"Millimiz uğursuz nəticələr göstərməkdə davam edəcək" - Mütəxəssis rəyi

"Millimiz uğursuz nəticələr göstərməkdə davam edəcək" - Mütəxəssis rəyi
XƏBƏR 11 Sentyabr 2024 / 16:30 3479
-  A +

"Millinin oyunlarında mənfi məqamlar elə uduzmağımızdır. Bu matçlarda müsbət bir şey görmədim. Hələlik 2 oyuna baxmışıq. İkisində də uduzmuşuq. Ona görə də müsbət nəsə deyə bilmirik".

Bu sözləri QOL.az saytına açıqlamasında futbol mütəxəssisi, Azərbaycan milli komandasının sabiq üzvü və kapitanı Yunis Hüseynov deyib. O, Azərbaycan millisinin Fernandu Santuşun baş məşqçiliyi altında keçirdiyi ilk oyunlar - Millətlər Liqasının qrup mərhələsinin 1-ci və 2-ci turlarında İsveç və Slovakiyaya qarşı matçlar haqında danışıb. Azərbaycan millisi evdə İsveçə 1:3, səfərdə Slovakiyaya isə 0:2 hesabı ilə məğlub olub.

Y.Hüseynov qeyd edib ki, yerli futbolçularımız öz üzərində işləyərək legioner həyatı yaşamasa, milli komandamız müsbət nəticələr əldə etməyəcək: "Əlbəttə ki, biz həmişə millimizin yaxşı nəticələr qazanmasını arzulayırıq. Biz həmişə şablon kimi sözlər ifadə edirik. Bilirsiniz, futbolçu seçimimiz azdır. Seçim baxımından çətinliyimiz çoxdur. Milliyə eyni futbolçular dəvət olunurlar. Futbolçuların oyununda artım görmürük. Ona görə də millinin belə nəticələri olur. Yəqin ki, bu cür də davam edəcək. Əgər futbolçular öz üzərlərində işləməsələr, xaricdə oynamasalar, milliyə fayda verə bilməyəcəklər. Slovakiya ilə matçın 2-ci hissəsində pis təsir bağışlamadıq. İsveçlə oyunda penaltini vursaydıq və 1-ci hissədəki real qol şanslarımızdan istifadə etsəydik, oyun başqa cür yekunlaşa bilərdi. Onda biz müsbət məqamlardan danışa bilərdik. Təəssüf ki, qol vurmursansa, sənə vururlar. Əgər sən vəziyyətlərdən yararlanmırsansa, rəqib sənin səhvlərindən yararlanırsa, məğlub olursan. Ramil Şeydayevin özbaşınalığı olmasaydı... Əksər hallarda penaltiləri Emin Mahmudov yerinə yetirirdi. İsveçlə oyunda isə Ramil Emindən topu aldı və penaltini də vura bilmədi. Bu, oyunun gedişatına və hesabına da təsir edir".

Y.Hüseynov Fernandu Santuşun İsveç və Slovakiya ilə matçlar üçün seçdiyi əsas heyət seçimi barədə fikirlərini bölüşüb: "Məncə, Slovakiya ilə oyundakı heyət düzgün deyildi. Əlbəttə ki, dəyişikliklər hər zaman olmalıdır, hər bir futbolçuya şans verilməlidir. Amma şans onun oyununa görə verilməlidir. Ona görə də düşünürəm ki, Slovakiya ilə oyun üçün heyət düzgün seçilməmişdi. Müdafiə xəttində çox səhvlərə yol verdik. Düzdür, futbolçular Bakıdakı oyunda yorulmuşdular. Bəzi dəyişiklikləri etmək lazım idi. Amma bizdə əvəzolunmaz futbolçu yoxdur. Demək olmur ki, filankəs oynamayanda onun yeri görünür. Bizim millinin futbolçularının hamısı eyni səviyyədədir. Bəlkə bir neçə faizi hansısa məqamda üstün ola bilər".

Y.Hüseynov millimizin gələcək matçlarından gözləntilərini də bölüşüb. O, komandanın D Liqasına düşməsi ehtimalını da dəyərləndirib: "Yəqin ki, biz Estoniya ilə hər iki oyunda qalib gələ bilərik. Biz həmişə bu sözləri işlədirik ki, millimiz yaxşı oynasın. Amma unutmamalıyıq ki, potensial yoxdursa, futbolçu seçimi azdırsa, komandadan nəsə gözləmək çətin olur. Mən o vaxt analiz etmişdim, Hakan Şükürün, Emre Belözoğlunun vaxtında Türkiyə millisi çox inkişaf etdi. Yadınızdadırsa, 2002-ci il dünya çempionatında 3-cü yeri tutdular. İndi isə bu inkişaf Gürcüstanda gedir. Amma biz hər il deyirik ki, inkişaf olacaq. Həmin inkişaf görünmür. Bizim ən yaxşı futbolçularımız Türkiyənin 1-ci liqasında oynayır. Çox az futbolçumuz Superliqada oynayıb. Mənə elə gəlir ki, yaxşı futbolçu olmaq üçün mütləq legioner həyatı yaşamaq lazımdır. Bu o demək deyil ki, legioner həyatı yaşayan bütün futbolçular yaxşıdır. Futbolçu yaxşı olduğunu öz oyunu ilə göstərməlidir. Bunlar olmayandan sonra milli komanda da çətinliklərlə üzləşir. Bizim millimizdə oynayan futbolçuların hamısı yerli çempionatda çıxş edir. Ona görə də rəqabət çox olmalıdır. Rəqabət olamayan yerdə futbolçu inkişaf etmir. Ona görə millidən nəsə gözləmək çətindir".

Bu yay avrokuboklarda "Zirə"nin heyətindəki yerli futbolçular penaltilər seriyasında qapıya dəqiq zərbə endirməkdə çətinlik çəkiblər. İsveçlə matçda Azərbaycanın əsas millisində Ramil Şeydayev penaltini qola çevirə bilməyib. Ötən gün isə U-21 millimizin üzvü Nəriman Axundzadə qeyri-dəqiq olub. Y.Hüseynov bunun səbəbini belə izah edib: "Penaltini yerinə yetirmək üçün də təcrübə, özünəinam lazımdır. Özünə inamın olmasa, penaltini vura bilməzsən. Mən özüm də penaltiləri yerinə yetirən futbolçu olmuşam. Gərək penaltilərin üzərində işləyəsən. Bizimkilər bilirsiniz necədir, qapıçı küncü göstərir, bizim oyunçularımız da zərbəni həmin küncə vurur. Sırf penaltiləri niyə qola çevirə bilmədiklərini deyə bilmərəm. Amma özünə inanan futbolçu həmişə dəqiq zərbə vurur. Gərək onlara dərs keçək də. Məşq prosesində işləmək lazımdır. Penalti asan bir şey deyil. Boş stadionda qol vurmaq asandır, azarkeşlə dolu stadionda isə çətindir. Dünən Nərimanın boş stadionda penaltini vura bilməməsi də günah idi. Dolu stadionda isə cərimə meydançasına gedəndə qapı balacalaşır, qapıçı böyüyür. Ona görə də psixoloji baxımdan güclü olmaq lazımdır".

Nur Zeynalova


Son xəbərlər