“Simurq” klubunun sabiq prezidenti Zaur Məmmədov Qol.Az saytına müsahibə verib
- Hazırda nə işlə məşğulsunuz, hansı sahədə çalışırsınız?
- Futboldan uzaq bir sahədəyəm.
- Yəqin ki, geridə qalan çempionatı izlədiniz. Mövsümü necə dəyərləndirərdiniz?
- Hansı mənada?
- Ümumiyyətlə. Hər hansı bir inkişaf gördünüzmü?
- Açığı, nə inkişaf gördüm, nə də geriləmə. Elə hər şey necə var, elə də qalıb. Amma, yenə də öncədən hansısa fikir səsləndirməyək. Qarşıdan avrokubok oyunları gəlir, orada bütün suallara aydınlıq gələcək. Ancaq mən istənilən halda, öz fikrimdə qalıram ki, bu səviyyəli çempionatla yenə Avropaya gedib ilk mərhələdən geri qayıdacağıq.
- Hansısa komanda oldu ki, onun oyunu nisbətən sizə xoş gəldi?
- Əslində bütün komandaların timsalında qeyri-stabilliyin şahidi oldum. Məsələn, “Qarabağ” elə bu qeyri-stabilliyin nəticəsində avrokuboklardan kənar qaldı. “Xəzər Lənkəran” özü də qeyri-stabil oynadı. “Bakı” haqqında da eyni sözləri deyə bilərəm. Yalnız sona doğru toparlanıb kuboku götürə bildilər. Nisbətən “Neftçi” stabil oynadı, ehtiyatına müəyyən qədər xal yığdı və yekunda çempionluğu qazandı.
- “Neftçi”nin ikinci il ard-arda çempion olmasını qanunauyğunluq sayırsınız?
- Belə götürəndə, “Qəbələ” və “Bakı”nı çıxmaq şərtilə, ilk “altılıq”dakı bütün komandaların çempionluq şansı var idi. Sadəcə, az öncə qeyd etdiyim kimi, digər komandaların qeyri-stabilliyi fonunda nisbətən stabil oynayan “Neftçi” nəticədə ardıcıl iki il qızıl medallara sahib çıxdı. Yeri gəlmişkən, mən də bu komandanı çempionluq münasibətiylə təbrik edirəm.
- Təbii ki, sizdən “Simurq” haqqında soruşmaya bilmərəm...
- “Simurq” mövsümə pis başlamadı. Ancaq sonradan eniş oldu ki, mən də bunu heyətdəki yaşlı futbolçuların fiziki cəhətdən yorğunluğu ilə izah edərdim. Ona görə sonluq da bu cür oldu. Ancaq olanlar geridə qaldı, indi irəli baxmaq lazımdır. Mən gedəndə yerimi cavan oğlana vermişdim (“Simurq”un prezidenti Anar Bəkirovu nəzərdə tutur - A.X). Yəqin ki, bu il təcrübə toplamaq baxımında onun üçün də faydalı oldu.
- Az öncə “Simurq”un mövsümə uğurlu start verib sonra gerilədiyini qeyd etdiniz. Ancaq bunu Serqey Yuran faktoru ilə əlaqələndirənlər də var. Həqiqətən də Yuranın dövründə “Simurq” baxımlı, gözəl futbol oynayırdı. Sizcə, niyə onunla yola getmək mümkün olmadı?
- Bilirsiniz, bütün fikirlər üst-üstə düşəndə, uğur da qazanmaq olur. Ancaq elə olur ki, əksinə olur və uğursuzluq başlayır. Razıyam, Yuran yaxşı məşqçi idi, amma, görünür, fikirlər üst-üstə düşmədi. Yəni, xarakter söhbəti. Düzdür, mənim dövrümdə baş məşqçi olan Roman Pokora da qəliz adam idi. İlk vaxtlar ipə-sapa yatmırdı. Axırda ona başa saldım ki, bura Ukrayna deyil, Azərbaycandı, burda hər kəsə salam vermək lazımdır. Sözümü ona gətirirəm ki, ola bilsin, Anar müəllim də gəncdir, klub prezidenti kimi ilk ili idi və yəqin ki, növbəti mövsüm üçün müəyyən təcrübə topladı. Mən özüm də ilk vaxtlarda çətinliklər çəkmişəm.
- “Simurq” yarandığı gündən bir dəfə də olsun yerli məşqçiyə güvənməyib. Yurandan sonra da özümüzün Pro kateqoriyalı məşqçilərimiz işsiz qala-qala gedib “İnter”də köməkçi məşqçi işləyən hansısa gürcünü baş məşqçi postuna təyin etdilər. Bu komanda sanki “İnter”in yolunu tutub. Azərbaycanlı məşqçilərə qarşı laqeydliyin, aqressiyanın kökündə nə durur?
- İnanın ki, burada heç bir qərəzdən söhbət gedə bilməz. Mən, ümumiyyətlə, tez-tez məşqçi dəyişməyi xoşlamıram. Odur ki, Pokoraynan başlayıb, Pokoraynan da qurtardım. Düzdür, bir mövsüm Coko Haciyevskiynən də işlədim. Amma, o bir növ sınaq mövsümü oldü. Düşündük ki, riskə gedək komandanı bütünlüklə yerli gənclərdən quraq, hansısa sensasiyaya imza ataq. Hətta Haciyevski demişdi ki, bəlkə 3-4 legioner gətirək, amma mən razı olmadım ki, elə bu yolla da gedək. Əgər yerlilərə qarşı başqa münasibətimiz olsa, həmin vaxt heyəti bütünlüklə azərbaycanlılardan qurmazdıq. Mən özüm də azərbaycanlıyam. Hansı qərəz ola bilər ki? Sadəcə, vəziyyət elə gətirib ki, “Simurq”da əcnəbilər çalışıb.
- Sonda milli komandanın son oyunu və ümumi vəziyyəti ilə bağlı da fikirlərinizi bilmək istərdik. Yaponiya ilə oyun göstərdi ki, heç nə dəyişməyib. Kimdir günahkar, federasiya, baş məşqçi, ya futbolçular? Bəlkə siz, bir çıxış yolu göstərəsiniz?
- Hesab edirəm ki, nə qədər çətin də olsa indiki U-21-i bütün heyəti ilə əsas milliyə gətirmək lazımdır. Hamıya da açıq şəkildə demək lazımdır ki, heç bir məqsəd üçün mübarizə aparmayacağıq, məqsədimiz gələcəyin komandasını qurmaqdı. Görürsünüz, siz də çıxılmaz vəziyyətdə qalmısınız, azarkeşlər də, hamı bu vəziyyətdədir. Hamı düşünür ki,kimdir günahkar? Berti Foqts? Şəxsən mən onda günah görmürəm. Futbolçular? Onlarda da günah görmürəm. Çünki uşaqlıqdan onlara bu cür məktəb keçiblər, bu səviyyədə oynamağı öyrədiblər. Odur ki, yeni, gənc futbolçuları milliyə gətirmək lazımdır, qoy, lap 0:10 uduzaq amma, bilək ki, 5 ildən sonra bu komandadan nə isə gözləmək olar.
Anar XANLAROV
Fliki boğaza yığıb
Ançelotti gedir, o gəlir
İkardi məhkəməyə gəlmədi
Türkiyə millisində daha bir itki
Alonso "Real"a keçəcək?
"Niyə Hummels oynaya bilməz?" - "Roma"nın yeni baş məşqçisi
Cüdoçularımız daha bir qızıl və bir gümüş medal qazandılar
"Barselona"dan Kvaratsxeliya üçün 80 milyon avro
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Fatih Terim Bakıda belə qarşılandı - Şəkillər
21-ci əsrin ən yaxşı qapıçısı o oldu
"Bizə lazım olan sadəcə futbol meydançası və topdur" - Estoniya millisinin futbolçusu
“Santuşun komandasına qarşı oynamaq böyük şərəfdir”
Vanda Nara İkardini zorakılıqda ittiham edib
"Şamaxı" yoxlama oyunu keçirəcək
"İnter" almaniyalı futbolçu ilə müqaviləni uzatdı
“Qarabağ” David Qarridonu Bakıya gətirir
Azərbaycan millisi D liqasına hansı halda düşə bilər?