Azərbaycan milli komandasının sabiq futbolçusu, "Pro" kateqoriyalı məşqçi Tərlan Əhmədovun müsahibəsi
- Tərlan müəllim, hazırda nə işlə məşğulsunuz? Hansısa klubdan sizə iş təklifi gəlibmi?
Təxminən 2 ildir işsizəm. Bu müddət ərzində heç yerdən təklif almamışam. Hansısa klubdan nə mənə zəng vurublar, nə də danışıblar. Mənim və nümayəndəmin heç kimlə əlaqəsi olmayıb. Haqqımda yazılanların hamısı şayiə olub. Guya hansısa klubla danışıqlar aparmışam, hansısa stadionda rəhbərliklə görüşmüşəm... Narahatlığa gərək yoxdur. Qoy hamı öz işinin başında olsun. Adımın hallandırıldığı klubların baş məşqçiləri narahat olmasınlar, öz işləri ilə məşğul olsunlar.
- Sizcə, belə uzun müddət təklif almamağınız nə ilə əlaqədardır?
- Açığı, iş təklifinin olmaması mənim üçün də təəccüblüdür. Bir il işləyib, nəticə verirəm. Sonra şərləyirlər, işdən atırlar. Adıma söz çıxarırlar ki, guya işlədiyim klubların rəhbərlikləri ilə yola getmirəm. Ancaq sual verən yoxdur ki, əgər Tərlan Əhmədov rəhbərliklə, futbolçularla yola getmirsə, necə nəticə verdi? Əslində, rəhbərlik mənimlə yola getmir. AZAL-ı da nəzərə alsaq, "Neftçi", "Keşlə" və "Kəpəz"də, yəni çalışdığım hər 4 klubda yaxşı nəticə göstərmişəm. Lakin hər dəfə mənimlə yolları ayırıblar. Məsələn, "Neftçi"yə ikinci gəlişimdə, komanda son 4 ildə çempionatda 6-7-ci yerləri tuturdu. 2017/18 mövsümündə bürünc medallar qazandıq. Təəssüf ki, üstümə şər atıb, məni komandadan uzaqlaşdırdılar.
- Konkret hansı səbəbə görə sizi "Neftçi"dən kənarlaşdırdılar?
- Federasiyadan (AFFA nəzərdə tutulur - red.) "Neftçi" rəhbərliyinə məktub göndərmişdilər. Guya mən futbolçulardan pul yığmışam, oyunları almışam. Daha sonra araşdırma aparıldı. Məlum oldu ki, bunların hamısı yalandır.
- "Keşlə"dən gedişiniz də kifayət qədər gözlənilməz olmuşdu...
Elədir. Etiraf edim ki, "Keşlə"də ilk mövsüm uğursuz alınmışdı. Ancaq ikinci il mükafatçılar sırasına düşdük. Komanda tam formalaşmışdı. Lakin gözləmədiyim halda, "Neftçi"dəki ssenari təkrarlandı. Yenə məni yola saldılar.
- Bəs "Kəpəz"də çalışarkən yayılan neqativ məlumatlar haradan qaynaqlanırdı?
- "Kəpəz"i qəbul edəndə, 6 turdan sonra 0 xalı var idi. Komanda Premyer Liqada sonuncu, 10-cu yeri tuturdu. Yekunda mövsümü 7-8-ci pillələrdə başa vurduq. "Sumqayıt"la eyni xal toplamışdıq. Əsas odur ki, "Kəpəz" Premyer Liqada qaldı. Ancaq nə etmək olar ki, yenə hər şey təkrarlandı: üstümə şər atıldı, təzyiqlər göstərildi, müqaviləmin müddəti artırılmadı. Guya çox danışıram, futbolun inkişafını istəmirəm..
- Bunu kimlərin təşkil etdiyini bilirdiniz?
- Şübhəsiz ki, bu işin arxasında kimsə var. Məqsəd Tərlan Əhmədovun uğurlarına kölgə salmaqdır. Nəticələr verməyim kimlərəsə sərf eləmir. Ümumiyyətlə, mənim çempionatda məşqçi vəzifəsində işləməyimi istəmirlər. Bəzi klub rəhbərlərinə mənim haqqımda danışanda reaksiyaları belə olur: "Tərlan Əhmədovun xarakteri pisdir". Sanki mənə ərə gələcəklər. Yəni, bu cür savadlı mütəxəssisləri, bilikli futbol adamlarını kənarda qoyurlar. Təsəvvür edin ki, Azərbaycan futbolunda bütün sahələrdən - istər incəsənət, istər təhsil sferasının, istərsə də digər idman növlərinin nümayəndələri var. Adlı-sanlı veteran futbolçuların əksəriyyəti isə kənarda qalıb. Fikir verin, bu veteran futbolçular nə incəsənətdə təmsil olunurlar, nə təhsil sistemində, nə digər idman növlərdə, nə də başqa sahələrdə. Həyatımızı bəxş etdiyimiz futbolda bizə yer yoxdur. "Pro" kateqoriyası al, enerjini, vaxtını sərf elə, Azərbaycan futboluna töhvə verməyə çalış, amma sənin üzünə bütün qapıları bağlasınlar. Deyirlər ki, Tərlanın xarakteri pisdir... Deyirlər ki, Tərlan rəhbərliklə yola getmir... "Deyirlər", "deyirlər", "deyirlər"... Bir nəfər klub rəhbəri şəxsən gəlib mənə demədi ki, səninlə işbirliyi qurduq, amma sən filan məsələləri düzgün etmədin, ona görə əməkdaşlığımız sona çatdı. İstənilən klub rəsmisini debata çağırıram. Qoy gəlsin mənim səhvlərimi, nə vaxt xoşagəlməz hərəkətlərə yol verdiyimi desin. Mənimlə bağlı yalnız şayiələr dolaşır. Adıma ləkə yaxıb, barəmdə mənfi formalaşdırırlar ki, hansısa klubda baş məşqçi olmayım.
- Azərbaycanda futbolun inkişafına dair strategiya qəbul olunub, yeni iş imkanları açılıb. Sizin gözləntiləriniz nədir?
- Harada olacağımı bilmirəm. Məlum deyil ki, məşqçi işləyəcəyəm və ya yox. Nəticə heç kimə önəmli deyil. Görünür, mənim iş prinsipim, quruculuq fəaliyyətim, konkret nəticələrim yox, bəzi klub rəhbərlərinin şəxsi mənafeləri vacib əhəmiyyət daşıyır. Futbolun inkişafı məqsədilə atılan addımları, həyata keçirilən planları görürük. Ancaq bizə çatanda deyirlər ki, sən lazım deyilsən, bizim başqa namizədlərimiz var. Hərdən fikirləşirəm ki, mən futbol oynamışammı? Doğrudanmı, mən gənclər arasında Avropa çempionu olmuşam? Eyni ssenari ilə 3 klubdan işdən çıxarılmağımı heç kimi araşdırmadı. Hətta yetişirdiyim futbolçuları da klublardan qovurlar. AZAL-da işlədiyim dövrdən son vaxtlara qədər üzə çıxardığım perspektivli uşaqları indi mənə görə oynatmırlar. "Azərbaycanda savadlı mütəxəssislər yoxdur" fikrini formalaşdırıb, futbolumuza belə zərbə vururlar. Kifayət qədər məşqçilərimiz, mütəxəssislərimiz var. Heç bir klubda və ya AFFA-da adlı-sanlı veteran futolçuların fikirləri soruşulmur. Futbol Veteranları İttifaqının sədri Oqtay Adullayevlə işbirliyi yaradılmır. Futbol veteranlarının aqibətinin necə olacağı bilinmir. Ümumiyyətlə, biz heç yerə yaxın buraxılmırıq. O qədər faktlar var ki... Bunların hamısını açıqlaya bilərəm. Ancaq bu gün çoxlarına düz söz maraqlı deyil. Onlara yalan maraqlı gəlir. Kimlərsə adıma söz çıxaranda, məni müzakirəyə çıxarıb, bundan öz maraqları naminə yararlanır. Çünki belələrinə əsassız söz-söhbətlər, şayiələr cəlbedici gəlir. Heyif ki, cəmiyyət indi yalana, şayiələrə daha çox üstünlük verir. Buna baxmayaraq, mən öz hüquqlarımı həmişə qoruyacağam. Təkrar edirəm, mənə heç bir klubdan təklif gəlməyib, qoy heç bir baş məşqçi təşvişə düşməsin. Onsuz da indi futbolda karusel prinsipini yaradıblar. Bir məşqçi klubla vidalaşır, dərhal digərinə keçir. Daha sonra az müddət işsiz qalıb, yenə hardasa baş məşqçi vəzifəsi ilə təmin olunur. Məşqçilər var ki, illərdir Premyer Liqada qalmaq uğrunda mübarizə aparan klublarda çalışırlar. Tərlan Əhmədov isə çalışdığı komandaya medal qazandıran kimi işindən çıxarılır. Bəli, mən nizam-intizamı sevən insanam, çox ciddiyəm. Nizam-intizam mənim üçün ən yüksək sırada durur. Yəqin ki, bu xarakterim bəzilərinin xoşuna gəlmir. Gələcəkdə nə işlə məşğul olacağım bəlli deyil. Ümidvaram ki, sözlərimin hamısını yazacaqsınız. Düşünürəm ki, əgər Azərbaycan futbolunun gələcəyini istəyirsinizsə, belə məqamları araşdırmalı və işıqlandırmalısınız.
Mənbə: offsideplus.az
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video