Şahin Diniyev: "Əgər gənclərimiz 0:8 hesabı ilə uduzursa, Foqts hansı Avropa çempionatından danışır?!"

Şahin Diniyev: "Əgər gənclərimiz 0:8 hesabı ilə uduzursa, Foqts hansı Avropa çempionatından danışır?!"
MÜSAHİBƏ 30 Mart 2011 / 22:26 3664
-  A +

Azərbaycan millisinin keçmiş baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi


- Dünən milli komandamız Belçikayla oyunda 1:4 hesabı ilə məğlub oldu. Bu nəticə sizin üçün gözlənilməz olmadı?
- Əvvəlcə, onu deyim ki, davadan sonra kiminsə dalınca güllə atmaq doğru deyil. Hazırda kim tənqid naminə nə gəlirsə, onu da deyir. Amma mən özümə bunu yaraşdırmıram. Məğlub olmamışdan əvvəl problemi müzakirə eləmək lazimdı. Hazırda millimiz və futbol qurumumuz psixoloji cəhətdən pis vəziyyətdədi. Ona görə onlara qılınc qaldırmaq düzgün olmaz. Komanda uduzdu, başından yuxarı tullana bilmədi. Rəqibimiz heyət və sürət baxımından bizi üstələdi. Bu da məğlubiyyətimizin əsası oldu. Aradakı səviyyə aydın göründü.
- Komandamız hansı komponentlərdə rəqibdən geri idi?
- Milli uduzanda biz başlayırıq onu tənqid etməyə. Ancaq sual vermirik ki, niyə uduzduq? Bu dəqiqə bütün klublar ucdan tutma legioner yığıb gətirir. Əgər bu yolla futbolumuzu inkişaf etdirib, yerlilərə şans vermiriksə, milli necə inkişaf edə bilər? Bütün problemlər ondan qaynaqlanır və sonda millidə öz əksini tapır.
- Hər halda, bir mütəxəssis kimi Belçika yığması ilə matçda millimizin səhvlərini nədə idi?
- Bilirsiz, yığmanın hansı taktikanı seçməyinin fərqi yoxdu. Əgər o taktikanı həyata keçirəcək oyunçu yoxdusa, sürət baxımından rəqiblə başa-baş mübarizə apara bilmiriksə, onda səhvlərimiz müzakirə olunmamalıdı. Konkret, Belçika yığmasının oyunçuları bizim seçmədən qat-qat güclü idi. Top saxlamaq, müdafiədən hücuma keçmək, cərimə zərbələrindən istifadə etmək və s. oyunun əsas amilləridi. Sadaladığım cəhətlər isə bizdə yox səviyyəsində idi. Ona görə də uduzduq. Səviyyəli yerli oyunçu yoxdusa, onda qurulmuş taktika kağız üzərində əhəmiyyətsiz bir şeyə çevrilir.
- Əvvəlki Belçika yığması ilə indiki arasında hansı fərqi gördünüz?
- Məncə, rəqibimiz əvvəllər daha güclü idi. O zaman onların oyunçuları İspaniya, İngiltərə, Almaniya kimi ölkələrin say-seçmə klublarında çıxış edirdi və indikinə baxanda lider oyunçular daha çox idi. Ancaq onlar daimi deyildi, bir seçmə mərhələni bilə-bilə boşa verdilər və yaxşı komanda formalaşdırdılar. Ona görə onlarda nəsil dəyişkənliyi getdi, orta nəsillə cavanların vəhdətindən sürətli heyət formalaşdı.
- Sizcə, oyunda hakimliyin səviyyəsi qənaətbəxş idi?
- Onun kiçik səhvləri olsa belə, bu, məğlubiyyətdə rol oynamadı. Bunu məğlubiyyətə səbəb gətirmək düzgün deyil.
- AFFA-nın milli komandaların məşqçiləriylə bağlı seçdiyi alman modelinin özünü doğrultmaması narazılıq yaradıb.
- Biz risk etməliyik. Baxın, düşmənimiz Ermənistana və ya qardaş Türkiyə Cümhuriyyətinə. Onlar daxili çempionatda yerli çalışdırıcılara üstünlük verirlər. Hətta Türkiyənin baş naziri də canlı efirdə yerli oyunçulara üstünlük verilməsini daha məqbul saydı. Kim fayda vermirsə, ondan imtina olunur. Biz də belə etməliyik. Xaricdən məşqçi gətirmək ancaq reklama hesablanıb. Bu, bizi irəli yox, geriyə aparır. Fikrimcə, bizi bu vəziyyətdən yalnız yerli məşqçilər çıxara bilər. Hər komanda 10-12 legioner gətirirsə, onda bizdə futbol inkişaf etməyəcək. Berti Foqts Azərbaycanı 2016-da AÇ-nin final mərhələsinə çıxarmaq istəyir. Əgər bu gün U-21 Rusiya gənclərinə 0:8 hesabı ilə uduzursa, onda Foqts hansı Avropa çempionatından danışır?
- Türkiyənin özündə də “Beşiktaş” alman məşqçisi Bernd Şusteri istefaya göndərdi. Çünki alman mütəxəssislər nəticə verə bilmədilər. Bizim hələ də almanlara güvənməyimiz doğrudur?
- Bunun üçün konkret qərar qəbul etmək lazımdı. Əgər bu gun futbolumuzda əcnəbi oyunçu və məşqçilər at oynadırsa, bu cür vəziyyət yenə davam edəcək. Bunu aradan qaldırmaq lazımdı ki, futbolumuz inkişaf etsin. Reklamlara son qoymaq lazımdı. 3 il kiyafətdi. Artıq iş görmək vaxtıdı. Sonra da deyirlər ki, bizim oyunçuları niyə xaricə aparmırlar?! Onlar burda oynayır ki, xaricə də aparsınlar? Problem dərindi, düzgün yol seçilməyib.
- AFFA əsas millidən tutmuş bəzi aşağı yaş qruplarına kimi yığma komandalara rəhbərliyi almanlara tapşırılıb. Necə düşünürsüz, yerli mütəxəssislərin yetişməsi üçün əsas yığmadan başqa, digərlərində öz məşqçilərimizin çalışması daha doğru olmazdı?
- Bu gün digəri yaş qruplarında əcnəbilərin işləməsi fiasko deməkdi. Bu, yerli məşqçilərin yetişməsini yubadır. Əgər bu gün Lippertin komandası Rusiyaya belə hesabla yenilirsə, bu, artıq futbolumuzun yüzdəyüz məğlubiyyətidir. İkinci bir tərəfdən, burda psixologiya, mentalitet amilləri var ki, almanlar bunu bilmir. Onların heç vecinə deyil ki, futbolumuz və millimiz inkişaf edir, ya yox. Yəni demək istəyirəm ki, futbolumuza milli ruh qayıtmalıdı. Mən əcnəbilərin məşqlərində çox olmuşam. Onlar heç bir cəhətdə bizi üstələmirlər.
- Əcnəbilərlə yerli məşqçilərin fərqi nədədi?
- Heç bir fərqimiz yoxdu. Yeganə fərq odur ki, onlar hansı şərait istəyirsə, onu da təşkil edirlər. Harda toplanış və hansı legioner lazımdısa, əcnəbi məşqçilər bu cəhətdən yaxşı təmin olunurlar. Nəticələrinə gələndə isə bir söz deyilmir. Bizimkilər olanda isə əks vəziyyət yaranır.
- Sizcə, Belçika yığması ilə oyunda komandamızın başında yerli mütəxəssis olsaydı, nəticə fərqli olardı?
- Burada söhbət təkcə məşqçinin kimliyindən getmir. Əgər yığmanın oyunçusu öz klubunda əsas heyətə düşə bilmirsə, o, millidə ilk «11»likdə necə yer alar? Məsələn, Elvin Məmmədov və digərləri. Bu yolla Avropada uğur qazanmaq olmaz. Yığmaya çağırılan futbolçuların mütləq əksəriyyəti öz klubunun əsas heyət oyunçusudu. Əgər futbolumuz inkişaf etmirsə, Azərbaycan Premyer Liqasında 8 legionerin oynamasına imkan verilməməlidir. Buna görə legioner limitini aşağı salmaq lazımdı. Həm də bizdə oynayan legionerlərə ciddi fikir verilməlidir. Xaricdə əcnəbi futbolçular 3-4 il yaxşı oynayır .Sonra onlardan imtina edirlər. Bizdə isə əcnəbilər futbolu atana kimi burda qalır.
- «Qarabağ»da çıxış edən Rəşad Sadiqovun millidən kənar qalması narazılıqlar yaratdı. Sizcə, Rəşadla yanaşı, daha kimlər milliyə cəlb olumalı idi?
- Burada söhbət təkcə Rəşadın yığmaya çağrılmamasından getmir. Onun kimi milliyə çağırılası futbolçular az deyil. Ancaq belə də Foqtsu günahlandırmaq lazım deyil ki,o düzgün seçim etmir. Alman çalışdırıcı dağıdıcı futbol qurmaqdan ötrü belə qərar qəbul etdi. Ona görə bu cür futbolçular heyətdən kənar qaldı. Hər şey oyun taktikasına görə hesablanır ki, kim oynaya bilər, kim yox.
- Gəlin, sualı başqa formada qoyaq: Foqts gələndən sonra millidə inkişaf görürsünüz?
- 180 dərəcə inkişaf var desəm, yalançı olaram. İnkişaf ancaq şəraitlə bağlıdı ki, Foqtsa da hər cür şərait yaradılıb. Nəticə baxımından isə Foqtsun komandasında inkişaf görmürəm.
- Bayaq dediniz ki, futbolumuzun inkişaf edib-etmədiyi alman məşqçinin vecinə deyil. Dünənki uğursuzluqdan sonra Qurban Qurbanovun əsas milli komandaya gətirilməsi məsələsi yenə gündəmə gəlib. Bu barədə sizin də fikrinizi bilmək maraqlı olardı. 
- Bu, futbol rəhbərlərimizin işidi. Ancaq fikir olaraq deyim ki, əsas yığmada ancaq yerli məşqçi nəticə verə bilər.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır