Şahin Diniyev: “İranda yazdılar ki, biz demokratik ölkəyik, burada erməni söhbəti olmamalıdır”

Şahin Diniyev: “İranda yazdılar ki, biz demokratik  ölkəyik, burada erməni söhbəti olmamalıdır”
MÜSAHİBƏ 19 İyul 2011 / 16:12 3336
-  A +

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi

- Şahin müəllim, İranın “Rah Ahan” klubuna keçidiniz baş tutmadı. Daha doğrusu, Tehran təmsilçisi artıq Əli Daei ilə 1 illik müqavilə imzalayıb. Bundan xəbəriniz var?

- Yox. Əli Daei “İstiqlal”da olmalı idi.

- Dəqiq məlumatdır, artıq 1 illik rəsmi müqavilə imzalanıb.

- Mənə bir neçə gün içində xəbər eləməli idilər. Ancaq, görünür, köhnə sponsor klubla arasındakı problemləri həll edə bilməyib. Çünki mənə demişdilər ki, yaxın günlərdə sizə xəbər veriləcək. Artıq hər şey hazır idi. Maaş məsələsini danışmışdıq. Köməkçilərimi də müəyyənləşdirmişdim. Amma yəqin ki, orada müəyyən məsələlər olub. Ona görə baş tutmadı.

- Maraqlıdır, hansı məsələləri nəzərdə tutursunuz?

- Erməni qapıçısı ilə bağlı yaranmış qalmaqalı nəzərdə tuturam.

- Yəni sırf bu səbəbə görə “Rah Ahan” rəhbərliyi sizi komandanın baş məşqçilik postunda görmək istəmədi?

- Mənə elə gəlir ki, əsas problem bundan qaynaqlandı. Amma hər nə olursa olsun, bu komandaya uğurlar arzulayıram.

- Özünüz də qeyd etdiniz ki, artıq bütün məsələlərdə razılıq əldə olunmuşdu. Sadəcə rəsmi müqaviləyə imza atmaq qalırdı. Klub rəhbərliyinin sizinlə razılığa gəlib, başqa məşqçi ilə müqavilə imzalaması nə dərəcədə peşəkar addımdır?

- Mən heç vaxt arxa tullanmamış “hop” demirəm. Yenə deyirəm, hətta köməkçilərimin əməkhaqqına qədər hər şey müəyyənləşmişdi. Məni meydanla, bazayla tanış eləmişdilər. Yoldaşlıq görüşlərinə kimi hər şeyi dəqiqləşdirmişdik. Bizim üçün iki dəfə böyük qonaqlıq təşkil etmişdilər. Hər şeyi bütün detallarına qədər müzakirə etmişdik. Sadəcə, müqaviləyə imza atmalı idim ki, bunu da iki-üç gündən sonra İrana qayıdaraq, etməliydim. Ancaq başda erməni qapıçı ilə bağlı söz-söhbətlər olmaqla, yerli mətbuatımız bu kimi digər məsələləri də şişirtdilər. Nəticədə bizdə yayılan informasiya onlara da çatdı. İran mətbuatı isə bir az da bu xəbərlərin üst-başını bəzəyərək, müxtəlif yazılar yazdılar. Məndən soruşdular ki, siz hansısa verilişdə olmusunuz? Mən də dedim ki, olmamışam. Beləliklə də məsələ qəlizləşdi. Əslində bütün bu olanlardan sonra İran klubuna keçidimin çətinləşdiyini başa düşmüşdüm. Çox da dərinə getmək istəmirəm, ancaq məsələnin alınmayacağını 50 faiz bilirdim. Çünki məni çağırmalı idilər. Vaxt uzandıqca, ümidim də azalırdı. Hətta son olaraq, köməkçi məşqçilərmlə bağlı problem yarandı.

- Onlar sizin təyin etdiyiniz azərbaycanlı məşqçiləri istəmədilər?

- Əvvəlcə hər şeyi danışıb, razılaşmışdıq. Ancaq bu söhbətlər çıxandan sonra məsələ qəlizləşdi.

- Konkret olaraq, hansı söhbətdən sonra köməkçilərlə bağlı problem yarandı?

- Ölkə mətbuatında gedən yazılar. “Şahin Diniyev erməni qapıçını heyətdən kənarlaşdırdı”, nə bilim “Şahin Diniyev elə elədi, Şahin Diniyev belə elədi” və bunun kimi bir sıra yazılar dərc olundu. Hətta eşitdiyimə görə, bu fikirlər ANS telekanalında yayımlanan “Düzbucaq” verilişində də səslənib. Açığı, mən o verilişə baxmamışam, amma dedilər. Belə olan halda isə İran mətbuatı da belə bir iddia qaldırdı ki, biz demokratik bir ölkəyik. Burada belə söhbətlər olmamalıdır. Bu isə avtomatik olaraq, kluba təsir etməli idi. Pozulma oradan başladı.

- Sizcə, həmin yazılar yazılmasa və “Düzbucaq” verilişində o fikirlər səslənməsəydi, sizin İran klubuna keçidiniz baş tutacaqdı?

- Mənə elə gəlir ki, bunlar olmasaydı, mən iki günə kimi İrana qayıtmalı idim.

- Hazırda başqa təkliflər var?

- Yox, hələ ki, elə bir şey yoxdur. Olsa da, bir də mətbuata deməyəcəyəm. Bir dəfə səhv elədim. (Gülür)

- Mövzunu dəyişək, bu gün “Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Dinamo” ilə cavab oyununa çıxacaq. Səfərdəki böyükhesablı məğlubiyyəti də nəzərə alsaq, “ağ-qaralar”ın şanslarını necə qiymətləndirirsiniz?

- Vallah, bizdə belə biri fikir formalaşıb ki, düzünü deyəndə, deyirlər ki, istəmir. Elə ki, yalan danışırsan, onda deyirlər ki, yaltaqlanır. Ona görə də nəsə demək üçün ortaq nəsə tapmaq olmur. Amma hamı bilir ki, mən həmişə olanı demişəm. Heç kimdən asılacağım və gözlədiyim nəsə yoxdur. Mənim həyat tərzim budur. Oyuna gəlincə, hesabı bir kənara qoyaq. Reallıqla danışsaq, komandaların güclərini müqayisə etsək, “Neftçi”nin “Dinamo”dan zəif olduğu aydın görünür. Bunu səfər oyununa baxan hamı deyə bilər. “Neftçi”nin işi çətindir. Bəlkə erkən qol vursalar, nəsə edə bilərlər. Yaxud da gərək “Dinamo” özü özünü uduzdursun. Ancaq bu yolla “Neftçi” növbəti mərhələyə keçə bilər.

- Bəs, Avroliqadakı təmsilçilərimiz – “Xəzər Lənkəran” və “Qarabağ” haqqında nə fikirləşirsiniz?

- Başlayaq, Mirça Rednikin komandasından. “Xəzər Lənkəran” “Neftçi”yə nisbətən daha şanslıdır. Çünki səfərdə vurulan bir qol əlavə üstünlükdür. Amma yenə də oyunu təhli edəndə, nəticə etibarilə “Makkabi” “Xəzər Lənkəran”dan güclüdür. Həm “Neftçi”, həm də “Xəzər Lənkəran”ın müdafiə xətti ilk oyunda kobud səhvlər etdi. Belə səhvlər edən müdafiə xətti avrokuboklarda mübarizə aparmaq bir qədər çətin olur.

- Bir az da “Qarabağ”ın növbəti mərhələyə çıxmaq şansları barədə.

- Digər iki təmsilçimizdən fərqli olaraq, “Qarabağ”ın şanslı görünür. Ancaq Ağdam klubu da mərhələni hələ keçməyib. Düzdür, “Neftçi” və “Xəzər Lənkəran” işini 25 faiz görübsə, “Qarabağ” cütün taleyini 50 faiz həll edib. Amma 50 faizini də evdə həll etməlidir. Yenə deyirəm, belə vəziyyətlər çox təhlükəli olur. Çünki “Streymur” kimi komandalar müdafiədə oturmağı bacarırlar. Standart vəziyyətləri yaxşı yerinə yetirirlər. Yaxşı əks-hücumlar təşkil edə bilirlər. Ona görə də “Qarabağ” çox diqqətli oynamalıdır. Kağız üzərində desək, “Qarabağ”ın növbəti mərhələyə keçmək şansı 70-80 faiz təşkil edir. Amma 100 faiz demək olmaz. Mən inanıram ki, “Qarabağ” oyuna tam ciddi hazırlaşacaq. Çünki əlindəki “bəxt quşunu” buraxmaq istəməyəcək. Ağdam klubunun taleyi öz əlindədir.

- Sizin də qeyd etdiyiniz kimi, “Neftçi” və “Xəzər Lənkəran”ın müdafiə xətti avrokubok oyunlarında yaxşı təsir bağışlamadı. Kifayət qədər kobud səhvlərə yol verdi. Əgər diqqət yetirsək, həm “Neftçi”, həm də “Xəzər Lənkəran”ın heyətində daha çox yerli müdafiəçilər öz səhvləri ilə yadda qaldılar. Yerli futbolçuların bu cür səhvlərini görəndə, baş məşqçilərin niyə daha çox legionerlərə güvənməyini başa düşmək olarmı?

- Nə dediyinizi başa düşdüm. Sizinlə razıyam. Amma gəlin, işin digər tərəfini düşünək. Bu gün yerli futbolçularımızın beynəlxalq təcrübəsi yox dərəcəsindədir. Azərbaycanlı oyunçular daha çox forma geyməlidirlər ki, oyun praktikaları, təcrübələri artsın. Digər tərəfdən klublarımızın gətirdiyi legionerlər Avrodakılardan yaxşı oynayırlar? Onları gətiriblər ki, komandaya avrokuboklarda uğur qazandırsınlar. Evdə sən də, mən də oynaya bilərik. Əsas odur ki, beynəlxalq arenada komandaya kömək etsinlər. Əgər gətiririksə, yerli futbolçudan 5 qat səviyyəlisini gətirək. 1 qat güclüsünü yox. Çünki o, bəs eləmir. 20 nəfər zəif legionerdənsə, 3 səviyyəli əcnəbi gətirmək daha yaxşıdır. Burda bir vacim məqam daha var. Klublarımızın heyətini tez-tez dəyişməsi. Komandaların heyətində stabillik yoxdur. Stabillik olmayan yerdə isə uğur olmur. Bu, futbolun qanunudur. Bizdə avrokuboklara çempionat başa çatandan sonra hazırlşırlar. Bizdə belə bir fikir var ki, “Avrokuboklara düşək, sonra heyətimizi gücləndirərik”. Yeni oyunçular alırlar, heyət yenilənir. Əslində isə belə olmamalıdır. Avrokubok oyunlarına çempionat başalayan gündən hazırlaşmaq lazımdır. Çempionat başa çatandan sonra avrokubok oyunları üçün maksimum bir ay vaxt qalır. Bununda iki həftəsi sərf olunur yeni futbolçu ilə danışıqlara, onun tibbi müayinədən keçməsinə və bu kimi məsələlərə. Ən yaxşı halda yeni oyunçunun komanda yoldaşları ilə birgə məşq edib, onlara uyğunlaşması üçün iki həft vaxt qalır. Bu vaxt ərzində hansı futbolçu komandaya uyğunlaşa bilər? Ona görə də işlər əvvəlcədən səhv qurulur.

 

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır