Kandido 5:1-lik məğlubiyyətin səbəblərindən danışdı

Kandido 5:1-lik məğlubiyyətin səbəblərindən danışdı
ÖLKƏ FUTBOLU 20 Noyabr 2026 / 22:18 164
-  A +

"Sumqayıt" Misli Premyer Liqasının 12-ci turunda doğma meydanda "Sabah"a 1:5 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, komandanın baş məşqçisi Filipe Kandido matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

O, komandasının ilk dəqiqələrdə yaxşı oynadığını, lakin qırmızı vərəqədən sonra rəqiblə mübarizə aparmağın çətinləşdiyini bildirib:

"Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı oynamaq çətin idi. 90 dəqiqə ərzində 11 nəfərlə oynasaydıq, bəlkə də fərqli nəticə ola bilərdi. Qırmızı vərəqədən sonra bizim üçün çox çətin oldu. Komandamın ilk 15 dəqiqədə yaxşı oynadığını düşünürəm. Topa sahib ola, şanslar yarada bilirdik. "Sabah" ardıcıl beş oyunda qələbə qazana bilməmişdi. Bilirdik ki, bu gün qələbə qazanmaq üçün böyük enerji sərf edəcəklər. Hər şey bizə aydın idi. İlk 5 dəqiqədə biz üstün oynadıq. Daha sonra rəqib təşəbbüsə yiyələndi. Qapımıza ilk zərbədə qol vurdular. Qoldan sonra komandam yaxşı reaksiya verdi.

Qırmızı vərəqədən sonra "Sabah"a qarşı mübarizə aparmaq çox çətin idi. Məyusuq. Çalışırdıq ki, heç olmasa ilk yarını heç-heçə ilə başa vuraq. O da alınmadı. Fasilədə oyunçularıma dedim ki, təslim olmaq olmaz. Rəqibin çox keyfiyyətli oyunçuları var. Yaxşı şanslar əldə etdilər və bu nəticə qeydə alındı".

Kandido qırmızı vərəqə ilə nəticələnən epizoda da münasibət bildirib. O, komandasının qarşılaşmada iki ciddi səhvə yol verdiyini vurğulayıb:

"Oyun ərzində iki böyük səhvimiz oldu. Birincisi odur ki, autdan topu rəqibə verdik və qol vurdular. İkinci isə Blekin vəziyyətini deyərdim. Futbolçu sarı vərəqəsinin olduğunu unutmamalıdır, daha ehtiyatlı olmalıdır. Bəlkə də rəqibin qol vurmağı yaxşıdır, nəinki belə qırmızı vərəqə almaq. Hakimin qərarına gəldikdə isə hələ epizodun təkrarına baxmamışam. İstənilən halda məyusedici haldır. O, mərkəzdə bizim üçün çox vacib oyunçudur. Komandamızın mövsümdə ilk qırmızı vərəqəsi idi".

Baş məşqçi stadiondakı atmosferdən razı qaldığını, lakin azarkeşlərə qələbə bəxş edə bilmədikləri üçün məyus olduğunu söyləyib:

"Stadion və atmosfer möhtəşəm idi. Nəticəyə görə məyusam. Belə arenada meydana çıxmaq çox yaxşıdır. Azarkeşlərimizə yaxşı nəticə bəxş etmək istəyirdik. Təəssüf ki, alınmadı. Futbolçularımı məyus görəndə çox pis oldum. Bu stadion və azarkeşlər üçün daha yaxşısını etməyə gücümüz var".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner