Bu gün 1-ci Liqada mübarizə aparan “Mingəçevir” klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayan ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov jurnalistlərin suallarını cavablandırıb. QOL.az xəbər verir ki, o, əvvəlcə yaxın və gələcək planlardan söz açıb:
- Ən yaxın perspektivdə qarşıda hansı planlarınız var?
- Hazırda 1-ci liiqada sonuncu pillədəyik. Çalışırıq ki, əvvəlcə bu liqada qalaq. Gücümüzü buna sərf etmişik. Ondan sonra inkişaf üçün yeni baza yaratmaq, meydançaları bərpa etmək, əlavə 3 meydança yaratmaq fikrimiz var. Akademiyamızın olmasını istəyirik. Eləcə də İspaniyanın “Marset” akademiyasının 9-12 yaşlılarının təlim kurslarının Mingəçevirdə keçirilməsini planlaşdırırıq. Mingəçevirdə hər il 4 və ya 6 toplanış keçirmək istəyirik. Bu toplanışlar təkcə “Mingəçevir” klubuna yox, bütün Azərbaycana aiddir. Bu, bizə şərait yaradacaq ki, yeni futbolçular seçək və onları xaricə göndərək. Çünki biz hər il 15-20 nəfəri Barselonadakı “Marset” akademiyasına göndəririk. Futbolçular 6 ay ərzində ispan dilini öyrənirlər və orada təhsil alırlar. Təkcə idmana fikir vermirik, bizdə təhsil və idman bir yerdə gedir. Çünki idmançı karyerası qısadır. Biz çalışırıq ki, onlar futbolçu karyeralarını başa vurduqdan sonra təlimçi, menecer və s. vəzifədə fəaliyyətlərini davam etdirə bilsinlər. Hazırda “Marset” akademiyasında dünyanın müxtəlif ölkələrindən 2500 futbolçu var. Bizim də uşaqlarımız orada dil bilməyə məcburdurlar. Çünki bir otaqda 4 uşaq qalır. Azərbaycandan gedən yeniyetmənin otaq yoldaşı ingilis də ola bilər, fransız da, braziliyalı da. Bunun üçün dil öyrənmək məcburidir. Dil bilməlisən ki, ünsiyyətdə olasan, sosiallaşasan. Həmin futbolçuları İspaniyada peşəkar kimi yetişdirib Azərbaycana qaytarmaq istəyirik. Həmçinin onların Avropada oynamaq perspektivləri də var. Bildiyiniz kimi, hazırda Eldar Tağızadə “Barselona”nın üzvüdür. Bu, bizim üçün ilk müqavilə idi. Həmçinin “Sevilya” 15 yaşlı futbolçularımızdan bir-ikisi ilə maraqlanır. Lakin indi bütün sirləri açmaq istəmirəm.
- “Mingəçevir”lə müqavilə hansı müddətə imzalandı?
- Uzun müddətə. Biz nəinki “Mingəçevir” klubunu, həm də stadionu uzunmüddətlik götürdük. Çünki ilk növbədə strukturu bərpa etməliyik. Hazırda orda bir təbii, bir də süni meydança var. Meydançaların sayını artırmaq istəyirik. Orada həmçinin tennis akademiyası da açmaq istəyirik. Çünki uşaqların idmana cəlb olunmasının tərəfdarıyıq. Gənclərimiz sağlam böyüməlidirlər.
- Baş məşqçi seçimində niyə məhz Füzuli Məmmədova üstünlük verdiniz?
- Siyahımızda bir neçə məşqçi var idi. Onlarla görüşüb danışdıq. Füzuli Məmmədovun PRO kateqoriyası və çox peşəkar olduğu üçün seçimi onun xeyrinə etdik. Füzuli müəllimə böyük ümidlərim var. Onun yanaşması, tələbləri, davranışı bizi qane edir. Onunla fikirlərimiz üst-üstə düşür. Bu komandada hamı ailə kimi olmalıdır. Başqa cür mümkün deyil. Ailə ola bilməsək, işimiz alınmaz. Füzuli müəllim də bizimlə eyni fikirdədir.
- Mingəçevirdə baza tikməyi planlaşdırırsınız?
- Akademiya üçün lazımi şərait yaradılacaq. Orada fitness zalı da olacaq, otel də. Regionlardan uşaqları cəlb edəcəyik, məhz orada məskunlaşacaqlar. Qidalanmalarına ciddi yanaşacağıq. İdmançılar lazımi qaydada bəslənməlidirlər ki, ondan tələb etdiyimizi ala bilək. Uşaqları 24 saat nəzarət altında saxlayacağıq.
- Qeyd olundu ki, ASTA-nın namizədləri arasında Mingəçevirlə yanaşı, digər bölgələr də var idi...
- Digər bölgələr də olmuşdu, amma ilk gündən Mingəçevir variantına üstünlük vermişik. Tural müəllimin (Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev nəzərdə tutulur - red.) çox böyük əziyyəti var. Bizimlə birgə bütün rayonları gəzdi. Bir gündə 750-800 km məsafə qət etmişik. O, canla-başla çalışırdı. Mən bakılı olsam da, region mənim üçün çox vacibdir. Perspektivli uşaqlar çoxdur. Mingəçevirin genofondu da güclüdür. SSRİ vaxtından olimpiya bazası olub. Oradakı 10 və 15 saylı məktəblərdə də çalışacağıq. Çünki daha əvvəl dediyim kimi, təhsil də çox önəmlidir.
- Premyer Liqaya çıxmaqla bağlı planlarınız necədir?
- Premyer Liqaya çıxmaq üçün 2 il nəzərdə tutulub. İlk növbədə bazanı, infrastrukturu yaratmaq istəyirik. Premyer Liqaya bazamız, yataqxanamız olmadan, yaxud hansısa problemlə qalxmaq istəmirik. Həmin vaxta qədər “Marset” akademiyasına yollanan ilk 20 futbolçumuz da geri qayıdacaq. Onlara ümidimiz böyükdür. Həmin uşaqlar çox peşəkardırlar. Devizimiz odur ki, hansısa işlə məşğul olursansa, 1 nömrəli olmalısan, 2-ci yox.
- Komandanın və ya ASTA-nın adı olduğu kimi qalacaq?
- Bəli, klubun adı “Mingəçevir” olaraq qalır. Eləcə də ASTA-nın. ASTA-da 5 idman növü var. Çox uğurla da fəaliyyət göstərir. Bura futbolla yanaşı, karate, tennis və s. daxildir. ASTA-nı gələcəkdə cəmiyyət kimi böyütmək istəyirik.
- 3-5 ildən sonra həm iddia, həm də büdcə baxımından “Mingəçeviri” “Qarabağ”, “Neftçi”yə rəqib kimi görə biləcəyik?
- Fikrimiz rəqib olmaqdır. Amma milli kadrlarımızla. Maliyyə tərəfindən əlimizdən gələni edirik. Məqsədimiz odur ki, nə ilə məşğul olursansa, ya qalib olmalısan, ya da döyüşə getməməlisən.
- Maliyyə baxımından gözləntiləriniz nədir? Yalnız pul xərcləmək, yoxsa?..
- Gözləntimiz çoxdur. Pul xərcləmək yox, həm də ölkəmizə pul qazandırmaq istəyirik. Məqsədimiz odur ki, yerli futbolçularımızı yetişdirək və onları Avropaya təqdim edək.
Arauxo qərarını verdi
Ronaldonun yeni müqaviləsinin detalları bəlli oldu
Reşford "Barselona"ya şərt qoydu
"Arsenal"ın futbolçusu üçün mövsüm erkən bitdi
"Aston Villa" "Borussiya" ilə anlaşdı - Rəsmi
Emre Belözoğlunun təyinatı rəsmiləşdi - Yenilənib
PSJ Kvaratsxeliya ilə anlaşdı
“Neftçi”dən qışın ilk transferi - Rəsmi
“Sevilya”nın futbolçusu həbs olundu
"Arsenal" danışıqlarda irəlilədi
“Min oyun və min mətbuat konfransından sonra…”
Laporta: "Bizə hər tərəfdən hücum etdilər"
Azərbaycan millisinin üzvü Türkiyə klubundan ayrıldı
"Barselona"dan rəsmi açıqlama
Superliqa klubunda yeni baş məşqçi
Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi
"Qarabağ"la oyunqabağı iddialı açıqlama
"Mançester Siti" 40 milyona 18 yaşlı futbolçu alır
FİFA La Liqanın 2 klubuna sərt cəza tətbiq etdi
"Borussiya"nın futbolçusu Premyer Liqa klubunda