Ya olum, ya ölüm...

Ya olum, ya ölüm...
AVRO-2012 9 İyun 2012 / 14:08 3627
-  A +

Bu gün “ölüm qrupu”nda dünyanın ən şanslı komandası ilə Hollandiya qarşılaşır; Almaniya Portuqaliya ilə oyuna sərxoşmu çıxacaq?

Bu gün “ölüm qrup”nda ilk oyunlar olacaq. Bakı vaxtı ilə saat 21:00-da Xarkov (Ukrayna) şəhərinin “Metallist” stadionunda (35 min azarkeş tutumuna malikdir) Hollandiya yığması Danimarka millisi ilə qarşılaşacaq. Avro-2012-nin əsas favoritlərindən hesab olunan Hollandiya millisi oyun ərəfəsində müdafiə xəttində problemlə üzləşib. Belə ki, Hollandiya yığmasının əsas müdafiəçisi Yoris Matiysen Bolqarıstanla yoldaşlıq matçında zədələnib və böyük ehtimalla bu gün heyətdə olmayacaq.

Hollandiya millisinin baş məşqçisi Bert van Marvyikin sözlərinə görə, Mastyisenin Avro-2012-nin qalan oyunlarında iştirakı gözlənilir. Qeyd edək ki, Matiyseni bu gün böyük ehtimalla Vilfred Bouman əvəz edəcək.
Komandanın bu çempionatda əsas ümidi “Arsenal”ın hücumçusu Robin Van Persidir. İngiltərə premyer-liqasında onu “dahi oyunçu” adlandırırlar. Amma o, futbolçu taleyində hələ ki, Avropa və dünya çempionluğu sevincini yaşamayıb. Rusiya mətbuatı yazır ki, komandada mühit o qədər də sağlam deyil. Robben, Snayder və Bommel kimi futbolçuların şəxsi münasibəti yaxşı deyil və bu, etiraf edilməsə də komanda oyununa təsir edir. Buna baxmayaraq hər üç futbolçu hazırda əla formadadır.

2008-ci ildən komandanın sükanı arxasında olan Bert van Marvyik (o, Hollandiya millisində cəmi bir oyun keçirib) deyir ki, millidə əsas məsələ ulduzların sayı deyil, heyətin sabit olmasıdır. Bu səbəbdən də çalışdırıcı komandanı seçmə mərhələsində stabil olaraq bir heyətdə oynatmağa çalışıb. Elə bu səbəbdən də Avro-2012-nin seçmə mərhələsində Hollandiya ardıcıl 9 qələbə qazanıb və qrup lideri olub. Sona bir tur qalmış final mərhələsinə vəsiqəni təmin edən Bert van Marveykin yetirmələri son matçda İsveçə uduzub - 2:3. Daha bir maraqlı fakt: “narıncılar” seçmə mərhələnin ən məhsuldar komandası olublar.
2010-cu ildə CAR-da keçirilən dünya çempionatında Hollandiya Danimarka ilə bir qrupda yer alırdı. Qrupdakı oyunda hollandlar bir qol vursalar da qarşılaşma 2:0 hesabı ilə onların xeyrinə başa çatıb. Simon Poulens öz qapısına, hollandların məşhur oyunçusu Küyt rəqib qapısına top vurub.

***

Danimarka millisi də bu oyun ərəfəsi müdafiədə itki ilə üzləşib. Danimarka millisinin əsas qapıçısı Tomas Sorensen heyətdən kənarlaşdırılıb. Buna isə futbolçunun zədəsi səbəb olub. Sorenseni yığmadan kənarlaşdıran Danimarka millisinin baş məşqçisi Morten Olsen buna çox üzüldüyünü bildirib: “Bu qərarı vermək bizə çox çətin idi. Sorensenin olmaması komandanın oyununa təsirsiz ötüşməyəcək. O, çox təcrübəli və peşəkar futbolçudur. Ancaq təəssüf ki, Avro-2012-də onun xidmətindən yararlana bilməyəcəyik”.

Qeyd edək ki,  Sorensenin əvəzinə qapıda “Leyçester Siti”nin qapıçısı Kasper Şmeyhel dayanacaq. Kasper Danimarka futbolunun əfsanəvi ismi, bu ölkənin yığmasının keçmiş qapıçısı Peter Şmeyhelin oğludur.
Ötən saylarımızda da qeyd etdiyimiz kim, “ölüm qrupu”nda Danimarka millisi az şanslı hesab edilir. Amma şansla bağlı bir faktı xatırladaq və nəticəni özünüz çıxarın.

20 il əvvəl Avropa çempionatının final mərhələsinə buraxılmayan Yuqoslaviyanın əvəzinə gözlənilmədən yarışa çağırılan Danimarka yığması... vəsiqə qazanmadığı Avro-1992-ni qızıl medalını almışdı. Şansa bir baxın! Tarix də olsa maraqlıdır: çempionluq yarışında İngiltərə və Fransanı məğlub edən danimarkalılar sonra İsveçi sıradan çıxarıblar. Daha sonra danimarkalılar Hollandiyanı bu yarışdan kənarda saxlayıb. Finalda isə “bizim Foqtsun” rəhbərlik etdiyi Almaniya millisini (2:0) məğlub ediblər. Hamı qrupda şansız dediyi Danimarka “asan qırılan qoz”a oxşamır.

Danimarka yığması ilə bağlı daha bir maraqlı fakt isə onun baş məşqçisi ilə bağlıdır. Belə ki, Morten Olsen Avropada nadir məşqçilərindən sayılır ki, yığma ilə 12 ildir çalışır. Bu oyun ərəfəsində yenə Rusiya mətbuatı yazır ki, danimarkalıların Avro-2012-də kağız üzərində xeyli ad-sanlı futbolçusu olsa da komandanı arxasınca aparacaq lider yoxdur.

Danimarka Futbol İttifaqı isə milli komandanın uğurlu çıxışı müqabilində mükafat fondunu açıqlayıb. Yığma turnirdə qalib olacağı halda hər futbolçu 3 milyon Danimarka kronu alacaq. Bu isə 504 min dollar deməkdir. Qeyd edək ki, futbolçular final mərhələsinə çıxmağa görə artıq 800 min kron alıb. Yığma 1/4 finala çıxacağı təqdirdə mükafatın məbləği 1,9 milyona kimi artırılacaq.

Almaniya - Portuqaliya və Lövün bicliyi...

“Ölüm qrupu” ilə bağlı iki gün əvvəl bəzi subyektiv fikirlərimi yazdığım üçün əslində Almaniya-Portuqaliya matçına xüsusi bölüm ayırmamaq lazım idi. Hamı öz sözün, proqnozun deyib, indi növbə futbolçularındır. Vallah, bu cür oyunlar haqda hətta ürəyini deşsə belə proqnoz verməyə adamın dili gəlmir. “Bu gün 23:45-də Almaniya-Portuqaliya qarşılaşmasıdır” yazıb nöqtə qoymaq da olardı. Əgər Almaniya millisinin baş məşqçisi Lövün açıqlaması olmasaydı... Bu açıqlamaya yazının sonlarında qısa qayıdacağam. Hələliksə statistiklər üçün topladığımız nələri deyək...
Avropa çempionatlarının final mərhələsində 1984-cü ildə debüt edən Portuqaliyanın ilk cəhdi uğurlu alınıb. Ta yarımfinaladək irəliləyən komanda Fransaya indi UEFA prezidenti olan Mişel Platininin əlavə vaxtda vurduğu qolla məğlub olub - 2:3. (O zamankı Fransada kimlər var idi: Jires, Deşamp, Tiqana...). Bundan sonra Portuqaliya bir də 1996-cı ildə Avropa meydanlarına qayıda bilib. Avro-2012 portuqaliyalıların ardıcıl iştirak etdiyi beşinci çempionatdır.
Portuqaliya tarixi ərzində heç vaxt Avropa çempionatının final mərhələsində qrupda qalmayıb. Ən pis halda 1/4 finala yüksələn pireneylilərin ən böyük uğuru isə 8 il əvvəl olub. Həmin vaxt yarışın təşkilatçısı olan yığma finalda Yunanıstana uduzmaqla (1:0) çempionluğu əldən vermişdi.
Son 8 ildə isə Portuqaliya böyük turnirlərdə daim pley-off mərhələlərinə yüksəlir. Lakin Polşa və Ukraynadakı çempionata bildiyiniz kimi, yalnız asan rəqibə - Bosniya və Herseqovinanı pley-offda darmadağın edəndən sonra (6:2) çıxıblar. Bugünkü oyun Portuqaliyanın bu çempionatda nə qədər iddialı olduğunu sübut edəcək. Almanlara uduzsalar, çempionluğa ilk turdan sonra əlvida deyə bilərlər.

Ax, bu “Bild”...

Almaniyanın baş məşqçisi Yoahim Lövün açıqlaması Portuqaliya ilə oyun ərəfəsində əsl sensasiya kimi qarşılanıb. Löv deyib ki, matçlardan sonra komanda üzvləri pivə, şərab içə, arvadları və sevgililəri ilə əylənə, hətta siqaret də çəkə bilərlər. Matçlara bir gün qaladək bu qadağa qüvvəsindədir. Löv belə deyib...

“Bild” Almaniyanın nüfuzlu nəşrlərindən hesab olunur. Amma... Bu nəşr Berti Foqtsun (onu yazılarımızda hələ çox xatırlayacağıq) Azərbaycandakı “çox isti yeri” “sərinləyən” kimi onu gah Türkiyə yığmasına, gah da digər millilərə baş məşqçi “aparırdı”. Foqts nədənsə hələ də “isti yerindədir”.

Çempionluğa ən iddialı bir komandanın məşqçisinin çox əhəmiyyətli bir oyun ərəfəsi bu cür danışması məncə, ya alman bicliyidir, ya da məşqçi taktikası. Hər halda Almaniya millisinin azarkeşi kimi mən bunu belə izah etməyə məhkumam. Yəni qoy rəqiblərimiz elə bilsin ki, biz oyunlara “paxmel” çıxacağıq. Araq və qadınlar haqda bu qədər...
Almaniya millisi haqqında o qədər deyilib, o qədər yazılıb ki, əlavə sözə ehtiyac qalmayıb. Yalnız qısa olaraq onu qeyd edək ki, ilk üç qitə çempionatında final mərhələsindən kənar qalan almanlar 1972-ci ildən başlayaraq ardıcıl 11-ci dəfədir Avropada güclərini sınayırlar. Onlar ilk 3 final mərhələsində  son oyunadək irəliləyib. 1976-da Çexoslovakiyaya uduzub gümüşlə kifayətlənən AFR 1980-ci ildə ikinci çempionluğunu bayram edib.

1984-cü ildə qrupda qalan qərbi almaniyalılar növbəti üç çempionatda yenidən mükafatçılar sırasında olub. 1988-ci ildə yarımfinalda Hollandiyaya uduzub bürünc medal qazanan almanlar 4 il sonra finalda Danimarkaya uduzdu. 1992-ci ildə gümüşlə kifayətlənən komanda 4 il sonra finalda çexiyalıları məğlub edib növbəti qızıllarını aldı. Daha sonra iki dəfə də (2000 və 2004-də) Avropa çempionatının final mərhələsini qrupda başa vuran almanlar 2008-ci ildə möhtəşəm çıxışları ilə diqqət çəkdi. Lakin finalda İspaniya ilə bacarmadılar. Torres 33-cü dəqiqədə ispanları birinci dəfə Avropa çempionu edən yeganə qolu vurdu.


Nazim SABİROĞLU, "Yeni Müsavat" qəzeti


Son xəbərlər