“Neftçi”nin legioneri: “Qış çempionluğu hədəfimizdir”

“Neftçi”nin legioneri: “Qış çempionluğu hədəfimizdir”
XƏBƏR 28 Noyabr 2026 / 11:00 98
-  A +

“Neftçi”nin yarımmüdafiəçisi Viçko Şevelin QOL.az saytına müsahibəsi

- Gərgin keçən görüşdə “Zirə”ni 1:0 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı nə deyə bilərsiniz?

- Çox çətin oyun keçdi. Bu matçda 3 xal qazanmaq bizim üçün çox vacib idi. Düzdür, matçın bəzi hissələrində yaxşı oynamadıq. Lakin indiki məqamda daha vacib olan qələbə qazanmaq idi. Çox şadam ki, qalib gəldik və liderliyimizi davam etdiririk. 

- Matça yaxşı başladınız, erkən qol vurdunuz, amma ikinci hissədə üstünlüyü rəqibə verdiniz. Bu, hesabı qorumaq istəyindən irəli gəlirdi, yoxsa baş məşqçisinin tapşırığı idi?

- Xeyr, baş məşqçimiz bizə belə bir tapşırıq verməmişdi. Qarşımızdakı rəqib də zəif deyildi. “Zirə” çox yaxşı komandadır. Fasilədən sonra həqiqətən də müdafiəyə daha çox diqqət ayırdıq. Bununla belə, rəqibə elə də çox şans vermədik. “Zirə”nin sadəcə bir şansı oldu.

- İlk dövrədə “Neftçi” “Zirə”yə uduzmuşdu. Bu məqam motivasiyanızı daha da artırırdı?

- Mən həmin matçda olmamışdım. Ona görə məğlubiyyətin konkret səbəblərini deyə bilmərəm. O ki qaldı budəfəki görüşə, təbii ki, dediyiniz məqam motivasiyamızı daha da artırırdı. Biz “Neftçi”yik və hər matçda qalib gəlməyik. Uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edirik.  

- Çempionatda fasiləyə cəmi 3 tur qalıb. Demək olar ki, “Neftçi” qış çempionluğuna çox yaxındır?

- Hazırkı məqamda məqsədimiz məhz budur. Lakin indidən konkret nəsə demək istəməzdim. Çünki biz oyundan oyuna irəli baxırıq. İndi yalnız növbəti matçı düşünürük. Hədəf hər matçda qalib gəlməkdir.  

- Qarşıda sizi “Şəfa” ilə ardıcıl iki oyun gözləyir, əvvəl kubokda, sonra isə çempionatda üz-üzə gələcəksiniz. Eyni rəqiblə ardıcıl iki görüş cansıxıcı olmayacaq?

- Xeyr, deməzdim. Hər oyunun öz əhəmiyyəti var. Bizim üçün ümumiyyətlə, rəqibin kimliyi önəm daşımır. Fərq etmir ki, “Qarabağ”a qarşı oynayırıq, “Sabah”a, yaxud “Şəfa”ya. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.  

- Hazırda Misli Premyer Liqasında eyni mövqedə iki xorvat futbolçu inamlı çıxış edir. Biri sizsiniz, digəri İvan Lepinitsa. Sizcə, kim Xorvatiya yığmasına dəvət almağa daha yaxındır?

- Mən bu barədə nəsə deyə bilmərəm (gülür). Təbii ki, millidə forma geymək hər bir futbolçunun arzusudur. O cümlədən mən də səbirsizliklə bu dəvəti gözləyirəm. İnanıram ki, bu arzum bir gün reallaşacaq. Hazırda isə bütün diqqətimi “Neftçi”nin uğurlarına yönəltmişəm. Burada olmaq mənim üçün çox xoşdur. 

- Təxminən 10 il əvvəl həmyerliniz Dario Melnyak burada çıxış edirdi. Lakin o, Xorvatiya millisinə yalnız “Neftçi”dən getdikdən sonra dəvət aldı. Eyni aqibəti yaşamaqdan ehtiyatlanmırsınız? Ümumiyyətlə, onunla “Neftçi” barədə söhbətiniz olub? 

- Onunla danışmamışam. Bura gəlməmişdən qabaq başqa futbolçularla söhbətim olmuşdu. Melnyak çox yaxşı futbolçudur, “Hayduk”un kapitanıdır. Dediyim kimi, bir gün Xorvatiya millisinə dəvət alacağıma inanıram.


Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner