Fariz Yusifov: "Onların bir aya qazandığını biz doxsan dəqiqəyə qazanırıq"

Fariz Yusifov: "Onların bir aya qazandığını biz doxsan dəqiqəyə qazanırıq"
MÜSAHİBƏ 24 Yanvar 2012 / 18:51 4259
-  A +

Azərbaycanın üç FİFA referisindən biri – Fariz Yusifovun Qol.Az saytına müsahibəsi

- Artıq 10 gündür Türkiyənin Antalya şəhərində hazırlıq prosesindəsiniz. İlk əvvəl təlim-məşq toplanışının gedişatı haqda fikirlərinizi öyrənmək istəyirəm.

- Hazırda Unibank Preymer Liqasının final mərhələsinə hazırlıq gedir. Mən hakimlərlə ünsiyyət quranda yada salıram ki, "altılıq"da bizi çox maraqlı matçlar gözləyir. Bu hazırlıq prosesi bizim hər bir hakimimiz üçün ciddi sınaqdır. Hakimlərimiz üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edir və səylə çalışırlar. Hər gün məşq edir, oyunlar idarə edir, toplantı və məşğələlər keçirik. Hakimlərin belə toplanışları ildə artıq iki dəfə olur. Bunun bəhrəsini görəcəyik. Əvvəllər bizim klublar ölkə xaricində, biz hakimlər isə Azərbaycanda hazırlıq keçirdik. Vaxt olub ki, buna görə komandaların fiziki hazırlığı ilə ayaqlaşa bilməmişik. Amma son illər AFFA və PFL tərəfindən bizə yaradılan şərait nəticəsində tarazlıq bərpa olunub.

- Sizin budəfəki toplanış zamanı Antalyada idarə etdiyiniz bir oyun – "Krılya Sovetov" (Rusiya) – "Tün" (İsveçrə) oyunu qalmaqalla yadda qaldı. Həmin matçda yaşananlarla bağlı nə deyərdiniz?

- Oyunun başlanmasına bir saat qalmış biz artıq stadiondaydıq. Hər iki komandanın nümayəndələri ilə söhbət edərək onları UEFA və FİFA-nın razılaşmalarına uyğun olaraq oyunçuların əvəzetməsilə bağlı fikirlərimi bildirdim. Onlar məşqçilərlə məsləhətləşdikdən sonra, matçın başlamasına 15 dəqiqə qalmış hər iki komandanın nümayəndəsi yaxınlaşaraq dedilər ki, əvəzetməylə bağlı limit olmasını istəmirlər. İsveçrə komandasının təmsilçisi dedi ki, iki sarı vərəqə alıb qırmızı vərəqə görən futbolçunu əvəz etmək olar, amma birbaşa qırmızı vərəqə alan oyunçuya bu, şamil edilməsin. Oyunun 85-ci dəqiqəsində, hesab 0:3 olarkən köməkçim bildirdi ki, "Krılya Sovetov" 50-ci dəqiqədə əvəz olunan futbolçunu yenidən meydana buraxmaq istəyir. 87-ci dəqiqədə mən "Krılya Sovetov"un baş məşqçisi Andrey Kobelevə yaxınlaşıb dedim ki, bu məsələylə bağlı matçdan əvvəl bizə heç nə deyilməyib və belə əvəzetmə qaydalara ziddir. Amma o, çox kəskin və aqressiv şəkildə bildirdi ki, yoldaşlıq oyunu olduğundan nə istəsəm, nə vaxt istəsəm, onu da edərəm. Mən də oyundan öncə onların nümayəndəsinə söylədiklərimi ona da dedim. Bundan sonra o, sakitləşdi. Mən oyunu davam etdirməyə hazırlaşırdım ki, Kobelev komandasına  meydandan çıxarmaq tapşırığı verdi. Onun bu hərəkəti mənə qaranlıq qaldı. Məncə, o, nəticədən narazı olduğuna görə belə addım atdı. Axı, Kobelevin komandası 0:3 hesabıyla uduzurdu. Yeri gəlmişkən, matçdan sonra özünü "Krılya Sovetov"un prezidenti kimi təqdim edən gənc baş verənlərə görə bizdən üzr istədi.

- Hakimlər belə vəziyyətlərlə çox tez-tez rastlaşırlar. Ümümiyyətlə, referilərə qarşı təzyiq həmişə çox olub. Siz belə anlarda nə hisslər keçirirsiniz?
 
- Mən hakimliyə gələndə, belə halların olacağını düşünürdüm. Bilirsiniz, insan səhvsiz deyil. Amma belə toplanışlar həm də ona görədir ki, hakim səhvləri az olsun.

- Bizim hakimlərlə, xüsusilə FİFA referiləriylə bağlı problemli məsələlərdən biri onların yüksək səviyyəli oyunlara, eləcə də avrokubokların qrup mərhələlərinin matçlarına təyinat almamalarıdır...

- Bu, təkcə bizim problemimiz deyil. Dərindən fikirləşsək, hakimliklə ölkə futbolunun səviyyəsi bir-birini tamamlayır. Nə vaxt bizim klublar Avropada yaxşı nəticələr göstərəcək, hakimliyimiz də beynəlxalq aləmdə bir o qədər irəli gedəcək. Azərbaycan futbolu tarixində ilə dəfəydi ki, ötən il hər üç FİFA referimiz Avropa Liqasının eyni mərhələsinə təyinat aldılar. O zaman bizim dörd komandamız da qitə miqyaqslı yarışda çıxış edirdi. İnanın, "Qarabağ"la yanaşı, bizim daha bir klubumuz növbəti mərhələyə vəsiqə qazansaydı, UEFA Azərbaycan hakimlərinə yenə şans verəcəkdi.
 
- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyir ki, Azərbaycanın bir hakimi "Avro-2016"nın final mərhələsinin oyunlarını idarə edə bilər. Siz, bir FİFA referisi olaraq, bu fikrə necə yanaşırsınız?

- Bizim gənc hakimlərimiz o yarışlara düşə bilər. Antalyadakı bu toplanışımızda gənclər də bizimlə bir yerdədir. Hazırda gənc hakimlərimiz daha çoxdur. Xaqani Məmmədov bu sözləri əbəs yerə demir. Bizə gözəl şərait yaradılıb, AFFA və PFL tərəfdən hakimlərə həmişə dəstək və inam olub. Bütün bunlar gec-tez öz sözünü deməlidir.

- Siz federasiya tərəfindən sizə yaradılan qayğıdan danışdınız. Bununla belə, hakimlərin oyunları qərəzli idarə etməsi, hətta rüşvət alması kimi fikirlər indi də səslənir.

- Siz özünüz burada bizə yaradılan şəraiti görürsünüz. Məncə, buradakı hakimlərin heç biri bu sözləri özünə yaxın buraxmaz. Bu fikirdə olan hakim bizim aramızda olmamalıdır. Bizim qonorar mənasında heç bir problemimiz yoxdur. Aldığımız qonorarın həcmi hakimləri heç vaxt bu yola çəkməz.

- Yeri gəlmişkən, qonorarınız nə qədərdir?

- Premyer Liqanın oyununu idarə edən baş hakim 700, köməkçi hakim 400, ehtiyat hakim isə 250 manat alır. Bu, çox normal məbləğdir. Azərbaycanda müəyyən təbəqənin 1 aya qazandığını biz cəmi 90 dəqiqəyə qazanırıq. Hətta bizim qazandığımız onlarınkından çoxdur da. İndi özünüz fikirləşin, belə olandan sonra hansı hakim rüşvətə yaxın gedər? Nəzərə alan ki, söhbət bir oyundan getmir. Bir hakim ay ərzində bir neçə oyuna təyinat alır.

- Siz hakim olmaqla yanaşı, həm də polis zabitisiniz. Polis həmkarlarınızın sizin hakimliyə münasibəti necədir?

- Mən mayor rütbəli zabit olaraq Polis Akademiyasında çalışıram. Elə vaxt olur ki, işə gələndə həmkarlarım mənə yaxınlaşaraq fikirlərini mənə çatdırırlar. Deyirlər ki, oyundan daha çox sənin idarəçiliyinə diqqət yetirdik.

 

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi