"Məsut Özil bizi təəccübləndirdi"

"Məsut Özil bizi təəccübləndirdi"
MÜSAHİBƏ 31 Yanvar 2012 / 14:51 6544
-  A +

Unibankın sponsorluğuyla Qol.Az saytının “Üz-üzə” rubrikasının bu dəfəki qonaqları fotoqraflar Viktoriya Melnik və Timur Maksutovdur.
 
- İlk öncə fotoqraf kimi bir-birinizi xarakterizə edərdiniz...

- Viktoriya Melnik: Həmkarım çox yaxşı fotoqrafdır. Onunla birgə çalışdığım üçün fəxr edirəm.

- Timur Maksutov: Mən Viktoriyadan fərqli olaraq, həm fotoqraf, həm də müxbir kimi çalışıram. Viktoriya isə sırf fotoqrafdır. Görürəm ki, o, bir fotoqraf kimi öz üzərində çox işləyir və çalışır ki, öz işinin ustası olsun. Düşünürəm ki, Viktoriya Azərbaycan jurnalistikasında sayılıb-seçilən fotoqraflardandır.

- Niyə məhz bu peşəni seçdiniz?

- V.M: Fotoqraflıq elə bir sahədir ki, sən istənilən vaxt hansısa bir hadisənin maraqlı anlarını çəkə bilərsən. Ancaq tutduğun kadra yenidən qayıtmaq imkanın olmur.  Bununla belə, həmin şəkilə baxmaqla, ötən anları xatırlayırsan. Fotoqrafiya insan üçün bir xatirədir. Fotoqraflar insanları, uşaqları, şəhərləri çəkməklə, onları gördüyü kimi təsvir edir və müxtəlif zövqlü insanlara çatdırır. Mənim bu peşəyə uşaqlıqdan marağım olub və sonda fotoqraf olmağa qərar vermişəm.

- T.M: Mən fəaliyyətimə jurnalist kimi başlamışam. Ancaq fotoqrafiyaya marağım çoxdan var idi. Bir müddət jurnalist kimi çalışdıqdan sonra özümə yeni bir fotoaparat aldım və fəaliyyətimi fotoqraf kimi davam etdirdim. Düşünürəm ki, futbolda baş verən hadisələrin işıqlandırılmasında şəkillərin rolu daha böyükdür, nəinki yazıların. Məhz fotolar hər hansı bir məlumatı oxucuya və azarkeşə çatdırmaqda böyük rol oynayır. Bu, bir daha fotoqrafiya sahəsinin futbolda vacib bir peşə olduğunu göstərir. 

- Viktoriya, Azərbaycan jurnalistikasında xanım fotoqrafların fəaliyyət göstərməsi heç də birmənalı qarşılanmır. Bu, daha çox ölkəmizin mentaliteti ilə əlaqədardır. Mentalitet amili sənin işinə mane olmur ki?

- Xeyr. Mən bu suala bir qədər fərqli yanaşmaq istərdim. İnsanlar mentaliteti digər sahələrdə axtarsalar, daha yaxşı olar. Onlar mənə yox, futbolda baş verənlərə diqqət yetirməlidirlər. Bununla belə, mentalitet amili məni narahat etmir. 

- Timur, bəs, sən xanım fotoqrafların fəaliyyət göstərməsinə necə baxırsan?

- Məncə, çox şey elə özümüzdən asılıdır. Yəni, biz buna necə baxırıq. Bir məsələ var ki, futbola gələn hər kəs bilir ki, bu, xanım fotoqrafın işidir. Digər xanımlar müxtəlif sahələrdə çalışdığı kimi, fotoqrafın da işi budur.Onlar da özləri üçün çörək pulu qazanırlar. Mən buna normal baxıram. İnanıram ki, bir neçə ildən sonra artıq Azərbaycanda xanım fotoqrafların fəaliyyəti normal qarşılanacaq.

- Oyunlar zamanı istər azarkeşlər, istərsə də futbolçular arasında təhqiredici ifadələr səslənir. Bunu necə qarşılayırsınız?

- V.M: Adətən, futbolda azarkeşlər daha çox hakimi söyürlər. Mən buna əhəmiyyət vermirəm və öz işimlə məşğul oluram. Bəzən futbolçular, bəzən də azarkeşlər təhqiredici sözlər işlədirlər. Ancaq bu, mənim yox, onların problemidir. Mən bütün diqqətimi işimə yönəltdiyim üçün çox vaxt həmin ifadələri eşitmirəm.

- T.M: Təbii ki, mən də bunu müsbət qarşılamıram. Ancaq bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur. Özünə hörmət edən azarkeş belə ifadələrə yol verməz. Məlum məsələdir ki, bizim futbolçular azarkeşlərimizi tez-tez sevindirmir. Ona görə də stadiona gələn azarkeş istədiyi nəticəni ala bilmədikdə, belə təhqiredici ifadələrə yol verir.  

- Bir fotoqraf kimi Azərbaycanda hansı futbolçularla dostluq münasibətiniz var?

V.M: Təbii ki, dostluq münasibətləri olduğum futbolçular çoxdur. Ancaq ad çəkmək istəmirəm. Ümumilikdə isə bütün futbolçularla yaxşı münasibətim var. Hər hansı futbolçuya fotosessiya üçün müraciət etdikdə, onların hamısı böyük məmnuniyyətlə razılıq veriblər. Ona görə də ad çəkmək düzgün olmaz.

T.M: Düzünü desəm, çox futbolçularla yaxşı münasibətim var. Ad çəkməli olsam, “Qəbələ”dən Saşa Yunisoğlu, “Bakı”nın keçmiş futbolçuları Vadim Borets, Aleksey Savinovu qeyd edə bilərəm. Bu futbolçular hər zaman səmimi olmaqla yanaşı, çox mehriban oyunçulardır. Əksər hallarda, məğlub olan komandanın futbolçuları danışmaq istəmirlər. Lakin adını çəkdiyim futbolçular istisnadır. Onlar nəticədən asılı olmayaraq, müsahibə verməkdən çəkinməyiblər.

-Artıq uzun müddətdir ki, bu sahədə çalışırsınız. Fəaliyyətiniz dövründə bir sıra maraqlı hadisələrin şahidi olmusunuz. Bunlardan ən yadda qalanı və unudulmazı hansı olub?

- V.M: Milli komandanın oyunları zamanı stadionun azarkeşlərlə dolması adama xüsusi zövq verir. Azarkeşlərin komandanı dəstəkləməsi adrenalini qaldırır ki, bu da gözəl bir hissdir. Yadda qalan hadisəyə gəldikdə isə “Bakı”nın 2009-cu ildə çempion olmasını söyləyə bilərəm. Həmin vaxt baş verənləri tribunadan lentə alsam da, “Bakı”nın çempionluğunu elan etməsindən sonra meydançaya endim və öz işimi görməklə yanaşı, yaşanan çempionluq sevincinin də yaxından şahidi oldum. Oyun kimi isə mənim üçün ən yadda qalan matç 2010-cu ilin mayında Azərbaycan kubokunun final mərhələsi çərçivəsində baş tutan “Bakı” – “Xəzər Lənkəran”görüşünü (2:1) vurğulamaq istərdim. Həmin oyun nəinki futbolçular, elə bizlər üçün də gərgin keçmişdi.

- T.M: Azərbaycanın 21 yaşadək futbolçularından ibarət yığma komandasının Özbəkistan millisi ilə Lənkərandakı yoldaşlıq matçını qeyd etmək istəyirəm. Həmin görüşü işıqlandırmaq üçün biz də Lənkərana yollanmışdıq və oyun həftəiçi keçirilirdi. Yoldaşlıq görüşü olmasına baxmayaraq, stadiona 6-7 min azarkeş gəlmişdi. Komandamız 0:1 hesabı ilə məğlub olsa da, lənkəranlı azarkeşlər millimizi sonadək dəstəkləyirdilər.Həmin vaxt düşündüm ki, əgər futbolçularımızın yerində olsaydım, bu oyunda uduzmamaq üçün əlimdən gələni edərdim. Çünki Lənkəran azarkeşləri bir saniyə belə dayanmadan komandanı qələbəyə səsləyirdi. Ancaq təəssüf ki, sonda məğlub olduq. Yadda qalan hadisə kimi isə Azərbaycan – Rusiya matçını (1:1) da vurğulaya bilərəm. Həmin görüşdə iki komandanın azarkeşləri arasında davanın düşməsi xoşagələn hadisə olmasa da, yadda qalan oldu. O an demək olar ki, bütün fotoqraflar hadisə yerinə cəmləşmişdi. Biz bəzən öz azarkeşlərimizi qınayırıq, ancaq həmin oyunda rus fanatların özlərini apara bilməməsinin şahidi olduq.

- Sizcə, Azərbaycanda hansı futbolçudan yaxşı fotosessiya alınar?

- V.M: Azərbaycanda belə futbolçular çoxdur. Heç bir futbolçunu fərqləndirmək istəmirəm. Ancaq indiyədək fotosessiyaya çəkdiyim futbolçulardan “Bakı”nın sabiq oyunçuları Əziz Quliyev, Vyaçeslav Sofroni və “Simurq”dan Robertas Poşkusu qeyd edə bilərəm.

- T.M: Mən ad çəkə bilmərəm. Çünki mənim Viktoriya kimi fotosessiya rubrikam yoxdur. Ancaq həmkarımın fotosessiyalarına baxanda, “Bakı”nın kosta-rikalı hücumçusu Uinston Parksı fərqləndirərdim.  Məncə, Parks qeyri-adi futbolçu olduğu üçün ondan yaxşı fotosessiya alınar.

- Geridə qalan 3-4 il ərzində Azərbaycana bir sıra dünya ulduzları gəlib. Bunların sırasında elə bir futbolçu oldumu ki, onu fotosessiyaya çəkmək istədiniz, lakin alınmadı...

- V.M:
Ötən ilin yayında Azərbaycana istirahətə gələn Rusiya milli komandası və “Arsenal”ın ulduz futbolçusu Andrey Arşavini fotosessiyaya çəkmək istəyirdim. Onunla görüşmək üçün xeyli çalışsam da, təəssüf ki, arzuma çata bilmədim. Arşavinlə yanaşı,Rusiya yığmasının digər üzvü Roman Pavlyuçenkonu da fotosessiyaya çəkməyi düşünürdüm. Çünki onun Azərbaycanda bir fanatı var idi və o məndən xahiş etmişdi ki, Pavlyuçenkonu fotosessiyaya çəkim.

- T.M: Çox təəssüf ki, ulduz futbolçular Azərbaycana gələrkən, onlar nəinki fotosessiya, heç müsahibə vermək də istəmirlər. Məsələn, elə götürək Almaniya yığmasını. Bundestimin ulduz futbolçularından sayılan Miroslav Kloze, Bastian Şvaynştayger və digər oyunçular heç jurnalistlərə tərəf baxmadılar. Məsut Özilə gəldikdə isə o bizi təəccübləndirdi. Çünki biz Məsuta türkcə sual ünvanladıqda, o “anlamıram” deyə cavab verdi. Hər kəs bilir ki, Məsut türkcə bilir, sadəcə danışmaq istəmədi. Ancaq Rusiya yığması Bakıya gəldiyi vaxt həmkarım Viktoriya məndən xahiş etmişdi ki, mətbuat üçün açıq məşqdən sonra onun rusiyalı futbolçularla şəkilini çəkim. Belə də oldu. Bu demək olar ki, Viktoriyanın fotosessiyası idi. Rusiyalı futbolçulardan isə heç kim buna etiraz etməmişdi. Bəlkə də xanım olduğundan hər biri razılıq vermişdi.

- Bəs, dünya futbolunda hansı futbolçunu fotosessiyaya çəkmək istərdiniz?

- V.M: Bu sualı mənə çox veriblər. Daha öncə verdiyim cavablarda Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenkonun adını çəkmişdim. Doğrudur, Sevçenko bir futbolçu kimi mənim xoşuma gəlir. Ancaq mən futbolçuya onun istedadı və oyunçu keyfiyyətlərinə görə qiymət vermirəm. Futbolçunun daha çox fotosessiya imkanlarına diqqət yetirirəm. Ona görə də mən hansısa futbolçunun adını çəkə bilməyəcəyəm. Çünki mən futbol azarkeşi deyiləm. Düzdür, dörd ilə yaxındır ki, futbolda fotoqraf kimi çalışıram. Azərbaycan futbolu ilə bağlı çox şeyi bilirəm. Ancaq dünya futbolunu yaxından izləmirəm. Hər hansı yerli futbolçumuz və ya Azərbaycan çempionatında çıxış etmiş oyunçunu digər ölkələrdə görəndə qürur hissləri keçirirəm. Elə misal üçün qeyd edim ki, yeni ili Tiflisdə keçirdim və küçədə gəzərkən “Dinamo” (Tiflis) klubunun plakatını gördüm. Həmin plakatda “İnter”in sabiq futbolçusu David Odikadze də var idi. Mən bu futbolçunu tanıyıram və onunla fəxr edirəm. Lakin yenə deyirəm, dünya futbolunda pərəstiş etdiyim oyunçu yoxdur.

- T.M:
Mən Viktoriyadan fərqli olaraq dünya futbolunun azarkeşiyəm. Daha dəqiq desəm, İtaliya A Seriyasının, “Milan”ın fanatıyam. Həmin komandanın futbolçuları Filippo İnzagi, Aleşandro Pato və “Milan”ın sabiq futbolçusu Kaxa Kaladzeni fotosessiyaya çəkmək istərdim. Məncə, İnzagiylə daha yaxşı fotosessiya alınar. 
 

- Unibank Premyer Liqasında  bu zamanadək  tutduğunuz ən yadda qalan kadr hansı olub?

- V.M: Yadda qalan kadrlarım çoxdur. Demək olar ki, çəkdiyim bütün şəkilləri saxlayıram. Oyuna gəldikdə isə maraqlı kadr “Bakı”nın görüşündə qeydə alınmışdı.  Həmin kadrda “Bakı”nın sabiq futbolçusu Vyaçeslav Sofroni rəqib qapıçı ilə mübahisə edirdi və hakim də onları sakitləşdirməyə çalışırdı. Həmin fotoya baxdıqda elə təsəvvür yaranır ki, sanki hakim onları buraxsa, bir-birilərini parçalayacaqlar. Daha bir maraqlı kadr isə ötən mövsüm “Muğan” – “Qarabağ” matçında lentə alınıb. Həmin oyunda “Muğan”ın qapıçısı Amil Ağacanovun hakimlə mübahisə etdiyi kadrı qeyd edə bilərəm. 

- T.M:
Hər oyunda təxminən 500-600 şəkil çəkirəm və onların arasında seçim etmək çox vaxt aparır. Ancaq yadda qalan kadr kimi elə son “Neftçi” – “Xəzər Lənkəran” matçında (5:0) Ruslan Abışovla mübarizədə Julius Vobayın başının qanamasını xüsusi qeyd edərdim. Mən “Neftçi”nin qapısı arxasında dayanmışdım və birdən gördüm ki, Vobayın başından qan axır. Futbolçuya elə ilk yardımı da “Neftçi”nin oyunçuları göstərdi. Daha sonra Alim Qurbanov və digər “Xəzər Lənkəran”lı futbolçular Vobaya köməklik edərək meydandan çıxardılar. 


- Viktoriya, bildiyimizə görə, sən Ukrayna əsillisən. Ancaq 4 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərirsən. Nə vaxtsa Azərbaycanı tərk edib işini vətənin Ukraynada davam etdirməyi düşünmüsən? Yaxud səni Azərbaycana bağlayan nədir?

- Yox. Azərbaycanı tərk etmək haqda düşünməmişəm. Yenə deyirəm, mən futbol azarkeşi deyiləm və Azərbaycanda fotoqraf kimi çalışıram. Əgər futbola bağlı insan olsaydım, istədiyim ölkəyə gedər və orada fotoqraf kimi çalışardım. Bunun hansı ölkə olacağı fərq etməzdi. “Məni Azərbaycana nə bağlayır” sualına gəldikdə isə Bakıda doğulduğuma görə bura mənim üçün əzizdir. Üstəlik Azərbaycanda məni hər şey qane edir. Nəyə görə tərk etməliyəm ki? Doğrudur, mən yeniliyi sevən insanam. Ancaq bir məqam var ki, heç kəs deyə bilməz ki, mən bir gün digər ölkəyə gedəcəyəm və orada hər şey yaxşı olacaq. Bu, yanlış fikir olar. Azərbaycanı bəyənirəm və buna görə də başqa ölkəyə getməyi düşünmürəm.

- Timur, sənin necə, fəaliyyətini ölkə xaricində davam etdirmək planın var?

- Çox təəssüf ki, Azərbaycan jurnalistikasında böyük pul yoxdur. Təbii ki, mən pul dalınca qaçmıram. Ancaq hər halda bu, önəmlidir. Digər ölkələrlə müqayisə etsək, məsələn, elə Rusiya, Türkiyə jurnalistikasında da əmək haqqı yuxarı deyil. Lakin bu ölkələrdə çalışaraq, normal yaşaya bilərsən. Azərbaycanda isə bu bir qədər çətindir. Ona görə də digər ölkələrdə də özümü sınamaq istərdim. Türkiyə, Rusiya və ya ingilis dilli ölkələrdə işləyə bilərəm. Bunu isə zaman göstərəcək.


-Sizcə, peşəkar fotoqraf olmaq üçün ilk öncə nə tələb olunur?

- V.M: Azərbaycanda fotoqrafların sayı çoxdur. Lakin onların arasında  peşəkarlara barmaqla sayılacaq qədər az rast gəlmək olar. İdman sahəsində, əsasən də futbolda fotoqraf işləmək asandır. Çünki burada emosiyalar çox olur ki, həmin kadrları da tutmaq çətinlik yaratmır. Lakin peşəkar fotoqraf olmaq heç də asan deyil. Müasir dövrdə texnikanın sürətlə inkişaf etməsinə baxmayaraq, peşəkar fotoqraf kimi formalaşmaq olduqca çətindir. Bunun üçün öz üzərində çox işləməlisən. Peşəkar fotoqraf odur ki, onlar küləkdə, yağışda, qarda, istənilən hava şəraitində stadionda olsun. Ancaq Azərbaycanda əlverişsiz hava şəraiti olduqda stadionda 20 fotoqrafdan cəmi 5 nəfərə rast gəlmək olur. Bölgələrdə vəziyyət daha pisdir. Orada demək olar ki, hər oyun zamanı stadionda cəmi 2 fotoqraf olur. Bu, belə olmamalıdır.

- T.M: Viktoriyanın fikirləri ilə tamamilə razıyam. Hazırda Azərbaycanda özünə fotoqraf deyənlərin sayı durmadan artır. Lakin bir neçə il bundan öncə “Neftçi” keçmiş “İntertoto” kubokunda növbəti matçına çıxırdı və həmin vaxt stadionda demək olar ki, fotoqraf yox idi. O zaman həvəskar fotoaparatımla stadiona getmişdim və məndən başqa da bir neçə fotoqraf oyuna gəlmişdi. Lakin onlar da peşəkar fotoqraf deyildilər. Elə Unibank Premyer Liqasında bu mövsüm baş tutmuş “Neftçi” – “Xəzər Lənkəran” matçını da (5:0) qeyd edə bilərəm. Həmin oyun yağışlı havada keçirilirdi və stadionda cəmi 3 nəfər fotoqraf var idi. Bununla belə, son zamanlar hər oyunda stadionda 15-ə yaxın fotoqraf olur. Hətta, onların sayı getdikcə artır ki, azalmır.

- Özünüzü peşəkar fotoqraf hesab edirsiniz?

- V.M: Yox. Hər gün yeni bir şey öyrənirəm.

- T.M: Təbii ki, yox. Mən hələ də öyrənirəm.



Vüsal HÜSEYN


















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi