrayna ilə oyunda da görəcəyik.

Elə millinin baş məşqçisi Loran Blan da bildirib ki, Ukraynaya qarşı keçiriləcək ikinci oyununda taktikalarına dəyişiklik etməyəcəklər: “Əgər bizim azarkeşlər ilk oyunumuzdan məyus olublarsa, hesab edirlərsə ki, iddiamız yoxdur, o zaman ingilislərin oyunu barədə nə söyləmək olar?”
O, əlavə edib ki, futbolda qələbə qazanmaq üçün müxtəlif variantlar var: “Kimisi hücumda oynamağı üstün tutur, kimisi də müdafiəyə daha çox diqqət yetirir. Ümid edirəm ki, Ukrayna bizimlə oyunda riskə gedəcək. Onlar ilk oyunda qələbə qazandıqlarından bizimlə görüşdə pley-offa vəsiqəni təmin etməyə çalışacaqlar. O ki qaldı Fransaya, biz futbol fəlsəfəmizi dəyişməyəcəyik”.
Blan Şevçenko haqqında maraqlı ifadələr işlədib: “Qəzetlər Şevçenko haqqında yazırdı ki, meydanda zorla hərəkət edir. Amma gördük ki, meydanda nələr edir”.

Fransa bugünkü oyunda Riberi, Ben Arfa, Benzema və Samir Nəsri ilə Ukraynanın müdafiəsini yarmağa çalışacaq. Fransaya bu oyunda mütləq qələbə lazımdır. Heç-heçə Mişel Platininin yerlilərinin şansına böyük təhlükədir. Ukrayna udsa, final mərhələsinə çıxacaq, heç-heçə də Bloxinin yetirmələrinin işinə yarayar...

...İsveçə isə ancaq qələbə lazımdır

İngiltərənin çempionata hansı itkilərlə gəldiyini ötən yazılarımızda qeyd etmişdik. Frenk Lampard və Harri Keyhil kimi futbolçular zədə səbəbindən çempionata gəlməyiblər, cəzalı olduğu üçün Ueyn Runi bu gün də oyuna tribunadan baxmalı olacaq. Fransızlarla oyunda tez-tez əsəbi formada ekrana gələn Ueyn Runinin nəyə qadir olduğunu görmək üçün (o, Ukrayna ilə son tur oyununa çıxacaq) İngiltərənin qələbəsinə dua etmək lazımdır. Olduqca emosional və nədənsə türkləri sevməyən bu tipik ingilis oğlan nə edəsən ki, yaxşı futbolçudur.

Komandanın baş məşqçisi Roy Hocson da Runinin olmamasının Fransa ilə oyunda hücumda boşluq yaratdığını etiraf edib: “Runi İngiltərə millisinin əsas kozırıdır. O, əla formadadır. O, özünün qadir olduğu oyunu göstərsə, istənilən rəqib bizim qarşımızda duruş gətirə bilməz”.
Bu gün isə hələ ki, Runisiz ingilislər onlarla oyuna çox iddialı çıxacaq İsveçlə mübarizə aparmalıdır. Fəqət, ingilislərin faciəsi bitmir ki... İndi də komandanın əsas müdafiəçisi Eşli Koulun zədələnməsi xəbəri yayılıb. “Sky-Sport” xəbər verir ki, müdafiəçi son məşqi yarımçıq saxlayıb və onu meydandan həkimlərin köməyi ilə çıxarıblar. Əgər zədənin ciddiliyi xəbəri doğrulsa, onu “Everton”un müdafiəçisi Leyton Beyns əvəz edəcək.
Hücum xəttinin oyunçusu Aleks Oksleyd-Çemberlen ötən oyunda fərqlənə bilməsə də inanır ki, məşqçi ona İsveçlə oyunda etibar göstərəcək. İlk oyunun sonlarına yaxın dəyişdirilən Skott Parker isə deyib ki, ayaqlarında problem yarandığı üçün öz istəyi ilə meydandan alınıb. O, komandanın taktikasında dəyişikliyə ehtiyac olmadığını deyib. Parker İsveçlə oyunda uğur qazanacaqlarına inanır.
Elə isveçlilər də oyun öncəsi optimistdir. Millinin əsas ümidi olan Zlatan İbrahimoviç deyib ki, bir oyunla çempionat bitmir: “Biz özümüzə gəlməli və qalan oyunlara cəsarətlə çıxmalıyıq”.

Komandanın yarımmüdafiəçisi Rasmus Elm də o fikirdədir ki, ingilislərlə oyuna daha yaxşı hazırlaşmaq lazımdır: “Əgər biz oyuna keyfiyyətli hazırlaşsaq, İngiltərəyə qalib gələ bilərik”.
Qeyd edək ki, bu il ingilislərin azarkeş sarıdan da bəxti gətirməyib. Rəsmi məlumata görə, İngiltərədən  qrup oyunlarının keçirildiyi Ukraynaya cəmi 5 min azarkeş gəlib. Rusiya saytları yazır ki, praqmatik ingilislər keçmiş sovet respublikasına gəlməkdən heç də qorxmayıblar. Sadəcə Ukrayna hökuməti çılğın ingilis azarkeşlərinin əksəriyyətinə viza verməkdən imtina edib.

Doğrudan da ingilislərə bu turnir acımamaq olmur. Sonuna baxaq...
İsveç FİFA-nın son açıqlanan reytinq cədvəlində 931 xalla 17-ci pilləni tutub. Yenə maraqlı fakt kimi xatırladım ki, İsveç millisi tarixi ərzində Avropa çempionatlarına cəmi 4 dəfə qatılıb. 2008-ci ildə keçirilən sonuncu Avropa çempionatında da qrup səddini aşa bilməyib. Eyni taleyi yaşamaq istəmirsə,  bu gün ingilisləri yenmək lazımdır...
Baş məşqçi Erik Hamrenin Ukrayna ilə oyun taktikası hücum futboluna hesablansa da komanda vurduğu qoldan sonra təzyiqə davam gətirə bilmədi. Onun komandaya cəlb etdiyi Yohan Elmander, Tobias Haysen, Emir Bayrami, Ola Toyvonen və Markus Rozenberq kimi oyunçular ingilislərə başağrısı yarada bilər. Kimin nəyi bacaracağını isə bu gün yaşıl meydanda görəcəyik...

Nazim SABİROĞLU,
"Yeni Müsavat"


Son xəbərlər