“Çox güclü rəqibə qarşı vacib 3 xal qazandıq” - Rəşad Sadıqov

“Çox güclü rəqibə qarşı vacib 3 xal qazandıq” - Rəşad Sadıqov
PREMYER LİQA 30 Avqust 2026 / 23:08 486
-  A +

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 3-cü turu çərçivəsində "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışıb.

QOL.az "sportal.az"a istinadən xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında qələbəni belə şərh edib:

“Olduqca maraqlı oyun oldu. İlk dəqiqələrdən meydanda aqressiv və taktiki mübarizə gedirdi. Birinci hissə bərabər səviyyədə keçdi. İkinci hissədə daha sürətli oynamağa çalışdıq və müdafiəyə çəkilmək istəmirdik. Şükürlər olsun ki, futbolçularımız tapşırıqları yerinə yetirdilər, əzmkar mübarizə apardılar. Qarşımızda çox güclü rəqib var idi. Vacib 3 xal qazandıq. Futbolçularımı və rəhbərliyi təbrik edirəm. Bu gün futbolçularımın əzmkarlığı ilə fəxr etdim”.

Sadıqov “Neftçi”nin baş məşqçisi Yuri Vernidubun hakimliklə bağlı fikirlərinə də münasibət bildirib:

“Yuri Verniduba məşqçi və insan kimi böyük rəğbətim var. O, 5-6 aydır buradadır və bilmir ki, “Zirə” illər boyu hakim səhvlərindən nə qədər əziyyət çəkib. Hansısa mübahisəli epizod xatırlamıram. Ola bilər, emosional yanaşıb, yaddaşında da o oyun qalıb, belə fikir deyib. Mənim ona qarşı hisslərim dəyişməz olaraq qalır”.

Mütəxəssis final fitindən sonra Yuri Vernidubla salamlaşa bilməməsinə də aydınlıq gətirib:

“Yaxınlaşıb sağollaşmaq istədim, amma birbaşa paltardəyişmə otağına getdi. Sonradan bildirdi ki, məyus olduğu üçün paltardəyişmə otağına yollanıb”.

Baş məşqçi Junior Martinsin komandadan ayrılmasının səbəblərindən də danışıb:

“Junioru satmaq planlarımızda yox idi. O, bizim üçün çox faydalı futbolçu idi. Mənimlə uzun-uzadı danışdı və ona çox yaxşı təklif gəlmişdi. Rəhbərliyə bildirdim, onlar da transferin qarşısını almaq istəmədilər. Maliyyə baxımından da qazancımız oldu. Rəhbərlik bizə 4-5 transfer etmək imkanı verib. Hazırda seleksiya aparırıq və ehtiyat qüvvəmizdə ciddi problem var. İssa Cibralını ehtiyatda saxladıq. Şifahi olaraq iki futbolçu ilə anlaşmışıq, amma imza atılmayana qədər açıqlama vermək istəmirəm”.

Baş məşqçi qarşıdakı oyunların heç birini fərqləndirmədiklərini vurğulayıb:

“Bizim üçün hər oyun 3 xaldır, 1 xal da 1 xaldır. Ötən mövsüm asan görünən 6 oyunda xal itirdik və sonda bu, bizi avrokuboklardan məhrum etdi. “Qarabağ”la oynayırıq, ya “Şəfa” ilə fərqi yoxdur. Rəqibləri fərqləndirmirik. Üst-üstə belə 4 oyun keçirmək də istəməzdim. Səfərdə "Sabah"la qarşılaşacağıq. Onları da ürəkdən təbrik edirəm. Onlara uğurlar arzulayırıq. ”.

Sadıqov “Qarabağ”ın avrokuboklardan kənarda qalmasından sonra Qurban Qurbanova yönələn tənqidləri də pisləyib:

“Məyusluq yaşayıram. O fikirləri səsləndirən bəzi insanlara görə bu məyusluğu yaşayıram. Onların adına, heyfslənirəm. Bu söhbəti dostlarıma demişəm, heyfslənirəm ki, həqiqətənmi bu təfəkkürdəyik? "Qarabağ" əllərindən gələni etdi. Rəqib çox ciddi idi, püşk də çox ağır gətirirdi."Dinamo" (Kiyev), "Tvente" və zədələr... Hər şeyin uğurlu alınması üçün bu məqamlar önəmlidir. Vəziyyəti hamımız başa düşürdük. Bu cür vəziyyətlərdə nə etmək olar? İlk oyunda alındı, amma cavab görüşündə rəqib bir az da "Qarabağ"ı daha yaxşı tanıdı və ikinci oyuna çox motivasiya ilə çıxmışdılar. Düşünürəm ki, Qurban müəllim daha da güclü geri dönüş edəcək. 12 il bura qədər gəlmək fantastik göstəricidir”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner